Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2984/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, “Avtotexniki xidmət” İxtisaslaşdırılmış İdarəsinin 1 saylı “Bakı avtotexnikixidmət” sahəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işlədiyi illəri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2008-ci ildən axırıncı illərin əmək haqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1334/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11-20 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, “Avtotexniki xidmət” İxtisaslaşdırılmış İdarəsinin 1 saylı “Bakı avtotexnikixidmət” sahəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işlədiyi illəri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2008-ci ildən axırıncı illərin əmək haqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci il tarixdə anadan olmuş və xx.xx.1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, xx.xx.1983-cü il tarixdən AR “Avtotexniki xidmət" İxtisaslaşmış İdarəsinin 1 nömrəli "Bakı avtotexnikixidmət" sahəsinə qaynaqçı kimi işə qəbul edilərək xx.xx.1989-cu il tarixədək işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işləmişdir. Ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizəsinin təmin edilməsindən cavabdeh imtina etmişdir və verilmiş imtina məktubunda yalnız xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr hesaba alınmaqla 7 il 3 ay olması səbəbindən əmək pensiyasının təyin olunmasının mümkün olmaması göstərilmişdir. Cavabdehin hərəkəti tam əsassızdır, belə ki, cavabdeh xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək olan işlədiyi dövrü nəzərə almamışdır, bu illər də nəzərə alındığı təqdirdə 4 il 7 ay olmaqla ümumi olaraq işlədiyi dövr 12 il 6 aydan artıqdır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bölməsində ümumi peşələr hissəsində və "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda qaynaq işlərinin də güzəştli şərtlərlə əmək pensiyası hüququ olması təsbit edilmişdir, lakin ona pensiya təyin edilərkən bu hallar nəzərə alınmamış və güzəştli şərtlərlə 57 yaşdan yaşa görə pensiya almaq hüququ olduğu halda tədbir görülməmişdir. Ona görə də iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalı, ona verilən pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesab edilməli və həmin əmək pensiyasının təyin edilməsi hüququnun yarandığı tarixdən pensiya yenidən hesablanmalıdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi iş stajı 20 ildən artıq olmuşdur və artıq həmin tarixədək güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. AR «Avtotexniki xidmət” İxtisaslaşmış İdarəsi uzun müddət bundan qabaq bağlandığı üçün arayış alınması mümkün olmamışdır və arxiv məlumatı da əldə etmək mümkün deyildir. Halbuki zəruri məlumatlar əmək kitabçasında mövcuddur. Təqdim edilən sənədlərdən də görünür ki, o, qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı 14 aprel 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunda ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 4 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1998 – xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində (7 il 3 ay 4 gün) əl ilə qaz qaynaqçısı işlədiyi qeyd edilir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1983-xx.xx.1989cu illərdə işlədiyi peşələr isə ona dair əmək kitabçasında “qaynaqçı” olaraq qeyd edilmişdir. Nazirlər Kabinetinin sözügedən qərarında həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxil edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsassız hesab edilməklə onun xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər qaynaqçı peşəsində işlədiyi illər nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və 14 aprel 2018-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının teyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. İş materiallarında belə bir arayış mövcud deyil. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - məsələn, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Beləliklə İddiaçı “Avtotexniki xidmət” İxtisaslaşmış İdarəsinin 1 nömrəli '‘Bakı avtotexnikixidmət” sahəsində işlədiyi dövrlər ilə bağlı güzəştli arayış təqdim edilmədiyindən tələb olunan güzəştli iş stajı yoxdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki hallan baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci təvəllüdlüdür. İş materiallarında olan İT ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq (tərcümə) olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1967-ci ildən xx.xx.1968-cı ilə qədər avtomobil bazasında motorçu köməkçisi və çilingər-motorçu, xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilə qədər sürücü, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər “Uzun Arpaçay” ANM-də sürücü, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Alma-Ata tikinti müəssisəsində dülgər, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər çilingər, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər avtomobil bazasında sürücü, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər avtomobil çilingəri, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında avtomobil çilingəri işləmiş, xx.xx.1983-cü ildə 2-ci peşə - 2-ci dərəcəli qaz qaynaqçısı peşəsi verilmişdir, xx.xx.1988-ci ildə ona avtomobillərin təmiri üzrə 3-cü dərəcəli çilingər dərəcəsi verilmişdir, xx.xx.1989-cu ildə işdən azad edilmişdir, xx.xx.1989-cu ildən xx.xx.1998-ci ilə qədər Bakı şəhər Soveti Avtomobilsevərlərin cəmiyyətində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər "xxxx" İcarə Müəssisəsində qaynaqçı işləmişdir. İş materiallarında olan “X4 Birliyi”nin "xxxx" müəssisəsi tərəfindən verilən güzəştli iş stajı haqqında arayışa əsasən, iddiaçı xx.xx.1998-ci il tarixdə "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir, qaz qaynaqçısı kimi qaz qaynaq işlərini primitiv, əl üsulu ilə aparmışdır, 7 il 3 ay 5 gün zərərli sahədə işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr üzrə 35-ci bölməsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli **********26 nömrəli müəssisələr haqqında məlumat verilməsi barədə məktubuna əsasən bildirilmişdir ki, “Avtotexniki xidmət” İxtisaslaşdırılmış İdarəsinin 1 nömrəli “Bakı avtotexnikixidmət” sahəsinin, N.Nərimanov adına "xxxx" Kiçik Müəssisəsinin və N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin dövlət qeydiyyatına alınıb-alınmaması, hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyinin müəyyən edilib-edilməməsi, özəlləşdirilməsi və digər məlumatların təqdim edilməsi barədə müraciətlərə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, dövlət əmlakının Registrindən məlumatların əldə edilməsi üçün qeydiyyat obyektini müəyyən etməyə imkan verən rekvizitlərin (ünvanı, tabe olduğu yuxarı orqanının adı və s.) göstərilməsi zəruridir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli məlumatın verilməsi barədə məktubunda bildirilmişdir ki, dövlət reyestrində Avtotexniki Xidmət İxtisaslaşdırılmış İdarəsinin Bakı Minik Avtomobillərinin Mərkəzi Xidmət Stansiyasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan birinci instansiya məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məlumatın verilməsi barədə məktubunda bildirilmişdir ki, dövlət reyestrində Avtotexniki Xidmət İxtisaslaşdırılmış İdarəsinin Bakı Minik Avtomobillərinin Mərkəzi Xidmət Stansiyasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan birinci instansiya məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Avtotexniki Xidmət İxtisaslaşdırılmış İdarəsinin “Bakı Avtotexnikixidmət” və "xxxx" Avtoservis müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bunun üçün Bakı şəhəri "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 4 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir, odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı onun xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək, “Avtotexniki xidmət” İxtisaslaşdırılmış İdarəsinin 1 saylı “Bakı avtotexnikixidmət” sahəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işlədiyi illəri nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2008-ci ildən axırıncı illərin əmək haqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, inzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin şərtlərinə cavab verir. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (qaz qaynaqçısı) güzəştli iş stajı 1983-cü ildən 1988-ci ilədək işlədiyi müddət daxil olmaqla 12 il 06 aydan çox, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər arasındakı dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsini mübahisələndirmir, lakin xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər olan dövrdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən peşədə işləməsini qəbul etmir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər qaynaqçı işləmişdir. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər iddiaçının qaynaqçı işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, həmin dövrdən sonra da iddiaçı 7 il 3 ay qaynaqçı işləmişdir, həmin müddət güzəştli şərtlərlə əmək pensiyası hüququ verir (bu barədə müəssisənin güzəştli arayışı mövcuddur), cavabdeh də həmin iş dövrünü güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi qəbul etmişdir, yəni iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşənin sahibi olması və həmin peşədə işləməsi işin faktiki halıdır, digər tərəfdən isə cavabdeh Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər iddiaçının qaynaqçı işləməsini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda iddiaçının xx.xx.2006-ci il tarixinə qaynaqçı peşəsində iş stajı 12 il 6 aydan çoxdur. xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nın “XXXİİİ. Ümumi peşələr” bölməsinə əsasən 23200000-11620 kodu ilə qeyd edilmiş əl ilə qaynaq aparan qaz qaynaqçı peşəsi və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35.Ümumi peşələr bölməsi”ndə göstərilən qaz qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçını onun güzəştli şərtlərlə pensiya almaq hüququnun olması, həmin hüququn xx.xx.2008-ci ildən yaranması barədə tələbi hissəsində haqlı hesab edir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı isə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə 14 aprel 2021-ci ildə müraciət etdiyi üçün ona güzəştli şərtlərlə pensiya təyinatı 3 il əvvəlki 14 aprel 2018-ci il tarixdən təyin edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu əldə etdiyi tarix “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Həmin Qanunun 10.2-ci maddəsində göstərilir: «Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: burada: P-yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Göründüyü kimi hazırda qüvvədə olan və iddiaçının pensiya hüququnun yarandığı dövrdə əmək pensiyaları ilə bağlı münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının tələb etdiyi qaydada – axırıncı illərin əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2008-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək hərbi xidmətdə olmuş (2 il 28 gün), əmək kitabçasına əsasən xx.xx.1967-ci il tarixdən xx.xx.1968cı il tarixədək avtomobil bazasında motorçu köməkçisi və çilingər-motorçu (9 ay), xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək sürücü (1 il 8 ay 29 gün), xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Uzun Arpaçay” ANM-də sürücü (6 ay 21 gün), xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Alma-Ata tikinti müəssisəsində dülgər (20 gün), xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək çilingər (1 il 8 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək avtomobil bazasında sürücü (18 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək avtomobil çilingəri (5 ay 18 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında avtomobil çilingəri, 2-ci dərəcəli qaz qaynaqçısı (10 il 9 ay 15 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı şəhər Soveti Avtomobilsevərlərin cəmiyyətində çilingər (9 il 2 ay 13 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" İcarə Müəssisəsində qaynaqçı vəzifələrində işləmişdir (7 il 3 ay 4 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 33 il 11 ay 24 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən və eləcə də iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək qaz qaynaqçısı və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci ilə tarixədək qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, habelə 2007-ci ildə təsdiq edilmiş Siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları peşəsi əksini tapmışdır. Göründüyü kimi, hər iki siyahıda qaz qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq qaz qaynaqçısı peşəsində işləmişdir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi 3 il əvvəlki 14 aprel 2018-ci il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1334/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2984/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2984/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver