Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2992/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Allahverdi oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5945/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Allahverdi oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının 1645 saylı, 06 avqust 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığına gedən yolun sol tərəfindən yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya ayrılmışdir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli **********00 №-li məktubla torpaq sahəsinin ümumi hasar daxilində və elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. İmtinanın əsası olaraq göstərilən torpaq sahəsinin (280 kv.m) bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, yerləşmə cizgisinin göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur. Həmçinin baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Cavabdeh iddia ərizəsinə etirzında iddianı qəbul etməmiş, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1645 saylı, 06 avqust 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Allahverdi oğlunun istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, elektron kadastr baza məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin 280 kv. metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, yerləşmə cizgisinin göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur. Həmçinin idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəflərindən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi iddiaçıya Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 1645 saylı 06 avqust 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının işə əlavə oolunmuş xx.xx.2020-ci il tarixli məktubuna və ona əlavə edilmiş arxiv arayışına əsasən müəyyən olunur ki, həmin sərəncam arxivdə də mövcuddur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, aşağıdakılar əsas tutularaq qeyd olunan torpaq sahəsinin onun adına qeydiyyata alınmasından imtina edilir: 1.Elektron kadastr baza məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin 280 kv. metr hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. 2.Təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur.
3. Göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri iddiaçıya mübahisəli torpaq sahəsinin onun adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, cavabdehin özünün də istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Eyni zamanda Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydaları»nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin «Qaydalar»ın 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Birincisi, mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi, sözügedən «Qaydalar» qəbul edilənə qədər 1999-cu ildə ona ayrılmışdır. İkincisi, bu günə əldə olunmuş məlumata, o cümlədən, "xxxx" ASC-nin işə əlavə olunmuş 13-13/2-2/06-4- N-359/3-5/2023 №-li xx.xx.2023-cü il tarixli arayışında bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmasına "xxxx" ASC etiraz etmir. İkincisi, yerləşmə cizgisində qeyd edilən torpaq sahəsi ilə göstərilən torpaq sahəsinin yerləşməsində uyğunsuzluğa gəldikdə, işə birinci instansiya məhkəməsində baxılarkən "xxxx" MMC-dən alınmış 62 nömrəli, 17 aprel 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: «Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının 1645 saylı, 06 avqust 1999cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Allahverdi oğlunun istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəsəbə qəbristanlığına gedən yolun sol tərəfində yerləşən sahəsi 800 kv. metr olan torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, ərazi boşdur, bundan əlavə təqdim edilən yerləşmə cizgisində qeyd edilən torpaq sahəsinin koordinatları olmadığından göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin yerləşmə cizgisinə əsasən torpaq sahəsi 0,08 ha-dan ibarət, mülkiyyət növü – dövlət. Kateqoriyası – yaşayış məntəqələrinin torpaqları. Torpaq sahəsinin koordinatları: X: 414659.316, 414663.044, 414643.131, 414639.403; Y: 4473991.220, 4473951.394, 4473949.531 və 4473989.357.» Həmin rəyə əlavə olunmuş, «Torpaq sahəsinin yerləşmə cizgisi»ndən isə görünür ki, torpağın sahə ölçüləri 20mx40m olmaqla, naturada iddiaçıının istifadəsinə ayrılan 800 kv m(0,08h) torhaq sahəsi ilə eynilik təşkil edir və cizgidə həmin sahənin ətrafında yaşayış məntəqəsinin digər evləri və torpaq sahələri təsbit olunmuşdur. Digər uyğunsuzluqlara əlaqədar isə məhkəmə kollegiyası onu qeydedir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək həmin qürumun vəzifəsidir. Cavabdehin apellyasiya şikayətinin üçüncü bir «bağ sahəsinin ümumi hasar daxilində yerləşəməsinə dair» dəlilinin isə formal xarakter daşıdığı aydın görünür. Çünki bu günə qədər iddiaçıya qarşı həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin hər hansı bir tələbi və ya mübahisəsi mövcud olmamış, eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı əsaslandırıcı sübutlar məhkəməyə təqdim olunmamışdır. Tədqiq olunan mütəxəssis rəyindən isə göründüyü kimi, ümumi hasar daxilində yerləşdiyi qeyd olunan həmin torpaq sahəsinin artıq yeri (20mx40m) və koordinatları müəyyən olunduğu halda, cavabdehin sözügedən dəlilləri öz əhmiyyətini də itirir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu sübuta yetirilir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, yerli icra hakimiyyəti orqanını torpaqayırma qərarı (sərəncamı) və torpaq sahəsinin yerləşmə cizgisinin mövcudluğu həmin torpağın iddiaçının adına qeydiyyat aparılmasını zəruri edir. Belə olan halda, cavabdehin hazırkı anda apellyasiya şikayətini müdafiə edərək mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsi əsassızdır və onun qanunla qorunan hüquqlarını pozur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmış, işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olaraq iddianın təmin olunması barədə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qərarın birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5945/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.