Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2996/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2996/2023 (Açar sözlər: “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 07 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il təvəllüdlü X3 anadangəlmə “X7” xəstəsidir.
2. Tibbi–Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə X3nun 3 il müddətinə 3.1.2, davamlı nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81- G83.9) diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
3. Həmin qərarda sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi xx.xx.2021-ci il tarix, təyinat müddəti 3 il, növbəti müayinə tarixi isə xx.xx.2021-ci il göstərilmişdir.
4. X3nun sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar ona 150 manat sosial müavinət, həmçinin ona qulluq edilməsinə görə 50 manat Prezident təqaüdü təyin edilmişdir.
5. xx.xx.2021-ci il tarixdən qeyd edilən sosial müavinət və təqaüdün verilməsi dayandırılmışdır.
6. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə X3nun təkrar olaraq 3 il müddətinə eyni diaqnozla sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
7. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməyən müavinətin və təqaüdün verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir.
8. Müraciətinə cavab olaraq bildirilmişdir ki, övladınız X1 xx.xx.2018-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanları məhdudluğunun müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən övladınız M.Əhmədzadənin təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2022-ci il tarixindən 200 manat məbləğində sosial müavinət təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur.Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Övladınız M.Əhmədzadənin sağlamlıq imkanlarının məhdudluğunun müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında onun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2022-ci il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) övladınıza ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
10. İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X5 və Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu xx.xx.2015-ci il təvəllüdlü X3nun anadangəlmə “X7" xəstəliyinə görə sağlamlıq imkanları məhdud uşaq kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək altı ay müddətdə almadığı ümumilikdə 1440 manat ödənilməmiş məbləğin bərpa olunmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidafıə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İşin yuxaırda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlunun sağlamlıq imkanları məhdudluğunun müddətinin bitməsi ilə əlaqədar ödəniş xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bundan sonra dərhal Qaradağ rayon 19 saylı Birləşmiş şəhər xəstəxanasına müraciət etmiş və oğlu təkrar müayinə olunmuşdur. Təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş müvafiq olaraq oğluna xx.xx.2022-ci il tarixdən 200 (iki yüz) manat, ona isə uşağa qulluğa görə 80 (səksən) manat məbləğində yenidən sosial müavinət təyin olunmuşdur. Sənədləri vaxtında təqdim etməyinə baxmayaraq oğlunun sosial müavinəti 18 aprel 2022-ci il tarixdə bərpa olunub.Poliklinikanın baş həkimi X4 hər dəfə müxtəlif bəhanələr gətirərək sistemin işləmədiyini, forma 88-i düzgün doldurmadığını bildirərək, nəticədə oğlunun əlilliyi 6 ay 22 gündən sonra gecikməklə yenidən bərpa olundu. Əlliliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 14 İyul 2021-ci il tarixli 3.3-1 maddəsinə əsasən Əlillik müddəti bitdikdən sona 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunur. Yəni 6 ay sonra almadığı məvacibi də almalıdır. Oğlunun isə əlilliyinin bərpasını 6 ay 22 gündən sonra veriblər.Səbəbi isə cavabdeh dövlət qurumları olub ki, sənədləri vaxtında təqdim etməyinə baxmayaraq müraciətinə bilərəkdən və yaxud bilməyərəkdən səhlənkarlığa yol verərək oğlunun əlilliyinin bərpasını gecikdiriblər.
12. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının cavabdehlikdən çıxarılmasını, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabdeh kimi qəbul edilməsi və tibb müəssisəsinə müraciət etdiyi tarixdən X3nun əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdehlər Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanası, əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) ilə əvəz edilmiş, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
14. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, M.Əhmədzadənin sağlamlıq imkanlarının məhdudluğunun müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Təkrar müayinə əsasında onun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2022-ci il tarixindən müəyyən edildiyindən (əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) M.Əhmədzadəyə ərizədə qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.
15. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X3nun əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X3nun əlilliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı təkrar müayinə ilə bağlı fevral 2022-ci il tarixdə tibb müəssisəsinə müraciət etmiş, tibb müəssisəsi tərəfindən ilk dəfə xx.xx.2023-cü il tarixdə, yəni əlilliyin dayandırıldığı tarixdən 6 ay keçməmiş 0042003AAC2S N-li göndəriş TSEK-ə göndərilmişdir. Qanunun istinad edilən normasının mənasına görə əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir.Cavabdeh orqan iddiaçıya təkrar göndəriş zamanı iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edərkən iddiaçının tibb müəssisəsinə müraciətinin tarixini, tibb müəssisəsi tərəfindən verilmiş göndərişin natamam olmasını və qanunun yuxarıda istinad edilən normasını nəzərə alaraq xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçının oğlunun əlilliyini müəyyən edərkən əlilliyin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edə bilərdi.
19. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na və “İnzibati icraat haqqında” Qanununa istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.2015-ci il təvəllüdlü X3 anadangəlmə “X7” xəstəsidir.Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə onun 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar ona 150 manat sosial müavinət, həmçinin ona qulluq edilməsinə görə iddiaçıya 50 manat Prezident təqaüdü təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddətinin bitməsi səbəbindən müavinət və təqaüdün verilməsi dayandırılmışdır.xx.xx.2022-ci il tarixdən müayinədən sonra təkrar olaraq X3nun sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə müəyyən edilmiş və qeyd olunan sosial müavinət və təqüdün verilməsi davam etdirilmişdir.İddiaçı hazırkı tələbində oğlunun əliliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdə müəyyən edilməsi tələbini irəli sürmüşdür.İş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının övladı X3nun sağlamlıq imkanlarının məhdudluğu 13.04.22 tarixdə 0042003AAC2S N-li göndəriş əsasında xx.xx.2022-ci il tarixdə müəyyən edilsə də, iddiaçı oğlunun müayinəsi ilə bağlı tibb müəssisəsinə daha əvvəl müraciət etmiş, lakin göndərişin xx.xx.2022 tarixli göndəriş natamam doldurulması əsası ilə imtina verilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi məhkəmə Kollegiyasının iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
26. “İnzibati icraat haqqında” Qanununun: - 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
32. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarına əsasən iddiaçının oğlu xx.xx.2015-ci il təvəllüdlü X3 anadangəlmə “X7” xəstəsidir.Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə onun 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar ona 150 manat sosial müavinət, həmçinin ona qulluq edilməsinə görə iddiaçıya 50 manat Prezident təqaüdü təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddətinin bitməsi səbəbindən müavinət və təqaüdün verilməsi dayandırılmışdır.
33. xx.xx.2022-ci il tarixdən müayinədən sonra təkrar olaraq X3nun sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə müəyyən edilmiş və qeyd olunan sosial müavinət və təqüdün verilməsi davam etdirilmişdir.
34. İddiaçı hazırkı tələbində oğlunun əliliyinin dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdə müəyyən edilməsi tələbini irəli sürmüşdür.
35. Cavabdeh isə iddiaya etiraz edərək əliliyin komissiya tərəfindəın tibb müəssisəsinin göndərişi əsasında müəyyən edildiyini, göndərişin isə xx.xx.2022-ci il tarixə daxil olduğunu göstərərək iddia tələbinin əsassız olduğunu bildirir.
36. Həmçinin, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının övladı X3nun sağlamlıq imkanlarının məhdudluğu 13.04.22 tarixdə 0042003AAC2S N-li göndəriş əsasında xx.xx.2022-ci il tarixdə müəyyən edilsə də, iddiaçı oğlunun müayinəsi ilə bağlı tibb müəssisəsinə daha əvvəl müraciət etmiş, lakin göndərişin xx.xx.2022 tarixli göndəriş natamam doldurulması əsası ilə imtina verilmişdir.
37. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib.
38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
39. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının övladı X3nun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən xx.xx.2022 tarixli tarixdə imtina edilmiş, X3 (sağlamlıq imkanları məhdud uşaq) hesab edilməmiş, həmin imtina iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirilməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi).
40. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
41. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına»və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur. 35.Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır.Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün səlahiyyəti ilə əvəz edə bilməz.
43. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər.Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
44. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir.Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2- ci maddəsi).
45. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. 46.İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5846/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5846/2023 saylı, xx.xx.2023-cü il tarixli il qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.