Məhkəmə qərarları › İş №2-1(103)-2993/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2993/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2993/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2-1(112)-5037/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, polis əməkdaşı kimi 2018-ci ilin noyabr ayından əmək pensiyası təyin edilmişdir. O, 07 sentyabr 2023-cü il tarixli məktubla pensiya hüququna yenidən baxılmasına əsas olan faktiki hallarla nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün Filiala dəvət edilmiş, məktubda göstərilən hüquqi aktlardakı əsasın izah edilməsi tələb edilsə də, onun mülahizəsi nəzərə alınmamış, əmək pensiyasının yenidən hesablanması izah edilə bilməmişdir. Almış olduğu pensiya məbləği 8 dəfədən çox azaldılmışdır. O, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində böyük müstəntiq vəzifəsində çalışmaqdadır. Buna baxmayaraq onun pensiyasının 8 dəfədən çox azalması qanunsuzdur.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, 22 yanvar 2020-ci il tarixindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmətə cəlb edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1- maddəsində nəzərdə tutulmuş şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. İddiaçının da 25 sentyabr 2023-cü il tarixindən əmək pensiyası yenidən hesablanmış, yalnız sığorta hissəsi ödənilmiş, qulluq stajına görə əlavə hissənin ödənilməməsi qərara alınmışdır. Keçmiş müddət üçün ona ümumilikdə 87389,08 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. İddiaçı mülahizələrinin dinləniməsi üçün dəvət edilmiş, bundan sonra əmək pensiyası yenidən hesablanmışdır.

4. İddiaçı iddia tələbinə 11 mart 2023-cü il tarixli çap formasında dəqiqləşmə təqdim etmişdir.

5. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbinin yenidən dəqiqləşdirilməsi təklif edilmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə 11 mart 2023-cü il tarixli məhkəmə iclası gedişində əlyazma formasında həmin tarixli növbəti dəqiqləşmə verərək dəqiqləşmə verərək 25 sentyabr 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əmək pensiyasının indeksləşdirilməsi (Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2024-cü il tarixli 4291 nömrəli “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında Sərəncama əsasən) nəzərə alınmaqla əmək pensiyasının hesablanması, artıq ödəmə ilə tələb edilən 87389,08 manat pul vəsaitinin tutulmasının qadağan edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılması və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-5037/2024 saylı qərarı ilə iddia qismən təmin edilmiş, artıq ödəmə ilə tələb edilən 87389,08 manat pul vəsaitinin İddiaçı tutulmasının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi, artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılmasının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qərara alınmışdır.

8. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və 11 mart 2024-cü il tarixində yenidən dəqiqləşdirilmə aparılmış və yazılı qaydada məhkəməyə təqdim edilmiş iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsi məhz hərbi xidmətdən tərxis olunmuş və yenidən hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçulara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatları təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xidmət etmiş (və ya edən) şəxslər – xüsusi rütbəli şəxslər siyahısına aid edilmişlər.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya 28 noyabr 2018-ci il tarixdən Daxili İşlər Nazirliyinin məlumat vərəqəsi əsasında pensiya hesablanmışdır.

13. Cavabdehin 07 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 28 noyabr 2018-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə dair sənədlərin araşdırılması zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsində işə başlaması və hazırda çalışması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Lakin, iddiaçıya hal-hazırda əmək pensiyası tam məbləğdə ödənilir.

14. Əmək pensiyasının yenidən hesablanması barədə 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 2737,12 manat məbləğində olan pensiya 01 yanvar 2023-cü il tarixdən 369,84 manat olaraq müəyyən edilmişdir. Bu zaman qulluq stajına görə əlavə nəzərə alınmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 1,1.0.3, 1.0.4, 3.3, 9.5, 9.5.1, 9.5.2, 9.5.3, 9.5.4, 9.7, 9.7-1, 9.7-2, 20.1, 20.1.1, 20.1.2, 20.1.3, 20.1.3-1, 20.1.4, 20.1.4-1, 20.1.5, 20.1.5-1, 20.1.5-2, 20.1.6, 20.1.6-1, 20.1.7, 20.1.8, 20.1.9, 20.1.10-20.1.21 maddələrini nəzərə alınaraq qeyd edir ki, müəyyən qrup dövlət orqanlarında xüsusi rütbəli dövlət qulluqçularının spesifik hesablama qaydası müəyyən edilmişdir. Belə ki, hərbi qulluqçu kateqoriyasına malik şəxslərdən fərqli olaraq dövlət qulluğunun xüsusi növündə prokurorluq, miqrasiya, ədliyyə kimi orqanlarında pensiya təminatı fərqli qaydada tənzimlənmişdir. Lakin, hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya təminatlarından tam qaydada yararlanmayan adıçəkilən xüsusi növ dövlət orqanlarından fərqli olaraq dövlət dövlət qulluğunun xüsusi növü üzrə bir sıra dövlət orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər üçün pensiya təminatı məhz hərbi qulluqçularla bərabərləşdirilmişdir. Qeyd olunan səbəbdindir ki, polis, gömrük, vergi orqanları kimi dövlət qurumlarda xidmət edən xüsusi rütbəli şəxslər üçün pensiya təyinatı qaydası prokurorluq, miqrasiya, ədliyyə sistemi üzrə xüsusi rütbəli şəxslər üçün pensiya təyinatı qaydasından fərqləndirilmişdir. Belə ki, polis, gömrük və vergi orqanları əməkdaşlarına da Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş hərbi qulluqçu kimi pensiya təyinatı aparılmışdır.

21. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya polis orqanı əməkdaşı kimi yuxarıda adıçəkilən Qanunun 3.3-cü maddəsinə əsasən Bu qanunun 1.0.3-cü ( hərbi qulluqçular maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü (xüsusi rütbəli şəxslər) maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilməklə hərbi qulluqçu kimi pensiya təyinatı aparılmışdır. İddiaçının sonrakı iş yerindən görünür ki, o, polis orqanı kimi, hərbi qulluqçuya dair pensiya təminatı ilə bağlı müddəaların şamil edilməsi nəzərdə tutulan digər iş yeri üzrə, yəni vergi orqanında xüsusi rütbəli əməkdaş kimi xidmətə başlamışdır ki, məhkəmə hesab edir ki, pensiya təminatı məqsədləri baxımından bərabər pensiya təminatına aid vəzifəyə təyin edilməklə qulluq stajına əlavənin ödənilməsindən imtina üçün əsas yaranmışdır.

22. Belə ki, adıçəkilən Qanunun 37.3.4-cü maddəsinin konkret tələbindən göründüyü kimi 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 20.1.11-ci maddə isə bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçuları nəzərdə tutur.

23. Birinci instansiya məhkəməsi hesab edir ki, adıçəkilən müddəaların, o cümlədən Qanunun 3.3-cü maddəsinin tələbləri baxımından, necə ki, polis və vergi orqanında xüsusi rütbəli əməkdaş 1.0.4-cü kateqoriyalı əməkdaş olmasına baxmayaraq onun əmək pensiya təminatı 1.0.3- cü maddədə nəzərdə tutulmuş şəxs olan hərbi qulluqçularla bərabərdir, hər hansı hərbi qulluqçunun pensiya təyinatından sonra yenidən hərbi qulluğa qayıtması zamanı qulluq stajına görə əlavənin almasından məhrum edilməsinə dair qayda, həmin statusla eyni pensiya təminatına malik olan polis və vergi orqanı əməkdaşına da şamil edilməlidir. Əks halda hərbi qulluqçuya aid pensiya təminatına malik olmalı olan xüsusi rütbəli xüsusi kateqoriya əməkdaş üçün hərbi qulluqçudan da üstün pensiya təminatının mövcudluğu halı olacaqdır ki, məhkəmə hesab edir ki, göstərilən formada təminat əmək pensiya qanunvericiliyin tələblərinə uyğun olmamaqla qeyri-bərabər rəftar xarakteri daşıyar.

24. Qeyd olunan səbəbdən də hesab edilir ki, iddia əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi, əvvəlki qaydada qulluq stajına görə əlavənin indeksləşmə də nəzərə alınmaqla əmək pensiyasında nəzərə alınması hissəsində əsassızdır və rədd edilməlidir.

25. Birinci instasiya məhkəməsi hesab edir ki, prosessual əsaslarla da əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğvi əsası mövcud deyildir. Belə ki, iddiaçının almalı olduğu pensiyadan dəfələrlə çox səhv aparılmış təyinatın yoxlanılmasına dair cavabdeh inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş öz təşəbbüsü icraatın aparılması səlahiyyətindən istifadə etmiş, iddiaçının dinlənilmə hüququnu da təmin etməklə əmək pensiyasını yenidən hesablanması barədə qərara gəlmiş və icraatın nəticəsində qanuni və əsaslı olaraq dəfələrlə artıq pensiya ödənişinin aparıldığını müəyyən etmişdir. Göstərilən hallar həmin qərarın qəbulunu qanuni və əsaslı edir.

26. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

27. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

28. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin, məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması qanuni və əsaslı olsa da, həmin hal artıq ödənilmiş məbləğin tutulmasına yönələn cavabdehin hərəkətlərin qanuni və əsaslı anlamına gəlməməkdədir.

29. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

30. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir.

31. Qeyd olunan hal isə pensiya orqanına artıq ödənildiyi ehtimal edilən məbləğin məhkəmə qaydasında geri tələb edilməsinə dair iddia qaldırılmasına əsas verir. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir və tələb bir hissədə pul məbləğinin tutulmasının qadağan edilməsi və məbləğin geri qaytarılması ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin göstərilən qadağan etmənin tətbiq edilməsinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan aranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

33. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır.

34. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz.

36. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.

37. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir.

38. Qeyd olunanları nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir.

39. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.

40. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

41. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

42. Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.

40. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2-1(112)-5037/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar