Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2984/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2, üçüncü şəxsin və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) “fərdi evə qeydiyyata alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-129/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının ünvan 1 fərdi evə daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə" qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdaklarla əsaslandırmışdır: “... ünvan 1 ünvanda bir ildən artıq yaşayır. Yaşadığı həmin ünvan iki mərtəbədən ibarət olmaqla atası X2 məxsusdur. Ailəli olsa da, faktiki olaraq atasının yanında yaşayır və ona qulluq edir. Atası məhkəmə qərarı əsasında həmin ünvana qeydiyyata alınmışdır. İki qardaşı vətənin müdafiəsi uğrunda şəhid olmuşdur. O, atasının razılıq ərizəsini və məhkəmə qərarını Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təqdim edərək, onun faktiki yaşayış yeri üzrə ünvan 1 fərdi evə pasport qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh əsassız olparaq cavabdeh inzibati orqan isə özünün 23 avqust 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının tələbinin icrasından imtina etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9938/2021 saylı işi üzrə qəbul etdiyi 15 dekabr 2021-ci il tarixli Qərarı ilə, iddiaçının tələbi təmin edilmiş və cavabdehin imtinasının əsassız hesab edilərək İddiaçı ünvan 1 fərdi evə qeydiyyata alınmas vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə işdə iştirak etməyə cəlb edilməyən X5 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarı onun maraqlarına toxunduğu üçün, onun üçüncü şəxs qismində cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17086/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə, məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2-1(112)-9938/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X5 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən işə yenidən, üçüncü şəxsin iştirakı ilə, mahiyyəti üzrə baxılaraq məhkəmənin 2-1(112)-129/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmşıdır). Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “... Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş ümumiyyətlə, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Qərarda mübahisəli mənzilə qeydiyyata alınmasının X3 maraqlarına toxunduğu qeyd edilsə də, nəzərə almaq lazımdır ki, onun atası Nüsrətov Şirvan həmin mənzildə X5 ilə eyni hüquqlu şəxs olaraq qeydiyyatdadır və həmin ev özbaşına tikili olduğu üçün mülkiyyət hüququ heç bir şəxsə məxsus deyildir. Belə olduğu təqdirdə qeydiyyata alınan hər bir şəxs eynihüquqludur. Həmçinin atası X4 xx.xx.1937-cü il təvəllüdlü olduğu üçün onun xüsusi qayğıya ehtiyacı vardır. Atası 2021-ci il tarixindən ünvan 1 yaşayış sahəsinə qeydiyyata düşüb yaşamağa başladıqdan sonra ona qulluq etmək məqsədi ilə və ailəli olmağıma baxmayaraq ailəsində problemlər mövcud olduğundan qeyd edilən tarixindən atası ilə birgə mübahisəli yaşayış sahəsində yaşayır. Qeyd edir ki, onun bir şəhid bacısı kimi hüquqları tamamilə pozulur. Mübahisəli mənzildən qeydiyyatdan çıxarılması bir vətəndaş kimi konstitusyon hüquqları da pozulmuş hesab olunur. Həmçinin üçüncü şəxslə atası Şirvvan Nüsrətovla birlikdə yaşaması mümkün deyil. Onlar arasında hal-hazırda Bakı şəhər Sabunçu rayon məhkəməsində müxtəlif tələblər üzrə məhkəmə iclasları gedir (Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə istinad olunur). Birinci instansiya məhkəməsinin qərarında qeyd edilən kimi, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər AR-da yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Lakin onun sözügedən fərdi yaşayış evində faktiki olaraq yaşadığı nəzərə alınmamış və iddia tələbi təmin edilməmişdir. Həmçinin, məhkəmə 2-1(112) -129/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında onun həmin fərdi yaşayış evinə köçürülməyinə dair heç bir hüquqi əsasın olmadığını və həmin evin özbaşına tiki olduğunu qeyd edir. Bu məqamda qeyd etmək lazımdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-9938/2021 saylı 15 dekabr 2021 -ci il tarixli qərarı ilə onun fərdi yaşayış evinə qeydiyyata alınmamasına dair qərar qəbul edilərkən də həmin ev özbaşına tikili idi. Görünən odur ki, o vaxtdan bu vaxta qədər evin hüquqi statusu dəyişdirilməmişdir. Eyni zamanda, məhkəmə gedişatında onun və ya üçüncü şəxsin həqiqətən də sözügedən fərdi evdə yaşayıb-yaşamamaları, üçüncü tərəfə onun qeydiyyata alınmaması hansı vaxta məlum olmağı araşdırılmamışdır. Qərarda formal xarakter daşımaqla yanaşı onun iddia ərizəsinin hansı əsaslar ilə rədd edildiyini ətraflı əks edilməmişdir. Məhkəmə gedişatında tərəfindən həqiqətən də faktiki olaraq mübahisəli yaşayış sahəsində yaşadığı ilə bağlı sənədlərin təqdim edilməsinin mümkünlüyü bildirilsə də, birinci instansiya məhkəməsi buna məhəl qoymayaq qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı 18 aprel 2024-cü il tarixdə poçt vasitəsilə tərəfindən alınmışdır...” Üçüncü şəxs iddiaçının apellyasiya şikaytinə etirazında şikayətin əsasız olduğunu və iddiaçının mübhisəli evdə yaşamadığını, atasına qulluq etdiyinin yalan olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmdən xahiş etmişdir. Üçüncü şəxs və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının mübahisəli ünvanda yaşamadığını bir daha vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin («İPM») 62-ci maddələrinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, Bakıxanov qəsəbəsi, X.Şuşinski küçəsi, 3Q saylı fərdi evə daimi qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunmasını tələb etmişdir. Cavabdehin işə əlavə olunmuş, iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda, onun həmin ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin təqdim olunmadığı əsas gətirilərək göstərilən ünvana qeydiyyata alınması imkan xaricində olduğu bildirilərək, məhkəməyə müraciət etməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin əsasla iddiaçının qeyd olunan ünvana pasport qeydiyyatına almaqdan imtina etməsi əsaslıdır. Belə ki, iş materallarından görünür ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi Bakıxanov qəsəbəsi, X.Şuşinski küçəsi, 3Q saylı fərdi evinin tikintisi üçün torpaqayrıma sənədi və həmin evin qanuni əsaslarla tikilməsinə dair hüquqmüəyyənedici sənədlər nə cavabdeh qeydiyyat orqanına, nə də ki məhkəməyə təqdim edilmişdir. Başqa sözlə, qeydiyyata alınması tələb olunan həmin fərdi ev özbaşına tikilidir. Halbuki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: - «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsində ehtiva olunan müddəaların imperativ tələblərindən göründüyü kimi, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək üçün həmin yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini qeydiyyat orqanına təqdim etməlidir. Qanunun 2-ci maddəsinin tələbində isə göstərilir ki, şəxsin “yaşayış yeri” dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq, şəxsin yaşadığı ev, mənzil və i.a. “yaşayış yeri” kimi, aşağıdakılar başa düşülür: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Qanunverici tərəfindən bu sonuncu əsasda qeyd olunan «başqa sənəd» anlayışına dəqiqlik gətirilir ki, həmin sənədin özü də qanunla müəyyən edilən sənəd formasına malik olmalıdır. Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” cümləsində də məhz, “yaşayış yeri” dedikdə, xüsusi qanunvericiliyin yuxarıda qeyd edilən hüquqi əsaslara malik “yaşadığı yeri” anlamını ehtiva olunur. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı tərəfindən, həmin evə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birini təqdim etməmiş, etmək iqtidarında da deyildir. Çünki, yaşadığı ev özbaşına tikilidir, həmin evin nə yerləşdiyi torpaq sahəsinə dair nə də evin özünün tikinti qaydalarına uyğun inşa edilməsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 81-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «..yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» istənilən hər hansı bir bir sənədi nəzərdə tutmur. Qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə yalnız, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınmaq hüququ yaranmış olur. Qeyd olunanmalıdır ki, izibati məhkəmələrin mövcud təcrübəsində özbaşına tikililərə qeydiyyata alınma tələbləri ilə bağlı qaldırılan iddialar rədd olunur və bununla bağlı çoxsaylı qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, məhkəməyə təqdim olunmuş, mülki icraat qaydasında baxılan məhkəmə aktlarına əsasən, həm də müəyyən olunur ki, üçüncü şəxs və onun atası ilə iddiaçı arasında, sonuncunun qeydiyyata alınmasını tələb etdiyi özbaşına tikilmiş fərdi yaşayış evi ilə bağlı mülki mübahisə mövcuddur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçını həmin özbaşına tikiliyə qeydiyyata almaqdan imtina etməsi iddiaçının hüquqlarını pozan qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Əksinə, mübahisəli ünvana onun qeydiyyata alınmasından imtina etmək, məhz, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə olan halda, həmin imtina ilə sonuncunun hüquqlarını pozması da istisna olunur. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və qanunvericiliyin göstərişlərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermədiyini, ümumiyyətlə, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etdiyini mübazisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-129/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-129/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2984/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2984/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver