Məhkəmə qərarları › İş №2-1(103)-3004/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3004/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3004/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavələrin ödənilməsi, əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6049/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsi tərəfindən hakim vəzifəsində çalışdığı müddət ərzində əmək haqqına 2000-ci ilin sentyabr ayından 2005-ci ilin fevral ayınadək ödənilməmiş 45 faiz, 2005-ci ilin fevral ayından 2007-ci ilin avqust ayınadək ödənilməmiş 15 faiz əlavə haqqın ödənilməsi, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin tələbinə əməl olunaraq, 2 aylıq vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla pensiyasının yenidən hesablanmaqla verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 sentyabr 1982-ci ildən 21 fevral 1986cı ilədək Azərbaycan Respublikası DİN-in Dövlət Avtomobil müfəttişliyi idarəsinin ƏYPX Divizionunda baş təhqiqatçı, 21 fevral 1986-cı ildən 1990-cı ilin noyabr ayınadək Bakı şəhər Dİİ-nin Xətai rayon DİŞ-nin İstintaq bölməsində, 1990-cı ilin noyabr ayından 1992-ci ilin oktyabr ayının 12-dək isə Nizami rayon DİŞ-nin İstintaq bölməsində müstəntiq vəzifəsində çalışmışdır. 12 oktyabr 1992-ci ildən 04 sentyabr 2000-ci ilədək Azərbaycan Respublikası Hərbi prokurorluğunda Hərbi Tribunallarda Cinayət işlərinə baxılması üzərində nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışmışdır. 2000-ci ilin sentyabr ayından 2007-ci ilin avqust ayınadək Bakı Hərbi Məhkəməsində hakim vəzifəsində işləmişdir. 17 noyabr 2021-ci ildə 65 yaşı tamam olduğundan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona hakim kimi pensiya təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun XİX fəslində hakimlərin maddi və sosial təminatı bölümünün 106-cı maddəsinin “Hakimlərin maddi təminatı” adlanan sonuncu bəndində qeyd olunmuşdur ki, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının 2.2.3-cü maddəsində müxtəlif hüquq mühafizə orqanlarından və digər təşkilatlardan prokurorluq orqanlarına işə götürülən şəxsin əvvəlki iş stajı (xidmət illəri) Prokurorluqdakı iş stajına daxil edilməlidir. Bu Qanuna əsasən hakim vəzifəsinə təyin olunduğu vaxtdan onun prokurorluq orqanlarında 15 ildən artıq iş stajı olmuşdur ki, hakim vəzifəsinə təyin edildiyi vaxtdan ona 45 faiz həcmində əlavə haqq verilməli olduğuna baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən 2000ci ilin 9-cu ayından 2005-ci ilin fevral ayına kimi əmək haqqına 45 faiz həcmində əlavə haqq verilməmiş, yalnız 2005-ci ilin fevral ayından 2007-ci ilin avqust ayınadək əmək haqqının 30 faiz həcmində əlavə haqq ödənmişdir ki, bu səbəbə görə də DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona təyin olunan pensiya düzgün hesablanmamışdır. Bundan başqa ƏƏSMN yanında DSMF tərəfindən ona pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Qanunun hakimlərin məzuniyyət müddəti və haqqını müəyyən edən 107-ci maddəsinin tələbinə əməl olunmayaraq, 2 aylıq vəzifə maaşı həcmində mükafat nəzərə alınmamışdır. Sonradan iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (birinci cavabdeh) və DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (ikinci cavabdeh) göstərilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə təminat idarəsi tərəfindən hakim vəzifəsində çalışdığı müddət ərzində əmək haqqına 2000-ci ilin sentyabr ayından 2005-ci ilin fevral ayınadək ödənilməmiş 45 faiz, 2005-ci ilin fevral ayından 2007-ci ilin avqust ayınadək ödənilməmiş 15 faiz əlavə haqqın ödənilməsi, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondu tərəfindən ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin tələbinə əməl olunaraq, 2 aylıq vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla pensiyasının yenidən hesablanmaqla, verilməsi vəziifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati 2-1(112)-6049/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 yanvar 2001-ci il tarixli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarılarına əsaslanaraq şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz kimi səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6049/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia tələbləri ayrı-ayrı cavabdehlərə qarşı yönəlməklə iki hissədən ibarətdir: 1) hakim vəzifəsində çalışdığı müddət ərzində əmək haqqına 2000-ci ilin sentyabr ayından 2005-ci ilin fevral ayınadək ödənilməmiş 45 faiz, 2005-ci ilin fevral ayından 2007-ci ilin avqust ayınadək ödənilməmiş 15 faiz əlavə haqqın ödənilməsi; 2) “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin tələbinə əməl olunaraq, 2 aylıq vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla pensiyasının yenidən hesablanması. Göründüyü kimi iddiaçının bir-biri ilə əlaqədar olmayan iki tələbi üzrə cavabdehlik daşıyan inzibati orqanlar fərqlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının: -2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. - 10.1-ci bəndinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. -10.2-ci bəndinə əsasən tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də prosessual həmiştirakçılığın mövcud olub-olmamasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. - 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. - 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. - 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. - 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı tələbi hakim vəzifəsində çalışdığı müddət ərzində əmək haqqına 2000-ci ilin sentyabr ayından 2005-ci ilin fevral ayınadək ödənilməmiş 45 faiz, 2005-ci ilin fevral ayından 2007-ci ilin avqust ayınadək ödənilməmiş 15 faiz əlavə haqqın ödənilməsi, digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi isə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinin tələbinə əməl olunaraq, 2 aylıq vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbləri bir-birilə bağlı olmadığı, cavadehlərin hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmədiyi və mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olmadığından onların hazırkı tələb üzrə prosessual həmiştirakçılığına yol verilmir və iddiaçının tələblərinə ayrıca baxılmasını məqsədəmüvafiqdir. Hazırkı mərhələdə isə yəni apellyasiya icraatı mərhələsində tələblərin ayrıca icraata ayrılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6049/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar