Məhkəmə qərarları › İş №2-1(103)-2999/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2999/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2999/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məbləğin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2041/2022 saylı, 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsinin əsassız hesab edilərək 4139,55 manat məbləğinin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə cavabdeh tərəfindən 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsi əsassız hesab edilərək 4139,55 manat məbləğinin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən mərhum Rəfi Rəfiyevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maşının 30 faizi miqdarında əlavəsi 97,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 108,33 manat olmaqla orta aylıq əmək haqqı 595,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018- ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (546,83 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (595,83 manat) arasındakı fərq məbləğinin (49,00 manat) 66,50 faizi-32,59 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (437,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 470,06 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (470,06 manat) 80 faizi-376,04 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6768,72 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 9179,45 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 2410,73 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən mərhum Rəfi Rəfiyevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maşının 30 faizi miqdarında əlavəsi 147,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 163,33 manat olmaqla orta aylıq əmək haqqı 865,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (595,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (865,33 manat) arasındakı fərq məbləğinin (269,50 manat) 66,50 faizi-179,22 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (470,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 649,28 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixinədək əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (649,28 manat) 80 faizi- 519,42 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5194,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6923,02 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində iddiaçıya 1728,82 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 4139,55 manat artıq pensiya məbləği ödənilmişdir. İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək, oğlunun təhsil alması barəsində təqdim olunmuş arayışa əsasən pensiya ödənişinin davam etdirilməsini xahiş etmişdir. X1 təhsil müəssisəsində əyani təhsil alması ilə bağlı Mərkəzi Filiala 4 fevral 2021-ci il tarixində daxil olmuş müvafiq sənədlərə əsasən iddiaçıya ödənilən əmək pensiyası 2021-ci ilin mart ayından etibarən 519,42 manat, xx.xx.2021 -ci il tarixdən etibarən isə 259,71 manat müəyyən edilməklə bərpa edilmişdir. Eyni zamanda bildiririk ki, iddiaçıya xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4155,36 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 1918,76 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 2236,60 manat ödənilməmiş pensiya məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya əskik ödənilmiş 2236,60 manat pensiya məbləği xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş 4139,55 manat pul vəsaitindən çıxılmışdır. Tərəflərin izahatları : Kollegiyanın əvvəlki iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək iddianın əsassız olduğunu və qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu bildirərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Dövlət Sosial Müdafiəsi Fondunun Zərdab rayon şöbəsi tərəfindən iddiaçının mərhum əri X3 xx.xx.2015-ci ildə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir.X4 xx.xx.2016-cı ildə vəfat etmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyasının məbləği xx.xx.2021-ci il tarixə 553,81 manat təşkil etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyasının məbləği azaldılaraq 519,42 qəpik müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən yenidən iddiaçının pensiyası azaldılaraq 259,71 qəpik müəyyən edilmişdir. Cavabdeh hesab etmişdir ki, xx.xx.2018-xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6768,72 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 9179,45 manat ödənilmiş, xx.xx.2019-xx.xx.2020-ci illər arasındakı dövr ərzində ümumilikdə 5191,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6923,02 manat ödənilmiş, xx.xx.2018-xx.xx.2020-ci illər arasındakı dövr ərzində ümumilikdə 4139,55 manat artıq pensiya məbləği ödənilmişdir, odur ki, iddiaçının oğlu X2 təhsil müəsissəsində əyani təhsil alması ilə bağlı Mərkəzi Filiala xx.xx.2021-ci ildə daxil olmuş sənədlərə əsasən ona ödənilməli olan pensiya məbləğini 2236,60 manat müəyyən edərək xx.xx.2018-xx.xx.2020-ci illər arasındakı dövr ərzində artıq ödənilmiş 1902,95 manat pul vəsaitinin büdcəyə qaytarılması həyata keçirmişdir. İddiaçı cavabdehin qeyd edilən hərəkətlərini qanunsuz hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşıraraq qeyd edir ki, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı müəyyən olunur. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçıya ailə başçısını itirdiyinə görə pensiya təyin etmiş, daha sonra iki dəfə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ilə pensiyanı azaltmış və bundan sonra hər ay tərəflərindən artıq ödənilmiş hesab etdikləri məbləğləri pensiyadan tutmağa başlamışlar. İşdən göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsinə dair qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamışdır. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi suallara cavab olaraq, iddiaçının inzibati icraat haqqında məlumatlandırılmadığını, müvafiq məbləğin pensiyadan tutulmasına razılığının olmadığını bildirmişdir. Qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” AR Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya vurğulayır ki, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsi 13 may 2016-cı il tarixli inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya ödənişinin hansı səbəbdən azaldıldığı və pensiyasından tutulmanın hansı səbəblə aparıldığı əsaslandırılmamışdır. Hətta qeyd edilən hərəkətlərin əsaslı səbəbləri olsa belə həmin hallar müvafiq əlverişli aktın ləğv və ya etibarsız hesab edilmədən vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin onun razılığı olmadan tutulması üçün əsas ola bilməz. Bu hal ondan irəli gəlir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (39.1). Lakin iş materiallarından və cavabdehin nümayəndəsinin Kollegiyanın iclasında verdiyi izahatından aydın olur ki, cavabdeh tərəfindən iddiaçının razılığı alınaraq artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında pensiyanın artıq ödənildiyini bildirərək əlverişli inzibati aktı ləğv etmədən, əmək pensiyasının yenidən hesablanması barədə iki dəfə qərar qəbul etmiş və iddiaçının pensiyasından artıq ödənildiyini hesab etdikləri məbləği tutmuşdur. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktı ləğv etmədən, həmin qərarın icrası nəticəsində ödənilmiş məbləğin geri alınmasını təmin etmək üçün iddiaçının razılığı olmadığı halda məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qanunsuz inzibati icraat aparılmışdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar