Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3007/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 22 il 01 ay 20 gündür: xx.xx.1979-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında 2 saylı Respublika Böyük Vətən Müharibəsi Veteranları xəstəxanasında və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X3 bazası “Kəndkooptədarükemal müəssisəsi”ndə işlədiyi dövrlər. 3046 nömrəli peşə-texniki təhsil şəhadətnaməsinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı dövr. Mübahisəli sosial sığorta stajı 8 il 04 ay 01 gündür: xx.xx.1998-ci il tarixdən xx.xx.2006- cı il tarixədək X3 bazası “Kəndkooptədarükemal müəssisəsində və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərin arxiv sənədləri təhvil verilmədiyindən qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Həmçinin xx.xx.2006xx.xx.2006-cı illərdə və xx.xx.2014-xx.xx.2014-cü illərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. AR Milli Arxivin xx.xx.2021-ci il tarixli, 4/2413 nömrəli məktubunda arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzər X1 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X3 bazası “Kəndkooptədarükemal müəssisəsi”ndə işləməsi faktı araşdırılmış və müəyyən olmuşdur ki, sözügedən müəssisənin arxiv sənədləri Azərittifaqa təhvil verilməmişdir. Bu səbəbdən həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 6 ay 27 gün sığorta stajına uyğun olaraq 16444,66 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 30,24 manat olmaqla, ümumilikdə 16474,90 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq, cavabdeh tərəfin izahatını dinləyib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmiş, cavabdeh tərəfindən imtina cavab verildikdən sonra, iddiaçı cavabdehə qarşı yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2021 – 30 iyun 2022 dövrü üçün qadınlar üzrə pensiya yaşı 62 yaş 6 aydır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixində, yəni 62,5 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (62,5 yaş) və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Apelyasiya şikayətindən və işin hallarından görünür ki, cavabdeh orqan tərəfindən mübahisələndirilməyən dövr 21 il 6 ay 27 gündür. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçası üzrə 25 ildən artıq stajının olduğu müəyyən edilmişdir. Kollegiya bildirir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil aldığı dövr (xx.xx.1976xx.xx.1975 = 11 ay 3 gün) və işlədiyi dövr ((1998.xx.xx-1977.06.01= 20 il 7ay 25 gün ) +(1998.xx.xx-1998.02.02 = 6 ay 17 gün) + (2006.xx.xx-1998.08.19 = 7 il 4 ay 12 gün) = 28 il 7 gün ) nəzərə alınmaqla ümumilikdə 29 il 05 ay 27 gün sığorta stajı mövcuddur. Lakin cavabdeh iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006- cı il tarixədək X3 bazası “Kəndkooptədarükemal müəssisəsində və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərin sığorta stajına daxil edilməməli olduğunu bildirir. Cavabdeh arxiv sənədləri təhvil verilmədiyindən iddiaçının həmin müəssisədə işləməsini şübhə altında hesab edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Eyni zamanda iş materiallarında olan Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********567400 nömrəli məktubundan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv, hüquqi ünvanı AZ1076, ünvan 1kooptədarükemal Müəssisəsi”nin xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Qeyd olunanlardan görünüdüyü kimi, iddiaçının “Kəndkooptədarükemal Müəssisəsi”ndə xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsi əmək kitabçasında qeyd olunmuş və həmin dövrdə də qeyd edilən müəssisənin fəaliyyət göstərməməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh müəssisənin arxiv sənədlərinin verilmədiyi üçün qarşılıqlı yoxlama aparılmasının mümkün olmadığını bildirərərək iddiaçıya yaşa görə pensiyanının təyinindən imtina etmişdir. Kollegiya qeyd edir ki, arxiv sənədlərinin təhvil verilməməsində iddiaçının iradəsindən asılı olan bir hal olmadığından bunun əsas götürülərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi iddiaçının hüququnun pozulmasına səbəbdir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2006xx.xx.2006-cı illərdə və xx.xx.2014-xx.xx.2014-cü illərdə iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Kollegiya göstərilən hallarla bağlı bildirir ki, qeyd edilən dövrlərdə iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olub-olmaması nə iddiaçının tələbindən imtinaya, nədə məhkəmə qərarının ləğv olunmasına əsas verir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçıya münasibətdə tələb olunan yaş həddi tamamlanmış və xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən artıq stajı olmuşdur. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 63 (xx.xx.1959) yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-3359/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3007/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3007/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver