Məhkəmə qərarları › İş №2-1(103)-2982/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2982/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2982/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İnzibati Binasına qeydiyyata alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilən hər iki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, 2-1(112)- 6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı 12 may 2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş, məktub 23 may 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli apellyasiya şikayəti isə 20 iyun 2023-cü il tarixli məktubla Bakı İnzibati Məhkəməsinə 05 iyul 2023-cü il tarixdə təqdim edilmiş və həmin tarixdə məhkəmənin dəftərxanasından qeydiyyatdan keçmişdir. Apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması 25 avqust 2023-cü il tarixə və 29 avqust 2023-cü il tarixə təyin olunaraq cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə apellyasiya şikayətinin nə vaxt göndərilməsi barədə sübutları məhkəmə kollegiyasına təqdim etməsi tələb edilsə də, cavabdehin nümayəndəsi növbəti məhkəmə iclasında şikayətin poçta 20 iyun 2023-cü il tarixdə təqdim edilməsi ilə bağlı sübutların təqdim ediləcəyini bildirsə də, qeyd olunan halla bağlı hər hansısa sübut təqdim etməmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 05 iyul 2023-cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6106/2023 saylı, 08 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar