Məhkəmə qərarları › İş №2-1(103)-3003/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3003/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3003/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yüksək gərginlikli 35 kv-luq elektrik xəttinin mühafizə zolağına düşən hissədə azaldılmaqla Mərdəkan bağ massivində yerləşən 5 saylı bağ sahəsinin (bağ sahəsinin yeni nömrəsi 2205) yerdə qalan hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, yüksək gərginlikli 35 kv-luq elektrik xəttinin mühafizə zolağına düşən hissədə azaldılmaqla Mərdəkan bağ massivində yerləşən 5 saylı bağ sahəsinin (bağ sahəsinin yeni nömrəsi 2205) yerdə qalan hissəsinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli 35 kV-luq elektrik xəttinin mühafizə zolağına düşür. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 0,25 hektar, faktiki sahəsi isə 0,2368 hektar təşkil edir. Bundan əlavə, İdarənin arxivində mövcud olan yerləşmə cizgisində torpaq sahəsinin nömrəsi 6/2205 qeyd edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, göstərilən bağ sahəsindən Səhmdar Cəmiyyətə məxsus 35 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin bir hissəsinin keçdiyi və 35 kVluq elektrik hava xəttini daşıyan 1 ədəd dayağın həmin sahədə yerləşdiyi müəyyən edilmişdir. Apelyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdən aydın olur ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və qanuni əsaslarla istifadəsində olan 0,25 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 19 fevral 2021-ci il məktubla müraciətin təmin olunmasından imtina edərək, torpaq sahəsi üzərindən 35 kv-luq elektrik xəttinin keçdiyini və torpağın müəyyən hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, torpaq sahəsindən müəyyən hissəni azaltdığı təqdirdə ərizəsinə yenidən baxıla bilər. İşdə olan "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixlə məktubla bildirilmişdir ki, göstərilən bağ sahəsindən Səhmdar Cəmiyyətə məxsus 35 kV-luq yüksək gərginilikli elektrik hava xəttinin bir hissəsinin keçdiyi və 35 kV-luq elektrik hava xəttini daşıyan 1 ədəd dayağın həmin sahədə yerləşdiyi müəyyən edilmişdir. İş materiallarına Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 5 saylı bag sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti əlavə edilmişdir. Torpaq sahəsinin müayinə aktına əsasən bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, bağ sahəsində “A” – 1 mərtəbəli bağ evi və bir s/q var. Təqdim edilmiş müqavilədə bağ sahəsinin köhnə nömrəsi qeyd olunub. Sonuncu arxiv cizgisinə əsasən bağ sahəsinin yeni nömrəsi “2205”-dir. Bağ sahəsinin üstündən yüksək gərginlikli elektrik xətti keçir – 35KV. Torpaq sahəsinin faktiki ölçüsü 2368 kv.m-dir. 2205 nömrəsi sxematik xəritəyə uyğun gəlir – 0,1215 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolagına düşür. İşdən aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 11066 saylı icarə müqaviləsində göstərilmiş iddiaçının ailə üzvləri tərəfindən müvafiq razılıq ərizələri verilmişdir. İcarə müqaviləsində göstərilmiş iddiaçının ailə üzvləri - X4, X2, X5 tərəfindən notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri iş materiallarına əlavə olunmuşdur. Müqavilədə ailə üzvü kimi qeyd edilən X7 vəfat etmiş, ölüm haqqındaşəhadətnamə iş materiallarına əlavə edilmişdir. Bundan sonra iddiaçının təkrar müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli təkrar imtinasında bildirilir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir Həmçinin İdarənin arxivində mövcud olan yerləşmə cizgisində torpaq sahəsinin nömrəsi 6/2205 qeyd edilmişdir. Bundan başqa sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilsə də, faktiki ölçüsü 0,2368 ha təşkil edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Hazırki işin hallarından aydın olur ki, iddiaçı ilk öncə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən və qanuni əsaslarla istifadəsində olan 0,25 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsini tələb etmiş, sonradan cavabdehin ilkin imtina əsasına və işin faktiki hallarına uyğun olaraq tələbinin torpaq sahəsinin yüksək gərginlikli 35 kv-luq elektrik xəttinin mühafizə zolağına düşən hissəsindən imtina etmiş və bunu lazımi qaydada rəsmiləşdirmişdir. Lakin, cavabdeh yenidən əsassız bəhanələr gətirərək ərizəsinin təminindən imtina etmişdir. Hazırda iddiaçının tələbi yüksək gərginlikli 35 kv-luq elektrik xəttinin mühafizə zolağına düşən hissədə azaldılmaqla Mərdəkan bağ massivində yerləşən 5 saylı bağ sahəsinin (bağ sahəsinin yeni nömrəsi 2205) yerdə qalan hissəsinə dair onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında Qanun”:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən qanun normalarından da göründüyü kimi, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 11066 nömrəli müqaviləyə əsasən, Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,25 ha torpaq sahəsi olan 5 nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar qaldırılmadıqda. Cavabdeh apelyasiya şikayətinin birinci dəlili kimi qeyd etmişdir ki, bağ sahəsinin bir hissəsi yüksək gərginlikli 35 kV-luq elektrik xəttinin mühafizə zolağına düşür. Kollegiya cavabdeh inzibati orqanın dəlilini əsassız hesab edir və bildirir ki, iddiaçı tərəfindən bağ sahəsinin yüksək gərginlikli elektrik xətti düşən hissəsindən imtina edildiyindən cavabdehin istinad etdiyi dəlil mübahisənin mahiyyəti üzrə artıq əsassızdır. Apelyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,25 hektar, faktiki sahəsi isə 0,2368 hektar təşkil edir. Bundan əlavə, İdarənin arxivində mövcud olan yerləşmə cizgisində torpaq sahəsinin nömrəsi 6/2205 qeyd edilmişdir. Cavabdehin mövqeyini əsassız bəhanə olaraq qəbul edən kollegiya bildirir ki, iddia tələbindən aydındır ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ölçüsünün 0,25 ha olmalı olmasında israrlı deyildir. İddiaçının tələbi sərəncamla istifadəsinə verilmiş, yeni nömrəsi 2205 olan torpaq sahəsinin yüksək gərginlikli elektrik xətti düşən hissəsi çıxarılmaqla qalan hissəsinə hüquqların qeydiyyata alınmasıdır. Belə olan halda, torpaq sahəsinin faktiki ölçüsü ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, iddiaçının tələb etdiyi torpağın dövlət qeydiyyatına alınması ilə bağlı mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini müəyyən etmək cavabdehin vəzifəsidir. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar