Məhkəmə qərarları › İş №2-1(103)-2983/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2983/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2983/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, "xxxx" ASC-nin nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona gözdən əlil olması il əlaqədar əmək qabiliyyətinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı 10 may 2022-ci il tarixli qərardadından "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati aktının - xx.xx.2019-cu il tarixli məktubunun və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi, dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehlərdən tutulması, cavabdeh "xxxx" ASC-nin üzərinə ona sığorta ödənişinin ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 2-1(112)-3712/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının verdiyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək 2-1(112)- 3712/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd edilən qərardan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-1837/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində işə təkrar baxılarkən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə məktub ünvanlanmış və iddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizəsini məhkəməyə təqdim edərək gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edimiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək işə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. "xxxx" ASC müraciətini onunla əsaslandırmışdır ki, yekun məhkəmə qərarı ilə Cəmiyyətin qanunla maraqlarına toxuna biləcəkdir. Belə ki iddia tələbinin təmin edilməsi barədə qəbul olunacaq məhkəmə qərarı həmin Cəmiyyət tərəfindən iddiaçıya sığorta ödənişinin həyata keçirilməsi ilə nəticələnə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı 10 may 2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardaddan "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və "xxxx" ASC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə qəbul etdiyi qərarla iddiaçının iddia tələbini təmin etmişdir. Məhkəmə işinin şifahi məhkəmə baxışı iclasında “PAŞA Həyat Sığorta’’ ASC-nin prosesə üçüncü şəxs qismində cəlb olunması ilə bağlı tərəfimizdən vəsatət verilmişdir. Lakin məhkəmə qərardad qəbul edərək Şirkətimizin üçüncü şəxs qismində işə cəlb edilməsinə dair vəsatətimiz təmin etməmişdir. Hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərardad qanunsuz və tamamilə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəməyə verdikləri vəsatət onunla əsaslandırılmışdır ki, baxılan iddia tələbi üzrə qəbul edilən yekun məhkəmə qərarı Şirkətimizin qanunla qorunan maraqlarına toxunmaqla tərəflərindən iddiaçıya sığorta ödənişinin həyata keçirilməsi ilə nəticələnə bilər. Məhkəmə isə qəbul etdiyi qərarında qeyd etmişdir ki, qəbul ediləcək məhkəmə qərarı ilə Sığorta Şirkətinin hüquqlarına və ya qanuni mənafeyinə toxunulmur və Şirkətin prosessual hərəkətləri həyata keçirməyə hüquqi marağı yoxdur. Məhkəmə qərardadında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 və 1.1.3-cü maddələrinə istinad edərək sığortanın və sığortaçının anlayışlarını qeyd edir. Bununla bağlı bildirilir ki, sığortaçı sığorta ödənişi vermək öhdəliyi daşımaqla bərabər, onun qanunla müəyyən edilmiş əsaslar olduqda sığorta ödənişinin verilməsindən imtina hüququ da vardır. Çünki “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanununun (İcbari Qanun) 10.1.2-ci maddəsində sığorta hadisəsinin müəyyən edilməsi əsaslarından biri kimi müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və va DƏSƏ xəstəliyi nəticəsində sığorta olunanın DƏSƏ əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq ədən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə nəzərdə tutulur. İnzibati orqan tərəfindən aparılan təkrar müayinə zamanı iddiaçının sağ gözündə olan problemin iş vaxtı alınmış xəsarətlə səbəbli əlaqəsinin olmadığı nəticəsinə gəlinmiş və qeyd olunan səbəbdən ona peşə əmək qabiliyyətinin itirilmə faizi təyin edilməmişdir. Ona görə də Sığorta Şirkəti iddiaçıya İcbari Qanunun yuxarıdakı normasına uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə qərardadında göstermişdir ki, “Şığorta Şirkəti sığorta ödənişi vermək öhdəliyini daşıyan qurumdur, tələbin təmin olunduğu halda iddiaçı sığorta ödənişi almaq hüququ qazanarsa o zaman iddiaçının qazanacağı bu hüququn həyata keçirilməsi zamanı 'PAŞA Həyat Sığorta" ASC həmin hüququ mübahisələndirmək və təftiş etmək hüququna malik olmayacaqdır, iddiaçının yaranan hüququnun təmin edilməsi üçün sığorta ödənişini həyata keçirmək vəzifəsi yaranacaqdır ki, bununla da qəbul ediləcək yekun məhkəmə qərarının heç bir halda Sığorta Şirkətinin hüquqlarına və qanuni mənafeyinə toxunması baş verməyəcəkdir". İlk olaraq qeyd olunmalıdır ki, iddianın təmini barədə məhkəmə qərarı Sığorta Şirkətinin sığorta ödəniş həyata keçirmək vəzifəsini yaradır ki, bu isə qanunla qorunan maraqlara birbaşa toxunma sayılır. Çünki qəbul ediləcək məhkəmə qərarı Şirkətin maddi öhdəliyinə səbəb olmaqla şəxsə pul təzminatı verilməsinə gətirib çıxarır. Bununla yanaşı qeyd etmək lazımdır ki, İcbari Qanunun 9-cu maddəsində Sığortaçının hüquqları müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulan Sığortaçının hüquqlarından biri də odur ki, Sığortaçı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan müayinədə iştirak edə, belə müayinənin nəticələri ilə bağlı qərarla razı olmadıqda həmin qərarı inzibati qaydada və məhkəmədə mübahisələndirə, yeni müayinənin keçirilməsini tələb edə bilər. Göründüyü kimi, İcbari Qanundan irəli gələrək sığortaçıya peşə emək qabiliyyətinin itirilməsi dərəcəsinin təsdiq edən qərarı mübahisələləndirmək hüququ tanınmışdır. Odur ki, qəbul edilən məhkəmə qərarının "PAŞA Həyat Sığorta” ASC-nin qanunla qorunan maraqları ilə birbaşa bağlılığı mövcud olduğundan, yəni onun sığorta ödənişi verməsi ilə nəticələ biləcəyindən hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməlidir. Apellyasiya baxışı zamanı "xxxx" ASC-nin nümayəndələri X3 və X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı ilə "xxxx" ASC-nin 3cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, “PAŞA Həyat Sığorta" ASC-nin üçüncü şəxs qismində işə cəlb edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, qəbul ediləcək qərarla sözügedən Cəmiyyətin hüquqlarına və ya qanuni mənafeyinə toxunmur və həmin Cəmiyyətin prosessual hərəkətləri həyata keçirməyə hüquqi marağı yoxdur. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən sığortaçı bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir. "xxxx" ASC sığorta şirkəti olmaqla sığorta ödənişini vermək öhdəliyini daşıyan qurumdur, iddiaçının gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1 % müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulduğu halda iddiaçı sığorta ödənişini almaq hüququ qazanarsa o zaman iddiaçının qazanacağı bu hüququn həyata keçirilməsi zamanı "xxxx" ASC həmin hüququ mübahisələndirmək və təftiş etmək hüququna malik olmayacaqdır, iddiaçının yaranan hüququnun təmin edilməsi üçün sığorta ödənişini həyata keçirmək vəzifəsi yaranacaqdır ki, bununla da qəbul ediləcək yekun məhkəmə qərarının heç birhalda sığorta şirkətinin, hüquqlarına və qanuni mənafeyinə toxunması baş verməyəcəkdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə ərizədə göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadının 48-ci bəndinə əsasən adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadın 49-cu bəndinə əsasən məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur. Həmin qərardadın 53-cü bəndinə əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Həmin qərardadın 54-cü bəndinə əsasən məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Həmin qərardadın 55-ci bəndinə əsasən cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Həmin qərardadın 77-ci bəndinə əsasən icra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2018-ci ildə iddiaçı işdə olan zaman gözündən xəsarət almış və iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2018-ci il tarixdə qiymətləndirilərək “Monokulyar korluq, OD-zədədən sonrakı vəziyyət. Digər qlaukoma, ODterminal qlaukoma. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş, OD – travmadan sonrakı qüzehli qişanın kalaqoması. Görmə sinirinin atrofiyası, OD Görmə sinirinin atrofiyası” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir, xx.xx.2019-cu ildə çap edilmiş cavabdehin TSEK qərarına əsasən iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2019-cu il tarixdə təkrar qiymətləndirilmiş və “Monokulyar korluq. İstehsalatda bədbəxt hadisə nəticəsində zədədən sonrakı vəziyyət. Qüzehli qişanın və kirpikli cismin digər dəqiqləşdirilmiş. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-Görmə sinirin atrofiyası. Afakiya. Hipermetropiya. Vis OD- Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS –H1.0D.On iki barmaq bağırsağın xorası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 50 % (əlli faiz) əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir, daha sonra cavabdeh tərəfindən İddiaçı əlillik vəziyyəti yenidən təkrar (göndəriş olmadan və iddiaçı müayinə olunmadan) qiymətləndirilmiş və ““Monokulyar korluq. OD-Travmadan sonrakı qüzehli qişanın kalaqoması. Digər qlaukoma. OD-Terminal qlaukoma. Görmə sinirinin atrofiyası. OD-. Afakiya. Hipermetropiya. Vis OD=Qeyri düzgün işıq duyğusu. Vis OS= 0,2 k/ilə=0,4.ROS – H1.0D.On iki barmaq bağırsağın xorası.Görmə sinirin atrofiyası” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik və 1 % əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. Həmin qiymətləndirmənin nəticəsi sistemə xx.xx.2019-cu ildə daxil edilmişdir. İddiaçı "xxxx" ASC-yə müraciət edərək istehsalatda xəsarət aldığı vaxtdan sağ gözünün görmə qabiliyyətini praktiki itirilməsi əsası ilə sığorta ödənişinin ödənilməsini tələb etsə də müraciəti təmin olunmamış, imtinanın əsası kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırma nəticəsində iddiaçının 2018-ci ildə istehsalatda xəsarət alan vaxt sağ gözünün görmə itiliyinin praltik korluq səviyyəsində olması, sağ gözün görmə itiliyinin istehsalatda alınmış xəsarət nəticəsində itirilməməsi, buna görə də həmin zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin təyin olunmadığı barədə qərar qəbul olunduğu göstərilmişdir. Göründüyü kimi "xxxx" ASC iddiaçıya zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin təyin olunmadığı səbəbindən iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Sonradan iddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, gözdən əlil olmağı ilə əlaqədar əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair tərtib edilmiş sənədin ləğv edilməsi, əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı tərtib edilmiş sənədin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı 10 may 2022-ci il tarixli qərarı ilə iddiaçının əmək qabiliyyətinin itirilmə faizinin 1% müəyyən edilməsinə dair cavabdehin qərarı ləğv edilərək, onun əmək qabiliyyətinin itirilmə faizinin 50% olması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının qərarının bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçıya əlillik müəyyən edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbisosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC müqavilə ilə müəyyən olunmuş qaydada sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs olduğundan, iddia tələbi üzrə iddiaçıya zədə nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin müəyyən olunması ilə bağlı qəbul ediləcək qərarın "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafeyinə toxunmadığından sonuncunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-206/2022 saylı 10 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar