Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3007/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4282/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023- cü il tarixli 3-17-1/3-3-955/2023 saylı qərarının ləğv edilməsi, əmək pensiyasından tutulmaların qanunsuz hesab edilərək tutulmuş pensiya məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.1971-ci il tarixdən əmək fəaliyətinə başlamış və müxtəlif təşkilatlarda işləmiş, xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 bəndinə əsasən işdən azad edilmiş, ümumi əmək stajı 32 il 6 ay 13 gün təşkil edir və onun işlədiyi sahələr iddiaçının güzəştli şərtlərlə pensiya çıxamağına əsas vermiş qanuni əsaslarla ona təyin edilmiş pensiyanı almışdır. Hazırda pensiyasının məbləği azaldılmış və son üç il üçün pensiyasından tutulur ki, guya ona artıq pul ödənilmişdir. Halbuki onun çalışdığı iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur və iddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Pensiyanın düzgün hesablanmaması qənaətin gəlinməsi tamamilə əsassızdır. Zərərli işlərdə iş stajı, həm pensiya kapitalı, həm də ümumi iş stajı ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Bu barədə cavabdeh təşkilata müraciət etsə də heç bir nəticəsi olmamışdır. Belə ki, xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialın imtinasının səbəbləri müvafiq normativ aktlara istinad edilməklə göstərilsə də əslində xüsusi mülahizələrə əsaslanır. Onların qanunsuz mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 12- ci maddələrinin tələblərinə zidd olmaqla, Konstitusiyada qeyd edilmiş sosial təminat hüququmun (maddə 38) pozulmasına yönəlmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş edərək bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.2023-cü il tarixli artıq ödənilmiş pensiya məbləği haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nörmrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub.Qanunun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, ona son üç il üzrə 64977,18 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 64977,18 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə 54,98 manat əmək pensiyandan tutularaq büdcəyə bərpa edilir. Əmək pensiyasını qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 479, 35 manat təşkil edir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-955/2023 saylı qərarı ləğv edilsin. 2023-cü ilin mart ayından etibarən iddiaçının əmək pensiyasından aparılan tutulma (hər ay 54,98 manat) qanunsuz hesab edilsin və İddiaçı geri qaytarılsın. İddiaçı pensiya təyin olunduqdan (xx.xx.2009) sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə pensiya kapitalı həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər (45 ay) azaldılaraq əmək pensiyası yenidən hesablansın....” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Belə ki, Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablamlmasına başlanılıb. Həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasənxx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, sizin əmək pensiyanız tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 32 il 6 ay 13 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 38,42 manat (32,54 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 62,91 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7718,40 manat sığorta kapitalına uyğun 53,60 (7718,40:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə ona 201,51 (62,91+53,60+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilməklə xx.xx.2016-cı il tarixinədək 247,25 manat) təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixindən 1068,79 manat (indeksləşdirilməklə xx.xx.2016-cı il tarixinədək 1365,99 manat)) artıq əmək pensiyası təyin edilərək ödənilib. xx.xx.2016-cı il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4129,60 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 4129,60 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 89 (144 ay-55 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı) aya bölünməklə 46,40 manat (4129,60:89) qanuni əmək pensiyasının (247,25 manat) üzərinə əlavə edilərək 293,65 manat (247,25+46,40) (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 479,35 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 4066,56 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (4066,56/72=56,48 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (1365,99+56,48=1422,47 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 2334,61 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq, ona son üç il üzrə 64977,18 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 64977,18 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə 54,98 manat əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 479,35 manat təşkil edir. İddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmış, yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023cü il tarixli 3-17-1/3-3-955/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “inzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.Lakin Bakı inzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. xx.xx.1954-cü il təvəllüdlü iddiaçının işə əlavə olunmuş pensiya uçot vərəqinə və pensiya işi üzrə digər sənədlərin surətlərinə (çıxarışlar) əsasən müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən ona 55 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin üstündən 14 il keçdidən sonra, hazırkı cavabdeh DSMF PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən prosesssual hüquq sələfi tərəfindən təyin edilmiş pensiyası “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-955/2023 saylı qərar qəbul edilməklə, pensiya yaşı 55 yaşdan 57 yaşa yüksəldərək, keçmiş dövr üçün əmək pensiyası yenidən hesablanaraq 2334,61manatdan 479, 35 manatav qədər azaldılmışdır. Cavabdehin iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının pensiyasının hesablanması nəticəsində yaranmış 64977,18 manat pul vəsaitini artıq ödəmə adı altında “Əmək pensiyaları haqqında Qanunun 39.1-ci maddəsinin birinci cümləsinə istinadən, maddənin sonrakı davamın məhəl qoymadan, özbaşına hərəkətlərələ həmin ilin mart ayından etibarən, son üç il üçün hissə-hissə 54,98 manat əmək pensiyandan tutularaq büdcəyə bərpa edilməsinə başlnılmışdır. İş materiallarının araşdırılması onu göstərir ki, cavabdeh tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixli əlverişsiz inibati akt qəbul edilərkən, pensiya qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş, iddiaçının pensiya hüququnu ehtiva edən maddi hüquq normalar açıq şəkildə təhrif oluraq, özü bidiyi şəkildə təfsir olunmuş, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə istinadən, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun 55 yaşından deyil, 57 yaşından hesablanmalı qənaətinə gəlinərək, Qanunu qeyri-professional formada şəhr edərək, əlində rəhbər tutduğu pensiya qanunvericiliyini saymazlıq nümayiş etdirilmişdir. Halbuki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçıya güzəştli pensiya təyin edilərkən qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, 23 sentyabr 1992-ci il tarixindən qüvvəyə minmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək kişilər üçün 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 57 yaş həddinə çatdırılmışdır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının 1 avqust 1997-ci il tarixinə qədər güzəştli şərtlərlə pensiya hüququ verən, tam əmək stajı, yəni, azı 25 il ümumi, 12 il 6 ayını güzəştli pensiya hüququ verən stajı mövcudluğunda 55 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Çünki, yaş artımı 1 avqust 1997-ci il tarixindən qüvvəyə minmişdir. xx.xx.1954-cü il təvəllüdlü iddiaçının 1997-ci ilin avqust ayının 1-nə qədər olan müddət ərzində azı 25 il ümumi və həmin stajın 12 il 6 aydan da çoxunu, 2 nömrəli Syiahıda nəzərdə tutulan işlərədə ağır və zərərli peşələrdə işləməklə, 55 yaşından pensiya hüququnu qazanmış olur və pensiya təyinedicisi tərəfindən də ona həmin yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Başqa sözlə, vaxıtilə ona 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə mübahisələndirilən qərarı ilə onun pensiya yaşını 57 yaşa artıraraq, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının 1-ci cümləsini əsas tutub, digər hissəsinə varmadan, hər ay onun pensiyasından əmək pensiyasından, yaş qaldırma hesabına keçmiş dövr üzrə yaranmış fərq məbləğini son üç il üçün hissə-hissə tutulması tamamilə qanunsuzdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 2-ci cümləsinin imperativ tələbinə görə əartıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, son üç ilə görə artıq ödənilmiş hesab edilən vəsaitini cavabdeh iki əsasla iddiaçının pensiyasından tutmaq hüququna malikdir:
1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa yalnız məhkəmə qərarı əsasında. Lakin ş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh müraciət edərək sözügedən qərarın və onun pensiyasından tutulmaların qanunsuz olduğunu və tutulan məbləğlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh orqan Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirərək daha asan yolla, iddiaçının razılığı olmadan, pensiyasından tutulmalar həyata keçirməyi üstün tutmuş, bununla da, nəinki, Qanunun 39.1-ci maddəsinin, həm də inzibati icraat haqqında qanunvericiliyin tələblərinə də məhəl qoyulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmiş, ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verildiyi görünmür və bununla bağlı cavabdehin heç bir əsaslandırması və dəlil-sübutu da mövcud deyildir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini işin hallarına və qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan, əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə
q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.