Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-300/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6241/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsində yaranmış 5660,20 manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1) İddianın əsaslarına görə iddiaçı xx.xx.2012-ci il il tarixdən onun adına açılan (VÖEN: **********) hesaba uyğun olaraq xx.xx.2019-cu il tarixinədək vergilər ödəmişdir. Ona məlum olmuşdur ki, ödənilmiş vergilər haqqında məlumat cədvəlində, ümumilikdə, dövlətə 5660.2 (beş min altı yüz altmış manat iki qəpik) manat artıq vergi məbləği ödəmişdir. Bir neçə dəfə Dövlət Vergi Xidməti İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdən fəaliyyətini 5 (beş) il müddətinə dayandırdığını və fəaliyyətinin bərpa olunma tarixi xx.xx.2021-ci il tarixi olmasına baxmayaraq, növbəti beş ildə fəaliyyətə başlamaq niyyətinin olmadığını göstərmişdir.14 noyabr 2019-cu il tarixində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə yazdığı ərizəsində qeyd etmişdir ki, hal-hazırda onun vergi üzrə şəxsi hesab vərəqəsində artıq ödəmə hesabına 4082.10 manat vəsaiti vardır. Bu barədə Dövlət Vergi İdarəsinin rəhbərliyindən xahiş etmişdir ki, həmin vaxt işsiz olduğuna və səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq həmin vəsaitin özünə qaytarılmasına göstəriş verilsin. Həmin ərizəni qəbul edən cavabdeh tərəfindən ona göstəriş verilmişdir ki, “Kapital Bank”la Xüsusi şərtlər hesabına dair müqavilə bağlasın. O da, xx.xx.2019-cu il tarixində “Kapital Bank”ın Xətai filialı ilə həmin müqaviləni bağlayaraq vergilər idarəsinə ödədiyi artıq ödəmənin onun hesabına köçürülməsi üçün hesab açdırmış (“Kapital Bankla bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surəti əlavə edilir), lakin bu günədək onun hesabına bir qəpik də olsun pul köçürülməmişdir. xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarla (məktubların surətləri əlavə edilir) müraciətlərinə başdansovdu cavablar verilmiş, bununla da qanunla müəyyən edilən hüquqları pozulmuşdur Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2019cu il tarixli **********235300 nömrəli, xx.xx.2020-ci il tarixli **********618500 nömrəli və xx.xx.2020-ci il taixli **********618501 nömrəli artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı müraciətlərə əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə ərizələrdə artıq ödəmələrin adı, təsnifat kodları, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəblərinin qeyd edilmədiyi, o cümlədən sonuncu müraciətə cavab olaraq ödəniş tarixindən 5 ildən artıq müddət keçdiyi qeyd edilmişdir. Qeyd edilənlərlə əlaqədar fiziki şəxs İddiaçı yuxarıda qeyd edilmiş artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı müraciətlərinin icrası mümkün olmamışdır və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********834600 nömrəli, xx.xx.2020-ci il tarixli **********243000 nömrəli və xx.xx.2020-ci il tarixli **********609900 nömrəli məktublar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia iddia qismən təmin edilmiş və İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 172.09 (bir yüz yetmiş iki manat doqquz qəpik) manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qismən təmin edilməsi barədə qərarını ləğv edib, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən 10 oktyabr 2019cu il tarixədək vergi ödəyicisi olaraq 5660,2 manat artıq ödəmə etmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri Zaur İmranovun xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilən ödənilmiş vergilərə dair cədvəllə də 5660,2 manat artıq ödəmə təsdiq edilir. Məhkəmə qərar qəbul edərkən cavabdeh İdarənin rəis müavini Zaur İmranovun artıq ödənilmiş vergi məbləği barədə 31 mart 2021ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda iddia olunan bütün müddət nəzərə alınmamışdır. 2019-cu ildə məhz, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən ona bildirilmişdir ki, artıq ödənilmiş vergi məbləği 4082,19 manat təşkil edir və həmin pulu geri qaytara bilərlər. O, həmin pulun qaytarılması üçün müvafiq ərizə ilə vergi qurumuna müraciət etmiş və bunun üçün Kapital Bank ASC-nin Xətai filialında adına hesab açdırmış, lakin pulu geri ödənilməmişdir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış və qanunun tələblərinə zidd əsassız qərar qəbul edilmişdir. Odur ki, həmin qərar ləğv edilməli və qanunun tələbinə cavab verən, iddianın tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-633/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmıhşdır. İddiaçı S.Məhərəmov həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1155/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar baxılmasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli iddiaçının iddia edilən məbləğdə artıq ödəməsinin mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qəarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, Ali Məhkəmənin qərarından irəli gələn hüquqi mövqeyini nəzərə almaqla iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 96.11ci maddəsinə əsasın mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə iş üzrə qərarında qeyd olunan hüquqi mövqeyi aşaşağıdakılardan ibarət olmuşdur: “... İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehə şəxsi hesab vərəqəsində olan artıq ödəməni qaytarılması ilə bağlı müxtəlif vaxtlarda müraciətlər etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli ilkin müraciətə verdiyi cavabında iddiaçının təqdim etdiyi ərizənin lazımi qaydada tərtib olunmamasına, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli müraciətlərinə cavabında Vergi Məcəlləsinin 85-ci maddəsinə istinad edərək 5 illik tələbetmə müddətinin keçməsinə, xx.xx.2020-ci il tarixli müraciətinə cavabda həm ərizənin lazımi qaydada tərtib olunmamasına, həm də artıq ödəmə məbləğinin bir hissəsi ilə bağlı 5 illik tələbetmə müddətinin keçməsinə istinad edərək ərizələrin icrasından imtina etmişdir. İddiaçının cavabdehə ilk dəfə xx.xx.2019-cu il tarixdə müraciət etdiyi işin mübahisələndirilməyən halı olub iş materialları ilə də təsdiqlənir. Cavabdeh iddiaçının ərizəsini icra etməkdən imtina edərkən ərizənin lazımi qaydada əsaslandırmamasına, nöqsanlar aradan qaldırıldıqdan sonra isə müddətin keçməsinə istinad etməklə “İnzibati icraat haqqında” Qanunun 15 və 23-cü maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrin tələbinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. ...İddiaçının cavabdehə xx.xx.2020-ci il tarixli müraciətinin ilkin müraciət kimi qəbul edilməsi inzibati icraatın mühüm prinsiplərinin (formal tələblərdən sui-istifadənin qadağan olunması, İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) tələblərinin, buradan, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. 33. Belə olan halda, iddiaçının xx.xx.2020-ci il tarixə deyil, xx.xx.2019-cu il tarixə artıq ödəməsinin məbləği müəyyən edilməli idi...” İşin apellyasiya qaydasında təkrar araşıdırılması zamanı işdə olan, hazırda məhkəməyə təqdim olunmuş sənədlərə və tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, həqiqətən də İddiaçı cavabdeh vergi orqanına şəxsi hesab vərəqində yaranmış artıq ödəmənin geri qaytarılması barədə ilkin müraciətini xx.xx.2019-cu il tarixdə etmiş və onun həmin müraciəti cavabdeh tərəfindən belə cavablandırılmışdır ki, müraciətində qeyd ounan artıq ödəmənin adı, təfsilat kodları, yaranma tarixləri, səbəbi qeyd edilmədiyi üçün müraciətin icrası mümkün deyildir. (İş vərəqi 3-4). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iddiaçının xx.xx.2019-cu il tarixdən əvvəlki 5 il, yəni xx.xx.2014 - xx.xx.2019 dövrü üçün artıq ödədiyi vergiləri, faizləri və maliyyə sanksiyaları məbləğinin qaytarılmasını tələb etmək hüququna malik olması aydın görünür. İddiaçının iş materiallarında olan və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş şəxsi hesab vərəqəsinə əsasən isə müəyyən olunur ki, onun cavabdehə ilkin müraciət etdiyi xx.xx.2019-cu il tarixdən 5 il əvvəlki xx.xx.2014-cü il tarixinə qədər mövcud olan artıq ödəməsi 2.668,65 manat təşkil etmiş, 5 il sonra isə xx.xx.2019-cu il tarixinə qeydə alınan artıq ödəməsi isə 4.082,19 manat məbləğində qeydə alınmışdır. Onun həmin xx.xx.2019cu il tarixində qeydə alınan 4.082,19 manat məbləğində artıq ödəməsindən, xx.xx.2014-cü il tarixinədək olan 5 illik müddəti keçmiş 2.668,65 manat məbləğində artıq ödəməsini çıxdıqda, Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 illik tələbetmə müddəti keçməyən 1455,54 manat məbləğində artıq ödəməsinin mövcud olduğu müəyyən olunur. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın: 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. 4.1.3-cü bəndinə əsasən Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər... 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. 4.10-cu bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən AR Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Beləliklə də, «Qaydalar»ın qeyd olunan müddəalarından göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki 5 ildə yaranmış 1455,54 manat məbləğində artıq ödəməsini ona qaytarılmasını təmin edilməsi üçün tədbirlər görmək xidməti vəzifəsindən irəli gəlirdi. Lakin bu istiqamətində passivlik nümayiş etdirmiş, Qaydaların qeyd olunan tələblərinə müvafiq olaraq vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etməmiş, belə rəyi tərtib edib. o cümlədən, bir nüsxəsini də Maliyyə Nazirliyinə göndərməli olduğu halda, iddiaçının xx.xx.2019-cu il tarixli müraciətini təmin etməkdən formal əsaslarla imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinin tələbinə görə inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Beləliklə də cavabdeh vvergi orqanı qanunvericiliklə üzərinə düşən öhdəlyini yerinə yetirməmiş, yəni, iddiaçının qeyd olunan dövr üzrə yarınmış artıq ödəməsinin ona qaytarılması üçün zəruri tədbirləri görməmiş, bununla da iddiaçının qanunla qorunan hüuqunu pozmuşdur. İPM-in 34.1-ci maddəsi də məhz nəzərdə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını gəldiyi nəticənin işin hallarına uyğun olmadığını mübahisələndirən və qərarın qismən təmin edilən hissəsindən narazı qalan dəlilləri razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6241/2021 saylı qərarı dəyişdirilməli, iddia qismən təmin edilməli, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 1455,54 manat (bir min dörd yüz əlli beş manat 54 qəpik) artıq ödənilmiş məbləğin qaytarılması barədə rəyin (o cümlədən, bir nüsxəsinin Maliyyə Nazirliyinə) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qalan hissədə isə iddianın təmin rədd edilməsi” barədə qərar qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6241/2021 saylı qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 1455,54 manat (bir min dörd yüz əlli beş manat 54 qəpik) artıq ödəmə məbləğin ona qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-300/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-300/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver