Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3000/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvanı-AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi, ev 8, qanuni təmsilçi-X3, dövlət qeydiyyatına alındığı tarix- 21.02.1995-ci il) cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi və icra ödənişinin tutulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7138/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC 03.06.2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 09 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra ödənişinin ödənilmiş 100.000 ABŞ dolları məbləğinin 7 faizi həcmində tutulmasını xahiş etmişdir. Şikayət ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə borclu “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-dən 244.153,42 ABŞ dolları və 3.654 Ukrayna qrivnasının tutularaq X2 Cəhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən borcluya 20 sentyabr 2017-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin ödənilməsi barədə bildiriş göndərilmişdir. Qeyd edilir ki, 12 mart 2020-ci il tarixdə borclu və tələbkar arasında tələbkara 100.000 ABŞ dolları pul vəsaitinin ödənilməsinə dair barışıq sazişi imzalanmış və bunun əsasında göstərilən məbləğ tələbkara ödənilmişdir. Bu hal "xxxx" ASC-nin xaricə köçürməyə dair ərizəsi ilə rəsmiləşdirilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 9 fevral 2021-ci il tarixli qərarı ilə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-dən 17.090,73 ABŞ dolları və 255,78 Ukrayna qrivnası məbləğində icra ödənişinin tutulması və icra ödənişi məbləğinin 25%-i dövlət büdcəsinə, qalan hissəsinin isə icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icra məmuru tərəflər arasında razılaşma əldə edildikdən sonra 9 fevral 2021-ci il tarixli qərarı qəbul etmişdir. İcra məmuru tələbkarla borclu arasında bağlanmış razılaşmaya nəzər yetirmədən, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğə dair icra ödənişini tutmağa qərar vermişdir. Bu barədə dəfələrlə ona yazılı və şifahi məlumat verilmiş və müvafiq icra ödənişinin tələbkara ödənilmiş məbləğə uyğun tutulması xahiş edilmişdir. Lakin bütün bu halları nəzərə almadan icra məmuru icra ödənişinin ödənilmədiyini əsas gətirərək icraata xitam verməmişdir. «İcra haqqında» AR Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 9 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra ödənişinin ödənilmiş 100.000 ABŞ dolları məbləğinin 7 faizi həcmində tutulmasını xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7138/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7138/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı işin predmetini İcra qurumunun müvafiq qərarının ləğv edilməsindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 85.1-ci maddəsinə görə icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından, o cümlədən “icra ödənişinin alınması barədə” qərarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7138/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3000/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3000/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver