Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2984/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “şəhadətnamədə dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-5770/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 336 nömrəli N.03.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və 18.04.2005-ci il tarixli 483 nömrəli xəstəlik haqqında şəhadətnamənin "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" hissəsində dəyişiklik edilərək, "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qeyd edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 06.N.2004-cü il tarixdə Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. Xidmətinin 5-ci ayında növbədə olan zaman yüksək qızdırma ilə onu hospitala aparmışlar. Ondan sonra ona orada qızılca xəstəliyi diaqnozu qoyulmuşdur. Sonradan aşağı hissədə (ayaqlarında) qüvvətsizlik, zəiflik əmələ gəlmişdir. N saylı hərbi hissədə 05.02.2005-ci ildən N.03.2005-ci ilədək "qızılcadan sonrakı mielitlə ağırlaşma" diaqnozu ilə müalicə almış, aparılan müalicənin effekti olmamışdır. 11.03.2005-ci ildə MHKH-ə köçürülmüşdür. Sonralar onu Türkiyə Respublikasında fəaliyyət göstərən "Gülhane" xəstəxanasına göndərmişlər. Orada əməliyyat olunmuşdur. 14.05.2005-ci ildə hərbi xidmətdən tərxis olunmuş, həmin ildən İ qrup hərbi əlil və əlil oturacağında oturur. Onun xəstəliyinin səbəbli əlaqəsi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 18.04.2005-ci il tarixli 483 nömrəli "Xəstəlik haqqında Şəhadətnamə" ilə hərbi xidmət dövrü ilə əlaqələndirilib və hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olmağı qərara alınmışdır. Bildirmək istəyir ki, o, xəstəliyini xidməti vəzifəsini icra edən zaman tapmışdır. Bildirir ki, o, hərbi xidmətə gedən dövrə qədər səhhətində heç bir problem olmamışdır. Bununla bağlı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edib qeyd edilən məsələnin aradan qaldırılması və 18.04.2005-ci il tarixli 483 nömrəli xəstəlik haqqında şəhadətnamənin "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" hissəsində dəyişiklik edilərək, "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qeyd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 336 nömrəli N.03.2021-ci il tarixli məktubla bundan imtina edilərək qeyd edilmişdir ki, dəyişiklik edilməsi üçün əsas yoxdur. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş 336 nömrəli N.03.2021-ci il tarixli imtina qanunsuz hesab edilməli və 18.04.2005-ci il tarixli 483 nömrəli xəstəlik haqqında şəhadətnamənin "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" hissəsində dəyişiklik edilərək, "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qeyd edilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-5770/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: O.Həsənov) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 336 nömrəli N.03.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və 18.04.2005-ci il tarixli 483 nömrəli xəstəlik haqqında şəhadətnamənin "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" hissəsində dəyişiklik edilərək, "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qeyd edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı barəsində verilmiş xəstəlik haqqında 18 aprel 2005-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi (şəhadətnamənin nəticə hissəsi ilə də aydın olur ki) Mərkəzi Hərbi Həkim Komissiyası, yəni inzibati orqan tərəfindən qəbul edilən, publik hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədi daşıyan və iddiaçı barəsində hüquqi nəticə yaradan qərar, yəni inzibati aktdır. İddiaçı da həmin inzibati aktda müvafiq dəyişikliyin edilməsini tələb edir ki, İPM-nin 2.2.1 və 32.1-ci müddəalarından da göründüyü inzibati aktın ləğvi ilə yanaşı, inzibati aktda, indiki halda Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarda dəyişiklik edilməsi də mübahisələndirmə növündə iddiadır. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq qeyd etmişdir ki, “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarları çıxarır. “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aid olan halların dairəsi qanunvericiliklə konkret olaraq müəyyən edilmişdir. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı şəhadətnamədə “xəstəlik hərbi xidmət dövründə alınmışdır” hissəsində dəyişiklik edilərək və “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi qeyd edilməsini məhz onunla əsaslandırır ki, onda mövcud olan xəstəlik c yarımbəndinin təsir dairəsinə aiddir. Lakin məhkəmə hesab etmişdir ki, şəhadətnamədə qeyd edilən iddiaçıda olan xəstəlik qanunvericiliklə konkret olaraq dairəsi müəyyən edilmiş “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aid olan halların heç biri ilə uyğunluq təşkil etmir. Yarımbəndin tələblərindən də göründüyü kimi ikinci və üçüncü (üçüncü abzasa, həmçinin xəstəlik də aiddir) beşinci, abzaslarda nəzərdə tutulmuş hallar hərbi qulluqçunun xəsarəti ilə bağlı, digər hallar isə xəstəliklərlə bağlıdır. İddiaçı isə onda mövcud olan xəstəliyi xəsarətlə bağlı olan ikinci hissə ilə əlaqəndirərək xəstəliyin hərbi travma olduğunu və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığını iddia edir. Halbuki, xəstəlik və xəsarət arasında anlayış fərqinin nədən ibarət olması aydındır. Belə ki, xəsarət dedikdə (“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunları və s) yaralanma, travma, kontuziya başa düşülür. Xəstəlik dedikdə isə morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması başa düşülür. Bu zaman xəstəliyin yaralanma, travma və kontuziya, başqa sözlə xəsarət nəticəsində meydana gəlməsi istisna edilməsə də, hər bir halda xəstəlik və xəsarət eynimənalı anlayışlar hesab edilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçıda mövcud olan diaqnoz da nəzərdə tutulmuş xəstəlik hərbi xidmət vəzifələrinin icrası ilə bağlı xəsarət olmadığından, ümumiyyətlə xəsarət hesab edilmədiyindən şəhadətnamədə qeyd olunan formada dəyişikliyin edilməsindən söhbət gedə bilməz. Məhkəmə, həmçinin adıçəkilən Əsasnamənin 7.2-ci bəndinin ç) yarımbəndində «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aid olan halların da sadalanması zəruri hesab etmişdir. Yarımbəndə əsasən «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Məhkəmə qeyd etmişdir ki, iddiaçıda hərbi xidmət dövründə yaranmış xəstəliyi ç) yarımbəndində nəzərdə tutulmuş hallara uyğundur, qeyd olunan səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə bağlı gəldiyi nəticə ilə razılaşsa da, iddianın mübahisələndirmə növünə aid olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 6.3-cü maddəsində əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Həmin Əsasnamənin 7.5-ci maddəsində deyilir ki, xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Göründüyü kimi xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi təkrar şəhadətləndirilmə nəticəsində mümkündür. Belə olduğu təqdirdə kollegiya belə hesab edir ki, hazırda iddiaçı ona təyin edilmiş diaqnozun səbəbli əlaqəsinin dəyişilməsini xahiş etməklə əslində o, təkrar şəhadətləndirilməsini istəyir. Belə ki, müraciətindən də görünür ki, iddiaçı cavabdehə müraciət edərək aldığı xəsarət barəsində düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Yəni iddiaçı barəsində çıxarılmış qərarın dəyişdirilməsini deyil, yeni qərar çıxarılmasını istəyir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olduğu təqdirdə işə baxan məhkəmə iddiaçının tələbinin ifadə tərzi ilə məhdudlaşmış və hazırki iddianı yanlış olaraq mübahisələndirmə növündə iddia kimi qəbul etmişdir. Halbuki məhkəmə kollegiya hesab edir ki, iddiaçının tələbi məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara məcburetmə haqqında iddia növünə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.2-ci bəndində əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyalarına həvalə olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Həmin Əsasnamənin 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı RHK tərəfindən 2004-ci ildən hərbi xidmətə çağırılmış, İddiaçı 18.04.2005-ci il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Onurğa beyninin Th11-Thıx səviyyəsində intradural, ekstramedulyar törəmə ilə sıxılması nəticəsində aşağı paraplegiya, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması ilə” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 25 “a” maddəsinin İİ qrafası və ƏTC-na əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmış və travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç)yarımbəndinə əsasən “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. İddiaçı ona verilmiş 18.04.2005-ci il tarixli 483 nömrəli xəstəlik haqqında şəhadətnamənin "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" hissəsində dəyişiklik edilərək, "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qeyd edilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı xidmətdə növbədə olan zaman yüksək qızdırma ilə onu hospitala aparmışlar və ondan sonra ona orada qızılca xəstəliyi diaqnozu qoyulmuş və sonradan aşağı hissədə (ayaqlarında) qüvvətsizlik, zəiflik əmələ gəlmişdir. Göründüyü kimi iddiaçının xəstəliyi hər hansı travma nəticəsində əmələ gəlməmiş və o, müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan Əsasnamənin 7.3-cü bəndinə əsasən hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Göründüyü kimi iddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən “Əsasnamə”nin 7.3-cü maddəsinə “Travma haqqında arayış” tərtib edilməli idi. Lakin qeyd olunan halların heç biri məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda hərbi xidmət dövründə yaranmış xəstəlik “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndində göstərilən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında çıxarılan qərarların “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” c yarımbəndinin təsir dairəsinə düşmür və yarımbənddə göstərilən halların heç biri ilə uyğunluq təşkil etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçıda mövcud olan diaqnoz da nəzərdə tutulmuş xəstəlik hərbi xidmət vəzifələrinin icrası ilə bağlı xəsarət hesab edilmədiyindən cavabdeh orqanın şəhadətnamədə qeyd olunan formada dəyişikliyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2-1(112)-5770/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2984/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2984/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver