Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2985/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X13 və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) cavabdeh Binəqədi rayonu X4rşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10698/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cavabdeh Binəqədi rayonu X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2005-ci il tarixli 1900 №-li qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-10698/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və inzibati işin icraata qəbul edilməklə araşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X5 cavabdeh X6 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki işə baxılarkən məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu X8 30 dekabr 2005-ci il tarixli 1900 nömrəli qərarı ilə 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1. Mülki işin araşdırılması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/5841 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X8 30 dekabr 2005-ci il tarixli 1900 nömrəli qərarı ilə X3 300 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilindədir. Həmin torpaq sahəsi heç bir bələdiyyənin mülkiyyətində deyil. Həmçinin magistral Qaz kəmərinin mühafizə zonasında yerləşməklə təhlükə potensiallı ərazi hesab olunur. Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(103)-99/2023 saylı qətnaməsi ilə tam müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X11 ümumiyyətlə bələdiyyə mülkiyyətində olmayan, faktiki olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahəsini qanunsuz və əsassız olaraq X2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-10698/2023 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) cavabdeh Binəqədi Rayonu X4rşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qərarını əsaslandırarkən həm müddətin ötürülməsini, həm də subyektiv hüququn olmamasını bildirmişdir. Lakin məhkəmə işin faktiki hallarını araşdırmaq əvəzinə mümkünsüzlüklə bağlı qərar qəbul etmişdir. İlk növbədə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması faktı başqa mülki işə baxılarkən müəyyən edilmişdir. Həmin qətnamənin bu iş üzrə preyudusial əhəmiyyət daşımadığını məhkəmə bildirsə də, bu mövqe mövcud reallığı dəyişdirmir. Bundan başqa, qeyd edilən mülki iş üzrə mübahisə tam yekunlaşmamışdır. Həmin iş hal-hazırda Ali Məhkəmənin icraatındadır. Ona görə də müddətin keçməsi ilə bağlı məhkəmənin mövqeyi ümumiyyətlə qərəzlidir. Həmçinin eyni tələblə bağlı Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatında da iş vardır. Məhkəməyə bu barədə məlumat versək də məhkəmə bu xüsusatı da ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi məhkəmə işin faktiki halları ilə əlaqəli olmayan mövqe bildirmiş, ədalətli məhkəmə araşdırılması prinsipinə uyğun olmayan qərar qəbul etmişdir. Qeyd edilən xüsusatlar məhkəmədə araşdırılmalı və bu hallara düzgün hüquqi qiymət verilməlidir. Belə ki, həmin mülki iş üzrə müəyyən edilmiş hallar öz reallığını qoruyur. Yəni qeyd edilən qətnamənin bu iş üzrə preyudisual əhəmiyyəti olmasa da məhkəmə üçün açıq-aydın məlumdur ki, bələdiyyə öz mülkiyyətində olmayan torpaq sahəsini vətəndaşa satmışdır. Lakin məhkəmə bu fakta ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki qeyd edilən xüsusatda bələdiyyənin vəzifəli şəxslərinin əməllərində ümumiyyətlə cinayət tərkibinin əlamətləri də mövcuddur. Bu səbəbdən də qərar ləğv edilməli və icraata qəbul edilərək işin faktiki hallarına düzgün hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi və inzibati işin icraata qəbul edilməklə araşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X17 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Binəqədi rayonu X8 30 dekabr 2005-ci il tarixli 1900 nömrəli qərarının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazisində 300 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli qərarının etibarsız hesab edilməsini tələb etsə də, əslində, iddiaçının məqsədi həmin qərarın ləğvinə nail olmaqdır. Bu baxımdan, hazırkı iddia faktiki olaraq, mübahisələndirmə haqqında iddiaya uyğun gəlir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 36.1-cı maddəsinə müvafiq, həmin qərarın etibarsızlığının tanınması barədə iddia kimi qaldırılsa da, sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbi baxımından, hazırkı tələbi mübahisələndirmə haqqında iddia tələbinə münasibətdə subsidiar xarakter daşıyır. İddiaçı cavabdehin 2005-ci il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi Qərar 2005-ci ildə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 18 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Belə ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10698/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2985/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2985/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver