Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2989/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3181/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı öhədliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum şəhadətnaməsində “Ayaz” ata adının “Rəşad” adına dəyişdirilməsi və həmin dəyişiklik nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: . «…Əvvəlki soyadı Əliyeva, ata adı ilkin olaraq “Rəşad” kimi qeydə alınmış, daha sonra, onun istəyi əsasında soyadı və ata adı dəyişdirilərək “İddiaçı” kimi qeydə alınaraq ona yeni doğum haqqında şəhadətnamə verilmişdir. Lakin uzun illər keçdikdən sonra doğma atası ortalığa çıxmış və hazırda onunla yaşayır. Buna görə “Rəşad” ata adını yeenidən dəyişdirmək üçün cavabdehə müraciət etsə də, sonuncu (xx.xx.2023-cü il tarixli cavab məktubu ilə) müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozur...» Cavabdeh iddianı qəbul etməmiş və bunu aşağıdakılarla əsaslandırmışdır: “...Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 09 saylı akt qeydinə əsasən İddiçının “Rəşad” ata adı “Ayaz” ata adına dəyişdirilmişdir. Lakin o, yenidən “Ayaz” ata adından “Rəşad” adına dəyişdirilməsi barədə ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı ona izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci və 6.3-cü bəndlərində nəzərədə tutulan hallardan heç biri olmadığından ərizənin təmin edilməsi imkan xaricindədir." Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3181/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: "…Qərar əsassızdır və işin faktiki hallarına nəzərən maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, onun əsl atasının adı “Rəşad”dır. “Ayaz” adlı adam, ümumiyyətlə, yoxdur. Doğma atası olan, əvvəlki şəhadətnaməsində qeyd edilmiş “Rəşad” adının ata adı qrafasında yazılmasını tələb etsə də, məhkəmə iddiasını rədd etmişdir. Cavabdehin onun bu hüququnun reallaşmasından imtina etmək üçün gətirdiyi əsaslar tamamilə qanunsuzdur. Axı “Ayaz” adlı adamın adını ata adı kimi niyə daşımalı, niyə öz doğma ata adına geri qayıtmaq hüququ yoxdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının 2017-ci ildə artıq bir dəfə ata adını dəyişdirdiyindən Nazirlər Kabinetinin Qərarına əsasən ikinci dəfə dəyişdirilməsindən imtina olunduğunu bildirərək, imtinanı əsaslı hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə “Ayaz” ata adının “Rəşad” ata adına dəyişdirilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İş materialları, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə, habelə cavabdehin imtinası və məhkəməyə ünvanlanmış etirazına əsasən müəyyən olunur ki, xx.xx.1997-ci il təvəllüdlü iddiaçının ilkin ata adı, onun əsl atasının adı - “Rəşad” olmuş, lakin 18 yaşına çatdığında, qanunvericiliklə ona verilən hüququndan istifadə edərək soyadını və ata adını anasının “Süleymanova” soyadına, atasının adını isə “Ayaz” adına dəyişdirmişdir. Belə ki, işə əlavə olunmuş 10 mart 2017-ci il tarixdə verilmiş 901216 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, soyadı, adı və ata adı İddiaçı kimi, atası X6, anası X1 yazılmışdır. Lakin, konkret halda, işin mübahisələndirlən hallarından göründüyü kimi, iddiaçı dəyişdirilmiş ata adını, yenidən əvvəlki vəziyyətinə, yəni “Rəşad” adına dəyişdirilməsini cavabdeh Yasamal rayon Qeydiyyat şöbəsindən tələb etmiş, lakin sonuncu xx.xx.2017-ci il tarixli 09 saylı akt qeydinə əsasən onun “ata adı” artıq dəyişdirldiyindən, növbəti dəfə dəyişdirilməsinə AR Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3 və 6.24- 6.28-ci bəndlərinə əsasən yol verilmədiyini bildirilməklə, imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinin, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ının 6-cı hissəsinin 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşların öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. İddiaçının isə hazırkı iddia tələbi mahiyyət etibarı ilə ata adının növbəti dəfə dəyişdirilərək əvvəlki ata adına qayıtmaq tələbi təşkil edir ki, belə olan halda da «Qaydalar»lın qeyd olunan tələblərindən göründüyü kimi, növbəti dəfə vətəndaşın ata adının dəyişdirmək kimi hüququ nəzərdə tutulmamışdır. Sözügedən “Qaydalar”ın 6.3-cü bəndinin tələbi də məhz konkret olaraq onu nəzərədə tutur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kiimi, qanunvericiliklə vətəndaşlara yalnız bir dəfə öz adını dəyişdirmək imkanı verilmişdir. Beləliklə də, cavabdeh iddiaçının ata adının növbəti dəfə dəyişdirilməsindən imtina etməklə, qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Qanunauyğun imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, məhz, qeyd edildiyi kimi, qeydiyyat orqanını üzərinə düşən öhdəliyi, iddiaçının doğum haqında akt qeydində mübahisələndirilən düzəlişin edilməsindən imtina etməkdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi də nəticə etibarı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3181/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3181/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2989/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2989/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver