Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3000/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2470/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 59 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində 25 il qüsursuz hərbi xidmət keçmiş, İ qrup Qarabağ əlilidir. xx.xx.2006-cı ildə Bakı şəhəri Nizami bələdiyyəsinin 11 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi 99 (doxsan doqquz) illik icarə hüququ əsasında istifadəsinə verilmişdir. Bununla bağlı xx.xx.2006-cı ildə Nizami bələdiyyəsi ilə icarə müqaviləsi bağlanılmışdır. 30 mart 2007-ci ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsində fərdi evin tikilməsinə icazə verilməsini xahiş etmiş və Nizami Rayon İcra Hakimiyyəti başçısının 132 nömrəli sərəncamına əsasən fərdi evin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2007-ci il tarixli, 441 saylı Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın dövlət reyestrində alınmalı olduğu halda bu günə kimi mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Bununla bağlı mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 nömrəli qərarında torpaq sahəsinin icarə hüququ əsasında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsində yüksəkmərtəbəli binanın inşa edildiyi, həmçinin sənəd üzrə ölçüsünün 1200 kv.m, faktiki isə 1146 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinin daxilindən yüksək gərginlikli elektrik xətti və 100 mm-lik qaz xətti keçir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 123 kv.m hissəsi digər fiziki şəxsin - X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 23.1-ci maddələrinə istinad edərək iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2470/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində 25 il qüsursuz hərbi xidmət keçmiş, İ qrup Qarabağ əlilidir. xx.xx.2006-cı ildə Bakı şəhəri Nizami Bələdiyyəsinin 11 №li qərarına əsasən ünvan 3 ünvanında yerləşən 1200m2 torpaq sahəsi 99 illik icarə hüququ əsasında istifadəsinə verilmişdir. Bununla bağlı xx.xx.2006-cı il tarixində Nizami Bələdiyyəsi ilə icarə müqaviləsi bağlanılmışdır. xx.xx.2007-ci il tarixində Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə müraciət edərək həmin torpaq sahəsində fərdi evin tikilməsinə icazə verilməsini xahiş etmiş və Nizami rayonu İcra Hakimiyyətinin başçısının 132 №li Sərəncamına əsasən fərdi evin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 441 saylı Sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalı olduğu halda bu günə kimi mülkiyyət hüququ qeydiyyatı alınmamışdır. Onun torpaq sahəsinin daxilindən yüksək gərginlikli elektrik xətti və 100 mm-lik qaz xətti keçmir. Bütün bunlar cavabdeh tərəfindən imtina məktubunda düzgün qeyd edilməmişdir. Məhkəmədə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamışdır. Onun torpaq sahəsində 1 ev tikilmişdir və ona Çıxarış verilmişdir. Necə olur ki, eyni torpaq sahəsində evin birinə Çıxarış verilir, digərinə isə Çıxarış verilmir? Halbuki, ev tikilib, kommunal xətlər də qoşulmuşdur. Həmin evə kənar şəxslərin heç bir iddiaları yoxdur. Qeyd edilən torpaq sahəsi ona Qarabağ döyüşlərində iştirak etmiş, qazi kimi, yəni İ qrup əlil kimi dövlət tərəfindən verilmişdir. Onun torpaq sahəsinin və üzərindəki evinin qeydiyyatına alınmasında heç kimin hüquqları pozulmur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 saylı qərarının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmış, torpaq sahəsinə uzunmüddətli (99 il) torpaq icarə müqaviləsi bağlanmışdır. -xx.xx.2006-cı il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, icarəyəverən Nizami bələdiyyəsi ilə icarəçi İddiaçı arasında xx.xx.2006-cı il tarixli, 11 №-li qərar əsasında müqavilə bağlanmışdır. -Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2007-ci il tarixli 441 №li sərəncamının surətindən görünür ki, ünvan 7 ünvanda 1200 kv.metr torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 170,0 kv.metr və 1 mərtəbəli, 38.93 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 saylı qərarının Dövlət Arxivinin Bakı Filialında mövcuddur, lakin həmin qərarda İddiaçı barəsində heç bir məlumat yoxdur. -"xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsi "xxxx" ASC-nin balansında olan hər hansı yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. -İşin materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına (qanuni qüvvəyə minmiş) əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Nizami rayonu, E.Süleymanov küçəsi 59B ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. -Həmin qərarın icrası qaydasında İddiaçı adına cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 59B (yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Şamlıq küçəsi, 53) dair müvafiq çıxarış və texniki pasport verilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçı iddia ərizəsində göstərdiyi sənədlərə istinad edərək Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 59 ünvanında yerləşən 2013-cü ildən sonra inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Onun bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin inzibati orqanın imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Hazırkı halda isə iddiaçı fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etsə də, qüvvədə olan əmlak qanunverciliyinin tələblərinə uyğun olaraq həm tikilinin inşa edildiyi torpaq sahəsinə, həm də tikiliyə aid sənədləri (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd) nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 saylı qərarında göstərilən torpaq sahəsi iddiaçıya icarəyə verildiyindən və iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, eyni zamanda fərdi yaşayış evinin layihəsi müvafiq qaydada təsdiqlənmədiyindən yuxarıda istinad olunan normada sadalanan sənədlər kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə Bakı şəhəri Nizami bələdiyyəsi ilə bağlanılması iddiaçıda əlverişli qanuni gözləntinin yaranması ilə nəticələnmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, dövlət orqanı olan Nizami Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə və həmin evin sənədləşdirilməsinə dair müvafiq olaraq sərəncam verməklə, həmçinin razılaşma məktubu ünvanlamaqla etiraz etmədiyini bildirmiş və göstərilən hal işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Bakı şəhəri Nizami bələdiyyəsi ilə müqavilənin bağlanılması iddiaçıda əlverişli qanuni gözləntinin yaranması ilə nəticələndiyindən, həmçinin İddiaçı müvafiq hüquqmüəyyənedici sənədinin olması, Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən tikintisi başa çatmış fərdi yaşayış evinin müvafiq qaydada sənədləşdirilməsinə dair Sərəncamının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, işin məhkəmə araşdırılması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə keçirilmiş yerində baxış zamanı (bununla bağlı mütəxəssis tərəfindən müvafiq müayinə aktı tərtib olunmuşdur) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi A tikilisindən və bir mərtəbəli B tikilisindən ibarət tikililər reyestrdə qeydiyyatdan keçmişdir. İddiaçı onun istifadəsində olan C tikilisinin də reyestrdə qeydiyyatdan keçirilməsini və texniki pasportun verilməsini istəyir. Torpaq sahəsinin bir hissəsində yerləşən və qeydiyyatdan keçməmiş C tikilisi 1 mərtəbəli evdən 9,5 metr aralı yüksəkmərtəbəli yaşayış binası inşa edilmişdir. Torpaq sahəsinə bitişik yerləşən transformator məntəqəsindən C tikilisinə olan məsafə 17 metrdir. C tikilisi inşa olunarkən yüksəkmərtəbəli bina mövcud deyildi (sonradan inşa olunmuşdur). Qaz borusu və elektrik xətti iddiaçıya məxsus olan torpaq sahəsindən kənara çıxarılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus olan eyni torpaq sahəsində yerləşən başqa bir fərdi yaşayış evinə cavabdeh inzibati orqan tərəfindən çıxarış və texniki pasport verilmişdir (məhkəmə qərarı əsasında). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2470/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2470/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 59 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3000/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3000/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver