Məhkəmə qərarları › İş №2-1(103)-2993/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2993/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2993/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 65 yaşdan, yəni 08 sentyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 6299/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 2-1(112)-6299/2025 saylı qərardadı ilə iddia tələbi “iddiaçıya 65 yaşdan əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Ümumi iş stajı 25 ildən çox olmasına baxmayaraq, cavabdeh əmək haqqı cədvəllərinin olmadığına əsaslanmaqla onun müraciətinin təmin edilməsindən imtina edir. Halbuki, onun işləməsi müvafiq olaraq əmək kitabçasında öz əksini tapır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, təqdim olunan sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək adına əmək haqqı hesablanan aylar (15 ay) da nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 6 ay 11 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən "xxxx" ASCnin əmr kitablarının və əmək haqqına dair arxiv sənədlərinin olmaması səbəbindən xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)-6299/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni 08 sentyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)-6299/2025 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3- 21-3/2-1122/2025 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2000-ci il tarixli, 335 saylı sərəncamı ilə Xalq üçün mallar Dövlət Konserninin Sumqayıt Üst Trikotaj fabrikinin bazasında yaradılmış "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2006-ci il tarixdə yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 07.0.2025-ci il tarixli, 3-48- DA10F/2-12/2025 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, sorğu edilmiş müəssisənin ("xxxx" ASC (Sumqayıt Üstgeyim Trikotaj fabriki) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 113/18 saylı və xx.xx.2024-cü il tarixli, 02/24 saylı 2 arayış mövcuddur. İlk öncə 18 dekabr 2018-ci il tarixli arayışa nəzər yetirdikdə səhmdar cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış məktubda "xxxx" ASC məlumat üçün bildirmişdir ki, keçmiş “Sumqayıt Üst-Trikotaj” fabrikinə aid olan mühasibat və kadrlar üzrə olan bütün sənədlərin heç biri yeni yaradılmış "xxxx"ASC-nə təhvil verilməmiş, göstərilən səbəbdən 2008-ci ilə qədər keçmiş “Sumqayıt Üst-Trikotaj” fabrikində işləmiş işçilərin heç birinə əmək haqqına və iş stajına aid təsdiqedici sənəd vermək mümkün olmamışdır. Qeyd edilən arayış "xxxx" MMC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiqlənərək möhürlənmişdir. Qeyd edilən arayış səhmdar cəmiyyətin rəsmi blankında və bütün rekvizitlər yazılmışdır. Lakin, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışa nəzər yetirdikdə İddiaçı xx.xx.1979-cu il tarixli, 583 saylı əmr əsasında Sumqayıt Üst Trikotaj Fabrikinə elektrik çilingəri vəzifəsinə qəbul olunmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən, xx.xx.1987-ci il tarixdən həmin vəzifədən azad olunmuşdur. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün verilməsi qeyd edilmişdir. Həmçinin qeyd edilən arayış yenidən həmin müəssisənin İdarə Heyətinin sədri tərəfindən imzalanaraq möhürlənmişdir. Qeyd edilən arayış səhmdar cəmiyyətin rəsmi blankında deyil, xx.xx.2024-cü il tarixli arayış olmasına baxmayaraq həmin tarix üçün 02 qeydi ilə rəsmiləşdirilmiş və məktubda heç bir rekvizit olmamışdır. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir, eyni zamanda adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlə Komitəsinin xx.xx.2000-ci il tarixli, 335 saylı sərəncamı ilə Xalq üçün mallar Dövlət Konserninin Sumqayıt Üst Trikotaj fabrikinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi prosesi 2006-ci il tarixdə yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdin edilmiş 2018-ci il tarixli və 2024-cü il tarixli 2 arayış mövcuddur. İlk öncə 2018-ci il tarixli arayışa nəzər yetirdikdə məlumat üçün bildirilmişdir ki, keçmiş “Sumqayıt Üst-Trikotaj” fabrikinə aid olan mühasibat və kadrlar üzrə olan bütün sənədlərin heç biri yeni yaradılmış "xxxx"Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməmişdir. Həmçinin iş materiallarında olan 2024-cü il tarixli arayışa nəzər yetirdikdə İddiaçı hansı vəzifələrdə işləməsi qeyd olunsa da, həmin qeydlərin hansı sənədlər əsasında yazıldığı bəlli deyil. İddiaçı müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq hər hansı müsbət nəticə əldə etməyib. Sənədlərin arxivə verilməməsi onun təqsiri deyil. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyindən ona məxsus sənədlərin təqdim edilməsini xahiş etdi. Həmin müəssisə tərəfindən ona məxsus 2 sənəd aşkarlandı və bunun əsasında arayış verildi. Qarşı tərəf əmək haqqı cədvəllərinin olmadığına əsaslanmaqla onun müraciətinin təmin edilməsindən imtina edir. Halbuki, müvafiq müəssisədə işləməyi əmək kitabçasında öz əksini tapır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı 1979-1984-cü illərdə “Əmək iqtisadiyyatı” ixtisası üzrə təhsil almışdır. - Əmək kitabçalarından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək dülgər köməkçisi, dülgər, santexnik; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək daşıyıcı; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək qaz-elektrik qaynaqçısı; xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orduda xidmət etmiş; xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək qarderobçu; xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Sumqayıt Üstgeyim Trikotaj Fabrikasında elektrik-çilingər; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Xalq Təhsil Şöbəsinin X1 Şöbəsində mühasib, müvəqqəti rəhbər; xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı Maliyyə Şöbəsinin Ştat şöbəsinin təftişçi-müffətişi, maliyyəçisi, böyük təftiş-müffətişi, aparıcı inspektoru; xx.xx.1994-cü il tarixdən xx.xx.1997ci il tarixədək Baş Dövlət Vergi Müffətişliyində vergi müffətişi; xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Baş X2 Bakı şəhəri Nizami rayonu üzrə X2 Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət verginin müffətişi, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt şəhər üzrə Vergilər Şöbəsinin müffətişi. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1979 cu il tarixli, 583 saylı əmr əsasında Sumqayıt Yst Trikotaj Fabrikinə elektrik çilingəri vəzifəsinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən, xx.xx.1987 ci il tarixli, 68 saylı əsasında xx.xx.1987 ci il tarixdən həmin vəzifədən azad olunmuşdur. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-7-200693/2024 saylı imtina məktubundan görünür ki, “… Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1987-ci il tarixindən xx.xx.1988- ci il tarixinədək adınıza əməkhaqqı hesablanan aylar (15 ay) da nəzərə alınmaqla cəmi sığorta stajınız 18 il 6 ay 11 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən "xxxx" ASC-nin əmr kitablarının və əməkhaqqı dair arxiv sənədlərinin olmaması səbəbindən xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əməkhaqqı alıb- almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajınıza daxil edilməyib. Əlavə olaraq bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 5 dekabr 2000-ci il tarixli, 335 nömrəli sərəncamı ilə Xalq üçün mallar Dövlət Konserninin Sumqayıt Üst Trikotaj fabrikinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi prosesi 11 iyul 2006-cı il tarixində yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA-10F/2-12/2025 saylı sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına xx.xx.2025-ci ildə daxil olmuş Azərbayvan Respublikası MAİ-nin xx.xx.2025-ci il tarixli, 3-48-4/2-160/2025 saylı və Sizin xx.xx.2025-ci il tarixli, 2-1(112J-6299/2025 saylı sorğunuza cavab olaraq bildiririk ki, sorğu etdiyiniz müəssisənin ("xxxx" ASC (Sumqayıt Üstgeyim Trikotaj fabriki)) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir”. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2- 9/2-42195/2025 saylı sorğuya cavab məktubundan görünür ki, “…Bununla əlaqədar bildiririk ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi və faktiki ünvanı ünvan 3 X3r və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Bundan başqa bildiririk ki, 1979- 1987-ci illər üzrə məlumatların vergi məlumat bazasında olmadığı üçün məlumatın verilməsi mümkün olmamışdır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial onlara omək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2023-cü il tarixdən 31 iyun 2024-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Ümumi iş stajı ilə bağlı isə birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda ... əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri ... nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə müvafiq olaraq, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. Cavabdeh iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrü mübahisələndirir. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirilən iş stajı (1979- 1987-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Hazırkı mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Apellyasiya şikayətinin səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında iddiaçının adının aşkar olunmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının həmin dövrdə işləməyə əmək kitabçası ilə yanaşı həmçinin, hal-hazırda fəaliyyəti dayandırılmış "xxxx" ASC-nin arayışı ilə də təsdiq olunmuşdur. Eyni zamanda müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin 1979-1987-ci illər ərzində mövcud olması təsdiq olunur. Həmçinin, qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan əlavə apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, o, 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)- 6299/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)-6299/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar