Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3001/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, iddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1148/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “imtinanın qanunsuz sayılaraq ona əlillik dərəcəsinin təyin edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığına dəymiş zərərlə bağlı Qarabağ Müharibəsi əlili olmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilib. xx.xx.2021-ci il tarixində təkrar növbəti komissiyadan keçərkən əlillik dərəcəsi azaldılaraq ona “Kəllədaxili travmanın nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, yaddaş zəifliyi ilə, Kəskin ifadə olunan astenonevrotik sindrom. Koqnetiv funksiyaların nəzərə çarpacaq pozulması; Mikozlarda xarici otit. AS-otomikoz. Müştərək daxili çəpgözlük, OS-Daxili çəpgözlük., OUHipermetropiya+1,0D;+1,5D.Diplopiya. Aşağı ətrafların oblitirasiyaedici endoartrit. KAP stendləşmə ilə (1stend xx.xx.2021-ci il) Arterial hipertenziya İİ mərhələ risk çox yüksək. Ürəyin işemik xəstəliyi. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik polinevropatiya, şəkərli diabet tip İİ (insulin tələbli)” diaqnozları ilə müddətsiz İİİ qrup əlil statusu verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi M.Ə.Əfəndiyev adına X12 “Keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya. Vertebro-bazilyar arterial sistem sindromu, kobud hərəki-kordinator pozğunluqla, koqnetiv funksiyaların qabarıq pozulması; Diabetik polinevropatiya kəskin asteno-nevrotik vəziyyət, boyun osteoxondrozu (C3-C5); şəkərli diabet İİ tip; Ürəyin işemik xəstəliyi, koronar stendləşmədən sonrakı vəziyyət Arterial hipertenziya lll dərəcə. xx.xx.2022-ci il stasionardan çıxarış vərəqində qeyd olunub-Xəstə müalicəsini başa çatdırır, vəziyyəti dəyişikliksizdir. Nevropatoloqun daimi nəzarəti altında olmalıdır. Yəni müalicə effekt vermir. xx.xx.2021-ci il tarixdə olunmuş kəllənin nativ (kranial) kompyüter tomoqrafik (KT) müayinəsi zamanı onda-Diffuz serebral atrofiya, xx.xx.2022-ci il tarixdə Elektroensefaloqrafiya (EEQ) müayinəsində Baş- beyin aktivliyinin diffuz dəyişikliyi aşkar olunmuşdur. Bütün bu və digər məlumatlar xx.xx.2022-ci il tarixində 3-cu qrup əlillik statusunun gücləndirilməsi, artırılması üçün forma 88 sənədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq strukturuna göndərilmişdir. Bundan sonra yuxarıda qeyd edilən halların mövcudluğuna baxmayaraq, xx.xx.2023-cü il tarixdə həmin Agentlik tərəfindən çıxarılmış qərarda onun əlilliyinin xx.xx.2023-cü il tarixdən dayandırıldığı qeyd olunub. Səbəb kimi xəstəliklərdən tam reabilitasiya olması, yəni tam sağaldığı göstərilib. Bu da, öz növbəsində onu göstərir ki, komissiya üzvləri instrumental müayinələrin nəticələrini və stasionar müalicə həkimlərinin rəylərini nəzərə almayıblar və ya almağa ehtiyac duymayıblar. O, komissiyanın qərarını qanunsuz və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1148/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəni verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona 2010-cu ldən 2021-ci ilə qədər Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığına dəymiş zərərlə bağlı 2-ci qrup əlillik təyin edilmişdir. Bu 11 il ərzində Səhiyyə Nazirliyinin xəstəxanasında dəfələrlə müayinə olmuş, orada onun döyüş bölgəsində aldığı kəllə-beyin travması təsbit olunmuş və onun fəsadları haqqında ətraflı məlumat yazılmışdır. 2021-ci ildə DTSE və Reabilitasiya Agentliyində növbəti müayinədən keçərkən iddiaçıya aşağıdakı diaqnozla 3-cü qrup əlillik müddətsiz qeyd edilməklə təyin edilmişdir. Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, yaddaş zəifliyi ilə kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, koqnitiv funksiyaların nəzərəçarpacaq pozulması mikozlarda xarici otit, AS-OTOMİKOZ. Müştərək daxili çəpgözlük, OS-daxili cəpgözlük. OH-Hipermetropiya+1,0D;+1,5d.Diplopiya.Aşağı ətrafların obliterasiyadici endoartriti. KAP stendləşmə ilə (1-ci stend xx.xx.2021-cii il) -Arterial hipertensiya İİ mərhələ risk çox yüksək, ürəyin işemik xəstəliyi. -diabetik polinevropatiya İE 10-14 ümumi dördüncü 4 işərəasi ilə) Diabetik polinevropatiya, şəkərli diabet tip İİ insulin tələbli. Əmək zəmanəti qrafasında “Ruhi əsəb gərginliyi olan işlərdə” işləyə bilməz qeyd olunub. İddiaçının İİ qrup əlillik əvəzinə İİİ qrup əlillik təyin olunmasına etiraz edərək DTSE və Reabilitasiya Agentliyinə etiraz məktubuna həmin qurum tərəfindən verilmiş cavab məktubunda ona xx.xx.2021-ci il tarixdə cavab verilmişdir ki, Az.Res. ərazi bütövlüyünün, müstəqiliyin və müddətsiz təyin olunmuş İİİ dərəcə əlillik Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməsi”nin 2.5.25-ci bəndinə uyğun olaraq əsaslı müəyyən edilmişdir. İddiaçı bununla razılaşmayaraq sonuncu tibbi müayinə sənədlərinlə birlikdə əlillik dərəcəsinin gücləndirilməsi, yəni İİ qrup əlil statusunun bərpa olunması ilə bağlı DTSE və Reabilitasiya Agentliyinə rəsmi müraciət etmişdir. Bu onların xoşuna gəlmədi və heç bir əsas olmadan, effektiv müalicə almadığı bir şəraitdə möcüzəvi şəkildə tam reabilitasiya olması haqqında qərar qəbul etdilər. Diaqnoz: kəllədaxili travmaların nəticələri, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Xroniki posttravmatik baş ağrısı, Onurğanın ostexondrozu, İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız. Diqqət edilsə bir il əvvəl insulindən asılı şəkərli diabeti də onlar möcüzəvi şəkildə insulin tələbi olmayan şəkərli diabetə çevirdilər. Kəllə-beyin travmasının sonrakı ensefalopatiya, yaddaş zəifliyini “sağaltdılar”. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, konqretiv funksiyaların pozulması yoxa çıxdı. Əvəzində vegetativ (avtonom) sinir sistemi pozğunluğu “kəşf” olundu. Kəllə-beyin travmasının əsas əlamətlərindən biri olan müştərək daxili çəpgözlük, OS-daxili çəpgözlük diaqnozlarını bilərəkdən qeyd etməmişlər. Eyni zamanda, icad etdikləri şəxsiyyət dəyişikliyi və dərketmə qabiliyyətinin pozulması diaqnozu da ləğv olunmuş və onun heç bir xəstəliyinin olmadığı haqqında saxta, qanunsuz qərar qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsi işdə olan bu nüansları nəzərə almamış, 30 avqust 2023-cü il tarixində Respublika Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinə təqdim olunmuş sənədlər əsasında xəstəlik vəziyyətinin dəqiqləşdirilməsi və cavab hazırlanması ilə bağlı qərardad göndərmişdir. Azərbaycan Respublika Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyi tərəfindən göndərilmiş N 4792 saylı, 30.10.23 tarixli cavab məktubunda göstərilmişdir ki, “Müayinə olunan düzgün bədən quruluşlu, kafi qidalı olub, orta boyludur. Həyat yoldaşının köməkliyi ilə gəzir, güclü baş ağrıları olduğu üçün müvazinətini itirir. Beləliklə, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən o hazırda keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı əlamətləri - F.07.2-postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qarışıq tipli (ayda 11-18) vegetativ krizlərlə, -koqnitiv funksiyaların nəzərə çarpacaq pozulması (MMŞ 18 bal) -E11.7- serebrovaskulyar damar xəstəliyi kobud hərəki, koordinator pozğunluqlarla, H 49.0, H.50.8 şəkərli diabet tip 2 insulin tələbli, çoxsayli ağırlaşmalarla, sol tərəfli gözün hərəki sinirinin iflici, daimi daxili çəpgözlük:İ 20-8-ÜİX stabil gərginlik stenokardiyası İİ f.s. İ10-Arterial hipertensiya İİİ mərhələ. Ekspert tərəfindən hakimin qərardadına verilmiş cavab hakimi nədənsə qane etməmiş, yekun qərar qəbul etmək əvəzinə imtina vermiş, cavabdeh orqana iddiaçını təkrar müayinəyə göndərmişdir. Demək olar ki, eyni tərkibli komissiya heç bir laboratordiqnostik müayinə aparmadan öz imtina qərarını təbii ki, təsdiqləmişdir. Cavabdeh tərəf axırıncı məhkəmə iclasında bütün xəstəlik əlamətlərinin qocalıqla bağlı olduğunu bildirmişdir. 14 il ərzində eyni diaqnoz, əlamətlər olduğu haqda həkim rəyləri bir dəqiqədə qocalıqla əlaqələndirildi. Nəzərə alınmalıdır ki, 2010-cu ildə əlillik təyin olunarkən iddiaçının cəmi 48 yaşı var idi. Öz müddətsiz verdiyi əlillik dərəcəsini bir ildən sonra müalicə alınmayan şəxsin tam reabilitasiya olduğunu bildirən, 48 yaşından kəllə-beyin travması dianozu ilə əlillik statusu olan şəxsin xəstəlik səbəbinin qocalıqla bağlayan bir təşkilatın peşəkar olmaması aydın sübuta yetirilir. Həmçinin nəzərə alınmalıdır ki, gözün müayinəsi zamanı heç bir patoloji əlamət aşkar olunmamış, müştərək və daxili çəpgözlük diaqnozu qoyulmuşdur. Bu onu göstərir ki, daxili çəpgözlük göz xəstəliyi ilə bağlı deyil. Bu alınmış kəllə-beyin travması ilə bağlı nevroloji haldır və sağalmazdır. Məhkəmənin gedişində hakimə iddiaçının ruhi-əsəb sistemininin pozulmasını təsdiq edən 2 saylı X1 xəstəlik tarixçəsindən Çıxarış təqdim olunmasına və orada psixi pozğunluğun kəllə-beyin travmasının nəticəsi olduğu göstərilməsinə baxmayaraq, hakim bunu əhəmiyyətsiz bir kağız parçası sayaraq nəzərə almamışdır. DTSE və Reabilitasiya Agentliyinin guya laborator müayinə apararaq heç bir ağırlaşma olmadığını qeyd etsə də, “Zəfəran Hospitalda” aparılmış müayinə “Aşağı ətraf arteriyalarının aterosklerozu XBT 10/70.2 və şəkərli diabet XBT 10 E 11 qeyd olunmuşdur.sağ ATA, sdol ATA, Peroneal 70- 80% daralmalar izlənib.” xx.xx.2024-cü ildə ürəyində əməliyyat aparılaraq əlavə olaraq 2 ədəd stend qoyulub. Birinci stend 2021-ci ildə qoyulmuşdur. Bu da ağırlaşmaların olmadığı barədə DTSE və Reabilitasiya Agentliyinin verdiyi diaqnozun bir daha dəqiq olmadığının sübutudur. İddiaçıya 2-ci qrup əlillik əvəzinə 3-cü qrup əlilliyin təyin olunmasına ƏƏSMN tabeliyində DTSERA-nın göndərdiyi etiraz məktubunda ona xx.xx.2021-ci il tarixdə verilmiş 3-cü dərəcə əlilliyin Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.25-ci bəndinə uyğun olaraq əsaslı müəyyən edilmişdir. Həmin bənddə yazılıb “etiologiyasından asılı olmayaraq, şəxsiyyət dəyişikliyi və ya dərketmə qabiliyyətinin pozulması”. Nəzərə alınmalıdır ki, xx.xx.2021-ci il tarixdə 3-cü qrup əlilliyin verilməsi ilə bağlı diaqnozlarda belə bir diaqnoz yoxdur. Sual olunur DTSERA bu diaqnozu nəyə istinadən yazmışdır? Həmçinin qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin həmin qərarının 4.2-ci bəndində yazılmışdır ki “ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz təyin edilir.” İddiaçının fasiləsiz olaraq 11 (on bir) il müddətinə eyni əsas diaqnozla və sonrakı ağırlaşmalarla 2-ci qrup (dərəcə) almasına baxmayaraq, DTSERA Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozmuşdur. Göstərilənlər nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1148/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini, iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022 və xx.xx.2024-cü il tarixlərdə iddiaçıya münasibətdə cavabdeh ƏƏSMN tabeliyində DTSERA tərəfindən qəbul edilən “tam reabilitasiya olunması və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarlarının ləğv edilməsini, həmçinin iddiaçıya münasibətdə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarda əlilliyin səbəbi və müddəti saxlanılmaqla, İddiaçı əlilliyinin üçüncü dərəcədən ikinci dərəcəyə dəyişdirilməklə, ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixə qədər hər il, bir il müddətinə ikinci dərəcə əlillik müəyyənləşdirilməklə verilmişdir. xx.xx.2016-cı il tarixdə Nazirlər Kabinetinin 30 dekabr 2015-cui ll tarixli 413 saylı Qərarına uyğun olaraq ikinci dərəcə əlillik müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il olmaqla müəyyənləşdirilmişdir. İddiaçıya eyni diaqnozla 11 (on bir) fasiləsiz ikinci dərəcə əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz olmaqla, əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” qeyd edilməklə, üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 09 iyun 2010-cu il tarixli, 720 nömrəli qərarından görünür ki, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu yaralanma, travma diaqnoz: “Kontuziya, bədənin müxtəlif hissələrində çoxsaylı qəlpə yaraları. Sağ qaşüstü nahiyəsində deşilmiş-dağılmış, sağ əl barmaqlarının cırılmış çoxsaylı qəlpə yaraları” (Nəsimi RHK-nın xx.xx.2010-cu il tarixli 128 №-li arayışı, xx.xx.2010-cu il tarixli 432 nömrəli göndərişi, N saylı hərbi hissədən verilmiş N nömrəli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisi – nevropatoloqunun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin X3 6 dekabr 2024-cü il tarixli, 3-28-20-1/2- 488/2024 saylı məktubunda “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 noyabr 2024-cü il tarixli 3-28/2- 8816/2024 nömrəli məktubuna əsasən Azərbaycan Tibb Universitetinin Kardiologiya şöbəsinun müdiri t.e.d. S.M.Qəhramanova, Azərbaycan Tibb Universitetinin İİ Daxili xəstəliklər kafedrasının dosenti S.Ə.Məşədiyeva-Bayramova, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti F.N.Məmmədbəyov tərəfindən verilmiş mütəxəssis rəyləri təqdim edilmişdir: - Daxili xəstəliklər kafedrasının Dosenti S.Ə.Məşədiyeva-Bayramova tərəfindən RƏY: Vətəndaş (pasiyent) İddiaçı "Şəkərli diabet, tip 2, insulin tələbli faza. Diabetik polineyropatiya" diaqnozu var. Pasientdə aşağı ətrafların obliterasiyaedici endoartriti (stendləşmə var) və ürəyin işemik xəstəliyi diaqnozları var. Bütün bunları nəzərə alaraq illər keçdikcə qanda şəkərin tam tənzimlənməsi təmin edilməsə, pasientdə arteriyalarda aterosklerotik dəyişikliklərin fəsadı kimi miokard infarktı və işemik insult yarana bilər. Diabetik polineyropatiyanın ağırlaşması kimi, aşağı ətrafların hərəkətliliyi tam itə bilər. Şəkərli diabet xəstəliyi illər keçdikcə diabetik retinopatiya (göz fəsadları) və diabetik nefropatiya (böyrək fəsadları) yarada bilər. - Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti F.N.Məmmədbəyov tərəfindən RƏY: Vətəndaş İddiaçı müraciətinə əsasən verilən rəydə bildirəm ki, kəllə- beyin travmaları xəstələrin əlilliyinə ən çox səbəb olan amillərdən biridir, və o müxtəlif nevroloji pozulmalar, həmçinin hərəki, hissi koordinator, nitqi, koqnitiv sferada olan, mnestik və psixi pozulmalarla hətta posttravmatik epilepsiya ilə müşayət oluna bilər. Çox vaxt bu xəstələrdə psixonevroloji problemlər olur, onlar psixonevroloji dispanserlərdə qeydiyyatda olurlar və onlara sosial adaptasiya lazım olur. Lakin posttravmatik pozulmaların inkişafını və gedişini öncədən təyin etmək mümkün deyil və bu mövcud olan yanaşı xəstəliklərdən və aparılan reabilitasiya metodlarından asılı olaraq dəyişə bilir. - ATU-nun X3 Kardiologiya şöbəsinin müdiri tibb elmləri doktoru S.Qəhrəmanovanın “vətəndaş İddiaçı əlillik dərəcəsinin bərpası ilə bağlı illər keçdikcə hansı fəsadların törədə bilməsi barədə kardioloq rəyi”: X9 aşağıdakı kardioloji diaqnoz qoyulmuşdur: Arterial hipertenziya İİ mərhələ, risk çox yüksək. Ürəyin işemik xəstəliyi. Arterial hipertenziya İİ mərhələ, risk çox yüksək olan və ürəyin işemik xəstəliyi olan xəstələrdə hipotenziv və antiişemik müalicə almadığı halda ürəyin sol mədəciyin hipertrofiyası və koronar damarların trombozu baş verə bilər ki, bu da yaxın müddətdə xroniki ürək çatışmazlığının, aritmiyaların, miokard infarktının, işemik kardiomiopatiyaların inkişafına gətirib çıxara bilər, lakin bu fəsadları konkret olaraq proqnozlaşdırmaq mümkün deyil, və hər xəstədə orqanizminin fərdi xüsusiyyətlərindən və müalicə taktikasından asılı olaraq fərqli inkişaf edə bilər. Bundan başqa, məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının həkim müayinəsindən keçməsi barədə tibbi sənədlər iş materiallarına əlavə edilməsi üçün təqdim edilmişdir. Təqdim edilən sənədlərə əsasən iddiaçının səhhətində yaranan problemlər getdikcə daha da ağırlaşması müəyyən edilir: Onun ürəyinə 2021-ci il tarixdə 1-ci stend əlavə edilmiş, daha sonrakı tarixlərdə 2 və 3-cü stendlər də əlavə edilmişdir. Bundan başqa, ətraf damarlarının 70-80% tutulması, beyninin bir hissəsinin atrofibiyası müşayiət edilmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası iddiaçıya 2021-ci il tarixdə təyin edilən əlillik dərəcəsinin düzgün təyin edilib-edilməməsi, həmçinin əlilliyin müddəti ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən verilmiş T751/2023 saylı ekspert rəyini əsas tutaraq iddianı rədd edərkən, işin aşağıda qeyd olunan hallarını nəzərə almamış, eləcə də ekspert rəyinin özünü düzgün qiymətləndirməmişdir Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T751/2023 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “T90.5- Keçirilmiş Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. F07.2- Posttravmatik ensefalopatiya, teztez təkrarlanan qarışıq tipli (ayda 11-18) vegetativ krizlərlə; Koqnitiv funksiyaların nəzərə çarpacaq pozulma (MMŞ 18bal) El 1.7- Serebrovaskulyar damar xəstəliyi kobud hərəki, kordinator pozğunlaqlarla; H49.0, H50.8- Şəkərli diabet tip 2 (insulin tələbli). Çoxsaylı ağırlaşmalarla; Sol tərəfli gözün hərəki sinirinin iflici, daimi daxili çəpgözlülük; İ20.8- ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s. 110- Arterial hipertenziya İİİ mər.” Diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. (X13 4028 saylı xəstəlik tarixinin çıxarışı; 11.09-xx.xx.2023-cü il tarixlərdə müalicədə olmuşdur). Bundan başqa ekspert rəyindən görünür ki, əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Beləliklə ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya əvvəllər ikinci dərəcə (qrup) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər, ekspertiza təyin edilən dövrdə də aşkar edilmişdir. Sadəcə həmin xəstəliklərə əsasən əlilliyin qiymətləndirilməsi səlahiyyətinin cavabdehə aid olması ekspert rəyində vurğulanmışdır. Bu da əlilliyin bərpa edilməsində imtinaya əsas verən hal hesab edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi- həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları ... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə baxılmış və özünün məhkəmə-tibbi müayinəsi keçirilmiş, onun hazırda xəstəlik diaqnozu müəyyən edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilməsə də, rəyin “iş haqqında məlumat” hissəsində iddiaçının əsas diaqnozu nət: “T90.5- Keçirilmiş Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. F07.2- Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qarışıq tipli (ayda 11-18) vegetativ krizlərlə; Koqnitiv funksiyaların nəzərə çarpacaq pozulma (MMŞ 18bal) El 1.7- Serebrovaskulyar damar xəstəliyi kobud hərəki, kordinator pozğunlaqlarla; H49.0, H50.8- Şəkərli diabet tip 2 (insulin tələbli). Çoxsaylı ağırlaşmalarla; Sol tərəfli gözün hərəki sinrinin iflici, daimi daxili çəpgözlülük; İ20.8- ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s. 110- Arterial hipertenziya İİİ mər.” Diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. (X13 4028 saylı xəstəlik tarixinin çıxarışı; 11.09-xx.xx.2023-cü il tarixlərdə müalicədə olmuşdur). Ekspert rəyində iddiaçının diaqnozda qeyd edilən əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya eyni diaqnozla 2010-cu ildən etibarən 2016-cı ilədək hər dəfə bir il olmaqla, 2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar qeyd edilməklə, üçüncü dərəcə əlillik dərəcəsi müddətsiz olmaqla təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə “əlillik təyin edilmə barədə” cavabdehin qərarında iddiaçının əlillik diaqnozu əvvəllər qeydə alınmış əsas diaqnozlarla eynilik təşkil etdiyindən “iddiaçının diaqnozunun üçüncü dərəcə əlillik təyin edilməsinə uyğun gəlməsi barədə” qərarda olan qeyd uyğunsuzluq yaradır. İddiaçının xəstəlik diaqnozunda hansı dəyişikliyin onun üçüncü dərəcə əlil olmasına uyğun gəlməsi cavabdehin qərarında qeyd edilməmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının ikinci dərəcə əlil olması qənaətinə gəlir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə “əlillik təyin edilmə barədə” cavabdehin qərarında əlilliyin səbəbinin və müddətinin dəyişdirilməsinə heç bir əsasın olmaması da qərarın həmin hissədə dəyişdirilmədən saxlanılmasına zəmin yaradır. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz təyin edilir. Beləliklə, həm ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəsinin arayışlarından göründüyü kimi, göndərişlərdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilmişdir. Bundan əlavə işdən görünür ki, 2010-cu ildən 2021-ci il daxil olmaqla 11 illik müddət ərzində iddiaçı eyni diaqnozla əlil hesab edilmişdir. Diaqnozda qeyd olunan xəstəliklərin hazırda da iddiaçıda mövcud olması sənədlərlə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji hüquqi hallara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)- ******* nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2- 1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, cari xəstəliyi ona əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. İddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2022-ci il tarixli iddiaçının “tam reabilitasiya olunması barədə” və xx.xx.2024-cü il tarixdə iddiaçıya münasibətdə qəbul edilmiş “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarlar öz əhəmiyyətini itirmiş hesab edilməlidir. Bununla belə, iddiaçının müvafiq xəstəlikdən bu gün də əziyyət çəkməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə cavabdehin iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan başqa, xx.xx.2021-ci il tarixdə cavabdehin özü tərəfindən qəbul edilmiş qərarda iddiaçıya əlillik müddətsiz təyin edilmişdir. İddiaçının 2010-cu il tarixindən 2021-ci il daxil olmaqla əlil kimi qiymətləndirilməsi, iddiaçının 11 il fasiləsiz əlil olması onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən əlilliyinin qiymətləndirilməsi zəruriliyinin aradan qaldırılmasına əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1148/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022 və xx.xx.2024-cü il tarixlli “tam reabilitasiya olunması” və “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərarları ləğv edilsin. İddiaçı münasibətdə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarda əlilliyin səbəbi və müddəti saxlanılmaqla, İddiaçı əlilliyinin üçüncü dərəcədən ikinci dərəcəyə dəyişdirilməklə, ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3001/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3001/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver