Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3007/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı işi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2- 1(112)-1309/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə ona güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, artırılması və hüququmun yarandığı tarixdən hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubuna əsasən ona güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, artırılması və hüququnun yarandığı tarixdən təyin edilməklə ödənilməsindən imtina olunmuşdur. Aşağıdakılara əsasən həmin imtinanı qanunsuz, əsassız və ədalətsiz hesab edir. O, xx.xx.1961-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildən başlamışdır. Bundan əvvəl isə 1980- 1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ilədək müxtəlif vəzifələrdə çalışmışdır, ümumi iş stajı 29 ildir (Əmək kitabçası əlavə olunur). Əmək fəaliyyətinin əsas hissəsini Abşeron NQÇİ-nin 2 saylı Neft və qaz çıxarma sahəsində davam etmişdir. 2009- cu ildə istehsalatda aldığı xəsarətlərdən əlil olmuşdur. Buna baxmayaraq, sonradan onun əlilliyə görə əmək pensiyası heç bir qanuni əsas olmadan dayandırılmışdır. Bununla belə ona güzəştli şərltlərlə əmək pensiyası da düzgün təyin edilməmişdir. Hazırda o ən minimal məbləğdə pensiya alır ki, bu da yolverilməz və qanunsuzdur. Əlavə olunmuş sənədlərə əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cı ildə, 58 yaşı tamam olarkən ümumi stajı 25 il 23 gün olmaqla (onun 15 ilini zərərli işlərdə işləməklə) yaranmışdır. Buna baxmayaraq, ona həmin pensiya xx.xx.2022-ci ildə, bundan başqa pensiya məbləği də minimumdan aşağı olmaqla cəmi 240 manat təyin edilmişdir. Hesab edir ki, cavabdeh 2006-cı ilin göstəriciləri əsasında 2022-ci ildə təyin olunan güzəşli şərtlərlə pensiyasının təyin olunan zaman kobud pozuntulara yol verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtinasını onunla əsaslandırmışdır ki, "Bir daha bildiririk ki, Mərkəzi Filial tərəfindən sizə xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Qanunun 27-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-ci il tarixinədək ümumi iş stajınız 25 il 23 gün (xx.xx.1980-xx.xx.1982-cl ll, xx.xx.1982xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2006-cı U tarixləri arasındakı dövrlər)) təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək olan iş stajınıza uyğun həmin tarixə pensiyanızın sığorta hissəsi Qanunun 27-ci maddəsinə əsasən 53,25 manat (25,06 il x 306 manat *. 144 aq) müəyyən edilərək xx.xx.2022-ci il tarixinədək illər üzrə indeksləşdirilərək 141,52 manat hesablanaraq üzərinə xx.xx.2006xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7671,04 manat sığorta kapitalına uyğun 54,66 manat (7871,04.144 ay) əlavə edilərək xx.xx.2022-ci il tarixinə sizə 196,18 manat (54,66+141,52) məbləğində hesablanaraq, hüququnuzun yarandığı tarixə əmək pensiyasının minimum məbləğinin 240,00 manat indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 280,00 manat) müəyyən edilməsi ilə əlaqədar sizə 240,00 manat məbləğində əmək pensiyası hesablanıb. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, 60 yaşınızın tamam olduğu xx.xx.2021-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800,00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeyd olunan kapital məbləğ 26476.51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur." Göründüyü kimi cavabdehin güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, artırılması və hüququnun yarandığı tarixdən təyin edilməklə ödənilməsi barədə ərizəsinə verdiyi imtina qanunsuz və əsassızdır. Odur ki, hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan təyin olunmalı və həmin tarixdən hesablanaraq, ödənilməlidir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, onunla eyni vəzifədə işləmiş şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququnu əldə etmiş və hazırda ən azı 650 manat pensiya alırlar. Ona isə dəfələrlə müraciət etməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirilməklə hər dəfə imtina verilmişdir. Hesab edir ki, bu məsələ ciddi araşdırılmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavənin ("Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı") 2.4cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Göründüyü kimi kifayət qədər əsasların olmasına baxmayaraq, cavabdeh ona imtina etmişdir ki, bu da qanunsuzdur. xx.xx.2019-cu il tarixindən etibarən onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Buna baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə onun qanunla qorunan hüquqlarını kobud pozmuş və qanunsuz olaraq, imtina vermişdir. Odur ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və pozulmuş hüquqları bərpa edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-1309/2025 nömrəli (sədrlik edən hakim L.S.Musayeva) qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin qanunla nəzərdə tutulan müddət ötürülməklə verildiyindən, mümkün hesab edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-1309/2025 nömrəli qərarı 01 may 2025-ci il tarixdə iddiaçının qohumu kimi qeyd edilmiş Şuşaxanım Axundova tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir (iş vərəqi 122). İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, apellyasiya şikayəti 02 iyun 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır. Başqa sözlə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayətinin verilməsi müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 01 may 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin iş materiallarında olan sübutlardan görünür ki, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir (i.v.129). Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Qeyd olunmalıdır ki, iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla hüquqi yardım göstərilməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2-1(112)-1309/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3007/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3007/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver