Məhkəmə qərarları › İş №2-1(103)-30/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-30/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-30/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 52 saylı 12.01.2018-ci il tarixli arxiv çıxarışına əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının “fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyətinin 3/10-Ə125-091 saylı 30 iyul 2018-ci il tarixli məktubundan görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Situasiya planından görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, işdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********07 saylı 24.01.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. Bundan başqa ********** saylı 15.03.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 30.12.1997-ci il tarixli 2066 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim etdiyi yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyətinin 30.12.1997-ci il tarixli, 2066 saylı sərəncamı ilə) fərqlidir. Bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3cü yaşayış massivində iddiaçının adına fərdi yaşayış evi inşa etmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi tərəfindən hasara alınmış, sərəncam verilən tarixdən bu günə kimi onun istifadəsindədir. Hüquqmüəyyənedici sənədinin mövcud olmasına baxmayaraq sözügedən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunvericiliklə müəyyən edilmiş hüquqlarını pozmuşdur. Cavabdehin etirazları: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30.12.1997-ci il tarixli sərəncamı hazırda qüvvədədir, torpaq sahəsinin yerləşmə cizgisi icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi daş karxanasının ərazisində yerləşir və dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, 15.03.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 30.12.1997-ci il tarixli 2066 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə 31.07.2018-ci il tarixli ərizəyə əlavə edilmiş yerləşmə cizgisi fərqlidir. Bakı şəhəri Səbail rayon İHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 12.04.2004-cü il tarixdə təsdiq edilmiş yerləşmə çizgisinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə İdarə tərəfindən sorğu göndərilmişdir. Səbail rayon İcra Hakimiyyətinin 3/10- 354 saylı 27.04.2017-ci il tarixli cavab məktubunda sözügedən cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalı olması və təqdim olunmuş cizgidə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun olduğu, rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmadığı qeyd olunmuşdur. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, yuxarıda qeyd olunan hallar əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ətraflı araşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1101/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiya Məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncamın verildiyi dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir, iş materialları ilə sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin, həmin dövrün torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq, yerində naturada ayrılaraq vətəndaşa təhvil verilməsi müəyyən edilməmiş, Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 30 iyul 2018-ci il tarixli 3/10- Ə-125-091 saylı məktuba görə Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş, cizgiyə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamış, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmiş, belə olan halda cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina edilməsi qanuni və əsaslı olmuş, beləliklə, mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3316/2019 saylı 18 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1101/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmiş, həmçinin ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. 09.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı və 3-cü şəxs Səbail rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə İddiaçı və 3-cü şəxs Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubunun tarixi 11.09.2018-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 19.12.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşməsi, 2066 saylı 30.12.1997-ci il tarixli sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim edilmiş yerləşmə cizgisinin fərqli olması əsası ilə onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının hazırki işdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasını tələb etdiyi 600 kv.metr torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi məqsədilə ona ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (65.1, 65.5, 65.6, 65.7, 65.8). Hazırki işdə İddiaçı Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı mövcuddur. Həmin torpaq sahəsi faktiki olaraq da iddiaçının istifadəsindədir. Cavabdeh sözügedən torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini və onun üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinanı torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşməsi, 2066 saylı 30.12.1997-ci il tarixli sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim edilmiş yerləşmə cizgisinin fərqli olması ilə əsaslandırır. Bu barədə qeyd olunmalıdır ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3316/2019 saylı 18 dekabr 2019-cu il tarixli qərarında göstərilənlər də nəzərə alınaraq, iddiaçının iddia etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşib-yerləşməməsinın müəyyənləşdirilməsi məqsədilə 04 iyun 2020-ci il tarixli qərardadla məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür, ölçülmüş ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır, sahəsi 570 kv.metrdir. Ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasında araşdırma aparılmış və ölçülmüş ərazinin koordinatları baza məlumatları və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron baza məlumatlarına əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin hər hansı hüquqi və fiziki şəxsə, eləcə də qeyd edilən Daş Karxanasına ayrılması və ya hüquqi və texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. Həmçinin məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 07.02.2022-ci il tarixdə daxil olmuş ekspert rəyindən görünür ki, iddiaçının iddia etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşmir. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, 2066 saylı 30.12.1997-ci il tarixli sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə 30.07.2018-ci il tarixli ərizəyə əlavə edilmiş yerləşmə cizgisinin fərqli olması əsası iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməzdi. Belə ki, əvvəla nəzərə alınmalıdır ki, Səbail rayon İcra Hakimiyyətinin 30.12.1997-ci il tarixli 2066 saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sonuncu dəfə tərtib və təsdiq olunmuş, 30.07.2018-ci il tarixli məktubla göndərilən yerləşmə cizgisi 27.04.2017-ci il tarixli 3/10-354 saylı məktubdan sonra cavabdeh inzibati orqana məhz razılaşdırıldıqdan sonra göndərilmişdir, həmin yerləşmə cizgisinin düzgün tərtib olunmaması və ya təsdiqolunma qaydaları pozulmaqla verilməsi isə iş üzrə müəyyən olunmur. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə olan Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı hal-hazırda da qüvvədədir, ləğv olunmamış və ya etibarsız hesab olunmamış, həmin sərəncam əsasında səlahiyyətli orqanın işlədiyi yerləşmə cizgisinin əvvəl təqdim olunmuş cizgidən fərqli olması isə sözügedən torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanmasından və onun üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya sözügedən daşınmaz əmlakla bağlı dövlət orqanı tərəfindən verilmiş sərəncam qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, yerləşmə cizgisi) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bu baxımdan iddiaçıya ayrılmış torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanmasından, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi” barədə dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, həmin dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. O ki qaldı Səbail rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində işə cəlb olunması və müvafiq ekspertizanın keçirilməsi barədə dəlillərə, hazırki işdə müvafiq icra hakimiyyəti orqanının işə cəlb olunması və keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qanuni və əsaslı olan qərarının ləğv edilib, iddianın rədd olunması üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin ödənilməsi iddiaçıya aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 manat məbləğində ekspert xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar