Məhkəmə qərarları › İş №2-1(103)-2984/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2984/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2984/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7561/2023 saylı, 31 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə "xxxx" MMC vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi xidməti hesab etmişdir ki, "xxxx" MMC–nin vergi borcu vardır. Bu səbəbdən, MMC-nin qanuni təmsilçisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmişdir. Müraciət vaxtı MMC–nin qanuni təmsilçisi o olduğuna görə "xxxx" MMC-nin vergi borcuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonra "xxxx" MMC-nin qanuni təmsilçisi dəyişmiş, qanuni təmsilçi X4 olmuşdur. Buna görə də, "xxxx" MMC-nin vergi borcuna görə Vergi Xidmətinin növbəti müraciəti əsasında yeni qanuni təmsilçi X1 ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7193/2022 saylı qətnaməsilə məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən, onun ölkədən getməyinə qoyulmuş məhdudiyyəti götürməsi üçün Vergi Xidmətinə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. Belə olduqda isə iddiaçının qeyd edilən şirkətin icra orqanın rəhbərliyindən çıxmağı nəzərə alınaraq, dərhal onun ölkədən getmək hüququnun məhdudlaşdırmasının götürülməsi barədə qərar qəbul edilməli idi. Belə ki, 2 şəxsin 1 rəhbər vəzifəyə görə hüquqlarının məhdudlaşdırılması qanunvericilik baxımından hüquqların kobud pozuntusu hesab edilməlidir. İddiaçı məhkəmənin elektron kabineti vasitəsi ilə məhkəməyə vəsatət verərək cavabdeh Dövlət Vergi Xidmətini əsl cavabdeh Xidmətin X6 Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7561/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı (hakim B.Cəlalov) ilə iddia tələbi təmin edilərək, iddiaçı xx.xx.1959-cu ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində doğulmuş İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixə 35.024,58 manat məbləğində borcuna görə vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün xx.xx.2019-ci il tarixli ərizə ilə Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2020ci il tarixli e-2-2(006)-1561/2020 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək, İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs, "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun tam ödənilmədiyi üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, iddiaçı tərəfindən sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbərinin dəyişdiyi qeyd edilsə də, borc ödənilməmiş olaraq qalmışdır. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Həmçinin, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50.000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" MMC riskli vergi ödəyicisi qrupuna aid olduğu üçün məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilmir. Hazırkı iş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh qismində məhkəmə icraatına cəlb edilməli olmasına baxmayaraq, məhkəmə tərəfindən məhkəmə icraatına cəlb edilməmişdir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-7561/2023 nömrəli qərarından göründüyü kimi İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "xxxx" MMC-nin vergi borcu ilə əlaqədar onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaya qarşı yazılı vəsatət məhkəməyə təqdim edərək, iddia tələbinin cavabdehə münasibətdə mümkün sayılmamasını, "xxxx" MMC-nin vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində qeydiyyatda olduğunu nəzərə alaraq, cavabdehin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Lakin, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin cavabdehin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi ilə əvəz edilərkən, Dövlət Vergi Xidmətinin vəsatətində göstərilənlər nəzərə alınmamış və iddiaya cavab verməli şəxsin dəqiq müəyyən edilməsi üçün zəruri tədbirlər görülməmişdir. Bununla da, İPM-nin 12.1-ci və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, iddiaya cavab verməli şəxsin dəqiq müəyyən edilməsi üçün zəruri tədbirlər görməmiş, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisidir. MMC-nin vergi borcuna görə, iddiaçının ölkədən getmək hüququ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məhdudlaşdırılmışdır. Hazırda MMC-nin qanuni təmsilçisi dəyişmiş və yeni qanuni təmsilçinin də ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı hazırkı tələbində onun MMC-nin borcuna görə ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş edir. Baxılan işdə iddiaçının hazırda vergi ödəyicisi olan MMC-nin əvvəlki qanuni təmsilçisi olması, hazırda MMC-nin qanuni təmsilçinin dəyişməsi müəyyən edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, vergi orqanı tərəfindən dövlət büdcəsinə vergi borcu olan hüquqi şəxsin nəinki əvvəlki qanuni təmsilçisi olan iddiaçı, hazırkı qanuni təmsilçisi olan X4 barəsində də onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Bu hal cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi məktubla da öz təsdiqini tapır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********007400 saylı çıxarışdan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN: **********) əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırkı qanuni təmsilçisi X3r. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, xx xxx 1959-cu ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli “Məlumatın təqdim edilməsi barədə” məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə şəxsi vərəqə üzrə ümumilikdə 49229,35 manat, o cümlədən vergilər üzrə 22940,60 manat, faiz üzrə 8295,49 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 10655,61 manat, penya üzrə 7337,65 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. Vergi borcunun vaxtında ödəməyinə görə Baş İdarə tərəfindən "xxxx" MMC-nin rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə (FİN: 4HQ0S4F, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli **********048600 saylı məktubla müraciət edilmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlilləri iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsasın hazırda aradan qalxmaması və cavabdehin Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməməsindən ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adıçəkilən X12 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin, Əsasnamənin 3.0.11-ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, vergi orqanının strukturunda aparılmış bir sıra dəyişikliklərlə bağlı məhkəmə icraatı dövründə məlum olmuşdur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsi və məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, bu barədə qərarın vergi ödəyicisinə göndərilməsini təmin etmək vəzifə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinə aid edilmişdir. Bundan başqa, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalı, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Hazırkı işdə isə iddiaçı artıq hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından MMC-nin borcunun ödənilməsinin təminatı kimi onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsası aradan qalxmışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7561/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar