Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-300/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi vəkil X2, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi Vəkil Məmməd oğlunun iştirakı ilə İddiaçı cavabdeh Binəqədi rayonİcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X7) «sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-443/2021 saylı 01.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı 26.11.2009-cu il tarixli sərəncamının X4 (üçüncü şəxs) aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə «iddiaçının qonşusu X1 rayon İcra Hakimiyyəti Başçısının 734 saylı, 20.08.1997-ci il tarixli sərəncamı ilə Rəsulzadə qəsəbəsi ərazisində 600,0 kv.metr torpaq sahəsi fərdi yaşayış evi inşa etmək məqsədi ilə təhkim edilmişdir. Sərəncamın 4-cü bəndində göstərilmişdir ki, tikintiyə evin layihə smeta sənədləri RİH tikinti və memarlıq şöbəsində razılaşdırıldıqdan sonra başlanılsın. İşdən inşa ediləcək fərdi yaşayış evinin layihəsinin RİH ilə razılaşdırılması barədə sərəncamın olması müəyyən edilməsə də, Binəqədi rayon İHB-nın 274 saylı, 26.11.2009-cu il tarixli sərəcamından çıxarışdan görünür ki, X7 tərəfindən 600,0 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınmasına qərar verilmişdir. Binəqədi rayon İHB-nın 274 saylı, 26.11.2009-cu il tarixli sərəcamı X4 aid hissədə qanunsuzdur. Belə ki, M.Qasımov yanğın və digər təhlkəsizlik qaydalarına əməl etməklə evini iddiaçının hasarından aralı tikmək əvəzinə, bir hissəsini onun hasarının üzərində tikmişdir. Evinin kiçik bir hissəsini, hətta, Bakı şəhər Binəqədi rayon İHB-nın 313 saylı, 14.04.1997-ci il tarixli sərəncamı ilə 1970-ci ildən istifadə etdiyi torpaq sahəsinə daxil olmaqla inşa etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən hasar torpaq sahələrinin sərhədlərini ayırmaq məqsədi ilə çəkilir və tikinti obyektinin bünövrəsi ola bilməz və mülki qanunvericilikdə, tikinti norma və qaydalarında bu hal yoverilməzdir. Cavabdeh tikinti norma və qaydalarına əməl edilmədən inşa edilmiş fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınmasına qərar vermişdir. Qeyd olunanların sübutu kimi Binəqədi rayon Məhkəməsinin 2(001)-285/2018 saylı qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14.05.2018-ci il tarixli rəydə 1-ci sual üzrə göstərilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinin sərhəd hasarının üzərində M.Qasımov tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Tikinti və Şəhərsalma Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-443/2021 saylı 01.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85.1-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə iddianın rədd edilməsi əsassızdır. Daha sonra, iddia ərizəsində qeyd edilənlərə əsaslanaraq iddiaçı göstərmişdir ki, ona ayrılmış torpaq sahəsinin sərhəd hasarının üzərində üçüncü şəxs M.Qasımov tərəfindən inşa edilmiş fərdi yaşayış evinin «Tikinti və Şəhərsalma» Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil E.Qanbayev apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, eyni zamanda, iddiaçı məhkəmənin suallarını cavablandırarkən bildirmişdir ki, əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaldırdığı “üçüncü şəxs M.Qasımov tərəfindən inşa edilmiş evin qeydiyyata alınması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz edilməsinə dair iddiaya dair işə baxılmasında iştirak etdiyini və həmin iş üzrə qəbul olunmuş məhkəmə qərarları tanış olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən sərəncamın 2009-cu il tarixində qəbul olunduğu halda, üstündən 10 il keçdikdən sonra iddiaçı tərəfindən həmin sərəncamın mübahisələndirilməsini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia tələbinin iş materiallarına əsasən sübuta yetirildiyini qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, İPM-in qeyd olunan 32.1-ci maddəsinin tələbi baxımından, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı 26.11.2009-cu il tarixli sərəncamını X4 (üçüncü şəxs) aid hissədə ləğv edilməsini tələb etmişdir. İPM-in 38.1-ci maddəsindən isə görünür ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 74/2019 saylı, 21.08.2019-cu il tarixli qərarı ilə: “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı X8 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun cavabdeh idarə tərəfindən qeydiyyata alınması hərəkətlərinin qanunsuz hesab edilməsi, bununla bağlı verilmiş ******* nömrəli 15.02.2010-cu il tarixli çıxarışın və 13.02.2010-cu il tarixli texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir (Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-118/2020 saylı 22.01.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən 21.08.2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, hazırkı İddiaçı və üçüncü şəxs M.Qasımovun iştirakı ilə baxılmışdır və həmin işdə hazırda mübahisələndirilən Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı 26.11.2009-cu il tarixli sərəncamı məhkəmənin araşdırma obyekti olmuşdur. Həmin qərarın təsviri hissəsində (iş vərəqi 61, qərarın 2-ci vərəqi 2-ci abzas) göstərilir ki, “...cavabdeh “məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, müvafiq daşınmaz əmlaka dair cavabdehə müraciət daxil olmamışdır. Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 26.11.2009-cu il tarixli 274 nömrəli sərəncamı əsasında X10 oğlunun adına mülkiyyət hüquqları 16.02.2010-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır...”“ Qərarın əsaslandırıcı hissəsində isə (iş vərəqi 62, qərarın 3-cü vərəqi 6-cı abzas məhkəmə iş materiallarında olan həmin sərəncamı tədqiq edərək göstərmişdir ki, “... Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 274 nömrəli 26.11.2009-cu il tarixli sərəncamının 1.9-cu bəndinə əsasən vətəndaş X3 istifadəsində olan 600 kv.m torpaq sahəsində (torpaq sahəsinin planı və ölçüsü Ano 221263), M.ƏRəsulzadə qəsəbəsi, C.Cabbarlı küç., ev 43Q ünvanda (Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu No 18/03-8/75, 05.01.05) inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evi (RİH tərəfindən razılaşdırılmış layihəyə Bakı şəhər EM-dən təqdim edilmiş rəy: 08.07.05.No 922-E/5) onun xüsusi mülkiyytinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır...” 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tədqiq olunan 21.08.2019-cu il tarixli qərarı ilə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının iştirakı ilə baxılmış həmin işdə hazırkı iş üzrə cavabdehin mübahisələndirilən qərarı iş materiallarında mövcud olmuş, qərarda da həmin sərəncamın tədqiqatı aparılmış, münasibət bildirilmişdir. Hazırkı işə baxılmasında iştirak edən iddiaçının qeyd olunan izahatından da göründüyü kimi, həmin məhkəmə iclasında iştirak etdiyini və qərarı aldığını və onda yazılanlardan məlumatlı olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq hüququna malikdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, ən azından iddiaçının əvvəllər onun iştirakı ilə baxılmış iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının qəbul edildiyi 21.08.2019-cu il tarixindən cavabdeh inzibati orqanın mübahisələndirilən 274 nömrəli 26.11.2009-cu il tarixli sərəncamından məlumatlı olmuş, iş materiallarında olan həmin sərəncamla tanışlığı olmuş və onun surətini çıxarmaq üçün prosessual hüquqlara malik olmuş, başqa sözlə, həmin tarixdən həmin sərəncamla hüquqlarının pozulduğunu bilmiş və ya bunu bilməli idi. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin mübahisələndirilən sərəncamının 21.08.2019-cu il tarixinə qədər iddiaçıya təqdim olunmuş kimi və həmin sərəncamla onun hüquqların pozulduğunu bilmiş kimi qiymətləndirilməlidir. Belə olan halda isə həmin sərəncamı mübahisələndirmək üçün İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddəti buraxılmış olur. Çünki, iş materiallarından görünür ki, iddiaçı mübahisəlndirən qərarın ləğv tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 12.12.2019-cu il tarixində müraciət etmiş, bununla da iddia müddətini 2 ay yarımdan da çox ötürmüşdür. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə də iddia müddətinin ötürülməsi ilə verildiyindən hazırkı iddianın əsaslandırılmış iddia kimi qiymətəlndirilməsi və onun məhkəmə icraatı mümkünlüyü istsna edilir. İPM-in 35.1-ci maddəsinin tələbindən isə görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, əks halda, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını zəruri edən faktiki şərtlərin şərtlərin mövcudluğu öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi tərəfindən isə iş materialları hərtərəfli araşdırmamış, işin əhəmiyyət kəsb edən halları, o cümlədən, iddianın mümkünlüyünə dəlalət edən bütün faktiki hallar aydınlaşdırılmamış, işə əlavə olunmuş məhkəmə qərarları ətraflı tədqiq olunmamış, iddia müddətinə riayət olunub-olunmadığı tədqiq edilməmiş, müddət keçdiyi halda işə mahiyyəti üzrə işə baxılmış, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmaqla qərar qəbul olunmuşdur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə, birinci instansiya məhkəməsinin qərarı ilə onun tələbinin rədd edilməsi ilə razılaşmayaraq onun ləğvini tələb edən hisəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-443/2021 saylı 01.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmamaması barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-443/2021 saylı 01.07.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-300/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-300/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver