Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2981/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə cavabdehin prosessual hüquq varisi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2727/2017 saylı xx.xx.2024-cü il qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 2727/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-cı il tarixdən hal-hazıradək işlədiyi iş stajı dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə müəyyənləşdirilmiş pensiya hüququ olan 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci ilərin orta aylıq mək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1984/2017 saylı 14 avqust 2017-ci il tarixl qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanımışdır. Azərbaycan Respublikası Ai Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2018-ci il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır. Beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(82)-2727/2017 saylı qərarı qanuni qüvvəyə minmiş və həmin məhkəmənin 2-1(82)- 2727/2017 saylı 20 aprel 2018-ci il tarixli məktubu ilə qərar icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...İlk məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun) tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Belə ki, qeyd olunan qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin dəyişikliyə kimi 13-cü maddənin a) bəndində kişilər azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə (1 N-li Siyahı üzrə nəzərdə tutulmuş) çalışdıqları halda 50 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırdılar. Lakin xx.xx.1957-ci il təvəllüdlü vətəndaşın xx.xx.1997-ci il tarixində 39 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda, 1997- 2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmış, vətəndaş isə 1997-ci sonuna 40 yaşına çatmışdır. Habelə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixədək vətəndaş 10 il güzəştli iş stajını toplamasına baxmayaraq ümumi 20 il ümumi iş stajına malik deyildir. Əmək pensiyaları üzrə yaş həddinin artırılması isə qanunun təkcə 13-cü deyil, 12-ci, 15-ci 16-cı, 19-cu, 35-ci və 40-cı maddələrində, habelə sosial pensiyaların təyinində də tətbiq edilmişdir. Bundan əlavə, yaş həddinin artırılması 1 N-li Siyahı üzrə deyil, 2 Nə-li Siyahı üzrə nəzərdə tutulmuş kişi və qadınlara münasibətdə də tətbiq edilmişdir. Qanunun 9.8-ci maddəsinin şərtləri daxilində 39 yaşlı vətəndaşın pensiya hüququna 1997-ci ildəki qanunvericiliklə nəzərdə tutulmuş 50 yaşdan təyin edilməsi isə göründüyü kimi qanunvericiliklə ziddiyyət təşkil edir. Vətəndaş güzəştli şərtlərlə əmək pensiyası hüququnu müvafiq sosial sığorta stajı imkanları hesabına 57 yaşdan qazana bilir Güzəştli siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Bununla belə, pensiyanın təyin edilməsi və yenidən hesablanması barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixinədək İddiaçı 11 il əvvəl, yəni 2007-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Bunlardan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaşın işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısına uyğun deyildir. Zəruri arayışın alınması təmin və tələb edilməmişdir... Şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və xx.xx.2020-ci il tarixinədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 65 229,99 manat təşkil etmişdir. Eyni zamanda araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 dekabr 2020ci il tarixli **********3 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 22 fevral 2021-ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktubda cinayət şi başlanmaqla ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edildiyi qeyd olunub, (surəti əlavə olunur). Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Xətai rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2017 saylı xx.xx.2024-cü il qərardadı ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və təmin ediləsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsinin qərardadı əsassızır, məhkəmə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, is üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması yolu ilə yüksək məbləğdə aylıq pensiyanın təyin edilməsi və iri məbləğdə yaranmış fərqin (vəsaitin) birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə qərarlarından göründüyü kimi, ilk iki məhkəmə kollegiyaları tərəfindən Qanunun 9.8-ci maddəsi əsas götürülərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (qanun) tələblərinə uyğun olaraq mübahisələndirilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyə müvafiq olaraq Fondun Pirallahı rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdən 57 yaşından düzgün müəyyən edilmiş və təyin olunmuşdur. Eyni zamanda, xx.xx.2020-ci il tarixdən yazılı müraciəti nəzərə alınmaqla Qanunun 37-ci maddəsinin şərtlərinə görə fərdi hesabında toplanmış 6 illik pensiya kapitalı əsasında İddiaçı pensiyasının məbləği yenidən hesablana bilər. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən vətəndaşın pensiyasının aylıq məbləğinin 380,27 manata qarşı 1205,82 manatla (3 dəfədən artıq) təyin olunmasına nail olunmuşdur. Müvafiq hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı cəmi hesablanıb ödənilməli pensiya məbləği 18583,81 manat təşkil edəcək. Nəticədə, məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 83813,80 manat (59975,22+23838,58), yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 18583,81 manat müəyyən edilmiş, əsassız ödənilmiş məbləğ 65229,99 manat (83813,80-18583,81) təşkil etmişdir. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 65 229,99 manat təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 22 fevral 2021-ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktubda cinayət işi başlanmaqla ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edildiyi qeyd olunub, (surəti əlavə olunur). Həmçinin, qeyd edirik ki, hazırkı iş üzrə ərizəçi olan Fondun Xətai rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (”İPM”)100-cü maddəsinə istinad olunur) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(82)-2727/2017 nömrəli qərardadı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir...” Məhkəmə kollegiysının iclasında iştirak edən ərizəçinin (prosessual hüquq varisinin) nümayəndəsi S.Əhmədli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutların və ya halların aşkar edilsin və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Konkret halda, birincisi, Məcəllənin qeyd olunan tələbləri baxımından ərizəçi tərəfindən qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Çünki, cavabdeh qürumun əməkdaşlarının əməlində cinayət xarakterli əlamətlərinin mövcudluğuna istinad olunsa da, bununla bağlı, qanuni qüvvəsini almış ittiham hökmü mövcud olmadığı, həm də, iddiaçının özünün hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülmədyi və cinayət məsuliyyətin cəlb edilmədiyi halda, cavabdehin məhkəmənin mövqeyi ilə razılaşmayaraq gəldiyi nəticənin qanunsuz olduğunu mübahisəlndirən dəlilləri yeni açılmış hallar kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. İkinci bir tərəfdən, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə 3 ay və 3 il müddətində iddia müddətləri nəzərdə tutulmuşdur ki, həmin müddətlər də ötürüldüyü halda bərpasına yol verilmir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı xx.xx.2017-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra, xx.xx.2018-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Xətai rayon şöbəsi tərəfindən qərar icra edilmişdir. Belə olan halda, həm də, cavabdeh özü də yeni açılmış hallarla bağlı ərizəsində məhkəmə icraatı getdiyi dövrdə xx.xx.2018-ci il tarixdən etibarən iddiaçıya pensiya ödənişinə başlandığını bildirdiyi təqdirdə, onun tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni 6 il keçdikdən sonra məhkəməyə təqdim etdiyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmiş hesab edilir. Beləliklə də İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsasların mövcudluğu müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2727/2017 saylı xx.xx.2024-cü il qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2981/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2981/2024
01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver