Məhkəmə qərarları › İş №2-1(103)-298/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-298/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-298/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçıların iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə daimi qeydiyyata alınmaları tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2558/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 2-ci ünvan 1 ünvanına yaşayış yeri üzrə daimi qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar sözügedən ünvanda faktiki olaraq 2007-ci ildən birlikdə yaşayır və həmin ildən bütün kommunal ödənişləri edirlər. Onların müraciətlərinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 8 noyabr 2021-ci il tarixli 9437/12 saylı qərarı ilə sözügedən ünvana yaşayış hüquqlarının olması müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmalıdırlar. Bu məqsədlə iddiaçılar cavabdeh orqana müraciət etmiş, lakin sonuncunun onlara ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsində nəzərdə tutulan sənədlər təqdim edilmədiyindən məhkəməyə müraciət etmələri məqsədəmüvafiq hesab olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2558/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıların iddia tələbi rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci insatansiya məhkəməsinin qərarı əsassız və qanuna ziddir. Belə ki, İddiaçı1 Konvensiyanın 8-ci və 1-ci maddəsinə (yəni mülkiyyət hüquqlarının) dair pozuntuların müəyyən edilməsi barədə müraciəti üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 8 noyabr 2021-ci il tarixli 9437/12 saylı qərarı ilə onların sözügedən yaşayış sahəsinə olan hüquqları tanınmışdır. Həmin evi 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında almışlar və həmin tarixdən də orada yaşayır, kommunal ödənişlər verirlər. İddiaçılar hesab edir ki, artıq həmin evdən istifadə hüquqları yaranmış hesab edilməlidir. Lakin Bakı inzibati məhkəməsi bu qərarın mövcudluğuna məhəl qoymayaraq evin icazəsiz tikili olması səbəbi ilə hesab edir ki, bu tikili mülkiyyət hüququnun predmeti ola bilməz...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçılar apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək bütün iclaslarda onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, iddiaçıların izahatını dinləyib belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçılar öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 2-ci ünvan 1 ünvanına yaşayış yeri üzrə daimi qeydiyyata alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.» Qanunun qeyd olunan maddəsinin imperativ tələblərindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata alınmasını tələb etdiyi müvafiq yaşayış sahəsinə dair sənədli (order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini qeydiyyat orqanına təqdim etməlidir. Həmin Qanunun 2-ci maddəsi isə nəzərdə tutur ki, “yaşayış yeri” dedikdə isə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, qanunverici şəxsin yaşadığı ev dedikdə, üç əsasla həmin evin ona məxsus olmasını nəzərdə tutur: 1. mülkiyyətçi kimi; 2. icarə və ya kirayə müqaviləsi üzrə;

3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında da, məhz, “yaşayış yeri” dedikdə, xüsusi qanunvericiliyin müəyyən etdiyi hüquqi əsaslara söykənən “yaşadığı yer” anlamı ehtiva olunur. İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçı faktiki yaşadığı evə dair qanunda sadalanan sənədlərdən hər hansı birini - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi - nə cavabdeh qeydiyyat orqanına, nə də ki məhkəməyə təqdim edə bilmişdir. Bunun səbəbinin isə onun yaşadığı ev özbaşına inşa edilmiş olan bir tikili olduğu işin iddiaçılar tərəfindən mübahisələndirilməyən halıdır. Yəni, onların həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə rəsmiləşdirilmiş hüquqları mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «..yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» ifadə tərzi ilə əlaqədar isə qeyd olunmalıdır ki, burada qanunverici istənilən hər hansı bir bir sənədi deyil, bu «başqa sənəd» qanunla müəyyən edilən bir hüquqmüəyyənedici sənəd olmalıdır. Beləliklə də, qanunla qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı dəqiq müəyyən edilmişdir. İddiaçıların faktiki olaraq özbaşına inşa edilmiş tikiliyə ünvan verilməsi, orada yaşaması və kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə görə xərcələrin ödənilməsi, onların həmin evə qeydiyyata alınmasına əsas vermir. Bütün bunlar qarşı tərəfin xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ümumiyyətlə kommunal ödənişləri ehtiva edən sənədlər həmin evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini ehtiva edən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınması hüququ yaranmış olur. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 81-ci maddəsinin tələbi də məhz onu nəzərədə tutur ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. İddiaçıların, “Səyyara Əhmədovanın ərizəsi üzrə” Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli Qərarına istinad olunan dəlillərinə gəldikdə, həmin işdə Apropa Məhkəməsi tərəfindən ərizəçinin yalnız, Konvensiyanın 8-ci maddəsi ilə təsbit edilən hüququnun pozuntusu (şəxsi və ailə həyatına müdaxilə) müəyyən olunsa da, qalan, o cümlədən, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) pozuntusu (mülkiyyətə müdaxilə) aşkar olunmamış, əksinə, evin Azərbaycan Respublikasının qanunvericiliyinə görə icazəsiz tikili olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı həmin evi başqa şəxsdən alarkən bilirdi və ya bilməli idi ki, evin dövlət qeydiyyatına alınması üçün əsaslar mövcud deyil, özbaşına (qanunsuz) tikilidir. Beləliklə də, iddiaçıların mübahisələndirilən ünvanda inşa edilmiş özbaşına tikiliyə qeydiyyata alınmalarını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda da cavabdeh tərəfindən onların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o zaman inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya əhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunazidd qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2558/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı:

İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2558/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar