Məhkəmə qərarları › İş №2-1(103)-3002/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3002/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3002/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-8100/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 19547,33 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində və “Neftqaztikinti” trestində asfaltbetonçu və asfaltdöşəyən vəzifəsində işlədiyi müəyyən edilmişdir. Cavabdehin işlədiyi asfaltbetonçu və asfaltdöşəyən vəzifələri isə yuxarıda qeyd olunan asfalt-beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də cavabdehin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Göründüyü kimi ona 08.11.2013-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə 08.11.2013-30.11.2020ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19547,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən 01.03.2021-ci il tarixli, **********8 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-8100/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: A.Əhədova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Cavabdeh artıq ödənilmiş 19547,33 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-5486/2021 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçı Cavabdeh 08.11.2013-cü il tarixdən, yəni 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsini dayandırmış və 19547,33 manat artıq pul ödənildiyini bildirərək məbləğin geri qaytarılmasını tələb etmişdir. Həmin iş üzrə iddiaçı Cavabdeh ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən ödənilməsinin bərpa edilməsini inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, adı çəkilən 2-1(112)-5486/2021 saylı iş üzrə iddiaçı qismində çıxış edən Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından dayandırılmış əmək pensiyasının bərpasını, hazırkı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə Cavabdeh artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasını inzibati məhkəmə icraatında tələb etsələr də, hər iki iş üzrə iddianın əsası eyni faktiki-hüquqi əsasa - Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün güzəştli iş stajına malik olmaması ilə bağlı pensiya təyinatını aparan orqanın - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının gətirdiyi əsasa söykənir. Beləliklə, inzibati orqanın iddiaçı olduğu hazırkı iş üzrə inzibati orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsini dayandırdığı vaxta qədər ödəmiş olduğu pensiya məbləğinin geri qaytarılmasını tələb etdiyi halda, fiziki şəxsin iddiaçı olduğu iddia üzrə iddiaçı pensiya dayandırılmasının qanunsuzluğunu mübahisələndirməklə pensiya ödənişinin dayandırıldığı vaxtdan bərpasını tələb etmiş və hər iki iddia üzrə mübahisəli məqam Cavabdeh işləmiş olduğu asfaltbetonçu və asfaltdöşəyən peşələrinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd edilmiş asfalt-beton döşəyənlər vəzifəsinə aid olmaması, bu əsasdan sonuncunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Məhkəmə eyni faktiki-hüquqi əsasa söykəndiyindən 2-1(112)-5486/2021 saylı iş üzrə əldə edilmiş sübut və dəlillərin hazırkı inzibati iş üzrə də qəbul edilməsini mümkün hesab etmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı inzibati orqan iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi asfaltbetonçu və asfaltdöşəyən peşələri adıçəkilən siyahıda qeyd edilmiş asfaltbeton döşəyənlər vəzifəsinə aid deyildir. Bu əsasdan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajı yoxdur. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası, Hissə - 3 “Tikinti, quraşdırma və təmir-tikinti işləri” bölməsinə daxil olan fəhlə peşə adlarının indiyə qədər fəaliyyətdə olan peşə adları ilə müqayisəsi və dərəcələr diapazonu”nda: -Asfaltbetonçu-Асфальтобетонщик; -Asfaltbetonçu-asfaltbişirən-Асфальтобетонщик варильщик; -Asfaltbeton döşəyən-Машинист укладчика асфальтобетона kimi tərcümə edilmiş və uyğunlaşdırılmışdır. Qeyd edilən Vahid tarif sorğu kitabçasının “Təmir, quraşdırma və təmir tikinti işləri” bölməsi üzrə asfaltbetonçu, asfaltbetonçu-asfaltbişirən və asfaltbeton döşəyən peşələri nəzərdə tutulmuş, asfaltdöşəyən peşəsi göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr 2290000a- 11140 kodu altında asfalt - betonçular; 2290000a-11141 asfalt beton bişirənlər; 2290000a- 14288, asfalt-beton döşəyicilərin maşinistləri peşələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda isə 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində a) fəhlələr: asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, asfalt-beton döşəyicilərinin maşinistləri peşələri zərərli peşə kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. (01.07.2017-ci il tarixədək qüvvədə olmuş) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının pensiya hüququnun yarandığı 08.11.2013-cü il tarixdə, yəni 52 yaş tamam olduğu vaxt qüvvədə olan normalara əsasən, 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5486/2021 saylı, 28.07.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsinə dair iddia tələbi təmin edilmişdir. Qeyd olunan 2-1(112)-5486/2021 saylı inzibati iş üzrə sübutlar aşağıdakılardan ibarət olmuşdur: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh xx.xx.1961-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - 02.02.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən Cavabdeh 4 nömrəli Birləşmiş Xəstəxanada 01.02.1978-ci ildə xəstə bacısı vəzifəsinə təyin edilmiş, 01.09.1978ci ildə tutduğu vəzifədən azad edilmişdir. 21.02.1980-ci ildə İxtisaslaşmış Təmir Tikinti İdarəsi № 5 “İxtisaslaşmış Təmir Tikinti” Trestində katibmakinaçı vəzifəsinə təyin edilmiş, 01.07.1987-ci ildə SRSU-5 ilə birləşməsi nəticəsində SRSU-3-ün genişləndirilməsi ilə əlaqədar olaraq SRSU-3-ə köçürülmüşdür, Xüsusi Trest, Xəzər Dəniz Tikintisi, vəzifəsi: köməkçi işçi, OTM, 01.03.1989-cu ildə dərəcə olmadan köməkçi işçi vəzifəsinə köçürülmüşdür. 01.10.1997-ci ildə Səngəçal 2 №li sahədə ikinci dərəcəli asfaltdöşəyən peşəsinə keçirilmiş, 01.06.1998-ci ildə Səngəçal 5 nömrəli sahədə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilmiş, 01.01.2000-ci ildə idarənin adı dəyişdirilərək 6 nömrəli Təmir Tikinti quraşdırma idarəsi adlanmış, 01.05.2001-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.05.2001-ci ildə “Azərdənizneftinşaat” Trestinin 2 №li İTQTF-də 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmiş, 01.06.2001-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 01.06.2001-ci ildə “ARDNİ” Tresti 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialında 3-cü dərəcəli asfaltdöşəyən sənətinə qəbul edilmiş, 01.08.2002-ci ildə 4-cü dərəcəli asfaltdöşəyən sənəti verilmiş, 14.03.2007-ci ildə “ARDNİ” Trestinin 1 saylı İTQ və TF-ı “Neftqaztikinti” trestinin 5 saylı Tikinti quraşdırma idarəsi adlandırılmış, 23.05.2008-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 26.05.2008-ci ildə “Neftqaztikinti” tresti Yol Tikinti Təmir İdarəsində asfalt-betonçu peşəsinə işə qəbul edilmiş, 04.11.2014-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 05.11.2014-cü ildə “Neftqaztikinti” tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində 1 saylı tikinti quraşdırma sahəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilmiş, 08.01.2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə yardımçı fəhlə peşəsinə keçirilmiş, 07.08.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 10.08.2015-ci ildə Asfaltbeton istehsalı sahəsinə 700-2 (iki) olmaqla yardımçı fəhlə peşəsinə işə qəbul edilmiş və halhazıradək orada işləyir. - Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Neftqaztikinti” trestinin 26.04.2021-ci il tarixli, SOCAR**********30490075X00173 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğunuzda göstərilənlərə dair bildirilir ki: Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi öz əksini tapmır, asfaltbeton döşəyən peşəsinin isə asfalt beton kütləsi yayan maşının maşinisti olduğu 3 saylı VTİSK-da rus dilindən tərcümə kimi göstərilmişdir. “Neftqaztikinti” trestində yardımçı fəhlə peşəsinə qədər Cavabdeh asfalt-betonçu peşəsində çalışmışdır. Bu peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarına əsasən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda əks olduğu üçün 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. Cavabdeh 01.06.2001-ci il tarixindən 01.08.2015-ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyasının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. Həmin məktuba əlavə edilmiş SOCAR-ın “Neftqaztikinti” trestinin 23.04.2021-ci il tarixli, SOCAR**********80020123X00118 nömrəli arayışında göstərilmişdir ki, verilir xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh ondan ötrü ki, o, həqiqətən 01.10.1997-ci il tarixində (əmr № 81/a, 20.10.1997-ci il) “Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşmış Təmir Tikinti İdarəsinə 2 nömrəli sahəyə 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.06.1998-ci il tarixində (əmr № 47/a, 25.06.1998-ci il) 5 nömrəli sahəyə 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 01.05.2001-ci il tarixində (əmr № 15-k, 01.05.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 3 il 7 ay (üç il yeddi ay) təşkil edir. Cavabdeh 01.05.2001-ci il tarixində (əmr № 01-k, 24.05.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3- cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.06.2001-ci il tarixində (əmr № 49-k, 30.04.2001-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 ay (bir ay) təşkil edir. Cavabdeh 01.06.2001-ci il tarixində (əmr № 06-k, 01.06.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilib. 01.08.2002-ci il tarixində (əmr № 35/k, 01.08.2002-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsinə keçirilib. 23.05.2008-ci il tarixində (əmr № 71-k, 23.05.2008-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 11 ay 22 gün (altı il on bir ay iyirmi iki gün) təşkil edir. “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinin tərkibinə verilib. SOCAR-ın 14.03.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “Azərdənizneftinşaat” trestinin 1 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyışdirilərək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. Cavabdeh 26.05.2008-ci il tarixində (əmr № 23-k, 26.05.2008-ci il) “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib. 04.11.2014-cü il tarixində (əmr № 259-k, 04.11.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 6 il 5 ay 8 gün (altı il beş ay səkkiz gün) təşkil edir. Cavabdeh 05.11.2014-cü il tarixində (əmr № 244-k, 05.11.2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsinə 4-cü dərəcəli asfaltbetonçu peşəsinə işə qəbul edilib, 08.01.2015-ci il tarixində (əmr № 04-k, 08.01.2015-ci il) Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə keçirilib. 07.08.2015-ci il tarixində (əmr № 201-k, 07.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 2 gün (doqquz ay iki gün) təşkil edir. Cavabdeh 10.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03-10-000175, 10.08.2015-ci il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün Asfaltbeton İstehsalı sahəsinə 2-ci dərəcəli yardımçı fəhlə peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 5 il 8 ay 13 gün (beş il səkkiz ay on üç gün) təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının (hazırda qüvvədən düşmüş) 27-ci maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), fəhlələr bəndinin (a) 2290000a-11140) əsasən zərərli şəraitdə asfaltbetonçu peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ yaradır. Cavabdeh asfaltdöşəyən peşəsi üzrə iş stajı 10 il 7 ay 22 gün (on il yeddi ay iyirmi iki gün), asfaltbetonçu peşəsi üzrə iş stajı 6 il 7 ay 10 gün (altı il yeddi ay on gün), yardımçı fəhlə peşəsi üzrə iş stajı 6 il 3 ay 13 gün (altı il üç ay on üç gün) təşkil edir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin müdiri M.Abasov imzalı və möhür ilə təsdiq edilmiş 11.09.2015-ci il tarixli asfaltbetonçu 3-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində ən sadə işlərin yerinə yetirilməsi göstərilmişdir. İş nümunələri: əl paylaşdırıcısının köməyi ilə özüllərin qara büzücü materiallarla emal edilməsi. Dayaqlı tirlərin (brusların) qurulması. Asfaltbeton qarışığı və isti və soyuq vəziyyətdə qara büzücü maddələrlə emal edilmiş materialların əl ilə verilməsi və yerləşdirilməsi. Nümunələrin kəsilib çıxarılması və yarılmış yerin üstünün örtülməsi. Asfaltbeton örtüyünün çatlarının təmizlənməsi və üstünün örtülməsi. Əl və asfaltqızdırıcı və ya təmiredici qurğulardan istifadə etməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan örtüklərin kiçik təmiri. Asfaltbeton örtüyün və qara büzücü maddələrlə emal edilən materiallardan örtüyün mexanikləşdirilmiş alətlərlə sökülmə və çapılması. Örtükaltı özüllərin düzəldilməsi. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 11.09.2015-ci il tarixli Asfaltbetonçu 4-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində orta mürəkkəbli işlərin yerinə yetirilməsi göstərilmişdir. İş nümunələri: Mayak və mayak reykalarını qurmaqla, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün profilləməsi və bəzəyi. Asfaltbeton və qara qarışıqla örtüyün çuxur təmiri. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 11.09.2015-ci il tarixli Asfaltbetonçu 5-ci dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi astaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində mürəkkəb işlərin icrası göstərilmişdir. İş nümunələri: Örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi. Asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü. Katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığını tənzimləmək. Asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması. Yüksək yapışma əmsallı xüsusi seçilmiş qarışıqlardan və rəngli asfaltbetondan olan örtüklərdə bəzək işlərinin aparılması. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 01.09.2015-ci il tarixli Asfalt kütləsi bişirən 4-cü dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi açıq tiyanlarda asfalt qarışıqlarının hazırlanması göstərilmişdir. İş nümunələri: Açıq tiyanlarda asfalt qarışıqlarının bişirilməsi. Elektrotermik üsulla qara büzücü materiallardan hazırlanması. Emulsiya qurğusunda bitum emulsiyasının hazırlanması. Sistern, bunker və yükünü özüboşaldan - vaqonlardan bitumun boşaldılması. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 01.09.2015-ci il tarixli Asfalt kütləsi bişirən 5-ci dərəcəli peşə təlimatında işin xüsusiyyəti kimi səyyar qarışdırıcı qurğuda asfalt qarışıqlarının hazırlanması göstərilmişdir. İş nümunələri: Səyyar qarışdırıcı qurğularda asfalt qarışıqların hazırlanması. Tərkibli səthi-fəal əlavələrin hazırlanması. Rəngli asfalt qarışıqların hazırlanması. - İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən təqdim edilmiş SOCAR-ın “Neftqaztikinti" Trestinin 08.04.2021-ci il tarixli, SOCAR**********30490075X00125 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinə ünvanladığınız 29.03.2021-ci il tarixli 116 nömrəli müraciətinizə Trest tərəfindən müvafiq qaydada baxılmışdır. Məktubda adıçəkilən Cavabdeh hal-hazırda “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində çalışır. Sorğunuzda göstərilənlərə dair bildirilir ki, Tikinti, quraşdırma və təmirtikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda (VTİSK-3) asfaltdöşəyən peşəsi əks olunmamış, asfalt beton döşəyən peşəsi göstərilmişdir. Asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt-betonçu peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması və sair bu kimi oxşar işlər yerinə yetirilir. Həmin sorğuya əlavə edilmiş SOCAR-ın “Neftqaztikinti" trestinin 13.04.2021-ci il tarixli, SOCAR**********30490075X00129 nömrəli cavab məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinə ünvanladığınız 29.03.2021-ci il tarixli 117 nömrəli müraciətinizə Trest tərəfindən müvafiq qaydada baxılmışdır. Sorğunuzla əlaqədar ətraflı araşdırma aparılmış, arxiv sənədlərinə baxış keçirilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hal-hazırda "Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində yardımçı fəhlə peşəsində işləyən Cavabdeh 01,06.2001-ci il tarixindən 01.08.2015-ci il tarixinədək asfaltdöşəyən (asfalt beton döşəyən) və asfalt betonçu peşələrində işlədiyi müddətdə, iş yerlərinin attestasiyasının nəticələri nəzərə alınaraq, əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq əmək haqqına 1.08 miqdarında (8%) artım əmsalı tətbiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən 24.12.2014cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş 13.11.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Cavabdeh “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 244-k saylı, 05.11.2014-cü il tarixli əmri ilə 1 saylı tikinti quraşdırma sahəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilib. Hal-hazırkı tarixədək həmin sahədə asfaltbetonçu peşəsində çalışır. Cavabdeh 5 saylı Tikinti Quraşdırma İdarəsində ümumi əmək stajı 9 gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “a” bəndinə əsasən asfaltbetonçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Pensiya işində olan “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş aydınlaşdırıcı arayışda göstərilmişdir ki, Cavabdeh həqiqətən “Azərdənizneftinşaat” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında 01.06.2001-ci ildən (əmr 6/k 01.06.2001-ci il) 23.05.2008-ci ilədək (əmr 71/k 23.05.2008-ci il) 4-cü dərəcəli asfaltdöşəyən peşəsində işləmişdir. Asfaltdöşəyən peşəsində işləyən Cavabdeh işlədiyi peşə 2 saylı Siyahı üzrə səh. 190 XXVİİ bölməyə əsasən güzəştli peşə hesab edilir. Şifr 2290000a-11140. Asfaltdöşəyən və asfalt-betonçu peşəsi eyni peşədir. 14.03.2007-ci il tarixindən “Azərdənizneftinşaat” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinin 15.08.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Cavabdeh “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsinin 23-k saylı, 26.05.2008-ci il tarixli əmri ilə 2 saylı sahəyə asfaltbetonçu peşəsinə işə qəbul edilib. Hal-hazırkı tarixədək həmin sahədə asfaltbetonçu peşəsində çalışır. Cavabdeh Yol Tikinti Təmir İdarəsində ümumi əmək stajı 5 (beş) il, 7 (yeddi) ay, 21 (iyirmi bir) gün hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin "a" bəndinə əsasən asfaltbetonçu peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. SOCAR-ın “Neftqaztikinti” trestinin 15.12.2014-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Cavabdeh - 01.10.1997-ci il tarixində 20.10.1997-ci il tarixli 81 a nömrəli əmrə əsasən "Azərdənizneftinşaat" trestinin 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin (İTTİ) 2 nömrəli sahəsinə (Səngəçal) 2-ci dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmişdir. "Azərdənizneftinşaat" trestinin 29.10.1999-cu il tarixli 93 nömrəli əmrinə əsasən 3 saylı İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi 6 saylı Təmir Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Cavabdeh - 01.05.2001-ci il tarixli 15/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 70-ci maddəsinin "a" bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh - 24.05.2001-ci il tarixli 1/k nömrəli əmrə əsasən "Azərdənizneftinşaat" trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına 3-cü dərəcəli asfaltdöşəyən peşəsinə işə qəbul edilmişdir. Cavabdeh - 01.06.2001-ci il tarixində "Azərdənizneftinşaat" trestinin 30.04.2001ci il tarixli 49 nömrəli əmrinə əsasən Səngəçal sahəsi 1 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına təhvil verildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Güzəştli şərtlərlə ümumi əmək stajı 03 il 06 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu maddəsinin “a” bəndinə əsasən asfalt-beton döşəyənlər güzəştli şərtlərlə pensiya hüququ verir. Göstərilən hallarından görünür ki, cavabdeh xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşını 08.11.2013-cü ildə tamamlamışdır. İddiaçının 52 yaşının tamam olduğu tarixə ümumi iş stajı 34 il 03 ay 19 gün təşkil etmişdir. İddiaçının əmək fəaliyyəti barədə əmək kitabçasındakı qeydlərdən və arxiv arayışlarından müəyyən olunur ki, o, 01.10.1997-ci ildən 23.05.2008-ci il tarixinədək asfaltdöşəyən peşəsində işləmişdir. Daha sonra Cavabdeh 26.05.2008-ci il tarixindən 08.01.2015-ci il tarixinədək asfaltbetonçu peşəsində çalışmışdır. İddiaçının asfaltdöşəyən və asfaltbetonçu peşələri üzrə işlədiyi dövr 52 yaşının tamam olduğu 08.11.2013-cü il tarixə ümumilikdə 16 il 01 ay 09 gün təşkil edir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) asfalt-beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının 01.10.1997-08.11.2013-cü il tarixləri arasındakı Azərdənizneftinşaat” trestində və “Neftqaztikinti” trestində işlədiyi asfaltbetonçu və asfaltdöşəyən peşələri adıçəkilən siyahıda qeyd edilmiş asfalt-beton döşəyənlər vəzifəsinə aid deyildir. Bu səbəbdən də cavabdehin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. İddiaçının qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan pensiya işinin surətindən müəyyən olunur ki, cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi iş yerindən zərərli işə dair arayışlar təqdim edilmiş, həmin arayışlarda, eləcə də hazırkı iş üzrə məhkəmənin sorğusu ilə əldə edilmiş SOCAR-ın “Neftqaztikinti” trestinin təqdim etdiyi arayışlarında iddiaçının işlədiyi asfaltdöşəyən peşəsinin asfalt beton döşəyən peşəsi olduğu, həmin peşə ilə asfaltbetonçu peşələrinin oxşar işlərin icrası ilə, yəni gördükləri işlərin əsasən örtük materiallarını əl və mexanikləşdirilmiş üsulla düzməklə, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan yol və meydan örtüklərinin profilləşdirilməsi və bəzəyi, asfaltlaşdırmadan əvvəl düzəldiləcək zolağın bölgüsü, katok ilə asfalt örtüyünün yayılması, katok altında sıxlaşdırılan (bərkidilən) döşənən materialı vərdənə (katok) ilə sıxlaşdırmaqdan öncə onun qatının qalınlığının tənzimlənməsi, asfaltdöşəyənin qarışığı döşəməsindən sonra, asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan olan örtüklərdə sonuncu bəzək işlərinin aparılması kimi oxşar işlər yerinə yetirilməsindən ibarət olduğu göstərilmişdir. İşəgötürən qeyd edilən peşə üzrə əmək şəraitinin ağır və zərərlilik səviyyəsini nəzərə alaraq əmək haqqına 1.08 miqdarında 8% artım əmsalını tətbiq etdiyini bildirmiş və iddiaçının işlədiyi asfaltdöşəyən (asfalt beton döşəyən) peşəsi və asfaltbetonçu peşələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının (hazırda qüvvədən düşmüş) 27-ci maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri), fəhlələr bəndinin (a) 2290000a-11140) əsasən zərərli şəraitdə asfaltbetonçu peşəsinə uyğun olmaqla güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində a) fəhlələr 2290000a- 11140 kodu altında asfalt - betonçular vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Eyni zamanda 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda eyni bölmədə və eyni sırada həmin vəzifənin (asfaltbetonçu) yerinə asfalt-beton döşəyənlər vəzifəsi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının işlədiyi asfaltdöşəyən peşəsi və asfaltbetonçu peşələri tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşəsinə aid olmaqla yerinə yetirdiyi əmək funksiyalarına görə 21 iyun 1993-cü il tarixli 320 saylı Qərar ilə təsdiq edilmiş siyahıda asfalt - betonçular peşəsinə, eyni zamanda 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda asfaltbetonçu peşəsinin yerinə göstərilmiş asfalt-beton döşəyənlər peşəsinə uyğundur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən artıq ödənilmiş pensiya məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-8100/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar