Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2987/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2024 nömrəli, 03 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bələdiyyə sərəncamına və eskiz layihəsinin mövcudluğuna əsaslanaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsi və inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ümumi ərazi daxilində yerləşmişdir. Həmçinin, ümumi əraziyə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən İdarəyə müraciət ünvanlanmışdır. Torpaq sahəsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və bələdiyyənin qərarı əlavə olunmamışdır. Bundan əlavə, fərdi yaşayış evinə dair sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********75 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia olunan fərdi yaşayış evinin sənəd üzrə ölçüsü 114.5 kv.m, faktiki ölçüsü isə 111.0 kv.m-dir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2024 nömrəli, 03 may 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd etmək üçün yeganə əsas gətirmişdir. Həmin əsas fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasıdır. Lakin qeyd olunan əsas iş üzrə cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş vahid elektron baza kadastr məlumatıdır. Təbiidir ki, kadastr məlumatı cavabdeh tərəfindən öz istəyinə uyğun tərtib olunan dövlət topoqrafik xəritəsidir. Məhkəmə qərarında əsaslı olaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66cı maddəsinin 1-ci və 2-ci hissələrinə toxunulsa da mülkiyyət hüquqlarının reallaşdırıla bilməməsi prosesinin həll edilməsindən dolayı yolla yayınma sezilir. Bunun üçün məhkəmə özəlləşdirmə ilə bağlı qanunvericiliyin müddəalarına deyil, vətəndaşa hüquq verən konkret sənədin etibarlılığına toxunmalı idi. Çünki bələdiyyə qərarını (sərəncam) verən qurum bələdiyyədir. Belə olan halda bələdiyyə işə üçüncü şəxs qismində cəlb olunmalı idi. İddiaçının təqdim etdiyi inzibati aktın mövcudluğunu və həmin aktda sahənin dövlət mülkiyyətində olması məsələsinə istinad olunmadığını nəzərə alınsa, o halda ləğv olunmayınca və ya etibarsız sayılmayınca həmin akta əsasən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilməsi labüddür. Hakim işin hallarını müzakirə etmək vəzifəsini icra etməyərək sübutların təmin olunmasında natamamlıq nümayiş etdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2987/2024 saylı, 26 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Suraxanı rayon Zığ Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayonu Zığ Bələdiyyəsinin 08 iyul 2005-ci il tarixli 82 №-li Sərəncamı ilə ünvan 1 ünvanında yaşayan İddiaçı Zığ qəsəbəsinin qərb hissəsində fərdi ev tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X11 qəsəbəsinin qərb hissəsində yerləşən 300 kv.m torpaq sahəsini İddiaçı müəyyən haqq müqabilində satmışdır. -"xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin eskizi tərtib olunmuş və layihə 2016-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir - İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ümumi ərazi daxilində yerləşdiyi və ətraf ərazinin layihələndirildiyi barədə digər şəxsin müraciəti qeydə alınmışdır. Həmçinin, ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və qeyd edilən torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan əlavə, fərdi yaşayış evinə dair sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 82 nömrəli Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair hərhansı məlumat aşkar edilməmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulan suallar ilə bağlı ekspertiza tədqiqatı nəticəsində aşağıdakılar müəyyən olunmuşdur:
1. Göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 305.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikintialtı sahəsi 135.0 kv.m olan birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 305.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. 413796.186 413814.437 413821.300 413803.048
2. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.
3. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mülkiyyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
4. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Bununla yanaşı sözügedən torpaq sahəsi Dövlət əhəmiyyətli tikililərin tikintisi üçün nəzərdə tutulan Dövlət mülkiyyəti torpaqlarına aiddir. Həmçinin, sahənin bir hissəsinə digər şəxsin müraciətləri olmuşdur (qeydiyyata alınmayıb).
5. Mənzil İnşaatı Dövlət Agentliyinə dair sənəd təqdim edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır.
6. Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətidir.
7. Fərdi yaşayış evinə "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihə təqdim edilmədiyindən uyğunluğunu araşdırmaq mümkün olmadı.
8. Göstərilən fərdi yaşayış evinin ümumi sahəsi 111.4 kv.m, yaşayış sahəsi 71.7 kv.m, köməkçi sahəsi 39.7 kv.m təşkil edir. Birmərtəbəli olan fərdi yaşayış evinin daxili hündürlüyü 3.0 metr-dir. Bundan əlavə, aşırımların uzunluğu 6.0 metrdən azdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən əmlak üzərində həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin bələdiyyənin yoxsa dövlət mülkiyyətində olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən sahədir ki, bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, eyni zamanda ekspert vəsatətinin təmin edilməsi məqsədi ilə mütəxəssis rəyi alınmışdır. Ekspert və mütəxəssis rəylərindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla dövlət mülkiyyətində olmuş, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı isə hər hansı məlumat aşkar olunmamışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş sərəncam yalnız o halda iddiaçının torpaq sahəsi üzərində hüquqlarının yaranmasına əsas ola bilər ki, əgər inzibati akt ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsun. Hazırki halda isə iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və zamanında torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən, onun iddia olunan torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu istisna olunur. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində (ətrafında), H.Allahverdiyev küçəsində yerləşən torpaq sahələrinə (həmin torpaq sahələrinin üzərində tikilmiş fərdi yaşayış evlərinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışların və həmin çıxarışların verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixdə müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində (ətrafında) yerləşən torpaq sahələrindən bəzilərinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışlar verilmiş, hətta adına çıxarış verilmiş A.M.Ə. qızının Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində aldığı 600 kv.m torpaq sahəsi bələdiyyənin qərarı əsasında əldə edilmişdir. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri ünvan 4 ünvanında yerləşən torpaq sahəsi təqdim edilmiş sənəd surətləri əsasında göstərilən daş hasar içərisində A tikilisindən ibarət yaşayış evinin mövcudluğu müəyyən edilmişdir. Qərb tərəfdən qonşu fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi ilə, cənubdan və şərqdən boş çöllük sahələri ilə, şimaldan məhəllədaxili yolla əhatə olunan, daş hasar daxilində qapalı həyət sahəsidir. Torpaq sahəsi Suraxanı rayon Zığ bələdiyyəsinin qərarı və alqı-satqı müqaviləsinə əsasən ərizəçinin mülkiyyətinə verilib. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın əsas prinsiplərindən olan bərabərlik prinsipi pozulmuşdur. Belə ki, işin birinci instansiya icraatı zamanı iş materiallarında olan sənədlərdən, həmçinin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş çıxarışlardan (həmçinin, həmin çıxarışların verilməsinə əsas olan sənədlərdən) göründüyü kimi iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərin mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıya cavabdeh tərəfindən fərqli münasibətin göstərilməsi konstitusion hüquq olan bərabərlik hüququnun pozulmasına gətirib çıxarmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız omaqla yanaşı, həm də ədalətsizdir. X9 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax Fabris Fransaya qarşı [BP] -16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X5rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin fərdi ev tikintisi üçün iddiaçıya verilməsinə dair müqavilə Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi ilə bağlanılması iddiaçıda əlverişli qanuni gözləntinin yaranması ilə nəticələnmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsində lahiyələndirilən fərdi yaşayış evinin eskiz lahiyəsi İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən hazırlanmış və Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi ilə müqavilənin bağlanılması iddiaçıda əlverişli qanuni gözləntinin yaranması ilə nəticələndiyindən, həmçinin İddiaçı müvafiq hüquqmüəyyənedici sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2024 nömrəli, 03 may 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-271/2024 nömrəli, 03 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev