Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2988/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6033/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürülən - 20 sentyabr 2019-cu il təvəllüdlü X9 görə, onu övladlığa götürənlər - birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 sosial müavinətın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-6033/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X9 görə, onu övladlığa götürən - birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 (onlardan birinə) sosial müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək X10 onlara övladlığa verilməsini xahiş etmişlər. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)- 3106/2022 saylı qətnaməsi ilə X19 iddiaçılara övladlığa verilmişdir. Daha sonra, İddiaçı2 xx.xx.2022-ci il tarixli ərizə ilə 3 saylı DOST Mərkəzi vasitəsilə Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona övladlığa götürməyə görə sosial müavinətin təyin olunmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən “sosial müavinətin təyin edilməsindən imtina olunması barədə” qərarı ilə aşağıda qeyd edilən xüsusatlarda imtina edilmişdir. Təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(006)-3106/2022 saylı qətnaməsinin nəticə hissəsində məhkəmə Ailə Məcəlləsinin 118.4 və 119-cu maddələrinə istinad etmədən qərar vermişdir. Eyni zamanda, qətnamədən görünür ki, azyaşlının övladlığa verilməsi məqsədilə iddiaçılar uşağın övladlığa götürülməsi üçün anası X16 müraciət etmiş və sonuncu buna etiraz etməmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, sözügedən məhkəmə qətnaməsi qəbul olunanadək (və ya qüvvəyə mindiyi tarixədək) X19 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olmamışdır. İş materiallarına əlavə olunmuş Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-3106/2022 saylı qətnaməsinin qət etdi hissəsindən görünür ki, X12 himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X10 ərizəçilər İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli “övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair” rəyin 3.4cü bəndindən görünür ki, valideynlərarası razılıq əsasında övladlıqa götürülən uşaq bioloji valideynlərinin himayəsindədir. İş materiallarına əlavə olunmuş Nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyi ilə övladlığa götürmək istəyən şəxslər İddiaçı2 və İddiaçı1 arasında bağlanmış valideynlərarası razılıq əsasında övladlığa götürülən uşağın valideynnamizəd(lər)in evində sınaq məqsədilə yerləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Agentlik bu müqavilə ilə valideynlər arasında razılıq əsasında uşaq X6 müddəti ilə müvəqqəti valideyn namizədlərin ailəsində yerləşdirilməsini öhdəsinə götürmüşdür. Valieyn namizədlər isə ailəsində müvəqqəti sınaq müddətində yerləşdirilmiş övladlığa götürülən uşağın həmin müddət ərzində qayğısına qalmalı, onun barəsində müqavilə ilə müəyyən edilmiş valideynlik vəzifələrini yernə yetirməyi öhdələrinə götürmüşlər. Qanunda hansı uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olduğu qeyd olunmuşdur və bu kateqoriyaya övladlığa götürülən X19 aid deyildir. Həmçinin valideynləri olan uşaq Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Bu zaman iş materiallarına əlavə olunmuş sənədlərdən uşağın valideynlərarası razılıq əsasında övladlığa götürüldüyü görünür. Bundan başqa, birinci instansiya məhkəməsinin 2-1(112)-6033/2023 nömrəli 25.05.23-cü il tarixli qərarının əsaslandırma hissəsində “Bundan əlavə işin araşdırılan hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə övladlığa götürmək istəyən şəxslər İddiaçı2 və İddiaçı1 arasında məhz valideyn himayəsindən məhrum olmuş uşağın (uşağların) valideyn-namizədlərin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır” qeyd olunmuşdur. Lakin sözügedən müqavilə “Valideynlərarası razılıq əsasında övladlığa götürülən uşağın valideyn-namizəd(lər)in evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsinə dair” bağlanmışdır. Bununla yanaşı, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində X10 əlilliyi müəyyən edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı imtinası qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı2 nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: Tərəflər arasındakı mübahisənin yaranmasının əsasında iddiaçıların övladlığa götürülən uşağa görə sosial müavinətin təyin edilməsi barədə müraciətinə cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktub dayanır. Həmin məktubda qeyd edilib ki, “... xx.xx.2019cu il təvəllüdlü X8 övladlığa verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunarkən (xx.xx.2022-ci il tarixli, e-2(006)-3106/2022 saylı qətnamə) onun 3 yaşı tamam olmadığı üçün sizə övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Lakin iddiaçılar tərəfindən övladlığa götürülən Selin xx.xx.2019-cu ildə dünyaya gəlib. Bu o deməkdir ki, Selinin 3 (üç) yaşı xx.xx.2022-ci il tarixdə tamam olub. Onun birgə iddiaçılar tərəfindən övladlığa götürülməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(006)-3106/2022 saylı qətnaməsi isə xx.xx.2022-ci il tarixdə (Selinin 3 (üç) yaşı tamam olduqdan 6 (altı) gün sonra) qanuni qüvvəyə minib. Başqa sözlə, qətnamə qanuni qüvvəyə mindikdə Selin artıq 3 yaşında idi. Beləliklə, cavabdehin imtina əsasının qanunazidd olduğunu görən birgə iddiaçılar mübahisəni məhkəmə qaydasında həll etmək qərarına gəliblər. İşə baxan Bakı İnzibati Məhkəməsi də öz növbəsində mübahisəyə düzgün hüquqi qiymət verərək xx.xx.2023-cü il tarixli, 2-1(112)-6033/2023 saylı qərara əsasən iddianın təmin edilməsini qərara alıb. Məhkəmə sözügedən qərarda haqlı olaraq qeyd edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.19-cu maddəsinə əsasən övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış və icra edilmiş qətnaməsinə (xx.xx.2022-ci il tarixli e-2(006)-3106/2022 saylı qətnamə) əsasən xx.xx.2019-cu il təvəllüdlü X19 (hazırda X14) iddiaçıların övladlığına verilmişdir. Bu barədə iddiaçılara “övladlığa götürmə haqqında şəhadətnamə” verilmişdir. X8 3 yaşı xx.xx.2022-ci ildə tamam olmuş və göstərilən şəhadətnamə xx.xx.2022-ci ildə verilmişdir. Bundan sonra iddiaçılar onlara sosial müavinətin verilməsi üçün cavabdehə müraciət etmişlər (xx.xx.2023-cü il tarixli, 2-1(112)-6033/2023 saylı qərarın 7-ci səhifəsinin sonuncu absazı). Məhkəmə qərarın davamında onu da qeyd edir ki, cavabdehin imtinası qanunauyğun deyildir. Belə ki, iddiaçılara “Sosial müavinətlər haqqında" Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulmuş müavinət (övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət) həmin qanunun 9.1-ci maddəsində göstərilən - müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ iddiaçılara “övladlığa götürülmə haqqında şəhadətnamə” verildiyi gündən yaranır. Beləliklə, “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən hüququn yarandığı (“övladlığa götürmə haqqında şəhadətnamə”nin alındığı) gündən təyin etməlidir (xx.xx.2023-cü il tarixli, 2- 1(112)-6033/2023 saylı qərarın 8-ci səhifəsinin 1-ci abzası). Lakin cavabdeh - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin əsaslarına baxdıqda onların bu dəfə də imtinaya tamamilə fərqli səbəb gətirdiyi görünür. Cavabdeh indi də qeyd edir ki, iddiaçılar tərəfindən övladlığa götürülən Selin guya valideyn himayəsindən məhrum olmuş uşaq deyil. Məhz bu məqamda qeyd edilməlidir ki, cavabdehin mübahisəyə bu cür ikili - sırf imtina üçün hər dəfəsində bir fərqli meyarla yanaşması onun iddiaçılara sosial müavinətin təyin edilməsindən qanunsuz yayınmaq məqsədi daşıdığını göstərir. X4 iddiaçılar tərəfindən övladlığa götürülməzdən öncə həqiqətən də öz bioloji valideynlərinin himayəsindən məhrum idi. Bu fakt Valideyn- Namizəd(lər)in Qiymətləndirilməsinin Hesabatında (ailə İD-si: 2********) da öz təsdiqini tapır. Belə ki, həmin hesabatda qeyd edilib ki, X19 (hazırkı adı ilə X14) qeyri-rəsmi münasibətdən dünyaya gəlib. Bioloji ana hamilə olduğunu öyrənən vaxt uşağın dünyaya gəlməsini istəmədiyini bildirsə də, bioloji ata uşaq doğulduqdan sonra onu özü götürərək qayğısına qalacağını bildirib. Hamiləliyin sonrakı aylarında bioloji ata ilə ananın digər problemlərlə əlaqədar münasibətləri pozulub və ata artıq uşağı istəmədiyini qeyd edib. Bioloji ana Selin dünyaya gəldikdən sonra ata ilə əlaqə saxlasa da o, qərarının dəyişmədiyini bildirib. Bioloji ana bildirib ki, hamiləliyi müddətində uşaqlarının və valideynlərinin bu barədə məlumatı olmayıb. Uşağı istəmədiyini, o cümlədən maddi olaraq 3 uşağa baxmaq imkanı olmadığını qeyd edib. Bundan sonra bioloji ana Selini bir müddət dayə yanına qoyub, uşaq barəsində sadəcə dayədən məlumat alıb. Göründüyü kimi, iddiaçılara övladlığa verilmiş Selin doğulduğu gündən bəri ümumiyyətlə bioloji ana və atasının himayəsindən məhrumdur. Ata uşağı görmək istəmədiyini bioloji ana hələ Selinə hamilə ikən sonuncuya bildirib. Bununla da Selin doğulduqdan sonra da onu görməkdən, onun qayğısına qalmaqdan, tərbiyə etməkdən birmənalı şəkildə imtina edib. Bioloji ata Selini bir dəfə də olsun üz-üzə görməyib. O ki qaldı, birgə iddiaçılara övladlığa verilmiş X8 bioloji anası - X12 himayəsindən məhrum olunmuş hesab edilməsinə, Valideyn Namizəd(lər)in Qiymətləndirilməsinin Hesabatında da qeyd edildiyi kimi, bioloji ana özü Sosial Xidmətlər Agentliyinə etiraf edib ki, Selinə hamilə olmasından, onun doğulmasından ailəsinin xəbəri olmayıb. Ona görə də Selin dünyaya gələn gündən bioloji ananın himayəsində olmayıb, bioloji ana Selinin qayğısına qalmayıb, onu sıradan dayəyə tərk edib, hətta sonradan da gedib yeni doğulmuş qızına baş çəkməyib. Qeyd edilənlər bir daha sübut edir ki, X14 qanunvericiliyin tələbləri baxımından övladlığa götürüldüyü andan əvvələ münasibətdə valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilir. Birgə iddiaçılar - İddiaçı2 və İddiaçı1 Selindən o hələ bir yaş yeddi ayında ikən, daha dəqiq desək 2021-ci ilin aprel ayında ortaq tanışlar vasitəsilə xəbər tutublar. İddiaçılar körpə Selini canlı görərkən onun çox şəraitsiz, natəmiz, baxımsız vəziyyətdə saxlandığını, vaxtıvaxtında qidalandırılmadığını, yaşıdlarına nisbətən çox zəif qaldığını görərək dəhşətə gəliblər. Elə oradaca Selini özləri ilə evə aparmaq qərarına gəliblər. Bununla da, 2021-ci ilin aprel ayından etibarən iddiaçılar valideyn himayəsindən məhrum olmuş Selini himayələrinə alıb, körpəyə valideyn qayğısı göstəriblər. İddiaçılar Selinə doğma ana-ata kimi yanaşıb, ona bir körpə üçün lazım olan kifayət qədər yaxşı şəraitdə qulluq ediblər. Zaman keçdikcə iddiaçılar körpə Selinə çox bağlanıblar. Onu doğma qızları kimi görməyə başlayıblar. Beləliklə, onlar 2021-ci ilin dekabr ayında qərara gəliblər ki, artıq 8 (səkkiz) aydır himayələrində olan Selini rəsmi olaraq övladlığa götürsünlər. İddiaçılar məsələ ilə bağlı DOST Mərkəzinə müraciət ediblər. Bu zaman DOST Mərkəzinin səlahiyyətli əməkdaşlarından biri iddiaçılara bildirib ki, “uşağı övladlığa götürmək üçün keçirilməsi məcburi olan bir sıra prosedur qaydalar var. Bunun üçün siz rəsmi ərizə ilə müvafiq quruma müraciət edəcəksiniz. Daha sonra Sosial Xidmətlər Agentliyi ilə sizin aranızda müqavilə bağlanacaq. Baxmayaraq ki, uşaq faktiki olaraq 8 aydır sizin himayənizdədir, yenə də həmin müqavilənin şərtlərinə əsasən, Selin 3 (üç) ay ərzində rəsmi qaydada sizin yaşadığınız evə köçürüləcək kimi qeydə alınacaq. Bu müddətin sonunda isə heç bir mənfi hal baş vermədiyi nəzərə alınmaqla sizin barənizdə müsbət qiymətləndirici rəy veriləcək. Siz daha sonra ərizə ilə məhkəməyə müraciət edərək X7 övladlığa verilməsini xahiş edəcəksiniz. Bundan sonra məhkəmənin qanuni qüvvəyə minəcək qətnaməsi ilə Selin sizə övladlığa veriləcək və bundan sonra uşağın övladlığa götürülməsi proseduru tamamlanacaq”. Həmin ərəfə iddiaçıların tək məqsədi doğma qızları kimi qəbul etdikləri Selini rəsmi olaraq övladlığa götürmək olduğu üçün bu şərtlərlə razılaşıblar və qeyd edilən bütün prosedurlardan keçiblər. Lakin işin əsli odur ki, azyaşlı Selin onsuz da hələ bu prosedurlar başlamazdan 8 ay öncəsindən, yəni körpənin 1 yaş 7 ayından etibarən iddiaçıların himayəsində olub. İddiaçılar tərəfindən övladlığa götürülmüş X14 bundan əvvəlki dövrdə isə, daha dəqiq desək - dünyaya gəldiyi gündən 1 yaş 7 ayınadək hər iki bioloji valideyninin himayəsindən məhrum vəziyyətdə, baxımsız, natəmiz şəraitdə dayə yanında qalıb. X2 bioloji valideynlərinin himayəsindən məhrum olması faktı Valideyn- Namizəd(lər)in Qiymətləndirilməsinin Hesabatında da bioloji ananın ifadəsi qismində yer alır. Əgər Məhkəmə X1 valideyn himayəsindən məhrum olmuş uşaq olması faktına dair hər hansı sualı yaranarsa, bu zaman X8 bioloji anası - X15 prosesə cəlb edərək, onu dindirə və iş üzrə həqiqətləri bir daha onun dilindən dinləyə bilər. Beləliklə, bütün qeyd edilənlərin işığında görünən tək həqiqət odur ki, cavabdeh - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının tək məqsədi hər nə yolu ilə olur-olsun, birgə iddiaçılar - İddiaçı2 və İddiaçı1 birinə övladlığa götürdükləri yetkinlik yaşına çatmayan X9 görə sosial müavinət təyin etməkdən qanunsuz olaraq yayınmaqdır. Bu hal isə öz növbəsində birgə iddiaçıların hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına səbəb olur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********74 saylı imtina məktubunda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. Həmçinin Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət - 2021-ci ii yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. xx.xx.2019-cu il təvəllüdlü X8 övladlığa verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunarkən (xx.xx.2022-ci il tarixli, e-2(006)- 3106/2022 saylı qətnamə) onun 3 yaşı tamam olmadığı üçün onlara övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə Bakı nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı 488272 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 və X20 arasında xx.xx.2009-cu ildə nikahlarını bağlanmışlar. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçilər İddiaçı2, İddiaçı1 “Sosial Xidmətlər Agentliyi" X33 maraqlı şəxs qismində cəlb etdiyi "övladlığa götürmə" tələbinə dair ərizəsinin təmin edilməsi, X12 himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X10 ərizəçilər İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən azyaşlının ilkin akt qeydində dəyişiklik edilərək, uşağın doğum haqqında akt qeydləri kitabında adı “Selin”, soyadı “İbrahimova”, ata adı “İbrahim”, doğum tarixi “xx.xx.2019-cu il”, doğum yeri “Bakı şəhəri”, ata qrafasında “İddiaçı2”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “İddiaçı1”, milliyyəti “azərbaycanlı” yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Nəsimi rayon qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışdır və icra olunması üçün Nəsimi rayon qeydiyyat şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 013825 nömrəli “övladlığa götürmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş X5 İbrahim Nizami oğlu və İddiaçı1 tərəfindən övladlığa götürülmüş və ona İbrahimova soyadı, Selin adı, İbrahim qızı ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 808147 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 20 sentyabr 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 2648 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı2, anası İddiaçı1dır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 118.19. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. 118.21. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən 18 yaşınadək şəxslərdir. “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət. 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.10-4. övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə). 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.11. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək. 10.2-1. Bu Qanunun 4.0.1.14-cü maddəsində nəzərdə tutulan müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 İbrahim Nizami oğlu və İddiaçı1 övladlığa verilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almış, icra olunması üçün Nəsimi rayon qeydiyyat şöbəsinə göndərilmiş və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş icra olunaraq bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 25 nömrə ilə qeyd edilərək müvafiq şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçılar onlara sosial müavinətin verilməsi üçün cavabdehə müraciət etmişlər, lakin cavabdeh inzibati orqan xx.xx.2019-cu il təvəllüdlü X8 övladlığa verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunarkən (xx.xx.2022-ci il tarixli, e-2(006)-3106/2022 saylı qətnamə) onun 3 yaşı tamam olmadığı üçün onlara övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın övladlığa verilməsi barədə qətnamə xx.xx.2022-ci ildə qəbul edilsə də, xx.xx.2022-ci ildə qanuni qüvvəyə minmişdir, xx.xx.2022-ci ildə övladlığa götürmə haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Övladlığa götürülmüş uşaq isə xx.xx.2019-cu il təvəllüdlüdür və onun 3 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Qətnamə ilə uşağın övladlığa verilməsi qət edilsə də, həmin qətnamə qanuni qüvvəyə mindikdən və icra edilərək övladlığa götürmə haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparıldıqdan sonra övladlığa götürmə baş tutur. Göründüyü kimi, uşağın övladlığa verilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi və övladlığa götürmə haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparıldığı vaxt övladlığa verilmiş uşağın artıq 3 yaşı tamam olmuşdur. Apellyasiya şikayətində cavabdeh əlavə olaraq qeyd etmişdir ki, uşağın övladlığa verilməsi barədə məhkəmə qətnaməsi qəbul olunanadək (və ya qüvvəyə mindiyi tarixədək) X19 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hər iki valideyni uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, övladlığa verilmiş Selin İbrahimova doğulmamışdan əvvəl bioloji atası onları tərk etmiş, doğulduqdan sonra isə bioloji anası onu başqa şəxsin yanında qoyaraq getmiş, onun qayğısına başqa şəxs qalmışdır. Selin İbrahimovanın hər iki valideyni uşağının tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina etmişlər. Ona görə də o, övladlığa verilənə qədər valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq övladlığa götürülən uşağa görə müavinət almaq hüququ övladlığa götürmə haqqında akt qeydləri kitabında qeydiyyatın aparıldığı tarixdən yaranmışdır və həmin gündən təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6033/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2988/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2988/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver