Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2991/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “invoys dəyəri əsasında gömrük rəsmiləşdirilməsi tələbi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-6009/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “invoys dəyəri əsasında gömrük rəsmiləşdirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi əsasında 900 ABŞ dolları olmaqla 200 ton düyü iddiaçıya verilməsi öhdəliyi götürülmüşdür. Müqavilə icra edilmiş 200 ton düyü 900 ABŞ dolları qiyməti ilə iddiaçıya satılmışdır. Malların əksər hissəsi ölkəyə idxal edilmiş və təhvil alınmışdır. Lakin, 25000 kq hissə gömrük nəzarətindən keçməmişdən əvvəl Hindistan höküməti düyünün 1200 ABŞ dollarından aşağı qiymətə ölkədən ixrac edilməsinə qadağa qoymuşdur. Bu səbəbdən də gömrük rüsumlarında fərq yaranmış, əlavə olaraq 4936,80 manat məbləğdə borc hesablanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, 25 kq-lıq malların gömrük rəsmiləşdirilməsi zamanı invoys sənədində və digər sənədlərdə göstərilən məlumatların eyniləşdirilməsi aparılmış, ixrac bəyannaməsi ilə invoys dəyəri arasında fərq yaranmış, bəyan edilmiş gömrük dəyəri üzrə Hindistan Respublikasının rəsmi istinad internet resurs səhifəsindən araşdırma aparılan zaman iddiaçıya bildiriş göndərilməli olması müəyyən edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək invoys dəyəri əsas götürülməklə 25 ton mal üzrə gömrük rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-6009/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, X9 Suppliers şirkəti ilə bağlanılmış 26 avqust 2022-ci il tarixli müqavilə əsasında İddiaçı MMC tərəfindən idxal edilmiş 25 kq məhsula (“Shahenshah” nişanlı uzun düyü) münasibətdə malların sövdələşmə qiyməti üsulu ilə (invoys dəyəri) gömrük dəyərinin hesablanaraq gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-6009/2024 saylı qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında müxtəlif qanunvericilik normaları sadalanmış, hətta Ali Məhkəmənin iki qərarına istinad olunmuş lakin, həmin qeyd edilən normalar və Ali Məhkəmənin qərarları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. GATT-nin Vİİ maddəsinin “Gömrük məqsədləri üçün malların qiymətləndirilməsi”nin tətbiqi haqqında Sazişdə gömrük dəyərinin idxal ölkələrinə ixrac məqsədi ilə satılarkən malların qiymətində əlavə ödənişləri nəzərə almaqla, faktiki ödənilmiş və ya ödənilməli olan qiymət kimi müəyyən edilir. Gömrük bəyannaməsinin 20-ci qrafası “Çatdırılma şərtlər"i qrafasının üçüncü yarımbölməsində 110 kodu qeyd olunmuşdur, bu da qarşılıqlı hesablaşmanın tətbiqində malın ödənişinin bir hissəsinin əvvəlcədən ödənilməsi qalan hissəsinin sonradan ödənilməsi deməkdir. Gömrük orqanı ixrac bəyannaməsində qeyd olunan invoys dəyərinə əsasən bəyanaməçinin mallara görə gələcəkdə ixrac bəyannaməsində qeyd olunan dəyərə uyğun ödəniş edəcəyini, yəni ödənilməli olan qiymət kimi müəyyənləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı **********4058 sorğu nömrəli gömrük bəyannaməsi ilə birgə təqdim edilmiş invoys sənədində və həmçinin digər sənədlərdə göstərilən məlumatların eyniləşdirilməsi aparılmış və uyğunsuzluq aşkar edilmişdir. İxrac gömrük bəyannaməsində qeyd olunan sövdələşmə (invoys) dəyəri ilə iddiaçının gömrük orqanına təqdim etdiyi sövdələşmə (invoys) dəyərinin eyni olmadığı müəyyən olunmuşdur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Lakin məhkəmə qanunun bu maddəsini də səhv təfsir edərək sövdələşmə qiymətini əsas götürmüş və inzibati orqan tərəfindən sübuta ehtiyacı olmayan faktın sübut edilməli olduğunu qeyd etmişdir. Həmçinin, Ali Məhkəmənin müvafiq qərarlarına istinad iddia predmeti və işin hallarının fərqli olması səbəbindən düzgün edilməmişdir. Eyni zamanda, məhkəmə qərarının nəticə hissəsində “idxal edilmiş 25 kq məhsula (Shahenshah nişanlı uzun düyü) münasibətdə malların sövdələşmə qiyməti üsulu (invoys dəyəri) gömrük dəyərinin hesablanaraq gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyi” kimi qeyri-müəyyən bir ifadədədən istifadə edilmişdir. Həmçinin, məhkəmə qərarı “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa da ziddir. Həmin qanuna əsasən dempinqli idxal - malın normal dəyərindən aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) idxal edilməsidir. Beləliklə, Hindistandan ixrac edilən düyünün bəyan edildiyi ixrac bəyannamələrindən də müəyyən olunur ki, malın normal dəyəri 1200 ABŞ dolları təşkil edir. Eyni zamanda, bu da bir faktdır ki, Hindistandan ölkə ərazisinə faktiki olaraq qiyməti 1200 ABŞ dolları müəyyən olunmaqla idxal olunmuş düyünün məhkəmə qərarı ilə qiymətinin 900 ABŞ dollarına endirilməsi və dempinqli idxala dəstək olunması yerli istehsal sahələrinə mühüm maddi zərər vurulması deməkdir. Məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2- 1(112)-6009/2024 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)- 6009/2024 saylı qərarı ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “invoys dəyəri əsasında gömrük rəsmiləşdirilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İş materiallarında olan: -Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı MMC tərəfindən 25 kq kq düyü 900 ABŞ dolları (MT (metrik ton) əsas götürülməklə 22500 ABŞ dolları ödənilməklə X9 Suppliers şirkətindən alınmışdır. -İnvoysdan görünür ki, 25 kq malın qiyməti 900 ABŞ dolları əsas götürülməklə hesablanmışdır. -X9 Suppliers tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, 25 avqust 2023-23 oktyabr 2023-cü il tarixlərdə Hindistan höküməti 1200 ABŞ dollarından aşağı qiymət əsas götürülməklə düyü satışına qadağa müəyyən etmiş, müqavilə əsasında 2000 ton düyünün ilkin ödənişi iddiaçıdan 900 ABŞ dolları əsas götürülməklə avans qaydasında alınmış, lakin Hökümətin müəyyən etdiyi qaydaya əsasən deklarasiya zamanı qiyməti 1206,76 ABŞ dolları məbləğində göstərilməsi zərurəti mövcud olmuşdur. -Gömrük bəyannaməsində qeyd edilmişdir ki, malın invoys dəyəri 22500 ABŞ dolları, statistik dəyər isə 24000 ABŞ dolları kimi müəyyən edilmişdir. -Gömrük dəyərinə düzəlişlər edilməsinə dair bildirişdən görünür ki, malın gömrük dəyərində uyğunsuzluq aşkar edildiyi qeyd edilərək uyğunsuzluğun aradan qaldırılması iddiaçıya təklif edilmişdir. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisənin mahiyyəti gömrük rəsmiləşdirilməsinin invoys dəyəri ilə hesablanmalı olub-olmaması ilə bağlıdır. İddiaçı hesab edir ki, alınmış malların alış dəyəri, yəni invoys dəyəri əsas götürülməklə gömrük rəsmiləşdirilməsi aparılmalıdır. Cavabdeh isə həmin dəlillə razılaşmayaraq hesab edir ki, hesablama invoys dəyəri ilə hesablanmamalıdır. Belə ki, Hindistan höküməti tərəfindən ölkədən düyü məhsulunun 1200 ABŞ dolları əsas götürülməklə hesablanmalı olan məbləğdən aşağı qiymətə satışına qadağa qoymuşdur. İnvoys dəyəri isə həmin məbləğdən az 900 ABŞ dolları əsas götürülməklə hesablamanın aparılması ilə bağlıdır. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan düyü məhsulu müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək Azərbaycan Respublikasına idxal edilmiş və hətta realizə də edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının son nəticədə çatmaq istədiyi məqsədi gömrük rüsumlarında yaranmış fərqə görə əlavə olaraq hesablanmış 4936,80 manat məbləğdə borcun silinməsindən (həmin borcun ondan tutulmamasından) ibarətdir. Halbuki, iddiaçı müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilərək idxal edilib, daxili bazara çıxarılan və realizə olunan düyü məhsulunun yenidən gömrük rəsmiləşdirilməsindən keçirilməsini tələb edir ki, bu tələbin də təmin edildiyi halda belə icrası mümkün deyildir. Bu baxımdan iddiaçının hüquqi marağı 4936,80 manat məbləğdə borcun silinməsindən (və ya həmin borcun ondan tutulmasının qadağan edilməsindən) ibarətdir. Lakin, iddiaçı ilk öncə İddiaçı MMC ilk öncə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həmin borcun silinməsinə dair ərizə ilə müraciət etməlidir. Belə ki, həmin iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir ki, həmin iddiaların da xüsusi mümkünlük şərti ondan ibarətdir ki, iddiaçı müvafiq ərizə ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqana ünvanlanmış belə bir ərizə olmadığından məhkəmə kollegiyası iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilməsinə lüzum görməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-6009/2024 saylı qərarı ləğv edilməli, İddiaçı MMC-nin iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-6009/2024 saylı qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “invoys dəyəri əsasında gömrük rəsmiləşdirilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2991/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2991/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver