Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2983/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “artıq ödənilmiş gömrük rüsumunun qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024- cü il tarixli, **********5220 və **********5833 saylı gömrük bəyannamələrinə əsasən gömrük ödənişləri üzrə artıq hesablanmış hər bəyannaməyə görə 2500, toplam 5000 manat pulun qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı X3 keçirilmiş hərrac vasitəsilə 2017-ci ildə istehsal edilmiş Toyota Prius markalı 1800 sm3 hibrid mühərrik həcmli və 2015-ci ildə istehsal edilmiş Toyota Esquire markalı 1800 sm3 hibrid mühərrik həcmli minik avtomobillərini alaraq Azərbaycan Respublikasına gətirmişdir. Minik avtomobilin alış qiyməti 2017-ci ildə istehsal edilmiş Toyota Prius markalı avtomobil üçün 5000 ABŞ dolları, 2015-ci ildə istehsal edilmiş Toyota Esquire markalı avtomobil üçün 4500 ABŞ dolları təşkil etmişdir. Hər bir avtomobil üçün daşınma xidməti 1200 ABŞ dolları təşkil etmişdir. Bundan sonra həmin avtomobillər xx.xx.2024 tarixli **********5220 (məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sorğu nömrəsi **********6220 kimidir) və **********5833 saylı (məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixlidir) gömrük bəyannamələri tərtib edilmiş və cavabdeh Dövlət Gömrük Komitəsi tərəfindən gömrük ödənişləri hesablanmış banka ödənilmişdir. Qeyd olunan avtomobillərə görə gömrük orqanı tərəfindən 9447,46 manat və 8169,91 manat gömrük ödənişləri ödənilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, həmin avtomobillər saz vəziyyətdə olmamış, qapılarında çürük və əziklər olmuşdur, hətta Toyota Esquire markalı avtomobil suda batmış və yeni avtomobil kimi hesablanmamalıdırlar. Ümumi istifadədə olan internetdə yerləşdirilmiş gömrük kalkulyatoru vasitəsilə avtomobilllərin ili, mühərrik həcmi, alış qiyməti və daşıma xərcini qeyd etməklə özüm gömrük ödənişi hesablamaq istəyəndə mənə məlum oldu ki, gömrük orqanı məndən təxmini 50% artıq ödəniş almışdır. Bu barədə Dövlət Gömrük Komitəsinə ödənişin artıq hesablandığı barədə ərizə ilə müraciət etsə də, cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə avtomobillərin birinə gömrük dəyərinə düzəlişin təklif edilmədiyini, digərinə isə düzəliş edildiyi bildirmişdir. İddiaçı cavabdehin cavabı ilə razı deyil, hesab edir ki, idxal etdiyi nəqliyyat vasitələrinə görə ondan alınmış gömrük ödənişləri düzgün hesablanmamışdır, düzəliş edildikdən sonra belə düzgün hesablanmamışdır, avtomobillərin zərərli, vuruq və suda batmış olduqları nəzərə alınmamışdır, alış qiymətləri qəsdən şişirdilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində X2 hərrac yolu ilə aldığı xx.xx.2024- cü il tarixdə **********6220 sorğu nömrəli gömrük bəyannaməsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bəyan etdiyi xx.xx.2017-ci il istehsalı olan, “Toyota Prius” markalı, 1800 sm3 hibrid-benzin mühərrik həcmli və xx.xx.2024-cü il tarixdə **********5833 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi xx.xx.2015-ci il istehsalı olan, “Toyota Esquire” markalı, 1797 sm3 hibrid-benzin mühərrik həcmli nəqliyyat vasitələrinə görə heç bir əsas olmadan ümumilikdə 5000 (beş min) manat artıq gömrük ödənişi ödədiyini bildirmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. İddiaçı tərəfindən **********5833 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan etdiyi istehsal tarixi xx.xx.2015-ci il olan, “Toyota Esquire” markalı, 1797 sm3 hibrid-benzin mühərrik həcmli minik avtomobilinin dəyərinə düzəliş edilməsi barədə GDD********** nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş təqdim edilmişdir. Həmin bildirişdə şəxsə onun hüquqları və vəzifələri barədə məlumat verilmiş, ona təqdim edilmiş gömrük dəyərinə düzəliş edilməsi üçün bildirişdə gömrük dəyərinə təklif edilən düzəlişlə razılaşmadıqda yuxarı gömrük orqanına və (və ya) məhkəməyə mürqaciət etmək hüququnun olduğu bildirilmişdir, şəxs həmin bildirişdə göstərilən statistik dəyərlə deyil, 6800 ABŞ dolları kimi müəyyənləşdirilmiş dəyərlə həmin nəqliyyat vasitəsini rəsmiləşdirmiş, belə olduğu halda isə 2500 manat deyil, təqribən 300 manat fərq yaranmışdır. İddiaçı tərəfindən **********6220 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən xx.xx.2017-ci il istehsalı olan, “Toyota Prius” markalı, 1800 sm3 hibrid-benzin mühərrik həcmli minik avtomobilinin dəyərinə isə gömrük orqanının vəzifəli şəxsi tərəfindən heç bir düzəliş təklif olunmamışdır. Bəyannaməçi tərəfindən qeyd olunan statistik dəyər müəyyən edilmiş və rəsmiləşdirmə başa çatdırılmışdır. Həmçinin bildirilir ki, iddia ərizəsində qeyd olunan nəqliyyat vasitələrinin iddiaçı tərəfindən X3 hərrac yolu ilə alındığını, onların X5 Əmirliklərinə qədər olan daşınma xərclərini və X2 Azərbaycan Respublikasına (“İNCOTERMS”-CİP Baku) çatdırılmasını və digər xərcləri özündə əks etdirən heç bir təsdiqedici sənəd gömrük orqanına təqdim olunmamışdır. Həmçinin iddia ərizəsində qeyd olunmuşdur ki, idxal edilən nəqliyyat vasitələri saz vəziyyətdə, qapılarında əziklər olmasına, hətta “Toyota Esquire” markalı minik avtomobilinin suda batmış olmasına baxmayaraq, gömrük ödənişləri yeni avtomobillərə uyğun olaraq hesablanmışdır. Nəzərə çatdırılır ki, gömrük dəyəri müəyyən edilərkən hesablanan gömrük ödənişləri konkret müəyyənləşir, dəyişən qiymət yalnız onun invoys dəyəri ilə bağlı olduğu hallarda baş verir. Bu halda isə iddiaçı tərəfindən suda batmış vəziyyətdə olduğu qeyd olunan “Toyota Esquire” markalı minik avtomobilinin gömrük dəyəri müəyyən edilən zaman “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xİdməti Orqanı” tərəfindən təqdim edilən texniki eyniləşdirmə şəhadətnaməsində onun qəzalı (suda batmış) vəziyyətdə olduğu qeyd olunmuş və bu, nəzərə alınmışdır. Qeyd olunmalıdır ki, İddiaçı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təqdim etdiyi **********6220 və **********5833 sorğu nömrəli gömrük bəyannamələrinin 50-ci qrafasında gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və bundan sonra avtonəqliyyat vasitələri sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh qəbul edilməklə iddia tələbi “xx.xx.2024-cü il tarixli, **********6220 və **********5833 saylı gömrük bəyannamələrinə əsasən gömrük ödənişləri üzrə artıq hesablanmış hər bəyannaməyə görə 2500, toplam 5000 manat pulun qaytarılması” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli **********6220 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli **********5833 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan avtomobillərin invoys dəyəri nəzərə alınmaqla gömrük dəyərinin hesablanması, gömrük bəyannamələrinə əsasən gömrük ödənişləri üzrə artıq hesablanmış 2.750,57 manat (“Toyota Prius” markalı üçün 1.937,56 manat və “Toyota Esquare” üçün 813,01 manat) pulun İddiaçı geri qaytarılması barədə qərarın və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1356/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: X8 Trading LLC tərəfindən verilmiş invoyslardan görünür ki, “Toyota Esquire” markalı nəqliyyat vasitəsinin dəyəri 4500 ABŞ, “Toyota Prius” markalı nəqliyyat vasitəsinin dəyəri isə 5000 ABŞ təşkil edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 9.447,46 manat gömrük rüsumu ödəmişdir. Elektron qəbzindən görünür ki, iddiaçı 8.169,91 manat gömrük rüsumu ödəmişdir. **********5833 saylı gömrük bəyannaməsinə əsasən “Toyota Esquire” markalı nəqliyyat vasitəsinin invoys dəyəri 4500 ABŞ, statistik dəyəri 6.800 ABŞ təşkil etmişdir. **********6220 saylı gömrük bəyannaməsinə əsasən “Toyota Prius” markalı nəqliyyat vasitəsinin invoys dəyəri 5000 ABŞ, statistik dəyəri 11.500 ABŞ təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, X2 adına və fiziki şəxs İddiaçı adına idxal olunmuş və 23 may 2024-cü il tarixli **********5571, **********55860 və **********6220 nömrəli gömrük bəyannamələri əsasında 2015-ci il, 2019-cü il istehsalı “Toyota Aqua" və 2017-ci il istehsalı “Toyota Prius” markalı minik avtonəqliyyat vasitələri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə bəyan edilmiş, gömrük orqanının vəzifəli şəxsi tərəfindən bəyan olunan gömrük dəyərinə düzəliş təklifi edilmədən hesablanmış gömrük ödənişləri banka ödənilmiş, gömrük bəyannaməsində göstərilən məlumatlar bəyannamənin 50-ci qrafasında təsdiq edilməklə həmin nəqliyyat vasitələri rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Fiziki şəxs İddiaçı adına daxil olmuş və 6 may 2024-cü il tarixində **********5833 nömrəli gömrük bəyannaməsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təqdim edilmiş 2015-ci il istehsalı “Toyota Esquıre’’ markalı minik avtonəqliyyat vasitəsinin gömrük dəyərinə düzəliş edildikdən sonra həmin nəqliyyat vasitəsi rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3- cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 157.2. Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. 157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: ... 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; ... 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qiymətləndirilməli olan birinci məsələ gömrük rəsmiləşdilməsi zamanı gömrük orqanının davranışının yardım etmə və obyektiv araşdırma prinsiplərinin tələblərinə uyğunluğu ilə bağlıdır. Belə ki, inzibati orqanın vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış gömrük rüsumlarının hesablanma qaydası ilə razı olmamış, öz mövqeyini onunla əsaslandırmışdır ki, onun idxal nəqliyyat vasitələri nasaz vəziyyətdə olduğunu nəzərə almamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, idxal olunmuş malların sənədlərindən görünür ki, alğı-satqı İNCOTERMS (international commercial terms - beynəlxalq ticarət sövdələşməsi) əsasında həyata keçirilmişdir. Belə ki, İNCOTERMS məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımaqdadır. İş materiallarından müəyyən edilir ki, idxal olunmuş nəqliyyat vasitələrinin alqı-satqısı CİP (Carriage and İnsurance Paid to) şərtləri ilə həyata keçirilmişdir. “İnvoice” sənədlərində çatdırılma şərti “CİP Baku, Azerbaijan” olaraq qeyd edilmişdir. Həmin sənədlərin təsdiq edilmiş surətləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bu isə o deməkdir ki, satıcı malları razılaşdırılmış təyinat nöqtəsinə qədər nəqliyyat vasitəsi ilə çatdırmağı və həmin müddət ərzində malları alıcının xeyrinə sığortalamağı öhdəsinə götürmüşdür. Lakin, CİP şərtlərinə əsasən risklərin keçidi malların daşıyıcıya təhvil verildiyi andan etibarən baş verir və həmin məqamdan sonra malların zədələnməsi və ya nasaz vəziyyətə düşməsi ilə bağlı risklər artıq alıcının məsuliyyət dairəsinə keçir. Bu səbəbdən də, iddiaçının malların texniki və fiziki vəziyyəti ilə əlaqədar irəli sürdüyü mülahizələr gömrük dəyərinin müəyyən olunmasında hüquqi cəhətdən əhəmiyyətli hal kimi qəbul edilə bilməz. Lakin nəzərə alınmalıdır ki, gömrük orqanı tərəfindən tətbiq olunan gömrük dəyərinin müəyyən edilmə üsulu "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Həmin normaya əsasən, idxal mallarının gömrük dəyəri ilkin olaraq malların sövdələşmə qiyməti — yəni, satıcı ilə alıcı arasında razılaşdırılmış real satış qiyməti əsasında müəyyən edilməlidir. Bu üsul, gömrük dəyərinin müəyyən olunmasında əsas və üstünlük verilmiş üsul olmaqla, yalnız zəruri hüquqi əsaslandırma mövcud olduqda başqa alternativ üsullarla əvəz edilə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən “Toyota Prius” markalı nəqliyyat vasitəsi üçün 1.937,56 manat (ödənilmiş gömrük rüsumundan 9.447,46 – invoys dəyəri götürülən zaman müəyyən olunan gömrük rüsumu 7.509,9 manat) və “Toyota Esquare” üçün 813,01 manat (ödənilmiş gömrük rüsumundan 8.169,91– invoys dəyəri götürülən zaman müəyyən olunan gömrük rüsumu 7.356,90 manat) məbləğində artıq gömrük rüsumu tutulduğu müəyyən olunmuşdur. Bu fərqlər invoys sənədində əks olunmuş sövdələşmə qiyməti əsasında aparılmış düzgün hesablamalarla müqayisədə müəyyən edilib. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1356/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2983/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2983/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver