Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2996/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2024 saylı 16 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2007-ci il tarixdən bir illik müddətə ikinci dərəcə əlillik təyin olunmuşdur. Sonradan həmin əlillik eyni diaqnozla hər il bir il müddətinə artırılmaqla 2016cı ilə qədər davam etmiş, 2016-cı ildə eyni diaqnozla ikinci dərəcə əlillik 5 il müddətinə verilmiş və həmin əlilliyin müddəti xx.xx.2021-ci ildə bitdiyi üçün xx.xx.2021-ci ildən iddiaçının pensiyası da dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan Çıxarışdan görünür ki, iddiaçıya aşağıdakı diaqnozlar təyin edilmişdir : İ.208 ÜİX Gərginlik stenok İİF1; İ500 Ürəkçatmamazlığı İİF1, İ 110 Arterial Hipertenziya. İddiaçı onun pensiyasının dayandırılmasından narazı qalaraq əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müxtəlif tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciətlər etmişdir. Adı çəkilən qurum iddiaçının müraciətlərinə cavab olaraq xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli imtina məktubları ilə əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə yeni göndəriş daxil olmadığını qeyd edərək sözügedən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə onun əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyini bildirmişdir. Həmin imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən İİ qrup əlillik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim etdiyi sonuncu xx.xx.2023-cü il tarixli ərizəsində cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini və həmin qurumun üzərinə xx.xx.2021-ci il tarixdən ömürlük İİ dərəcə əlillik statusunun bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən İİ qrup əlil olaraq pensiya almış və xx.xx.2021-ci il tarixdən İİ qrup əlillik statusu ləğv edilmişdir. O vaxtdan müxtəlif instansiyalara müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş: xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktublarla əlillik statusunun bərpa edilməsilə bağlı xahişi qüsurlu formada cavablandırılmışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək və ƏSMN yanında DSMF-nin Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş: xx.xx.2020-ci il tarixli; xx.xx.2020-ci il tarixli; xx.xx.2021-ci il tarixli məktublarla təsdiq olunur ki, İİ qrup əlillik statusu ömürlük təyin edilmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixli Həkim Məsləhət Komissiyası iddiaçının əlillik statusunun bərpasından imtina etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və AR ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasının üçüncü şəxs sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdi. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan yazılı etirazında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX:Stabil gərginlik stenokardiyası fs İİİ.Hipertoniya xəstəliyi.İİ mər. QDÇ İİ.; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı." səbəbi ilə xx.xx.2016-cı il tarixində 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bildirilir ki, İddiaçı Kəmaləddin oğluna verilmiş əlillik dərəcəsinin müddəti bitsə də, müddət uzadılması ilə əlaqədar göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11498/2023 nömrəli 03 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-1060/2024 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2-1(112)-11498/2023 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2024 saylı 16 may 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz İİ dərəcə əlilliyin bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı İİ qrup əlil olaraq 2007-ci ildən pensiya almış. xx.xx.2008-ci ildə İİ qrup əlillik statusunu təsdiqlənmiş. xx.xx.2016-cı ildə yenidən sağlamlıq durumu qiymətləndirilmiş və 5 il müddətinə, yəni xx.xx.2021-ci ilədək İİ qrup əlillik statusu uzadılmış. Azərbaycan Respublikası Xətai rayon Xidmət Nümayəndəliyinin xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli arayışları ilə onun əlillik qrupunun ömürlük olduğu təsdiqlənmişdir. Bunları birinci instansiya məhkəməsi nəzərə almamışdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin və apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Seymur Nəsibov apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, onun tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mümkünlük şərtlərinə əməl olunduğu üçün iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “xx.xx.2021-ci il tarixdən ömürlük İİ dərəcə əlillik statusunun bərpa edilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müxtəlif tarixli müraciətlərinə cavab olaraq verilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli imtina məktublarından görünür ki, əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçıya dair ərazi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə yeni göndəriş daxil olmadığı qeyd edilərək sözügedən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə onun əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 595 saylı 14 sentyabr 2015-ci il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Həmin Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2008-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə iddiaçıya xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə İddiaçı ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır; İşin apelyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçıya cavabdehin 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən 5 il müddətinə ikinci dərəcə təkrar əlillik təyin edilmişdir. TSEK-in diaqnozu- ÜİX:Stabil gərginlik stenokardiyası fs lll.Hipertoniya xəstəliyi.İİ mər. QDÇİİ. Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024 tarixli 3-17-1/1-K-119597/2024 nömrəli, xx.xx.2024 tarixli 3-17-1/1 -K- 145491/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/1 -K-198785/2024 nömrəli qərarlarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə təyin olunmuş əlillik Əlillik altsistemində öz təsdiqini tapmadığı üçün ərizəsinin icrası mümkün olmamışdır. Əlilliyin bərpası ilə bağlı müvafiq rəsmi məlumat daxil olduğu təqdirdə pensiyasnın bərpa olunacağı və bu barədə məlumat veriləcəyi bildirilmişdir. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi və sonradan inzibati orqanın məhkəmə sorğusuna əsasən təqdim etdiyi X6 çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən bir illik müddətə ikinci dərəcə əlillik təyin olunmuş, sonradan həmin əlillik eyni diaqnozla hər il bir il müddətinə artırılmaqla 2016-cı ilə qədər davam etmiş, 2016-cı ildə eyni diaqnozla ikinci dərəcə əlillik 5 il müddətinə verilmiş, həmin əlilliyin müddəti xx.xx.2021-ci ildə bitdiyi üçün xx.xx.2021-ci ildən iddiaçının pensiyası da dayandırılmışdır. Göründüyü kimi, iddiaçıya 2007-ci ildən eyni diaqnoza görə təyin edilmiş ikinci dərəcə əlilliyi fasiləsiz olaraq 10 (on) ildən çox davam etmişdir. X6 çıxarışa əsasən iddiaçıya yuxarıda adı çəkilən diaqnoza görə ikinci dərəcə əlillik müddətsiz verilmişdir. Bu fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayonu Xidmət Nümayəndəliyi tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə verilmiş arayışlarla da təsdiq olunur. Belə ki, həmin arayışların məzmununa görə, İddiaçı 021677 №-li pensiya işi üzrə İİ qrup əlilliyə görə ömürlük pensiya alır. Hazırki vəziyyətdə iddiaçı ona ikinci dərəcə əlilliyin “müddətsiz” verildiyinə istinad edərək həmin əlilliyinin bərpa olunmasını tələb edir. Lakin cavabdeh qurum iddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdə bitməsinə istinad edərək onun bərpasının mümkün olmadığını bildirir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.11-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Hazırki işdə cavabdeh qurumun iddiaçı barəsində olan Alt Sistemindən çıxarışdan (əlillik işinin No xxxxxxx0004) görünür ki, iddiaçıya ikinci dərəcə əlillik müddətsiz verilərkən onda mövcud xəstəliklərə görə diaqnoza əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 61-80% olmuşdur. Adı çəkilən Qaydaların 4.2-ci maddəsinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İş materiallarında olan iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə tərtib olunmuş Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya İ.208 ÜİX Gərginlik stenok İİF1; İ500 Ürəkçatmammazlığı İİF1, İ 110 Arterial Hipertenziya. diaqnozu qoyulmuşdur. Göründüyü kimi, iddiaçıya sonuncu dəfə qoyulmuş diaqnoz onun uzun illər, yəni 2007-ci ildən mövcud olan və ona müddətsiz əlilliyin verilməsi üçün əsas olan diaqnozu ilə eynilik təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə doldurulmuş Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı tərtib edən müalicə həkimi Rəna Adıgözəlova ifadəsində bildirmişdir ki, iddiaçıya sonuncu dəfə qoyulmuş “X7 Gərginlik stenok İİF1; İ500 Ürək çatmamazlığı İİF1, İ 110 Arterial Hipertenziya” diaqnozu iddiaçıda uzun illərdir ki, mövcuddur, həmin xəstəlik müalicə ilə keçən deyil və iddiaçının vəziyyətində həmin xəstəliyin müalicə olunub keçməsi ilə bağlı yaxşılığa doğru dəyişmə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının uzun illərdir (10 ildən artıq fasiləsiz olaraq) davam edən xəstəliyi ilə bağlı ona xx.xx.2016-cı ildə 5 il müddətinə verilmiş ikinci dərəcə əlillik xx.xx.2021-ci il tarixədək qüvvədə olsa da, alt sistemdən çıxarışa əsasən onun əlilliyi 2007-ci ildən “müddətsiz” kimi qeyd olunmuş, lakin xx.xx.2021-ci ildə bu faktlar nəzərə alınmadan iddiaçının əlilliyi qiymətləndirilərkən onun “müddətsiz” əlilliyi bərpa edilməmiş, əksinə həmin əlilliyə görə pensiyası dayandırılmışdır. Göründüyü kimi, cavabdeh qurum tərəfindən iddiaçı barəsində tərtib olunmuş tibbi sənədlər, tibbi göstərişlər və bütün xəstəlik məlumatları, o cümlədən xəstəliklər və ağırlaşmalar tam olaraq araşdırılmamış, alt sistemdəki “müddətsiz” əlillik təyin olunma faktı da nəzərə alınmamış və nəticədə müvafiq əlilliyin bərpasının mümkünlüyü formal yoxlanılaraq inzibati orqan tərəfindən öz səlahiyyətlərindən irəli gələn vəzifələr lazımi qaydada icra edilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisə üzrə iddiaçı onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, yəni 2021-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəaları qüvvədə olmuşdur. Buna görə də həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı barəsində sonuncu dəfə göndərilmiş xx.xx.2021-ci il tarixli Ambulator kitabçadan çıxarışda göstərilən və hazırda da onda mövcud olan xəstəliklərə görə qoyulmuş diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2-ci bəndində “X7” İ120-İ25; Ürək çatışmazlığı İ50 və 20 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasında 2.2.1. Stenokardiya İ20; olaraq öz əksini tapmışdır.Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıda ikinci dərəcə əlillik tibbi göstərişlər əsasında 10 (on) ildən çox müddətdə fasiləsiz olaraq davam etməsinə və alt sistemdən çıxarışa əsasən iddiaçının əlilliyinin “müddətsiz” olduğuna baxmayaraq iddiaçıya münasibətdə eyni diaqnozla bağlı fərqli yanaşma sərgiləmiş, əvvəlki davranışından fərqli qaydada hərəkət edərkən həmin hərəkətinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, nəticədə əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı ildə 5 il müddətinə verilmiş ikinci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, alt sistemdən çıxarışa əsasən (həmin çıxarışdakı məlumatlar cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur) iddiaçının ikinci dərəcə əlilliyinin “müddətsiz” olduğunu, xx.xx.2021-ci il tarixdə müalicə həkimi tərəfindən doldurulmuş ambulator kitabçadan çıxarışda qeyd olunan məlumatları, tibbi göstərişlərə görə iddiaçıda uzun illər mövcud olan, eyni diaqnozla 10 ildən artıq fasiləsiz müddətdə xəstəliyinin, onun ağırlaşmalarının davam etdiyini nəzərə alaraq həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına görə ikinci dərəcə əlilliyin ona yenidən “müddətsiz” verilməsini təmin etməli idi. İddiaçının tələbinin onun ikinci dərəcə əlilliyinin “xx.xx.2021-ci il tarixdən” bərpa olunması məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçının müddətsiz əlilliyi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslandırmaya görə cavabdeh qurumun üzərinə iddiaçının müddətsiz olan ikinci dərəcə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpası vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7292/2024 saylı 16 may 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7292/2024 saylı 16 may 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı təyin edilmiş ömürlük İİ dərəcə əlillik statusunun xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2996/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2996/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver