Məhkəmə qərarları › İş №2-1(103)-2993/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2993/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2993/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinə qarşı 47300 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğini də faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47300 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğini də faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə yaranmışdır. Yaranmış artıq ödəmənin 47300 manat geri qaytarılması zərurəti yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq, şəxsi hesab vərəqəsində mövcud olan xx.xx.2021-ci il tarixində yaranmış artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmiş, lakin, cavabdeh orqan xx.xx.2021 -ci il tarixli cavab məktubu ilə artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyalarının geri qaytarılması üçün əlavə edilmiş kağız formada ərizə ilə müraciət edilməsi göstərilərək, artıq ödəmənin geri qaytarılmasından imtina edilmişdir. İddiaçı bildirir ki, artıqödəmənin geri qaytarılması Ərizəsi AVİS altsistemində, ƏRİZƏ-artıq ödəmənin geri qaytarılması barədə ƏRİZƏ bəndləri online olaraq doldurulur və vergi orqanının elektron ƏRİZƏ formasında müraciət edilir. Göstərilən ərizə forması doldurulmuş və vergi orqanına təqdim edilmişdir. Göstərilənlər vergi ödəyicisinin əsassız süründürməçiliyi kimi qiymətləndirilməlidir. Çünki, Vergi orqanı ilə bağlanılmış elektron xidmət müqaviləsinə əsasən bütün əməliyyatlar və yazışmalar elektron olaraq həyata keçirilir. AVİS (X1 Sistemi) alt sisteminin müvafiq imkanları üzrə ərizə göndərilməsi təmin edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə artıq ödəmə ilə bağlı vergi orqanına müraciət ünvanlanmış, lakin müraciət Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulan qaydada tərtib olunmamışdır. Vergi orqanı tərəfindən müraciətin cavablandırılması barədə xx.xx.2021-ci il tarixli **********333900 nömrəli məktubla vergi ödəyicisinə Qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət etmədiyi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” nda nəzərdə tutulan ərizə forması təqdim etdikdən sonra qaytarılması məsələsinə baxılmasının mümkünlüyü bildirilmişdir. Eyni zamanda cavab məktubunun qoşmasında Qaydalarda nəzərdə tutulmuş Ərizə forması da vergi ödəyicisinə göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən vergi orqanına tələb olunan formada tərtib edilmiş müraciət daxil olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçı qanunvericliklə nəzərdə tutulmuş qaydada vergi orqanına müraciət etmədən məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, işin faktiki hallarından da müəyyən olunduğu kimi iddiaçının artıq ödəmənin qaytarılması barədə rəy verilməsi məqsədilə ünvanlanan müraciətinə vergi orqanı tərəfindən imtina verilməmiş, lazımi qaydada müraciət etməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı (hakim: F.Mədətli) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə artıq ödəmə ilə bağlı vergi orqanına elektron formada müraciət ünvanlanmış, lakin müraciət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydaları 1 nömrəli əlavəsində nəzərdə tutulan qaydada tərtib olunmamışdır. Vergi orqanı tərəfindən müraciətin cavablandırılması barədə xx.xx.2021-ci il tarixli **********333900 nömrəli məktubla vergi ödəyicisinə Qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət etmədiyi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” nda nəzərdə tutulan ərizə forması təqdim etdikdən sonra qaytarılması məsələsinə baxılmasının mümkünlüyü bildirilmişdir. Eyni zamanda cavab məktubunun qoşmasında Qaydalarda nəzərdə tutulmuş Ərizə forması da vergi ödəyicisinə göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən vergi orqanına tələb olunan formada tərtib edilmiş müraciət daxil olmamışdır. Məhkəmə qərarında cavabdehin vəzifəsindən imtina etməsinə görə, cavabdehin artıq məbləğin ödənilməsi vəzifəsini qoymaqla yanaşı, gecikdirilmiş hər gün üçün 0.1 faiz məbləğində faiz tətbiq edilməsi qənaətinə gəlmişdir. Bildiririk ki, Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz eədərk, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir, iddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. İddiaçı artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı rəy verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu vergi ödəyicisi tərəfindən AR Nazirlər Kabinetinin 23 fevral 2001ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə nəzərdə tutulan ərizə ilə forması ilə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh həmin məktubun imtina kimi qiymətləndirilməli olmadığına dair mülahizələr irəli sürür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, "İnzibati icraat haqqında” Qanununun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmçinin, iş materiallarına əlavə edilmiş iddaçı İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsindən görünür ki, iddiaçı tərəfindən elektron qaydada ərizə ilə vergi orqanına müraciət edilmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. - 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. - 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. - 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, “artıq ödənilmiş vergilər geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, iddiaçı tərəfindən şəxsi hesab vərəqəsinə əsasən büdcəyə xx.xx.2021-ci il tarixə 47.331,43 manat məbləğində artıq ödəmə qeyd edilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixə kimi artıq ödənilmiş 47300 manat məbləğin ona geri qaytarılması barədə müvafiq maliyyə qurumuna rəyin verilməsini xahiş edir. İddiaçının 47.300 manat məbləğində vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələr olduğu halda, həmin məbləğlərin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. Cavabdeh tərəfindən artıq ödənilmiş vergi məbləğinin həcmi və müddəti mübahisələndirilməmişdir. Lakin cavabdeh imtinasını və apellyasiya şikayətinin dəlilini onunla əsaslandırır ki, iddiaçı qaydalarda nərəzdə tutulmuş ərizə formasında inzibati orqana müraciət etməli idi. Məhkəmə kollegiyası cavabdehin imtinasını formal xarakterli olmaqla əsassız hesab edir. İşin hallarından göründüyü kimi, iddiaçı Avis altsistemində, mövcud olan artıq ödəmənin geri qaytarılması barədə Ərizə formasından istifadə edərək inzibati orqana müraciət etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə 0,1 faiz məbləğində vergi orqanına faiz tətbiq edir. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmamışdırsa, həmin məbləğlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec qaytarılması vergi hüquq pozuntusu sayılır. Bu əməlin təhlükəliyi bundan ibarətdir ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntunun subyekti məbləğlərin geri qaytarılması üçün məsuliyyət daşıyan vergi və maliyyə orqanları, obyekti isə məsuliyyət və vergi hüququ ilə bağlı ictimai münasibətlərdir. Bu əmələ görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Göründüyü kimi, inzibati orqan tərəfindən formal olaraq rəyin verilməsindən imtina edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, məhz vergi orqanının hüquq pozuntusu sözügedən gecikməyə səbəb olur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlardakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparılmışdır (05 avqust 2020-ci il tarixli 2-1(102)- 1668/2020 nömrəli qərarı). Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar