Məhkəmə qərarları › İş №2-1(103)-2995/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2995/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2995/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1580/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə ona təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırma müddətində ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra məhkəmə tərəfindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması üçün iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, iş üzrə əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında **********3 nömrəli, xx.xx.2021- ci il tarixli qərarının ləğv olunması və pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2015-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq məktubu ilə ona məlumat verilmişdir ki, xx.xx.2020-ci il tarixdən etibarən iddiaçıya xx.xx.2015-ci il tarixdə təyin edilmiş 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Həmin məktubla pensiyanın qanunsuz təyin edilməsi bildirilmiş və bu səbəbdən də pensiya aldığı dövrlər üçün ona ödənilmiş 12426,74 manat məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması xahiş edilmişdir. İddiaçıya 2015-ci ildə güzəştli şərtlərlə təyin olunan əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Pensiyanın dayandırılması isə açıqaşkar əsassızdır. 1994-2000-ci illər ərzində iddiaçının 3 övladı (qızı X1 - xx.xx.1994; qızı X3 xx.xx.1996; oğlu X2 - xx.xx.1998) dünyaya gəlmişdir və o, həmin dövrlərdə analıq məzuniyyətində olmaqla iş yerindən uşağa qulluğa görə müavinət də almışdır. Əmək kitabçasında da həmin dövrlərdə əmək müqaviləsinə xitam verilmədiyi əks olunmuşdur. Bu səbəbdən pensiya təyin olunarkən düzgün olaraq əmək kitabçasında qeyd olunan müddətlər nəzərə alınmalı idi. İddiaçı 3 övladını dünyaya gətirib onlara qulluq etdiyi dövrdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanun qüvvədə olmuşdur. Həmin qanunun 67ci maddəsinin “e" bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq şəxsin iş stajına daxil edilir. Bu normanın tələbləri də nəzərə alınarsa, 1994-2000-ci illər ümumi əmək stajına daxil edilməlidir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, aparılan araşdırma zamanı İddiaçı vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən cavabdehin sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2- ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu müddəti onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də cavabdehin ümumi iş stajı 20 ildən az (17 il 6 ay 20 gün) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixli 544 nömrəli Aktla təsdiq edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12426,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Cavabdeh göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1580/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Aparılan araşdırma zamanı cavabdehə vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərində xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən cavabdehin sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən ("Əmək pensiyaları haqqında' Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğu müddəti onun ümumi iş stajına daxil etmək mümkün deyıl. Buna görə də cavabdehin ümumi iş stajı 20 ildən az (17 il 6 ay 20 gün) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinın Bakı Filialı tərəfindən xx.xx.2020-ci il tarixlı 544 nömrəli Aktla təsdiq edilmişdır. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyın edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2015-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12426,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2015-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 409 nömrəli, xx.xx.2015-ci tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 544 nömrəli aktdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov, böyük mütəxəssisi Kamran Cümşüdlü və Milli Arxiv idarəsinin Bakı filialının aparıcı arxivçisi Məleykə Cabbarzadənin iştirakı ilə iddiaçının sığorta stajına daxil edilən ümumi stajı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən xüsusi iş stajı yerində əsaslı sənədlərlə qarşılıqlı şəkildə araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək qəlibləyici, xx.xx.1994-cü ildən baş mexanik şöbəsinə mühəndis keçirilməsinə dair qeyd aparılmış, xx.xx.2003-cü ildən işdən azad edilmişdir (DƏK-nin 27 dekabr 1997-ci il 909 saylı əmri ilə ATSC-yə çevrilmişdir.). Müəssisənin 2015-ci ildən Dövlət Arxivinin Bakı Filialında mühafizə olunan sənədlərində 1994-1997-ci illərdə öz hesabına məzuniyyət, 1996-1997-ci illər ərzində 1 il 6 ay öz hesabına məzuniyyətdə olması, həmçinin 1997-ci ildən 2001-ci ilədək yenidən öz hesabına məzuniyyətdə olmasına dair qeydlər öz əksini tapmışdır. 2001-ci il tarixinin pozularaq 2000-ci ildən işdə hesab edilməsi qeydiyyatı aparılmışdır. İddiaçıya məxsus “Pensiya təyinatı” alt sistemindən çıxarışdan görünür ki, DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktuba əsasən iddiaçıya təyin edilmiş pensiya ödənişi xx.xx.2020- ci il tarixdən dayandırılmışdır. Cavabdeh həmin məktuba istinad edərək xx.xx.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********3 nömrəli qərar qəbul etmişdir. Bundan sonra cavabdeh iddiaçıya məktub ünvanlayaraq iddiaçıya xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12426,74 manat artıq pul vəsaitinin ödənildiyi qeyd etmiş,həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı onun pensiya ödənişinin dayandırılmasını qanunsuz hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehin ona təyin edilmiş pensiyanın dayandırılmasına dair qərarını mübahisələndirmiş və onun ləğv edilərək dayandırılmış pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qanunvericilik normalarını diqqətə çəkir: Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28.1-ci maddəsinə əsasən İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - 51.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 64.1- ci maddəsinə əsasən. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2- ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2- ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.8-ci maddəsinə əsasən Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Filial xx.xx.2015-ci ildə İddiaçı əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF- nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən birbaşa xx.xx.2020-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə yalnız 3 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə Kollegiyası yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə Filial müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur . Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Filial iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Sonradan qəbul edilmiş pensiya ödənişinin dayandırılması barədə qərar isə formal xarakter daşımış, aktın qəbul edilməsi əsaslandırılmamış, iddiaçı həmin aktın qəbulu üzrə icraata cəlb olunmamış, dinlənilmə hüququ təmin edilməmişdir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı halda cavabdehin prosessual qanunvericiliyə əməl edəcəyi təqdirdə fərqli qərarın qəbulu imkanı istisna olunmur. Lakin nə qədər ki, cavabdeh inzibati orqan prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir, belə olan halda cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarı və pensiya ödənişinin verilməməsindən ibarət hərəkətinin qanunsuz olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1580/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1580/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar