Məhkəmə qərarları › İş №2-1(103)-3001/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3001/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3001/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8744/2021 saylı, 06 sentyabr 2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.03.2014-cü il tarixli 09/12-172 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.07.1999-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Bakı şəhəri üzrə X6 1 il müddətinə baş əmək müfəttişi vəzifəsinə qəbul olunmuş, 03.01.2000-ci ildə X3 Mərkəzi Aparatında aparılmış struktur dəyişikliyi ilə əlaqədar 03.01.2000-ci il tarixindən Bakı şəhəri üzrə X3 Əməyin mühafizəsinin texniki məsələləri üzrə nəzarət şöbəsinin baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 01.05.2003- cü ildə X4 aparılmış struktur dəyişikliyi ilə əlaqədar, Bakı şəhəri üzrə X3 bazasında 3 №-li bölgə üzrə X7 yaradılmışdır. 28.10.2003-cü ildə “Dövlət qulluğu haqqında” AR qanununa əsasən, 3-ü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 26.05.2011-ci ildə 3№-li bölgə üzrə X3 baş məsləhətçisi-baş əmək müfəttişi vəzifəsindən 2 saylı region üzrə X6 baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 06.06.2011-ci ildə 2 saylı region üzrə X4 baş əmək müfəttişi vəzifəsindən 23 saylı region üzrə X6 baş məsləhətçisi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 01.03.2013-cü ildə “Dövlət qulluğu haqqında” AR qanununa əsasən 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Daha sonra iddiaçı “Dövlət qulluğu haqqında” AR Qanunun 25.2.6-cı maddəsinə (dövlət qulluqçusunun məsuliyyətsizliyi) əsasən tutduğu vəzifədən qanunsuz azad edilmiş və bu barədə 27.03.2014-cü il tarixli 09\12-172 saylı əmrin surəti iddiaçıya təqdim olunmuşdur. 27.03.2014-cü il tarixdə iddiaçıya, işdən azad olunmağı ilə bağlı kadr və kadr hazırlığı şöbəsinin möhürü ilə təsdiq edilmiş və ƏƏSMN-nin kitabında qeydiyata salınmış 09\12-172 saylı əmrin surəti təqdim olunmuş, həmin əmrin özü 23 saylı region üzrə X4 02.04.2014-cü il tarixdə 15 saylı daxil olma nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı iddia ərizəsi ilə birlikdə iddia verilməsi üçün müəyyən edilmiş iddia müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8744/2021 saylı, 06 sentyabr 2021- ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə haqqın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8744/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 mart 2014-cü il tarixli, 09/12-172 nömrəli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 23 saylı region üzrə X3 baş məsləhətçisi-baş əmək müfəttişi İddiaçı 27 mart 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Mübahisə predmeti olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.03.2014-cü il tarixli, 09/12- 172 nömrəli əmri həmin tarixdə iddiaçıya təqdim edilmiş, iddiaçı 09 iyul 2021-ci ildə iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarqlıqla bağl olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər kı, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.03.2014-cü il tarixli, 09/12-172 nömrəli əmri həmin tarixdə iddiaçıya təqdim edilmişdir. Qeyd edilən fakt iddiaçının iddia ərizəsində təsdiq edilmişdir. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini 7 ildən artıq vaxt ötürmüşdür, lakin müddətin buraxılmasma səbəb olmuş halları əsaslandırmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarqlıqla bağl olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddia həmçinin, qeyd edilən halların mövcudluğuna da istinad etməmişdir. Belə olan halda, qanunvericiliyə əsasən müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına yol verilmədiyindən, iddiaçının 7 ildən çox müddət keçdikdən sonra məhkəməyə verilmiş müddətin bərpası ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.03.2014-cü il tarixli, 09/12-172 nömrəli əmri iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə mübahisələndirildiyindən ( 7 ildən sonra) , eyni zamanda iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi məhkəmə qərardadı ilə təmin edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8744/2021 saylı, 06 sentyabr 2021- ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar