Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2990/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli və xx.xx.2024-cü il tarixli, 120/QN nömrəli qərarları yanlış olaraq onun barəsində qəbul etdiyini bildirir. Belə ki, qərarda qeyd olunan obyektin ona aidiyyəti yoxdur və o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Ona görə də qərarların subyekti düzgün seçilmədiyindən ləğv edilməlidir. 24 may 2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayonu ərazisində icarə əsasında qohumları (öncə qaynatası tərəfindən işlədilən onun vəfatından sonra həyat yoldaşı və qardaşı) tərəfindən işlədilən obyektə X1 gəldikləri və yoxlama apardıqları barədə ona məlumat verdiklərinə görə həmin əraziyə yaxınlaşıb özünü təqdim etdikdən sonra, məqsədlərinin nə olduğunu, hansı əsasla gəldiklərini və təqdim etməli olduqları sənədləri soruşduqda ağlabatan heç bir cavab verilməmiş və heçbir sənəd göstərilməmişdir. Bundan sonra obyektin saxlanc yerində də eyni vəziyyət baş vermiş, qapı bağlı olduğundan qapının açılması tələb edilmiş həmin vaxt qapının açarı işçidə olmuş, həmin işçi də həmin ünvanda olmadığı üçün onu gözləməmişlər və qapı qanunsuz olaraq məcburi qırılmış, içəri daxil olaraq 90 kq-a yaxın ət məhsulları götürülmüşdür. Bu zaman saxlanc yerində olan 3 ədəd soyuducunun 2-i elektrikdən ayrılmış, hansı ki içərisində ət saxlanılırmış, içərisində tərəvəz məhsulları olan 1 ədəd soyuducunu isə elektrikdən ayrılmaması üçün ona təkidlə ərizə yazması gərəkdiyini bildirmiş və həmin ərizəni yazaraq qeyd olunan soyuducunun sadəcə elektrikə bağlı qaldığını təsdiq etmişdir. Bu zaman şəxsiyyət vəsiqəsinin şəklini çəkmişlər və bundan istifadə edib həmin saxlanc yeriylə bağlı onun barəsində əsassız və qanunsuz olaraq qərar qəbul etmişlər. Qərarın qanunsuz tərtibiylə əlaqədar bildirir ki, həmin obyektlə hüquqi və faktiki olaraq heç bir bağlantısı yoxdur, sadəcə hüquqşünas olduğu üçün oraya çağrılmışdır və təəssüf ki, X2 əməkdaşlarının qanunsuz əməllərinin şahidi olmuş və bu azmış kimi onun barəsində qanunsuz qərər qəbul edilmişdir. Poçt vasitəsi ilə ünvanına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, YPK/0030-24 nömrəli və xx.xx.2024-cü il tarixli, 120/QN nömrəli qərarları, eyni zamanda inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı 25 iyun 2024-cü il tarixində fəaliyyət göstərdiyi vəkil bürosuna daxil olmuşdur. MN ******* nömrəli, 14 iyun 2024-cü il tarixli qərarda göstərilir ki, 27 may 2024-cü il tarixində MN ******* seriya nömrəli və 10 iyun 2024-cü il tarixində MN ******* seriya nömrəli protokollar tərtib edilmiş, həmin protokollar əsasında da qərar qəbul edilmişdir. Bildirir ki, qərarların “müəyyən etdi” hissəsində qeyd olunan halların onunla heç bir əlaqəsi yoxdur. Belə ki, o, vəkil və X6 birində baş hüquqşünas olaraq fəaliyyət göstərir, yəni hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Həmçinin, iddia olunan pozuntunun aşkar olunduğu ünvan hər hansı istehsalat və ya satış obyekti deyil, daha öncə qayınatası X4 icarə əsasında işlətdiyi, rəhmətə getdikdən sonra həyat yoldaşı X5, hazırda isə qardaşı X3 icarə əsasında işlətməyə davam etdiyi “Aynalı Dönər” adlı obyektin içərisində soyuducular olan saxlanc yeridir. Yəni həmin obyektdə bilavasitə hər hansı bir istehsalat və ya xidmət göstərilmir və heç bir istehlakçının hüquqları da pozulmamışdır. Yoxlama aparılan zaman da hər hansı hüquqi əsas olacaq sənədlə ya obyektin sahibi, ya icarə əsasında obyekti işlədən qohumları tanış edilməmişdir. Ümumiyyətlə bu hal özlüyündə bir daha təsdiq edir ki, X2 Bakı Regional Bölməsinin əməkdaşları qanunvericiliyin tələblərini pozaraq yoxlamanın aparılması qaydası və əsaslarına əməl etməmişlər nəticədə əsassız və qanunsuz olaraq qərar qəbul etmişlər.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə verilmiş iddia ərizəsi geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir.
4. Həmin qərardaddan narazı qalan iddiaçı qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHƏKMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə isə cavabdeh tərəfdən qeyd edilən sübutları əldə edilməsi üçün daha çox çalışmamış iddiaçının iclasda iştirak etməməsinə daha çox diqqət ayırmışdır. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Təəssüf ki, məhkəmə cavabdeh tərəfindən Sərəncamında qeyd etdiyi sənədləri əldə edə bilməmişdir. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə iddiaçının hüquqlarını pozaraq inzibati orqanın qəbul etmiş qərarını ləğv etməmişdir. xx.xx.2024-cü il tarixli, 2-1(112)-11947/2024 saylı sərancamla cavabdeh tərəfindən tələb etdiyi heç bir sənədi əldə edə bilməmiş və araşdırma natamam olduğundan yanlış nəticəyə gəlmişdir. Onun tərəfindən təqdim edilən sənədlərə də münasibət bildirməmişdir. Hazırki şikayətə daha öncə Türkiyə Cumhuriyyətində olduğunu təsdiq edən sənəddən əlavə 2025-ci ildə Ankara şəhərində həyat yoldaşının beyin əməliyyatı keçirməsini təsdiq edən sənədi və aviya biletin surətini əlavə edərək bildirir ki, təxminən 1 ilə yaxın bir dövrdə sağlıq problemləri ilə əlaqədar mütəmadi həmin işlərlə məşğul olmuşdur, ona görə üzrlü səbəbdən məhkəmə iclaslarında vaxtında iştirak edə bilməmişdir. Tərəflərin izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
9. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən “Aynalı Dönər” adlı obyektə baxış eçirilmiş və yoxlamalar nəticəsində xx.xx.2024cü il tarixli, YPK/0030-24 nömrəli və xx.xx.2024-cü il tarixli, 120/QN nömrəli qərarlar qəbul edilmişdir.
10. Eyni zamanda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 14 iyun 2024-cü il tarixli qərar da qəbul edilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4136/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilən şikayət təmin edilərək İddiaçı barəsində Azərbaycan Respublikasının X2 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və İddiaçı barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qəradadın qanuniliyini tam yoxlayır.
16. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin mövcud hallarının yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir.
17. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, “....iddiaçının ardıcıl şəkildə məhkəmə iclaslarında iştirakdan yayınması, faktiki olaraq işə onun iştirakı olmadan baxılmasını mümkünsüz etmişdir.”
18. Kollegiya məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır və aşağıdakıları qeyd edir.
19. İş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə qeyd edilmişdir: “Möhtərəm hakim, xx.xx.2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında ölkə xaricində olacağım üçün üzrlü səbəbdən iştirak edə bilməyəcəm. Məhkəmə iclası mənim iştirakım olmadan keçirilərsə buna mənim etirazım yoxdur. Növbəti proseslərdə şəxsən özüm iştirak edəcəm. Qeyd edilənləri nəzərə almağınızı sizdən xahiş edirəm.”
20. Ərizənin məzmunundan göründüyü kimi iddiaçı məhkəmə iclasında iştirakı ilə bağlı iki mövqe bildirmişdir. Əvvəla, iddiaçı məhkəmə iclasında iştirak edə bilmədiyi təqdirdə məhkəmənin işə mahiyyəti üzrə baxmasına etirazı olmadığını bildirmişdir. Hansı ki həmin ərizəyə əlavə edilən aviabiletin surətindən də görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ölkə xaricində olduğu üçün məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir.
21. Digər tərəfdən iddiaçının ərizədə qeyd etdiyi ikinci mövqedən aydın olur ki, əgər işə mahiyyəti üzrə baxılması onun iştirakı olmadan mümkün olmazsa, növbəti iclaslarda iştirak edəcəyini bildirmişdir.
22. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hallara hüquqi qiymət verilməmiş, bununla da iddiaçının qanunla qorunan maraqları nəzərə alınmamışdır.
23. Halbuki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 may 2025-ci il tarixli Qərardadında qeyd edilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.”
24. Beləliklə, maraqların qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun obyektini təşkil edir.
25. Bu baxımdan qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunu və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir.
26. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı).
27. Onu da qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqandan sözügedən qərarların qəbuluna əsas olmuş dəlilləri, inzibati icraat materiallarını məhkəməyə təqdim etməsini tələb etmiş, lakin buna nail ola bilməmişdir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
30. Qeyd olunan qanunvericlik normalarının tələblərindən görünür ki, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri həcmdə araşdırılma aparılmadan, işin hallarına düzgün hüquqi qiymət verilmədən yekun nəticəyə gəlinmişdir.
33. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması ücün birinci instansiya məhkəməsinə qaytarılmalıdır,
38. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qərara aldı:
Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması ücün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.