Məhkəmə qərarları › İş №2-1(103)-2989/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2989/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2989/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Arif qızının sədrliyi və məruzəsi ilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, X10 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5508/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin 21 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən torpaq sahəsindən daimi istifadə hüququnun mərhum atası X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq arayışın verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1973-cü il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasının vətəndaşıdır. Atası 27 mart 1940-cı il təvəllüdlü X8 (FİN: 1JPVZ7Y) 18 avqust 2024-cü il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə: AZ-İİ 450584). Atasının vəfatından sonra iddiaçının müraciəti əsasında Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən 12 sentyabr 2024-cü il tarixdə 8V75 saylı vərəsəlik işi açılmış və atasının yeganə vərəsəsi kimi iddiaçı müəyyən edilmişdir (AR Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin 12 sentyabr 2024-cü il tarixli, 5101 saylı arayışı). ünvan 3 ünvanında yerləşən üzlük materialları sexi iddiaçının atasının xüsusi mülkiyyətində olmuşdur (AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə № 000832, reyestr kitabı № 2, səhifə 17, qeydiyyat № 000832, 04 iyun 2003-cü il tarixli qeyd). Qeyd edilən daşyonma sexi qanuna uyğun şəkildə yenidən qurulmuşdur. Həmin ünvanda yerləşən 0,074987 ha sahəsi olan torpaq sahəsinə dair daimi istifadə hüququ Bakı şəhəri 05 saylı Dövlət Notariat Kontorunda bağlanmış 06 may 2003-cü il tarixli, 3M-4-409 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçının atasına satılmışdır. Atasının qeyd edilən torpaq sahəsindən daimi istifadə hüququna dair 02 iyul 2003-cü il tarixli Dövlət Aktı rəsmiləşdirilmişdir (JN № 0975, KOD ********). Torpaq sahəsinə dair ayrıc aktı da möcvuddur (Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03/175 saylı, 07 oktyabr 2003-cü il tarixli ayrıc aktı). Torpaq sahəsinə dair daimi istifadə hüququnu miras aktivi olaraq qəbul etməyi və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) əldə edilməsinə zərurət yarandığından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə 04 oktyabr 2024-cü il tarixdə müraciət edilmişdir və vərəsəlik hüquqlarımı təsdiq edən sənədlər həmin müraciətə əlavə olunmuşdur. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı qeyd edilən məsələlərə dair xx.xx.2024-cü il tarixli, ********** və ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********94 xaricolma nömrəli və xx.xx.2024-cü il tarixli, **********99 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacağı barədə məlumat ünvanlanmışdır.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5508/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, torpaqdan daimi istifadə hüququna dair aktında göstərilən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən torpaq sahəsinə daimi istifadə hüququnun X6 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri Torpaq şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş JN-0520 №-li şəhadətnaməyə (kod ********) əsasən (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 2009 saylı Sərəncamı) Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 0,07 ha torpaq sahəsindən üzlük materialları istehsalı sexinin tikintisi üçün daimi istifadə hüququnu X1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 461 nömrəli sərəncamına əsasən Xətai Rayon icra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 637 saylı məktubu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş xx.xx.2003- cü il tarixli, 000832 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə və torpaqdan daimi istifadə hüququna dair xx.xx.2003-cü il tarixli, JN-0975 Kod 01000003 saylı Dövlət aktı nəzərə alınaraq, Xətai rayonu, Telnov küçəsindəki 1162-ci (şəhadətnaməyə əsasən 1197- ci) məhəllədə yerləşən, vət. Ş.F.Fərzəliyevə məxsus olan daşyonma sexinin yenidən qurulmasına icazə verilmişdir. JN 0975, KOD 01000003 torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri 05 saylı Dövlət Notariat Kontorunun 06 may 2003-cü il tarixli, 3M-4-409 saylı alqı-satqı müqaviləsi ilə daimi istifadə hüququ satılmış cizgidə göstərilən sərhəd daxilində 0,074987 ha üzlük materiallar istehsalat sexinin layihələşdirilməsi və tikintisi üçün X6 verilmişdir. Ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 461 saylı sərəncamı ilə Xətai rayonu, Telnov küçəsi, 1162-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,0788 ha daşyonma sexinin yenidən qurulmasına dair torpaq X6 verilmişdir. Cizgidən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 461 saylı sərəncamı ilə X6 verilmiş cizgi topogeodeziya şöbəsinin rəisi tərəfindən tərtib olunmuşdur. Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş - X4 vərəsələri sırasından olan qızı- İddiaçı, yazılı müraciətinə əsasən xx.xx.2024-cü il tarixində 8V-75 reyestrli vərəsəlik işi açılmışdır. Hal-hazıradək mərhum X4 vərəsəlik işi ilə əlaqədar mirası qəbul etmiş yeganə vərəsə İddiaçı müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. Məhkəmə bildirir ki, iddiaçının mərhum atasının mübahisələndirilən daşınmaz əmlak üzərində daimi istifadə hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın daimi istifadə hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir. İş materiallarında olan alqı-satqı müqaviləsindən və JN 0975, KOD 01000003 torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 0,07 ha torpaq sahəsi ilk növbədə X2 istifadəsində olmuş, daha sonra daimi istifadə hüququnun alqı-satqısı əsasında bu hüquq iddiaçının mərhum atasına keçmiş, bu barədə onun adına daimi istifadə hüququna dair dövlət aktı tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi müvafiq sənədlər əsasında iddiaçının mərhum atasının istifadəsindən olmuşdur. Həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş materiallardan hüquqmüəyyənedici sənədlərin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan özü də iddiaçının mərhum atasına ayrılan torpaq sahəsinin ayrılması ilə bağlı mövcud olan sənədi mübahisələndirmir. İmtina əsası yalnız onunla bağlıdır ki, iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandıqdan sonra onun müraciətinə baxıla bilər. Məhkəmə isə hazırki iddiaçının tələbi üçün bu əsasın zərurətin olmadığını bildirir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Hazırki halda isə iddiaçının mərhum atasının bu sənədə malik olması və həmin sənədin qərarda istinad olunan Qanunun 8-ci maddəsində nəzərdə tutulması faktiki olaraq iddiaç tərəfindən torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasını istisna edir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən daimi istifadə hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. İstifadə hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz daimi istifadə hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Daimi istifadə hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz daimi istifadə hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir.

6. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III.Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsaslarından biri kimi müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr göstərilmişdir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacağı barədə məlumat ünvanlanmışdır.

IV. Tərəflərin izahatları:

8. Tərəfər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

9. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

10. “İnzibati icraat haqqında” qanun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Vİ.Məhkəmənin mövqeyi

11. Məhkəmə qeyd edir ki, müvafiq şəhadətnamələr Mülki Məcəllənin 139-1.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi göstərilsə də, qeyd edilən norma təfsir edilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3115/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadında qeyd olunmuşdur (açar sözlər: şəhadətnamə əsasında torpaq sahəsinə dair çıxarışın verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması):

11. ...Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1 (102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1 (102)-1862/2023, xx.xx.2024-cü il tarixli 2-1 (102)-3/2024 nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququnun tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

13. Kollegiya qeyd edir ki, hazırkı işdə məhkəmənin fərqli qənaətə gəlməsi üçün əsas yoxdur. İddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququn yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində mərhumun hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir.

14. Məhkəmə xüsusi olaraq qeyd edir ki, torpaqdan daimi istifadə hüququ vaxtilə yerli icra hakimiyyətinin sərəncamı (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 2009 saylı Sərəncamı) əsasında yaranmış və torpaq sahəsinə dair ayrıc aktı (cizgi) tərtib olunmuşdur. Həmin sərəncam dəyişdirilməmiş, ləğv olunmamış və geri çağırılmamışdır. Hüquq cəhətdən etibarlıdır. Həmin sərəncam əsasında yaranmış hüquqlar notariat qaydasında bağlanmış müqavilə əsasında iddiaçının mərhum atasına ötürülmüş və torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə tərtib edilmişdir.

15. Cavabdehin qeyd edilən tələbi torpaq üzərindəki tikilinin vaxtilə özəlləşdirilmiş olmasından irəli gəlir, yəni hesab edilir ki, özəlləşmiş tikilinin altındakı torpaq sahəsinə münasibətdə sərəncam verməyə səlahiyyətli qurum məhz Əmlak Məsələləri Dövlət Xidmətidir. Lakin qeyd edilən tələb ilkin torpaq ayırma sənədlərinin olmadığı və torpaq üzərində hüququn müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmədiyi halda əsaslı olacaqdı.

16. Odur ki, hazırki halda hüquqi maraq qanunun tələbinə əsasən artıq şəhadətnamə ilə təsdiq edilmiş hüququn yeni çıxarışla əvəz edilməyinə yönəldiyindən apellyasiya şikayətində qeyd edildiyi kimi torpaq üzərində hüququn yaranması üçün Əmlak Məsələləri ilə Dövlət Xidməti ilə müqavilə bağlanması tələbi qanuni hesab edilə bilməz. Belə ki, iddiaçının mərhum atasının mübahisələndirilən daşınmaz əmlak üzərində daimi istifadə hüquqları yaranmışdır, bu barədə onun adına daimi istifadə hüququna dair dövlət aktı tərtib olunmuşdur. Lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın daimi istifadə hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir.

17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5508/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticə hissəsi

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5508/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar