Məhkəmə qərarları › İş №2-1(103)-2985/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2985/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2985/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı “torpaqların alqı-satqı aktının və qərarların etibarsız hesab edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1102/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə qarşı Cavabdeh 25 avqust 2007-ci il tarixli, 055 və 056 saylı qərarların və buna müvafiq olaraq torpaqların alğı-satqı aktlarının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70-ci maddəsinin rəhbər tutularaq etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1102/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1102/2021 saylı qərardadının ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağ sahəsi iddiaçının istifadəsinə verilsə də, başqasının qanunsuz sahibliyindədir və onun geri qaytarılmasını tələb etmək hüququ vardır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1102/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1102/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10/2901 nömrəli 24.06.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 iyun 2021-ci il tarixli, **********26 nömrəli mütəxəssis rəyinə əsasən, 1865 saylı bağın ərazisi ilə **********1-10301 və **********0-10301 reyestr nömrəli sahələrin üst-üstə düşmədiyi müəyyən olunur. Sxemdə iddia olunan bağ sahəsi kimi göstərilən sahə **********43-10301 reyestr nömrəsi, sxematik xəritə ilə 1865 saylı bağ sahəsinin həqiqi ərazisi də **********14 (“X8 İstets Limited” MMC-nin adına) reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, sxematik xəritəyə əsasən 1865 saylı bağın təqribi uyğun gəldiyi sahə, **********1-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən X1 ayrılmış və **********0-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən X3 ayrılmış torpaq sahələrindən kənarda yerləşir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli, 378 saylı qərarı ilə ona ayrılmış, Sabunçu rayonu, Bilgəh bağlar massivi, 59 saylı BTK-nın nəzdində, sahəsi 0.12 ha olan 1865 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü iddia etdiyi, Cavabdeh 25 avqust 2007-ci il tarixli, 055 və 056 saylı qərarları və həmin qərarlara əsasən tərtib olunmuş torpaqların alğı-satqı aktları əsasında daşınmaz əmlakın dövlət reyestrində, **********1-10301 və **********0-10301 reyestr nömrələri ilə qeydiyyatdan keçmiş torpaq sahələri, ona ayrılmış bağ sahəsindən kənarda yerləşdiyindən, onun hazırda başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair iddia irəli sürməyə subyektiv hüququ yoxdur. İşin bu cür halında məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, 1865 saylı bağın ərazisi ilə **********1-10301 və **********0-10301 reyestr nömrəli sahələrin üst-üstə düşmür. Sxemdə iddia olunan bağ sahəsi kimi göstərilən sahə **********43-10301 reyestr nömrəsi, sxematik xəritə ilə 1865 saylı bağ sahəsinin həqiqi ərazisi də **********14 (“X9 Estates Limited” MMC-nin adına) reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sxematik xəritəyə əsasən 1865 saylı bağın təqribi uyğun gəldiyi sahə, **********1-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən X1 ayrılmış və **********0-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən X3 ayrılmış torpaq sahələrindən kənarda yerləşir. Beləliklə, mübahisə predmeti olan bağ sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşmədiyindən iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Ona görə də, məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(112)-1102/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar