Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2985/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1770/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilmələr və əlavə verərək “iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli, **********358400 saylı ”Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və 2022-ci il gəlir vergisi dövrü üzrə 3 oktyabr 2023-cü iltarixli öhdəliyinin cavabdehin üzərinə qoyulması və 02 iyun 2023-cü il tarixli **********002400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Bakı şəhəri X4 üzrə Baş İdarəsinin indiki adı - Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Vergi ödəyicisi olaraq fəaliyyət göstərdiyi dövr ərzində çap xidmətləri göstərilmiş, o mal satışı ilə məşğul olmamışdır. Onun tərəfindən təqdim edilmiş qaimələrə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, qaimələr çap xidmətlərinin görülməsi üçün “İneo Mos”, “İneo Kids” və "xxxx" MMC-lər ilə müqavilə bağlanılmış və iş xidmətlər göstərilmişdir. Riskli vergi ödəyicisi hesab edilmə barədə **********358400 saylı xx.xx.2023-ci il tarixli qərar qəbul edilməzdən əvvəl sahibkar ona ünvanlanmış məktubda qeyd edilənlərin araşdırılması ilə əlaqədar göstərilən telefon nömrəsi ilə əlaqə saxlamış, vergi orqanının müvafiq işçisinə müraciət etmişdir. Müraciətlər 2023-cü ilin əvvəlində şifahi və qeyri-rəsmi olaraq edilmişdir. Sahibkar riskli vergi ödəyicisi hesab edilməmişdən öncə öz qaimələrindən 3 ədədini ləğv etmişdir. Bu ləğv etmə aparılan zaman sahibkar riskli vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Sadəcə qaimə-fakturanı səhv tərtib etməsi ilə əlaqədar ləğv etmişdir. Həmçinin qanunvericiliyə uyğun olaraq xidmətləri müqavilələr, həmçinin təhvil-təslimi elektron qaimə ilə etməsinə baxmayaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar müvafiq obyektini xx.xx.2023-cü il tarixdə yəni riskli vergi ödəyicisi hesab edilməzdən öncə vergi orqanında uçota aldırmışdır. Həmçinin riskli vergi ödəyicisi hesab edilmə barədə qeyd edilən ikinci əsas kimi göstərilən malların alış sənədinin olmaması hissəsi ilə əlaqədar bildirilr ki, sahibkar faktiki olaraq Dövlət Vergi Xidmətinin müəyyənləşdirdiyi fəaliyyət kodlarından istifadə edərək konkret olaraq e-qaimələrdə iş xidmətlərin göstərildiyini əks etmişdir. Onun tərəfindən təqdim edilən e-qaimələrdə mal satışı mövcud deyildir. Yəni qərarda qeyd edilən xx.xx.2022xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda Vinil, poster, stiker, konvert, kupon və.s, qeyd olunduğu bu hissə inzibati orqan tərəfindən əsassız olaraq qeyd edilmişdir. Bütün bu qeyd edilənlər ilə əlaqədar, sahibkar ümumiyyətlə 01 may tarikli qərarın çıxarılmasını tamamilə əsassız hesab edir. Çünki qərarda qeyd edilənlər faktiki olaraq mövcud olmamışdır. Yəni sözügedən qərarda Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına əsasən nə qeyd edilən 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) kimi hallar nə də 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi halı mövcud olmamışdır. Lakin əsassız olaraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli **********358400 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə təhlil zamanı üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********358400 nömrəli Qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı, təqdim edilmiş 3 elektron qaimə-fakturanın ləğv olunduğu müəyyən edilsə də digər riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********315500 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 12900 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********002400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1770 /2024 saylı xx.xx.2024 -cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə həvalə edilmiş və Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********358400 saylı ”Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” və 2022-ci il dövrü üzrə gəlir vergisi üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir. Cavabdeh həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Hazırda mübahisə predmetini təşkil edən Qərarlar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********358400 nömrəli Qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı, təqdim edilmiş 3 elektron qaimə-fakturanın ləğv olunduğu müəyyən edilsə də digər riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə bildiririk ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023- cü il tarixli **********315500 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2022ci ilin gəlir vergisi üzrə 12900 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********002400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, vergi orqanının qərarı tamamilə qanunvericiliyə uyğun olsa da, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı satış olmadığını, dizayn və s. xidmətləri göstərdiyini və rsikli vergi ödəyicisi hesab olunandan fəaliyyət göstərə bilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarların qəbul olunması zəruriliyi mötəbər sübutlarla əsaslandırılmamış, iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqda təqsirli olması və onun riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyicəlirin siyahısına salınmasına əsas ola bilən halların mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsindən 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na (bundan sonra-“Meyarlar”) əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdehin işə əlavə olunmuş, iddiaçının vergi ödəyicisinin riskli vergi ödəyici hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında, onun riskli vergi ödəyiciləri siyaıhısına daxil edilməsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə, cəmi, 47 min manat dəyərində təqdim edilmiş, qaimə-fakturalar üzrə satışda “vinil, poster, stiker, konvert, kupon və s.” qeyd olunduğu, lakin e-qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) qeydə alınmadığı müəyyən edilmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq “Meyarlar”ın 2.1.1-ci , 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Lakin iş materialları araşdırıldıqda (i.v.136-150), birincisi, müəyyən olunur ki, iddiaçının mübahisələndirilən dövrdə sözügedən “Meyarlar”ın 2.11.və 3.1.1-ci bəndində nəzərdə tutulan alqı-satqı (idxal) əməliyyatları mövcud olmamış, elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə digər şəxslərə dizayn və marketinq xidmətləri göstərmişdir. İkinci bir tərəfdən, iddiaçı riskli vergi ödəyicisi hesab edələnə qədər onun özü tərəfindən qaimələrdən üç ədədi, səhv tərtib edildiyinə görə ləğv edildiyi də işin mübahisəsisiz halıdır. Üçüncüsü, ümumiyyətlə, cavabdeh orqan tərəfindən iddiaçının aldığı və ya satdığı mallarda mal çeşidində uyğunsuzuluığın nədən ibarət olduğu və mövcudluğu əsaslandırılmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının Meyarların 2.1.3-cü yarımbəndində nəzərədə tutulan təsərrüfat subyektinin də uçota alınmadığına dair əsasının da mövcudluğu öz təsdiqini tapmır. Çünki, iş materialları üzrə vergi ödəyicisinin təsərrüfat subyektinin uçota alınması barədə arayışdan və vergi ödəyicisinin obyekti barədə məlumatdan görünür ki, iddiaçının təsərrüfat subyekti, hələ onun riksli hesab olunması barədə qərar qəbul olunanadək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yeni Yasmal 2, bina 7 mənzil 183-də onun obyekti qeydə alınmış, xx.xx.2023-cü il tarixdə həmin qərar qəbul edilən anda da qeydiyyat mövcud olmuş, həmin qeydiyyatdan iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə çıxmışdır. Beləliklə də, iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın qəbul edilməsini zəruri faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, əksinə təkzib olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsin əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir (2-ci abzas). Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən isə “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1770 /2024 saylı xx.xx.2024 -cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1770/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2985/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2985/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver