Məhkəmə qərarları › İş №2-1(103)-2995/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2995/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2995/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2810/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 626/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********897800 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2022-ci il ərzində 105941,72 manat məbləğində malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalar mövcuddur. Qeyd olunan malların alışı ilə bağlı “Sədərək” Ticarət Mərkəzindən, 8-ci km və Dərnəgül bazarlarından elektron qaimələr verilmədiyindən vergi orqanına müvafiq alış qaimələri təqdim edilməmiş və bu səbəbdən həmin əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək onun riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023cü il tarixli, **********648100 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə 2022-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə iddiaçıya 2022-ci il üçün 16559,75 manat əlavə gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən inzibati qaydada verilmiş şikayət isə təmin edilməmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə aparılmış təhlillər zamanı iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 56,5 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Yanğın şlanqı (20 m) Prestij 51-1.0-OP-PK, Polipropilen İp F2 mm, tava 30 sm, Pedrollo BCm 15/50 Drenaj nasosu və s.” satışda qeyd olunsa da, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********648100 nömrəli qərar qəbul edilmişdir. İddiaçı həm iddia ərizəsində, həm də inzibati icraat çərçivəsində araşdırmaya təqdim etdiyi izahatında malları alarkən alqı-satqı müqaviləsi bağladığını, hesab faktura və razılaşdırma protokolu əldə etdiyini, qarşı tərəfin elektron qaimə-faktura təqdim edəcəyini bildirməsinə baxmayaraq, elektron qaimə-fakturanı təqdim etmədiyini, malları əldə etdiyi şəxslərlə bağlanmış müqavilələri itirdiyini bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq və ya 75% güzəşt tətbiq olunaraq 2022-ci il üçün gəlir vergisinin hesablanmasını xahiş etmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında X2 (VÖEN: **********) 300 manat məbləğində malların (əlcək) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə-faktura əsasında "xxxx" MMC-yə (VÖEN: **********) 12632,5 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 82382,12 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 10927,1 manat dəyərində müxtəlif çeşiddə malların təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məbləğlərinin kameral vergi yoxlaması zamanı nəzərə alındığı müəyyən edilmişdir. Riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75% güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75% güzəşt hüququnun qeyd edilməsi, həmçinin uçot-baza üzrə 86940,77 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərclərin müəyyən edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********855200 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədləri təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üzrə 2022-ci il üçün 16559,75 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya tərəflərindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********897800 nömrəli qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 406-VİQD nömrəli Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. İddiaçı ərizəsində özünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq apardığı hesablamanın düzgün olduğunu bildirmişdir. Şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir və vergi ödəyiciləri tərəfindən sənədsiz mal təqdim edilməsinin mütəmadi hala çevrilməsinin qarşısının alınması baxımından məqsədəmüvafiq hesab edilmir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi mənfi nəticələrin qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, e-2-1(112)-2810/2024 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********897800 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə araşdırma aparan birinci instansiya məhkəməsi iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən elektron qaiməfakturalar üzrə təqdim edilmiş malların kimdən, hansı qaydada əldə edilməsinə dair məhkəməyə hər hansı dəlil təqdim olunmamışdır. Mallları satan şəxslərin qaimə-faktura təqdim etməkdən imtina etməsi isə heç bir halda iddiaçını məsuliyyətdən azad edən hal kimi onun xeyrinə şərh oluna bilməz. Məhkəmə isə təqdim edilmiş malların hansı formada əldə edilməsinə dair iddiaçının məhkəmə prosesində verdiyi ifadələri əsaslı sayaraq, əlavə sübut tələb etmədən inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydaların yanlış tətbiq olunduğu qənaətinə gəlmişdir. Vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəlir və xərclərin uçotunun düzgün aparılması şərtini müəyyən etmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrum olacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır. Nazirlər Kabinetinin 55 saylı Qərarının imperativliyinə münasibətdə isə bildirilmişdir ki, inzibati orqan tərəfindən bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Başqa sözlə, əgər məhkəmənin qeyd etdiyi kimi, vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidən yayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələni nəzərindən qaçırmış, analoji halların gələcəkdə daha böyük problemlərə səbəb olacağı ehtimalını dəyərləndirməmişdir. Bundan əlavə, əgər birinci instansiya məhkəməsi şərti rentabellik normasının imperativliyini normanın ifadə edilmə forması ilə əlaqələndirirsə, bu halda qeyd olunmalıdır ki, qeyd edilən maddi hüquq normasının imperativ xarakterli norma qəbul edilməsi üçün “hesablanır” deyil, “hesablanmalıdır” ifadəsinin işlədilməsi normayaratma prinsipləri baxımından daha məqsədəuyğun olardı. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2- 1(103)-2010/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-626/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2010/2024 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - İddiaçı mikro sahibkarlıq subyekti olan vergi ödəyicisidir. - İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli, **********648100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********897800 nömrəli qərarı ilə iddiaçıya 2022-ci il üzrə 16559,75 manat əlavə gəlir vergisi hesablanmışdır. Cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, 20%-lə gəlir vergisi hesablamış, kənarlaşmalar qeydə alaraq 16559,75 manat əlavə gəlir vergisi hesablamışdır. İddiaçının hazırkı iddiası ilə cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********897800 nömrəli qərarı mübahisələndirilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq dövr üzrə iddiaçının mal aldığı vergi ödəyicilərinin elektron qaimə-faktura təqdim etməmələri səbəbindən iddiaçının alışında (idxalında) hər hansı mal müəyyən edilməmişdir və bu hal iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas qismində çıxış edə bilməz. Odur ki, cavabdeh müvafiq dövr üzrə iddiaçıya vergi hesablayarkən onun gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etməli idi. Bununla yanaşı, cavabdeh müvafiq dövr üzrə iddiaçıya vergi hesablayarkən həmçinin onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almamışdır. Halbuki iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkmişdir. Bu zaman cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq şərti rentabellik norması əsasında iddiaçıya vergi hesablamalı idi. Bununla bağlı qanunvericiliyin müvafiq normaları dispozitiv deyil, imperativ normalardır. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 626/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir ki, “...iddiaçı cavabdehin xx.xx.2023- cü il tarixli, **********648100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir və iddiaçının həmin qərarı mübahisələndirdiyi iş üzrə materiallarla müəyyən edilmir. Cavabdeh də həmin qərara istinadən hazırda mübahisələndirilən qərarla həmçinin iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etmədən ona əlavə gəlir vergisi hesablamışdır. İşə baxan aşağı istansiya məhkəmələri isə qeyd edilən halları, o cümlədən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına dair qərarın qüvvədə olub-olmamasını, habelə həmin qərarın qanuni olub-olmamasının hazırkı mübahisənin predmeti olmadığını nəzərə almadan, cavabdeh tərəfindən müvafiq dövr üzrə iddiaçının gəlirlərinə 75% güzəşt hüququ tətbiq olunmadan ona gəlir vergisinin hesablanmasını əsassız hesab etmişlər. Halbuki, bu qərarın 17-ci bəndində istinad edilən normaya əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz. Cavabdehin müvafiq dövr üzrə iddiaçının xərclərini təsdiq edən sənədlərin olmadığına istinadən, həmçinin hazırda mübahisələndirilən qərarla xərclərini nəzərə almadan iddiaçıya gəlir vergisi hesablamasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. İstinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən gəlirini müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2643/2024 nömrəli qərarı). Həmçinin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, cavabdeh iddiaçının apardığı əməliyyatlar üzrə müəyyən məbləği xərc olaraq nəzərə almadıqda, həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın da tələbinə əməl etməmiş, ümumiyyətlə xərc nəzərə alınmadan həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət (gəlir) vergisi hesablamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1203/2024 nömrəli qərarları). Hazırkı mübahisə ilə bağlı cavabdeh mübahisələndirilən qərarla iddiaçıya vergi hesablayarkən istinad etdiyi iki haldan birində, yəni iddiaçının gəlirlərinə 75% güzəşt hüququnun tətbiq edilməməsində haqlı olduğu halda, digər halda, yəni onun gəlirlərinə münasibətdə xərcləri nəzərə almadan hesablama aparılmasında haqlı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamış və nəticədə mübahisələndirilən qərarın bötüvlükdə ləğv edilməli olduğu qənaətinə gəlmişdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında öz əksini tapan göstərişlərə uyğun olaraq araşdırma apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas hesab oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.11-ci maddəsinə əsasən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən ödəniş xidməti təchizatçılarına təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir: 16.11.1-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 16.11.2-ci maddəsinə əsasən xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi; 16.11.3-cü maddəsinə əsasən borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi. 24.1-ci maddəsinə əsasən vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 102.1.30-cu maddəsinə əsasən bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın: 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.2-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 — vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4-cü bəndinə əsasən vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. İşin hallarından görünür ki, iddiaçı 2022-ci il ərzində 105.941,7 manat məbləğində malların təqdim edilməsinə dair e-qaimə faktura təqdim etmiş, lakin həmin malların alışına dair sənədlər əldə edə bilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına istinadən, əldə etdiyi gəlirinə şərti rentabellik tətbiq etməklə və mikrosahibkar kimi Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan yararlanmaqla, 2022-ci il üçün dövlət büdcəsinə 3.531,39 manat məbləğində gəlir vergisi hesablanmışdır. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında X2 (VÖEN: **********) 300 manat məbləğində malların (əlcək) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə-faktura əsasında "xxxx" MMC-yə (VÖEN: **********) 12632,5 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 82382,12 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 10927,1 manat dəyərində müxtəlif çeşiddə malların təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məbləğlərinin kameral vergi yoxlaması zamanı nəzərə alındığı müəyyən edilmişdir. Riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75% güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75% güzəşt hüququnun qeyd edilməsi, həmçinin uçot-baza üzrə 86940,77 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərclərin müəyyən edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçı tərəfindən əldə olunan gəlir xərc sənədləri ilə təsdiq olunmadığı təqdirdə onun özü-özünə münastibətdə şərti rentabellik tətbiq etməsi, bu səlahiyyət Vergi Məcəlləsinin 67.14 və 83.9-cü maddələrinə əsasən vergi orqanına məxsus olduğu halda, xərc sənədləri olmadan illik gəlirini şərti rentabelliklə hesablayıb, həm də 75 faiz güzəşt hüququndan istifadə etməsini vergi qanunvericiliyin tələblərinə zidd hesab olunaraq ona kameral yoxlama qaydasında, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********897800 nömrəli qərarı ilə 2022-ci il üçün bəyan etdiyi 3.531,39 manat gəlir vergisindən əlavə, 16.559,75 manat məbləğində həmin il üçün əlavə vergi hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisənin mahiyyəti iddiaçının gəlirlərindən verginin hesablanma qaydası ilə bağlıdır. Yəni iddiaçının vergi tutulmalı olan gəlirlərinin məbləği ilə bağlı mübahisə yoxdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının Vergi Məcəlləsinin 67.14 və 83.9-cü maddələrinə əsasən şərti rentabellik tətbiq etməsi, 75 faiz güzəşt hüququndan istifadə etməsi mübahisələndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən öz təşəbbüsü ilə belə bir hesablamanın həyata keçirilməsinin səbəbi gəlirin xərc sənədləri ilə müəyyən edilə bilməməsi ilə bağlıdır. Halbuki, qanunvericiliyin tələbinə görə vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Belə ki, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Qanunvericiliyin tələbinə görə əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və gəlirini müəyyən edə biləcəyi halda Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (21 dekabr 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 67.14-cü maddə əlavə edilmişdir). Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). İstinad edilən normalardan göründüyü kimi, iddiaçı tərəfindən şərti rentabellik tətbiq edilərkən mənfəət (gəlir) vergisinin hesablanma formasının (75 faiz güzəşt hüququ və ya şərti rentabellik tətbiq edilməsi və s.) mütləq şəkildə inzibati orqan tərəfindən tətbiq edilməsi ilə bağlı imperativ norma yoxdur. Bu səbəbdən iddiaçı tərəfindən 2022-ci il üçün gəlirini hesablayaraq, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq həmin gəlirinə 75 faiz güzəşt də tətbiq etməklə, 2022-ci ilin gəlirinə görə dövlət büdcəsinə 3531,39 manat məbləğində vergi hesablayıb ödəməsi qanunvericiliyin tələbinə uyğundur və 10 iyul 2023-cü il tarixli **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı diskression səlahiyyətlərini həyata keçirərkən şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələn qərar qəbul etməməli, həmin səlahiyyətləri qanunla müəyyən edilmiş hüdudlar daxilində həyata keçirməyə borcludur. (“İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsi). Bu o deməkdir ki, inzibati orqan mümkün seçim imkanları mövcud olduğu təqdirdə şəxsin hüquqlarına ən az müdaxilə edən vasitəni seçməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən qaydada hesablama iddiaçının hüququna müdaxilə edən ən yumşaq metoddur. (Azərbaycan Respublikası Konstitusiyası 71-ci maddəsinin İX hissəsi) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şərti rentabelliyi tətbiq etməklə həyata keçirdiyi hesablama metodu qanunvericiliklə qadağan edilməmişdir və inzibati orqan qeyd edilən qaydada həyata keçirilmiş davranışdan əsassız olaraq imtina edə, yəni diskresion səlahiyyətlərinin tətbiqindən imtina edə bilməz. (“İnzibati icraat haqqında” Qanunun 16-cı maddəsi) “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmçinin, cavabdeh inzibati orqan 10 iyul 2023-cü il tarixli, **********897800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı qəbul edərkən Vergi Məcəlləsinin 3.9 və 3.11-ci maddəsinin tələblərini nəzərə almamışdır. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəyannamələri tədqiq edilmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, vergi ödəyicisi tərəfindən son dəqiqləşdirilmiş bəyannamə xx.xx.2024-cü il tarixdə, yəni qərar qəbul edildikdən sonra təqdim edildiyindən, ya mübahisələndirilən qərar ləğv edilməli, ya da kameral qaydada yenidən yoxlama aparılmalıdır. Lakin, hazırda xx.xx.2023-cü il tarixli qərar qüvvədədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi (hazırda Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2810/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Orxan İsmayılov Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar