Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3002/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzil kirayəsi haqqının ödənilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın dayandırılması haqqında cavabdehin qərarının ləğv edilməsi və adıçəkilən kompensasiyanın dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılımışdır: “...xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) hərbi xidmət keçmişdir. xx.xx.2019-cu il tarixdə Xidmət rəisinin müvafiq əmri ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Müraciətinə əsasən Bakı şəhəri Cavabdeh başçısının 27 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, 2 qızı və oğlu) güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və həmin tarixdən ona cavabdeh tərəfindən müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi başlanılmışdır. Lakin cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli, 5-14/2-197/2023 nömrəli məktub göndərilərək ona müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya ödənişinin dayandırıldığı bildirilərək bu dayandırılma onunla əsaslandırılmışdır ki, “mənzil-uçot işinizə baxış keçirilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 №li Qərarının 1-ci bəndinin tələbləri ona şamil olunmur. Cavabdehin bu qərarı ilə razı deyil...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir . Apellyasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasın 9, 148, 149, “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.6-2.7, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 1.1, 12.2 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə istinadən əsaslandırılmışdır, İPM-in 85-ci maddəsinin tələbələrinə uyğundur, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvəddə saxlanılmalıdır. İş materialları üzrə iddiaçının xx.xx.2019-cu il tarixli, EZ № ******* nömrəli hərbi biletinin surətindən görünür ki, Azərbaycan Resublikası Dövlət Sərhəd Xidmətinin 955 ş/h nömrəli, xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz arsusu ilə) Azərbaycan Resublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Eyni zamanda, işə əlavə olunmuş Bakı şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 27 nömrəli Sərəncamından görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu İddiaçı ailə tərkibi 5 nəfər (özü, arvadı, 2 qızı, oğlu) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin və ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 10 iyul 2023-cü il tarixli məktubundan isə aydın olur ki, iddiaçı qeyd olunan xx.xx.2020-ci il tarixli 27 №li sərəncama əsasən ehtiyatda olan hərbi qulluqçu kimi, mənzil növbəsinə götürüldükdən sonra, müvəqqəti mənzil kirayəsi üçün ona ödənilən kompensasiya ödənişi dayandırılmışdır. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, cavabdehə qarşı iddia qaldıraraq “ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın dayandırılması haqqında cavabdehin qərarının ləğv edilməsi və adıçəkilən kompensasiyanın dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İş materialllarına əsasən müəyyən olunur ki, cavabdeh orqan tərəfindən kirayə xərclərinə görə iddiaçıya ödənilən kompensasiyanın dayandırılması barədə ayrıca sərəncam qəbul olunmamış, daxili inzabati araşdırama zamanı iddiaçının mənzil-uçot işinə baxış keçirilərkən, ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №li Qərarına zidd olduğu müəyyən edilərək, kompensasiya ödənişi icra hakimiyyəti tərəfindən faktiki hərəkətləri ilə dayandırılmış və bu barədə ona 10 iyul 2023-cü il tarixli yazılı məlumat verilmişdir (Faktiki olaraq iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlir İPM.m.34.1.) Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçıya müvəqqəti mənzilin kirayə haqlarının ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddənin 2-ci hissəsinin 3-cü abzasının birinci cümləsinə əsasən: -“Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” Həmin maddənin 7-ci hissəsinə əsasən: -“Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qanunun qeyd olunan tələbləri baxımından, hazırkı mübahisənin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-ci hisəssində təsbit olunan xüsusi norma təşkil edir. Belə olan halda, Azərbaycan Respublikası Silahlı Quüvvələrdən ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılmış iddiaçının iddia tələbində istinad etdiyi güzəştdən istifadə etmək hüququ istisna edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1 -ci hissəsində də nəzərədə tutulur ki, “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Digər bir tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadında qeyd aşağıdakıları qeyd etmişdir: -“Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərədə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. ... ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya ödənilən müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənilməsinin dayandırılması qanuni və əsaslı olduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərarın maddi hüquq normalarına zidd qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1699/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 14, 34, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2024 nömrəli xx.xx.2024 -cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3002/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3002/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver