Məhkəmə qərarları › İş №2-1(103)-2996/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2996/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2996/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli, 01/1488 nömrəli məktubunun əsassız hesab edilməsi, ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 2020-ci ildə Nizami rayonu 238 nömrəli tam orta məktəbi bitirmişdir. Ailəsi ilə birgə ünvan 1 ünvanında yerləşən Azərbaycan Karlar Cəmiyyətinin yataqxanasında məcburi köçkün kimi məskunlaşmışdır. X3 xx.xx.1980-ci ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuşdur. 2002-ci ilin martında anası X7 ilə ailə qurmuşdur. Onların rəsmi nikahına xx.xx.2005-ci il tarixində Nizami Rayon Məhkəməsi tərəfindən xitam verilmişdir. Nikahın pozulmasına dair Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 112 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Ailədə gözünü açandan atasını görmüş və onun himayəsində böyümüşdür. X3 1993-cü ildə məlum səbəblərdən Ağdam rayonundan məcburi köçkün olmuşdur. İddiaçıya Komitə tərəfindən hal-hazırkı dövrədək məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinət ödənilir. xx.xx.2021-ci il tarixdə yenidən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etsə də Komitədən xx.xx.2021-ci il tarixli, 01/1488 nömrəli cavab məktubu verərək bildirmişlər ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideyinlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyininin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan sənədə istinad edilsə görünər ki, atasının “məcburi köçkün” statusu var, anası ilə heç bir əlaqə və məlumat olmadığından və onunla rəsmi nikaha xitam verildiyindən bu məsələ məhkəmə predmeti olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2002-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı yetkinlik yaşına çatanadək valideyni Namik Zarinin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusuna malik olan valideynlərinin himayəsində olduğundan müəyyən güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Təsadüfi deyil ki, istər qüvvədən düşmüş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4.2 və 4.3-cü bəndlərində, istərsə də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndində məhz valideynlərin “məcburi köçkün” statusuna malik olması şərtləşdirilmiş, uşaqlara münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş və xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın 4.3-cü bəndinə əsasən valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci müavinəti verilməsi əsas götürülərək iddianın təmin olunması barədə qərar qəbul edilmişdir. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”, ləğv olunanadək məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin paylanılması qaydalarını, həmin müavinətin verilməsinin hansı şəxslərə şamil olunmasını və bu proses zamanı meydana çıxan münasibətləri tənzimləmişdir. Sözügedən Təlimat məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair heç bir qayda və şərti özündə ehtiva etməmişdir. İddiaçıya da məcburi köçkün statusu almış şəxs kimi deyil, məcburi köçkün statusuna malik olan şəxsin himayəsində olan yetkinlik yaşına çatmamış şəxs kimi yardımlar göstərilmişdir. Hal-hazırda vətəndaşlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar qüvvəyə minənədək isə, məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətlər “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat” ilə deyil, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən 2004-cü il 16 iyul tarixli Qərarla təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”la tənzimlənmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir. Göründüyü kimi, Qaydalar uşaqların köçkün statusunu əldə etməsi üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etməsini şərtləndirərək, müvafiq subyektiv hüququn yaranması məqamını müəyyənləşdirir. Belə ki, uşaqlar şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müvafiq sənəd toplusu ilə birlikdə Komitəyə müraciət edə bilərlər. İddiaçı isə şəxsiyyət vəsiqəsini “ASAN 5” qurumundan xx.xx.2016-cı il tarixdə əldə etmişdir. Nəticədə, iddiaçının şəxsiyyət vəsiqəsini əldə etdiyi tarix onun müvafiq subyektiv hüququnun, həmçinin mübahisəli hüquq münasibətinin yaranması məqamı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2016-cı ildə də məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən tənzimlənmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan sənədlər : -Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.2002-ci il təvəllüdlü Zari X9 rayonu, Sarıcalı ərazi dairəsi, Qarazeynallı kəndi ünvanında qeydiyyatdadır. -AZE seriyalı 16024572 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü X1 rayonu, Qarazeynalllı kəndində qeydiyyatdadır. -AZ-İ 306660 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, X3, anası X4r. -AZ-İ 379100 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X13 ilə X7 arasında olan nikah Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2005-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 112 nömrəsi ilə qeyd edilmişdir. -AA seriyalı 215113 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən X13 1993cü ildən Ağdam rayonundan məcburi köçkündür, vəsiqə Dövlət qaçqınkomun xx.xx.2010cu il tarixli qərarına əsasən verilmişdir. -Azərbaycan Karlar Cəmiyyətinin yataqxanasından verilmiş xx.xx.2021-ci il tarixli, 34 nömrəli arayışa əsasən X1 rayonundan məcburi köçkündür. O, həqiqətən Nizami rayonu, M.X.Şərifli küçəsi 1B ünvanında yerləşən Azərbaycan Karlar Cəmiyyətinin yataqxanasında məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Aşağıdakı tərkibdə ailə üzvləri var: X5 h/yoldaşı, İddiaçı - qızı, X15 - qızı, X10 - oğlu. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-13510-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü X13 xx.xx.2002-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən Ağdam rayonunun Qarazeynalllı kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 02/844 nömrəli məktubunda göstərilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi məktuba əsasən nümayəndəliyin Qarazeynallı kənd sakini İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 1b, Lallar yataqxanasında məskunlaşıb, 33 manat vahid aylıq müavinat alır və kommunal xərcləri Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən ödənilir. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 01/4163 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən Ağdam rayonunun Qarazeynalllı kəndində qeydiyyatda olmaqla, X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmaqla ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının atasının məcburi köçkün statusu olsa da, lakin anası X2 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmamasını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə iddianın təmin edilməsi yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən,qaçqın və ya məcburi köçkiin (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; -Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normalardan görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafıq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafıq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafıq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafıq aktı ilə tənzimlənməsi göstərilmişdir. Cavabdehin imtinasından və apelyasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh tərəf Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etmişdir ki, həmin bənddə qeyd edilir : Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Kollegiya xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, cavabdehin əsas götürdüyü qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət ödənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara. Təlimatdan da aydın olur ki, yemək xərci üçün aylıq müavinətin verildiyi şəxslər məcburi köçkün statusuna malik olan şəxs hesab olunurdu. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı X3nun himayəsində olmuş və onun atası 2010-cu ildən məcburi köçkün statusuna malikdir. İddiaçıya məcburi köçkün kimi Ağdam rayonundan vahid aylıq müavinət verilir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət : Cavabdeh apelyasiya şikayətinə qeyd etmişdir ki, İddiaçı yetkinlik yaşına çatanadək valideyni Namik Zarinin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. “Çünki, şəxsin “məcburi köçkün” statusu müvafiq icra hakimiyyəti tərəfindən və onun verdiyi sənədə əsasən müəyyən edilir.” Kollegiya bir daha “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatın 4-cü hissəsini cavabdehin diqqətinə çatdıraraq qeyd edir ki, həmin hissədə yemək xərcinin məcburi köçkün statusu almış şəxslərə verilməli olduğu qeyd edilir və əgər iddiaçıya qeyd edilən yemək xərci verilirsə deməli, iddiaçıda bu qəbildən hesab olunan şəxslərin sırasına daxildir. İş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə ünvanlanan 28 sentyabr 2021-ci il tarixli məktubla da bu hal öz təsdiqini tapmışdır. Məcburi köçkün vəsiqəsinin olmaması ilə bağlı cavabdehin qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, iddiaçı da elə məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçının subyektiv hüququnun onun yetkinlik yaşına çatdıqdan sonra şəxsiyyət vəsiqəsinin alındığı tarixdən, yəni xx.xx.2016-cı ildən yarandığını və bu səbəbdən də iddiaçıya münasibətdə 2013-cü ildən qüvvədə olan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tətəbiq edilməli olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçının şəxsiyyət vəsiqəsini aldıqdan sonra subyektiv hüququnun yarandığını qeyd etməsinin səbəbi, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndini əsas götürməsidir. Lakin, cavabdeh yenə nəzərə almamışdır ki, qeyd olunan qaydalar iddiaçının vəziyyətini ağırlaşdıran qaydalar olduğundan iddiaçıya münasibətdə doğulduğu vaxt qüvvədə olan normalar (qaydalar) tətbiq olunmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar