Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2988/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-3460/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun əlilliyinin müəyyən edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1974-cü ildə doğulmuşdur. 2004-cü ildən ürəyində ağrılar yaranmış, mütəmadi müalicə alsa da, bu getdikcə kəskinləşmiş, o, ürəyindən əməliyyat olunmağa məcbur olmuşdur. Belə ki, ürəyində olan xəstəlik kəskinləşdiyindən o, 13 noyabr 2010-cu ildə ürəyindən açıq əməliyyat olunmuşdur. O, DİN DQ-da xidmət etdiyinə görə ürəyindən əməliyyat olunduqdan sonra DİN DQ-n 08 fevral 2011-ci il tarixli, 3 nömrəli Tibbi Şəhadətnaməyə əsasən ona həkimlər tərəfindən ürəyin xroniki işemik xəstəliyi, ÜİX gərginlik stenokardiyası, İV FS, aterosklerotik kardioskleroz, Hipertoniya xəstəliyi İİ mərhələ, Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, qan dövranı çatışmazlığı diaqnozu qoyulmuş və o, xidmətdən tərxis edilmişdir. Bununla əlaqədar ona 07 iyun 2011-ci ildən 2-ci qrup əllik verilmişdir. Əlil olmağı ilə əlaqədar ona pensiya təyin edilmiş və o, 08 may 2021-ci il tarixədək aylıq pensiyanı almış və mütəmadi olaraq müalicə almışdır. 08 may 2021-ci il tarixdə isə onun pensiyası kəsilmiş, bunun səbəbi ilə maraqlandıqda isə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun əlillik dərəcəsinin ləğv edildiyi bildirilmişdir. O, cavabdehə müraciət edərək, ona təyin edilmiş əlillik dərəcəmin ləğv edilməsi səbəbini öyrənmək istəmiş, cavabdeh isə bununla əlaqədar ona heç bir əsas bildirməmişdir. Bundan sonra isə əlillik müddətinin qurtarması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikadan Tibbi Sosial Ekspert Komissiyasına 4399003AAAPQ saylı, 088 formalı “Göndəriş” göndərilmiş, həmin Göndərişdə onun əsas xəstəliyi, xəstəliyinin ağırlaşma halı ətraflı göstərilmişdir. Lakin cavabdeh tərəfindən ona əlillik dərəcəsi verilməkdən imtina edilmiş, əsas kimi isə əlillik əlamətlərinin təyin edilməməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3460/20022 saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-3460/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndəriş üzrə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsinə dair qərar qəbul edilərkən, ona heç bir əyani müayinə həyata keçirilməmişdir. Əyani müayinə aparılmadan ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş T 119/2022 saylı 12 aprel 2022-ci il tarixli ekspert rəyi də onu əyani müayinədən keçirilmədən verilmişdir. Ekspert rəyində əyani müayinə olunduğu qeyd edilsə də heç bir əyani yoxlama həyata keçirilməmiş, ekspert rəyi formal olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 2-ci bölməsinin (Qan dövranı sisteminin xəstəlikləri) 2.2-ci (Ürəyin işemik xəstəliyi) və 2.3-cü (Ürəyin xroniki işemik xəstəliyi) bəndlərinə əsasən, onun xəstəliyi ona əlillik dərəcəsinin təyin edilməsi üçün əsas verir. xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndərişdə qeyd olunan xəstəliklər “Əlilliyin müəyyən olunması meyarlarının 2.2-ci və 2.3-cü bəndlərinə uyğun gəlir. Bu səbəbdən də hesab edir ki, ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv edilməli və mənə müvafiq əlillik dərəcəsi təyin edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndərişindən görünür ki, əsas diaqnoz- 125- Ürəyin xroniki işemik xəstəliyi ÜİX.Gərginlik stenokardiyası, İV FS, aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ mərhələ. Aorta koronar şuntlama əməliyyatınddan sonrakı vəziyyət. Qan dövranı çatışmazlığı. DİN-nin DQnın xx.xx.2011-ci il tarixli 3 nömrəli Tibbi Şəhadətləndirməyə əsasən Xəstəlik hərbi xidmət dövründə almışdır; Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları ÜİX.Gərginlik stenokardiyası İİ FS Hipertoniya xəstəliyi İİ dərəcə. AKŞ (x3) sonrakı vəziyyət. AF=45 faiz. Ürək Çatışmazlığı İİ dərəcə; 150.00-durğunluq ürək çatmamazlığı ÜİX. Gərginlik stenokardiyasıİİ FS Hipertoniya xəstəliyi İİ dərəcə.AKŞ (x3) sonrakı vəziyyət. AF=45 faiz Ürək çatışmazlığı İİ dərəcə; 125- Ürəyin xroniki işemik xəstəliyi ÜİX. Gərginlik stenokardiyası İİ FS Hipertoniya xəstəliyi İİ dərəcə.AKŞ (x3) sonrakı vəziyyət. AF=445 faiz. Ürək çaatışmazlığı İİ dərəcə. xx.xx.2021-ci il tarixli elmi X1 tibbi rəyinə əsasən; Z95.1- Aortokoronor şuntlu transplantatın olması ÜİX.Gərginliik stenokardiyası İİ FS.Hhipertoniya xəstəliyi İİ dərəcə.AKŞ (x3) sonrakı vəziyyət AF=45 faiz, ürək Çatışmazlığı İİ dərəcə; 110 – Essensial (birincili) hipertenziya ÜİX.Gərginlik stenokardiyası İİ FS Hipertoniya xəstəliyi İİ dərəcə. AKŞ (x3) sonrakı vəziyyət.AF 45 faiz Ürək Çatışmazlığı İİ dərəcə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən 4399003AAAPQ saylı göndəriş üzrə xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtina edidlmiş və imtinanın səbəbi kimi aşağıdakılar göstərilmişdir: - Diaqnoz əlillik əlaməti təyin etməməsi, Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş T 119/2022 saylı (ekspertizanın başlanma tarixi 14 mart 2022-ci il, başa çatma tarixi 12 aprel 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “İ25-ürəyin xroniki işemiş xəstəliyi, ÜİX, gərginlik stenokardiyası, İV FS, aterozklerotik kardioskreloz, hipertoniya İİ mərhələ, aortakoronar şuntlama əməliyyatından sonrakı vəziyyəti AF= 45%, qan dövranı catışmazlığı” diaqnozlar kliniki, laborator-instrmuntal müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Diaqnoz şəxsin əyani müayinəsindən əlillik əlamətləri təyin etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmür. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun əlilliyinin müəyyən edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən müvəqqəti əmək qabiliyyəti itirilmədiyinin və əyani müayinə zamanı “Diaqnoz”da əlilliyin təyininə əsas verən ağırlaşmaların aşkar edilmədiyinin müəyyən olunduğunu nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
2. Əlilliyin müəyyən olunması meyarları. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0- E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İşdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən 4399003AAAPQ saylı göndəriş üzrə xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya qoyulmuş diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh orqan tərəfindən onun əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyətinin cavabdeh tərəfindən düzgün qiymətləndirilməsini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş T 119/2022 saylı (ekspertizanın başlanma tarixi 14 mart 2022-ci il, başa çatma tarixi 12 aprel 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 4399003AAAPQ saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “İ25-ürəyin xroniki işemiş xəstəliyi, ÜİX, gərginlik stenokardiyası, İV FS, aterozklerotik kardioskreloz, hipertoniya İİ mərhələ, aortakoronar şuntlama əməliyyatından sonrakı vəziyyəti AF= 45%, qan dövranı catışmazlığı” diaqnozlar kliniki, laborator-instrmuntal müayinələr əsasında düzgün müəyyən olunmuşdur. Diaqnoz şəxsin əyani müayinəsindən əlillik əlamətləri təyin etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində ikinci dərəcə əlilliyin müəyyən olunması meyarları və halları göstərilmişdir. İddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə diaqnoz kimi İ25-ürəyin xroniki işemiş xəstəliyi, ÜİX, gərginlik stenokardiyası, İV FS, aterozklerotik kardioskreloz, hipertoniya İİ mərhələ, aortakoronar şuntlama əməliyyatından sonrakı vəziyyəti AF= 45%, qan dövranı çatışmazlığı xəstəlikləri ikinci dərəcə əlillik təyin olunması üçün Əsasnamədə sadalanan hallarda əksini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçıya əlillik dərəcəsi verilməsi üçün əsas olmaması barədə məhkəmə tibbi ekspertizasının rəyini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın qərarının ləğv olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-3460/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.