Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-30/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcu barəsində hesabatın qəbul edilməsi və əsassız hesablanmış faizlərin silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 374/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mansard mərtəbəsinin tikintisi üçün Vergilər Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan kooperativlərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan yaranan 49.914.22 manat məbləğındəki vergi borcu barəsindəki hesabatının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməsi, 49.914,2 manat əsassız hesablanmış faizlərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK Bakı şəhəri İcra Hakimiyyətinin 24 oktyabr 2014-cü il tarixli 505 saylı və 22 dekabr 2015-ci il tarixli 550 saylı sərəncamlarına əsasən ünvan 1 ünvanda çoxmənzilli yaşayış binası tikmişdir. Vergilər Nazirliyi Vergi Məcəlləsinin tələbinə uyğun olaraq Bina Tikintisi Fəaliyyəti ilə məşğul olan kooperativlərin Sadələşmiş Vergisi (BTFSV) üzrə MTK-ya hər rüb üzrə 95.623 manat olmaqla, ümumilikdə, 956.230 manat vergi hesablanmışdır. Daha sonra binanın tikintisi zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin göstəriş və tələblərinə əsasən binanın 2 mərtəbəsi sökülmüşdür. Bununla bağlı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hesabata dəqiqləşmə təqdim edilmiş və nəticədə ödəniləcək vergi məbləği 106.835,62 manat (o cümlədən hər rüb üzrə 10.683,10 manat) azaldılmışdır və bu fakt şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Qalan 849.394,38 manat məbləğində hesablanmış vergi məbləği vaxtlı - vaxtında İddiaçı MTK tərəfindən vergiyə tam ödənilmişdir. 2019-cu ilin iyun ayında isə Xüsusi Dövlət Mühafizə Xidməti ilə aparılan intensiv danışıqlar nəticəsində, yalnız səmaya baxmaq şərti ilə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına Xüsusi Dövlət Mühafizə Xidməti icazə vermişdir. Məhz bu səbəbdən yeni icazə verilmiş sahəyə görə BTFSV üzrə 49.914,22 manat vergi hesablanıb ödənilməli idi. Bununla bağlı kooperativin mühasibi BTFSV hesabatına yeni dəyişiklik təqdim etməli idi. Lakin, yeni istifadəyə verilmiş sahə üzrə ayrıca dövr kimi götürülməklə hesabat təqdim edilməli olduğu halda, MTK-nın mühasibi vergi əməkdaşlarının təkidi ilə texniki səhvi üzündən xx.xx.2019cu il tarixdə İddiaçı MTK-nın əvvəlki BTFSV hesabatına dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə 3 il əvvəldən yaranmış borc kimi nəzərə alınaraq İddiaçı MTK-ya xeyli miqdarda faiz hesablamışdır. İddiaçı MTK xx.xx.2019-cu il tarixdə **********399800 saylı ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək MTK-nın təqdim olunmuş dəqiqləşdirilmiş BTFSV hesabatında texniki səhvin düzəldilməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etmişdir. Həmçinin, müraciətdə bildirmişdik ki, Xüsusi Dövlət Mühafizə Xidməti (sonradan XDMX) ilə uzun müddət aparılan danışıqların nəticəsində yalnız 2019-cu ilin iyun ayında sonuncu mansard hissəni istifadə etmək üçün binanın damına səmaya baxan pəncərə qoyulmasına icazə verilmişdir. Bununla bağlı MTK-nın mühasibi cari dövr üçün yeni hesabat verməli olduğu halda vergi əməkdaşlarının texniki səhvi nəticəsində əvvəlki BTSVH üzrə xx.xx.2019-cu ildə yenidən dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə əvvəldən yaranmış borc kimi nəzərə alınaraq MTK-ya külli miqdarda faiz hesablanmışdır. İddiaçı hal-hazırda həmin texniki səhvi düzəltmək üçün dəqiqləşmə vermək istəsə də, sistem bəyannamə verilən dövrü düzgün hesab etməyərək açılmır. Bununla bağlı iddiaçı xx.xx.2019-cu il tarixdə **********399800 saylı ərizə ilə Vergilər Nazirliyinə həmin texniki səhvin düzəldilməsi üçün iddiaçıya köməklik göstərilməsini xahiş etmişdir. Lakin bu ərizəsinə Vergilər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə **********221200 saylı məktub ilə imtina cavabı verilmişdir. Həmin cavabdan görünür ki, Vergilər Nazirliyi verginin düzgün hesablanmasını təmin etmək əvəzinə, sadəcə formal “rədd cavabı vermək üçün” yazmışdır. Belə ki, öz əli ilə səhvən tərtib edib göndərdiyi hesabata cəmi iki gün sonra düzəliş edilməsi üçün MTK-dan binanın layihəsinə edilmiş dəyişikliklər, eləcə də təsdiqlənmiş yeni bina layihə forması tələb edilir, halbuki, texniki səhv nəticəsində verilmiş dəqiqləşmə üzrə borcun artmasına səbəb olmuş həmin mansard mərtəbənin əslində heç bir layihəsi olmayıb. Binanın layihəsi faktiki 18 mərtəbə olsa da, tikintisi dəfələrlə XDMX tərəfindən dayandırılmış və yalnız XDMX-nın israrlı tələbi və nəzarətində yerində operativ dəyişikliyə məruz qalmaqla tikilmiş iki mərtəbə tamamilə sökülmüşdür. Bu fakt vergi əməkdaşlarına məlumdur. Çünki, müvafiq vergi əməkdaşları monitorinq apararkən dəfələrlə bu halın şahidi olmuşdur. Həmçinin, MTK həmin binanın BTFSV üzrə cari vergi öhdəliklərini 2018-ci ilin sentyabr ayına qədər tamamilə yerinə yetirmişdir. Əgər belə bir tikinti o vaxtı aparılmış olsaydı, bu hal sözsüz ki, vergi əməkdaşlarının diqqətindən yayına bilməzdi və anında müəyyən edib kameral qaydada sistemə vurularaq onun vergisini tələb edərdilər. Amma nədənsə MTK-nın müraciətinə imtina cavabı hazırlayan vergi əməkdaşları bu anı "xxxx" və bu da öz növbəsində MTK-ya külli miqdarda itki yaranmasına səbəb olur. Necə olur ki, eyni situasiyada borcun artdığı halda əlavə layihə sənədi tələb olunmur, amma vergi əməkdaşlarının səhvi üzündən baş vermiş texniki səhvi düzəltmək üçün həmin layihə istənilir. Ümumiyyətlə, həmin mansard mərtəbə binanın layihəsində heç vaxt nəzərdə tutulmayıb və ona görə də hər hansı bir tikinti sahəsinə görə ödənilməmiş vergi borcunun gecikməsindən söhbət gedə bilməz. Halbuki, iddiaçı həmin mövqe üzrə yeni yaranmış 49.914,22 manat borcu ödəməyə hazırdır. Lakin əsassız hesablanan faiz borcu iddiaçıya maddi ziyan vurur. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mansard mərtəbəyə pəncərə qoyduğu üçün iddiaçını BTFSV-nə cəlb edərək, kooperativin verdiyi hesabata şirkət tikintiyə başladığı gündən cərimə hesablamağa başlayıb və son 4 ilə İddiaçı MTK-ya durmadan cərimə hesablayaraq şirkətin bütün bank hesablarına həmin pulun tutulması üçün sərəncamlar qoymuşdur. Halbuki, şirkətin vergiyə təqdim etdiyi layihəsində ümumiyyətlə mansard mərtəbənin tikintisi nəzərdə tutulmurdu. Sadəcə iş prosesində qanuni sənədlər olmasına baxmayaraq XDMX-nin müdaxiləsi ilə tikinti iddiaçının iradəsindən asılı olmayaraq dəyişikliyə məruz qalmışdır. Göründüyü kimi Vergilər Nazirliyinin əməkdaşları əlavə mansard mərtəbənin tikintisi üçün faktiki olaraq cəmi manat 49.914,22 manat hesablamalı olduqları halda, qanunsuz olaraq, həmin məbləği köhnə dövrə aid etmiş və əlavə olaraq 31.357.76 manat məbləğində də faiz hesablamaqla, ümumilikdə 81.271,98 manat borc hesablayaraq həmin pulun tutulması üçün şirkətin bütün bank hesablarına xx.xx.2019-cu il tarixdən sərəncam qoymuşdur. Həmçinin, hər ay həmin məbləğə əsassız faiz hesablamaqda davam etdirilir. Hər ay həmin məbləğlər daha da artırılaraq sərəncam təzələnir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə qoyulmuş sərəncamla 86.016,52 manat tələb olunur. Bu isə şirkətin XDMX-nın tikintiyə müdaxiləsi nəticəsində düşdüyü çətin vəziyyəti daha da ağırlaşdırır və iddiaçının fəaliyyətini iflic edir. Sonda iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 2 ünvanında 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinə icazə verilmişdir. Əvvəlcə binanın 17 mərtəbə və əlavə mansard sahəsindən ibarət olması nəzərdə tutulan binanın 12.662,02 kv.m. yaşayış və 1.002,9 kv.m. qeyri-yaşayış sahəsi olmaqla ümumi 13.664,92 kv.m. sahə üzrə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. 2019-cu ilin iyun ayında müvafiq orqan tərəfindən yalnız səmaya baxmaq şərtiylə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına icazə verilmiş və həmin sahəyə görə hesablanmalı olan 49.914,22 manat vergi iddiaçının 2016-cı ilin İİ rübü üzrə təqdim edilmiş BTFSV bəyannaməsinə dəqiqləşmiş bəyannamə kimi təqdim edildiyindən, həmçinin həmin borc şəxsi hesab vərəqəsində 3 il əvvəldən yaranmış borc kimi nəzərə alındığından iddiaçıya xeyli miqdarda faiz hesablanmışdır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləğinə münasibətdə faiz hesablanması vergi öhdəliyinin yerinə yetirilməsi müddəti çatdığı zamanı ödəniş həyata keçirilmədiyindən hər gecikdirilmiş günə münasibətdə həyata keçirilir. İddiaçı tərəfindən artırılmış sahə üzrə bəyannamə 2016-cı ilin İİ rübü üzrə təqdim olunmuş bəyannaməyə dəqiqləşmə şəklində təqdim olunduğundan gecikmə üçün faiz ümumi məbləğə münasibətdə hesablanmışdır. Başqa sözlə desək, mübahisə predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyicisinin özünün təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədir. Digər tərəfdən iddiaçı yenidən dəqiqləşmiş bəyannamə təqdim etmək istədiyini, lakin sistemin dəqiqləşmiş bəyannaməni qəbul etmədiyini və qeyd edilən halın aradan qaldırılması ilə bağlı vergi orqanına müraciət ünvanladığını bildirmişdir. Vergi orqanı tərəfindən verilmiş cavab məktubunda da qeyd edildiyi kimi dəqiqləşmiş vergi bəyannaməsinin təqdim olunması müddəti keçmişdir. Lakin iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə dəqiqləşmiş bəyannamənin təqdim edilməsi müddəti artıq ötürülmüşdür. Belə ki, 2016-cı ilin İİ rübü üzrə hesabat dövrü 2016-cı ilin iyul ayının 20-dən gec olmayaraq müəyyən edildiyindən və 2019-cu ilin iyul ayının 20dən sonra həmin müddətdən 3 il keçdiyindən iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilməsinə qanunvericiliklə yol verilmir. İddia ərizəsində həmçinin qeyd edilir ki, xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim olunduğu gündən etibarən 4 il üzrə faiz məbləği hesablanmaqda davam etmişdir. Vergi Məcəlləsinin 59.1-ci maddəsi ilə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulması nəzərdə tutulmuşdur. Lakin 59.2-ci maddədə qeyd edildiyi kimi Vergi Məcəlləsinin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu səbəbdən iddiaçının dəqiqləşdirilmiş bəyannamə üzrə bəyan edilmiş məbləğə 4 il üzrə faiz hesablanmasına dair arqumenti əsaslı deyildir və öz təsdiqini tapmır. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergilər Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan kooperativlərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğındəki vergi borcu barəsindəki hesabatının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməsi, 49.914,22 manata vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-374/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən iddiada göstərilən faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutların mövcudluğu cavabdeh tərəfindən də təsdiq edilərək inkar edilmir. Məhkəmə qərarda qeyd edilən sübutları göstərmiş olmasına baxmayaraq, həmin sübutlara qiymət vermədən qarar qəbul etmişdir. Məhz bu səbəbə görə də qərarın əsaslandırıcı və nəticə hissələri arasında ziddiyyət vardır. Qərarın 5-ci səhifəsində Vergilər Nazirliyinin İddiaçı MTK-nin müraciətinə cavabı verilən xx.xx.2019-cu il tarixli məktubuna istinad edilir. Həmin məktubda göstərilir ki, qeyd edilən bəyannamə və hesablanmış vergi məbləğindən 3 il müddət keçdiyinə görə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi qanuna müvafiq hesab edilmir. Həmçinin bildirilir ki, binanın layihəsinə edilmiş dəyişikliklər, eləcə də təsdiqlənmiş yeni layihə forması araşdırmaya təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Vergilər Nazirliyinin bu məktubunun məzmunundan belə başa düşülür ki, tikilmiş binanın 17 və 18-ci mərtəbələrinin sökülməsi onlara məlum deyildir. Onlara məlum olsa idi məsələyə yenidən baxa bilinərdi. Həmin səhifənin 4-cü abzasında göstərilir ki, İddiaçı MTK Vergilər Nazirliyinə xx.xx.2017-ci il tarixdə rəsmi müraciət edərək, tikilmiş binanın son iki mərtəbəsinin XDMX və Bakı şəhər icra Hakimiyyətinin tələbinə uyğun olaraq söküldüyü barəsində məlumat verilir və bu səbəbə görə də verginin müvafiq olaraq azaldılması xahiş edilir. Vergilər Nazirliyi həmin müraciətə və eləcə də tikintiyə baxış keçirdikdən sonra, tikilən binanın 2 mərtəbəsinin söküldüyü müəyyən etmiş və MTK-ya rüblük 95623 manat və ümumilikdə 956 230 manat hesablanmış verginin məbləğini müvafiq olaraq, rüb üzrə 10 683,10 manat olmaqla bütövlükdə 106 835,62 manat hesablamaqla vergi öhdəliyini azaltmışdır. MTK-nın şəxsi hesab vərəqəsində qeyd edilənlər öz əksini tapmışdır. Şəxsi hesab vərəqəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh də həmin halları təsdiq edir. Cavabdeh, Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********09900 saylı İddiaçı MTK-ya ünvanladığı məktubunda göstərilir ki, MTK-nın tikdiyi A bloku ilə əlaqədar hesablanmış və vaxtı çatmış öhdəliklər üzrə sadələşdirilmiş verginin büdcəyə ödənilməsi təmin edilmişdir. Bundan başqa, təkrarən, Vergilər Nazirliyinin xx.xx.2019-cu il **********983800 saylı İddiaçı MTK-ya ünvanladığı məktubunda göstərilir ki, MTK-nın a bloku üzrə hesablanmış sadələşdirilmiş verginin büdcəyə ödənişi təmin edilmişdir. (qərarın 5-ci səhifəsi). Cavabdeh qeyd edilən sübutları təsdiq edir. Göründüyü kimi, İddiaçı MTK tərəfindən tikilmiş 18 mərtəbəli binaya görə Vergilər Nazirliyi tərəfindən vergi hesablanmış və MTK-nın müraciəti əsasında 2017-ci ildə sökülmüş 2 mərtəbə nəzərə alınmaqla vergi öhdəliyi azaldılmışdır. Azaldılma şəxsi hesab vərəqəsində də əksini tapmışdır. Beləliklə sübut olunur ki, MTK-nın 2019-cu ilin əvvəlində Vergi öhdəliyi tam olaraq ödənilmişdir. Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda binanın layihəsinə edilmiş dəyişiklik təqdim edildiyi halda məsələyə yenidən baxılacağı arasındakı mövqeyi ilə, binada edilmiş dəyişiklik və buna görə də vergi öhdəliyinin azaldılması barəsində cavabdehin qəbul etdiyi hallar arasında ziddiyyət vardır. Cavabdehə tikilmiş binada edilmiş dəyişiklik 2017-ci ildən məlum idi. Cavabdeh həmin halı nəzərə alaraq, sonradan mansarda görə yaranmış 49 914,22 manat təşkil edən vergi öhdəliyini əvvəlki dövrə aid etmədən yeni yaranmış vergi öhdəliyi kimi qəbul etməli idi. Cavabdehə qeyd edilən hallar məlum olsa da, daha doğrusu özünün iştirakı ilə sənədləşdirilmiş halları nəzərə almalı olduğu halda bunu etməklə, iddiaçıya əsassız olaraq faiz hesablamışdır. Cavabdeh yeni yaranmış vergini tam olaraq ödəmiş, lakin əsassız hesablanmış faizlərin silinməsi barəsində iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə cavabdehin elektron vergi sistemi ilə hesablandığına görə ona toxunmaq olmaz, və eləcə də dəqiqləşdirilmiş bəyannamə müddətindən 3 il vaxt keçdiyinə görə dəqiqləşdirilmə qəbul edilə bilməzdi. Müddətin keçməsi barəsində də cavabdehin mülahizəsi və məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 49 914,22 manat vergi öhdəliyi 2019-cu ildə, binanın mansardına görə əmələ gəlmişdir. Belə olan halda öhdəliyin 3 il əvvəl əmələ gəlindiyi mülahizə tamamilə əsassızdır. Həmçinin, hesablanmış faizlər də düzgün hesablanmayıbdır. Vergi Məcəlləsinin 59.2-ci maddəsində açıq aşkar göstərilir ki, "bu məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.” Cavabdeh isə göstərir ki, faizlər 4 il müddətinə hesablanıbdır. Hətta, faizlər əsassız olaraq hesablansa belə vergi məcəlləsinə görə 1 ildən çox olmamaq şərti ilə hesablana bilərdi, cavabdeh isə bütün illər üzrə əsassız faiz hesablamaqla MTK-ya cərimə tətbiq etmişdir. Vergilər Məcəlləsinin 77.3-cü maddəsində göstərilir ki, “Vergi ödəyicisi vergi qanunverciliyinin tələblərinə uyğun olaraq vergi ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərini yerinə yetirilməsi üçün cavabdehdir”. Yuxanda qeyd edildiyi kimi, 49 914,22 manat vergi öhdəliyi 2019-cu ildə yaranmışdır. Cavabdeh inzibati orqan apelyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 2 ünvanında 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinə icazə verilmişdir. Əvvəlcə binanın 17 mərtəbə və əlavə mansard sahəsindən ibarət olması nəzərdə tutulan binanın 12662,02 kv.m. yaşayış və 1002,9 kv.m. qeyri-yaşayış sahəsi olmaqla ümumi 13664,92 kv.m. sahə üzrə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-ci ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49914,3 manat artırılmışdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, tikintisinə 2015-ci ildə sərəncam verilmiş binanın sahəsinin 2019-cu ildə artırılması ilə bağlı 2019-cu ildə yeni vergi bəyannaməsi verilməli olduğu halda vergi ödəyicisi texniki səhvə yol verərək 2016-cı ilin İİ rübü üzrə vergi bəyannaməsinə dəqiqləşdirmə təqdim etmiş və bəyan edilmiş binanın sahəsini, о cümlədən ödənilməli olan verginin məbləğini artırmışdır. Məhz bu səbəbdən vergi orqanı dəqiqləşdirilmiş məbləğ üzrə faiz məbləğinin hesablanmasında haqlı olmamışdır. İddiaçının qeyd edilən dəlili ilə bağlı bildirirlər ki, işin faktiki hallarından da məlum olduğu kimi binanın artırılmış sahəsi üzrə vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək ödənilməli verginin 49914,22 manat artırılması şəxsi hesab vərəqəsi üzrə həmin məbləğə mütənasib faiz məbləğinin hesablanmasına səbəb olmuşdur. Belə ki, dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək əvvəlki dövrdə bəyan vergi məbləğinin artırılması əsl bəyan edilməli verginin azaldılması kimi qəbul edildiyindən artırılmış məbləğə faiz hesablanır. Daha sonra vergi ödəyicisi yenidən dəqiqləşdirilmiş BTSV bəyannaməsi vermək istəsə də, vergi qanunvericiliyi ilə müəyyən edilmiş dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi müddətini ötürdüyündən, dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən qəbul olunmamışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Qanunvericiliyin qeyd edilən normasının tələbindən də aydın olduğu kimi vergi ödəyicisi 2016-ci ilin İİ rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsini 2019-cu ilin iyul ayının 20-dək təqdim etmək hüququna malikdir. Qeyd edilən müddət ötürüldükdən sonra həmin dövrdə dəqiqləşdirilmiş vergi bəyannaməsi verilə bilməz. Qeyd edilənlər vergi ödəyicisinə iddiaçı kassasiya şikayətinin dəlillərində əsasən binanın sahəsinin sonradan artırılmasını və vergi orqanının bu barədə məlumatlı olmasını vurğulanmasına baxmayaraq, məhkəmənin diqqətinə çatdırırlar ki, işin mübahisəli olan həll binanın sahəsinin artırılması deyildir, məhz vergi ödəyicisinin özünün hərəkətləri ilə bağlı yaranan nəticədir. Başqa sözlə, mübahisələndirilən faiz məbləğinin yaranması əsası vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamədir və yenidən təqdim edilən dəqiqləşdirilmiş bəyannamənin qəbul edilməməsi vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlıdır. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim olunduğu gündən etibarən 4 il üzrə faiz məbləği hesablanmaqda davam etmişdir və qeyd edilən hal Vergi Məcəlləsinin 59.1-ci maddəsinin pozulması ilə nəticələnmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********6A saylı sərəncamdan görünür ki, İddiaçı MTK-nın "xxxx" ASC-dəki AZ64GUNA**********10000000 saylı hesabına sərəncam qoyulmuşdur. İş materiallarında olan vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********1A saylı sərəncamla İddiaçı MTK-nın "xxxx" ASC-dəki AZ32PAHA40030AZNHC********** saylı hesabına sərəncam qoyulmuşdur. İş materiallarında olan vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********8D saylı sərəncamla İddiaçı MTK-nın "xxxx" ASC-dəki AZ25NABZ******************** saylı hesabına sərəncam qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 505 saylı sərəncamından görünür ki, İddiaçınə yaşayış binalarının tikintisinin layihələndirilməsi icazə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 550 saylı sərəncamından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 60 saylı müraciəti, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq ünvan 4 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün İddiaçı MTK-ya icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli “müraciətə baxılmasının nəticəsi barədə” məktubu ilə iddiaçıya bildirilmişdir ki, tərəfinizdən təqdim edilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə Məlumat Forması”nda tikinti quraşdırma işlərinə başlanılma tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. Odur ki, tərəfinizdən "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" 2016-cı ilin 2-ci rübü üçün təqdim edilmişdir. Tərəfinizdən təqdim olunmuş bəyannamənin “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin vergi hesabatı dövrünün qurtarmasından 3 ildən artıq müddət keçdiyini nəzərə alaraq qeyd olunan bəyannamə ilə hesablanmış vergi məbləğinin yenidən hesablanması və dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi qanunamüvafiq hesab edilmir. Həmçinin bildirilir ki, binanın layihəsinə edilmiş dəyişikliklər, eləcə də təsdiqlənmiş yeni layihə forması araşdırmaya təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər”. İş materiallarında olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı MTK xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. İş materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı MTK xx.xx.2016-cı il tarixdə ƏDV qeydiyyatının ləğvi üçün ərizə ilə müraciət etmiş və xx.xx.2016-cı il tarixdən etibarən əlavə dəyər vergisindən azad olunmuş, xx.xx.2016-cı il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin vergi tutma metodu barədə məlumat formasını təqdim etmiş və cari hesabatı xx.xx.2016-cı ildə təqdim etmişdir. Yoxlama məktubunuzda tələb etdiyiniz kimi həmin dövr üçün dəqiqləşdirilmiş hesabatı qoşmada sizə göndəririk və bir daha bildiririk ki, dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi Xüsusi Dövlət Mühafizə Xidməti və Bakı şəhər İcra Hakimiyyətinin tələbinə uyğun olaraq binanın son iki mərtəbəsinin sökülməsi ilə əlaqədar olmuşdur. Hesabatı qəbul edib azalmanı nəzərə almağınızı xahiş edirik”. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı Mənzil Tikinti Kooperativinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********309900 saylı məktubla bildirilmişdir ki, “tərəfinizdən inşa edilən yaşayış binası üzrə vergilərin ödənilməsinə dair məlumatın verilməsi barədə müraciətlərinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. İddiaçı MTK (VÖEN: **********) sədələşdirilmiş vergi ödəyicisidir və kooperativ tərəfindən ünvan 7 ünvanlarında inşa edilən yaşayış binasının A bloku ilə əlaqədar hesablanmış və vaxtı çatmış öhdəliklər üzrə sadələşdirilmiş verginin büdcəyə ödənişi təmin edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı Mənzil Tikinti Kooperativinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********983800 saylı məktubla bildirilmişdir ki, “tərəfinizdən inşa edilən yaşayış binası üzrə vergilərin ödənilməsinə dair məlumatın verilməsi barədə müraciətinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. İddiaçı MTK (VÖEN: **********) sadələşdirilmiş vergi ödəyicisidir və kooperativ tərəfindən ünvan 8 ünvanında inşa edilən yaşayış binasının A bloku ilə əlaqədar hesablanmış sadələşdirilmiş verginin büdcəyə ödənişi təmin edilmişdir”. İşdən görünür ki, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergilər Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan kooperativlərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğındəki vergi borcu barəsindəki hesabatının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməsi, 49.914,22 manata vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələrini tətbiq etmişdir: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. 221.3.1. Bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli 550 saylı sərəncamı ilə İddiaçı MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, İddiaçı MTK (VÖEN: **********) sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ünvan 8 ünvanında inşa edilən yaşayış binasının tikintisi ilə bağlı cavabdeh vergi orqanına xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rüb oldugundan sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verməli və həmin müddətdə vergini dövlət büdcəsinə ödəməlidirlər. İddiaçı isə xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmiş, bunun səbəbini isə “vergi əməkdaşlarının təkidi və öz mühasibinin səhvi” kimi əsaslandırmaga çalışmışdır. Buna görə də vergi məbləği dəqiqləşdirilmiş bəyannamə ilə 49.914,3 manat artırıldığından gecikməyə müvafiq faizlər hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixdə 49.914,3 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş bəyannaməyə əsasən düzgün hesablamışdır. Belə olan halda, vergi orqanı tərəfindən həmin məbləğin hesablanması iddiaçının iradə ifadəsinin nəticəsi olduğu üçün qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin də həmin məbləğə faizlərin hesablaması ilə bağlı cavabdehin hərəkətləri vergi qanunvericiliyinin yuxarıda göstərilən müddəalarına uyğundur. Odur ki, iddiaçının mansard mərtəbəsinin tikintisi üçün sadələşdirilmiş vergi üzrə faktiki olaraq sonradan, yəni 2019-cu il iyununda yaranan 49.914,22 manat vergi borcu hesabatının cavabdeh vergi orqanı tərəfindən qəbul edilməsi və həmin vergi öhdəliyinə görə hesablanmış 37.689,60 manat faizlərin silinməsi barədə iddiası əsassız oldugundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən olunur ki, tikintisinə 2015-ci ildə sərəncam verilmiş binanın sahəsinin 2019-cu ildə artırılması ilə bağlı vergi ödəyicisi xx.xx.2019-cu il tarixdə 2016-cı ilin 2-ci rübü üzrə dəqiqləşdirilmiş bəyannamə vermişdir. Bunun əsasında da vergi ödəyicisinə əlavə olaraq faiz məbləği hesablanmışdır. Yəni binanın sahəsinin 2019-cu ildə artırılması ilə bağlı vergi ödəyicisi xx.xx.2019-cu il tarixdə 2016-cı ilin 2-ci rübü üzrə dəqiqləşdirilmiş bəyannamə verdiyindən köhnə dövrə yaranmış borc məbləğinə görə əlavə faiz məbləği hesablanmış və buda öz əksini şəxsi hesab vərəqəsində tapmışdır. Sonradan vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilsə də vergi orqanı tərəfindən bəyannamə qəbul edilməmişdir. Vergi orqanı tərəfindən buna səbəb Vergi Məcəlləsinin 85.5-ci maddəsi göstərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Qanunvericiliyin qeyd edilən normasının tələbindən də aydın olduğu kimi vergi ödəyicisi 2016-ci ilin İİ rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsini 2019-cu ilin iyul ayının 20-dək təqdim etmək hüququna malikdir. Qeyd edilən müddət ötürüldükdən sonra həmin dövrdə dəqiqləşdirilmiş vergi bəyannaməsi verilə bilməz. Sonradan vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi Bəyannaməsinin təqdim edilməsinin səbəbi isə həmin bəyannamənin səhv verildiyi, yəni 2016-cı ilin 2-ci rübü üzrə dəqiqləşdirilmiş bina tikintisi fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi Bəyannamədə göstərilən vergi məbləğinin binanın sahəsinin 2019-cu ildə artırılması səbəbindən vergi öhdəliyinin həmin dövrə (yəni yeni əlavə tikilinin dövrünə) aid olması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəli olan həll binanın sahəsinin artırılması ilə deyil, məhz vergi ödəyicisinin özü tərəfindən təqdim edilən bəyannamədir və yenidən təqdim edilən dəqiqləşdirilmiş bəyannamənin qəbul edilməməsi vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin müvafiq dövr üzrə qüvvədə olan 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Sözügedən maddənin məzmunundan görünür ki, verginin hesablanması və həmin vergi üzrə bəyannamənin təqdim edilməsi, tikinti sahəsinin hər hansı hissəsinə münasibətdə deyil, hər bir tikintinin ümumi sahəsi üzrə həyata keçirilir. Qeyd edilənlərə əsasən çoxmənzilli yaşayış binasının mansard mərtəbəsinin tikintisi ayrıca tikinti hesab edilmədiyi və tikinti sahəsinin müəyyən hissəsi hesab edildiyi üçün bu sahə üzrə ayrıca bəyannamə deyil, ümumi tikinti sahəsi üçün təqdim edilmiş bəyannaməyə dəqiqləşmə edilməklə bəyannamə verilməlidir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş çoxmənzilli yaşayış binasının mansard mərtəbənin tikintisi üçün hesablanmış vergi borcunu (əsas və faiz borcu) müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında “İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış binasının mansard mərtəbənin tikintisi üçün hesablanmış vergi borcu (əsas və faiz borcu) düzgün hesablanmışdırmı? Əks halda nə qədər hesablanmalıdır?” sualı qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/2889 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında tikilmiş çoxmənzilli yaşayış binasının mansard mərtəbənin tikintisi üçün hesablanmış faiz borcunun düzgün hesablanmaması müəyyən olunur. Həmçinin qeyd edilir ki, vergi ödəyicisi tərəfindən hesablanan əsas borc şəxsi hesab vərəqində düzgün cəmlənməmişdir. Yəni vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixində verdiyi 49.914,22 manat məbləğində hesablanma üzrə vergi borcu məbləği şəxsi hesab vərəqəsinin əməliyyatın növü qrafasında düzgün göstərilsə də qalıq qrafasında düzgün cəmlənməmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsi ilə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulması nəzərdə tutulmuşdur. Lakin 59.2-ci maddədə qeyd edildiyi kimi Vergi Məcəlləsinin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Odur ki, iddiaçının şəxsi hesab vərəqəsinə nəzər saldıqda aydın olur ki, dəqiqləşdirilmiş vergi bəyannaməsi üzrə artırılmış məbləğlə bağlı faiz bir ilə münasibətdə hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh orqan xx.xx.2019-cu il tarixdə 49.914,3 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş bəyannaməyə əsasən düzgün hesablamışdır. Belə olan halda, vergi orqanı tərəfindən həmin məbləğin hesablanması iddiaçının iradə ifadəsinin nəticəsi olduğu üçün qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-374/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-30/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-30/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver