Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2999/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 277/2021 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 24 oktyabr 2023-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs X2) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-131/2022 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (Apellyasiya baxışı zamanı X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir). Cavabdeh tərəfindən məhkəməyə qərarın izah olunmasına dair ərizə ilə müraciət edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 277/2021 saylı qərarının nəticə hissəsində bağ sahəsinin hansı ünvanda yerləşməsi və bağ sahəsinin nömrəsi qeyd olunmadığından qərarın icrasında müəyyən çətinliklər yaranmış, qərara izah verilməsini zəruri etmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-277/2021 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1304/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: A.P.Oruczadə, hakimlər: X.A.Cəmilova və R.Ə.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və idarənin izah vermə barədə verdiyi ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1360/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1304/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Yeni apellyasiya baxışı zamanı da apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının İdarə tərəfindən icra edilməsi mərhələsində müəyyən çətinliklər yaranmışdır. Belə ki, məhkəmə qərarının nəticə hissəsində qeyd edilən bağ sahəsi “Köçəri” bağlar massivində 204 saylı BTK üçün ayrılan ərazidir. Lakin Azərbaycan SSR Bakı şəhər X5 İcrayyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının arxiv arayışında 204 saylı BTK üçün ayrılan torpaq sahələrinin harada yerləşməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən faktiki göstərilən sahə isə Pirşağı bağ massividir. Məhkəmə qərarında mübahisələndirilən bağ sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi, həmçinin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 nömrəli qərarının nəticə hissəsində bağ sahəsinin hansı ünvanda yerləşməsi və bağ sahəsinin nömrəsi qeyd olunmamışdır, yəni hansı ərazidə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aydın olmamışdır. İş materiallarından da göründüyü kimi bağ sahəsi “Köçəri” bağlar massivində 204 saylı BTK üçün ayrılan ərazidir. Lakin Azərbaycan SSR Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarının arxiv arayışında 204 saylı BTK üçün ayrılan torpaq sahələrinin harada yerləşməsi qeyd olunmamışdır. İddiaçı tərəfindən faktiki göstərilən sahə isə Pirşağı bağ massividir. Məhkəmə qərarında mübahisələndirilən bağ sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi, həmçinin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Məhkəmə qərarının nəticə hissəsində göstərilən hallar dəqiqliklə qeyd edilmədiyinə görə məhkəmə qərarının icrası mümkün olmamışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın izah olunmasına dair ərizəyə münasibət bildirərkən cavabdehin ərizəsinin formal mülahizələrə əsaslandığını qeyd etmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, həm ərizənin, həm də apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, inzibati orqan tərəfindən məhkəmə qərarının icrasının mümkün olmamasına əsas məhkəmə qərarının nəticə hissəsində qeyd edilən Bakı şəhər X5 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin Mərdəkan qəsəbəsində yoxsa Pirşağı bağ massivində yerləşməsi və bağ sahəsinin nömrəsinin qeyd edilməməsi ilə bağlıdır. Göründüyü kimi cavabdeh hazırki izah verməyə dair ərizəsində göstərdiyi məsələləri həm inzibati icraat zamanı, həm də məhkəmə araşdırmaları zamanı etiraz və şikayətinin dəlilləri kimi qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarinda olan iddiaçının və cavabdehin nümayəndəsinin izahatından və iş materiaalrına əlavə olunmuş “ortofoto”dan İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi Mərdəkan qəsəbəsində yox, Pirşağı bağ massivində yerləşməsi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarına İddiaçı Pirşağı bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi izah verilməsi hissəsində cavabdehin ərizəsi təmin olunmalıdır. Məhkəmə Kollegiyası bağ sahəsinin nömrəsinin göstərilməsi hissəsində cavabdehin ərizəsini əsaslı saymır. Belə ki, bağ sahəsinin yerləşməsinin sxematik xəritəyə uyğunlaşdırmaqla bağ nömrəsinin verilməsi cavabdehin vəzifəsidir və bu vəzifənin icrası üçün izaha ehtiyac yaradan hal mövcud deyildir. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” və “bağ sahəsi üzrə nömrə verilməsi əsası” cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biri olsa da əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildən olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” və “bağ sahəsi üzrə nömrə verilməsi” əsasını vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bağ sahəsinin yerləşməsinin sxematik xəritəyə uyğunlaşdırmaqla bağ nömrəsinin verilməsi hissəsində ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-277/2021 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdehin ərizəsi qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-277/2021 saylı qərarına İddiaçı Pirşağı bağ massivində ayrılmış 0,12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi izah verilsin. Bağ sahəsinin yerləşməsinin sxematik xəritəyə uyğunlaşdırmaqla bağ nömrəsinin verilməsi hissəsində ərizə təmin olunmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2999/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2999/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver