Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2994/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “qərarın icrasının dayandırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9994/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 01.09.2021-ci il tarixində cavabdeh Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı icra vərəqəsi üzrə “İcraata başlamaq haqqında” Qərarının icrasının Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-5138/2020 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması və icra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı icra vərəqəsi üzrə “İcraata başlamaq haqqında” Qərarının icrasının dayandırılmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, o, mübahisə predmetini təşkil edən daşınmaz əmlakın satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qadağan edilməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, nə qədər ki, sözügedən iddia üzrə qəbul edilmiş yekun məhkəmə aktı icra olunmasa, mülki məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə hər hansı bir əlavə tədbirlərin görülməsi yol verilməzdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9994/2021 nömrəli qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9994/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində “qərardad” əvəzinə “qərar” göstərilməsini texniki xəta kimi qiymətləndirir. Məhkəmə Kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (etibarnamə "xxxx" QSC-nin İdarə Heyətinin sədrinin 1-ci müavini Evgenia Gashikulina tərəfindən imzalanmışdır) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, xahiş etdi. 23.12.2021-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizəyə əsasən iddiaçı məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəsinə üzrlü səbəbin olmasını təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 21.6-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İş materiallarından göründüyü kimi mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi icra edilməsi üçün cavabdeh orqana göndərilmiş və sonuncu tərəfindən həmin icra sənədi çərçivəsində icra hərəkətləri həyata keçirilmişdir. İcra sənədi üzrə borclu olan iddiaçının iddia ərizəsindən göründüyü kimi, o, hazırkı iddia ərizəsi ilə icraata başlamaq haqqında qərarın icrasının dayandırılması yönündə qərar qəbul edilməsini xahiş edir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırkı işin mübahisələndirilən halları mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2016 nömrəli qətnaməsi-birinci instansiya Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2015 saylı, 12.10.2015-ci il tarixli) əsasən verilmiş icra sənədi üzrə qəbul edilmiş icraata başlamaq haqqında qərarının icrasının dayandırılması ilə bağlıdır. Qeyd olunmalıdır ki, icraata başlamaq haqqında qərarın icrasının dayandırılması mahiyyət etibarı ilə icra sənədinin dayandırılmasına səbəb olur ki, icra sənədi üzrə icraatın dayandırılması yönündə müvafiq hərəkətlərin görülməsi “İcra haqqında” Qanunun müddəaları ilə nəzərdə tutulmuşdur. Adı cəkilən Qanunun 21.1-ci və 21.2-ci maddələrinin məzmunundan görünür ki, icra sənədi üzrə icraatın dayandırılması icra məmuru və ya müvafiq məhkəməyə əsaslandırılaraq verilmiş təqdimat əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, icraatın dayandırılması üçün Qanunun 17-ci maddəsində göstərilmiş məcburi hallar mövcud olduqda dayandırma ilə bağlı tədbir görülməsi icra məmurunun, digər hallarda isə əsaslandırılmış təqdimat əsasında məhkəmə tərəfindən həyata keçirilir. Hər iki halda icraatın dayandırılması ilə bağlı hər hansı bir hərəkətin görülməsi, icra məmurunun hərəkət və ya hərəkətsizliyinə qiymət verilməsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməlidir. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 09.12.2020-ci il tarixli Qərarı ilə bəzi zəruri məhkəmə prosesləri istisna olunmaqla bütün məhkəmə proseslərinin 14.12.2020-ci il saat 00:00 tarixindən 18.01.2020-ci il (mətnə uyğun) tarixə kimi karantin rejimi ilə əlaqədar təxirə salınması” ilə bağlı bildirir ki, iş materiallarından göründüyü kimi iddia ərizəsi 01.09.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş, yekun məhkəmə aktı 24.09.2021-ci il tarixdə çıxarılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən dəlili əsassızdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlili kimi qeyd edilmiş məhkəmə iclasına çağrılmaması və bu səbəbdən heç bir sübut, vəsatət təqdim edə bilməməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan sürətli poçt qəbzindən göründüyü kimi İddiaçı sonuncu məhkəmə iclası barədə məhkəmə bildirişini imzalayaraq qəbul etmişdir. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9994/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2994/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2994/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver