Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3008/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “"müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarı cavabdehə poçt vasitəsilə xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə sifarişli poçt xəbərnaməsinin “etibarnamə ilə” qrafasının qarşısına “Məmmədov” adlı şəxs tərəfindən imza edilməsi göstərilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması xx.xx.2024cü il tarixə təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehə ünvanlanan məktubla Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən həmin müddətin üzürlü səbəblərdən ötürülməsi faktı varsa, bu barədə prosessual müddətin bərpasına dair ərizə vermək hüququnun olduğu izah olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 tərəfindən xx.xx.2024-cü il tarixli “buraxılmış prossesual müddətin bərpasına dair ərizə” təqdim olunaraq bildirilmişdir ki, qərar poçt vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin dəftərxanasına xx.xx.2024-cü il tarixdə daxil olmuş və 3085/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Adı çəkilən qərardan apellyasiya şikayətinin verilməsi məqsədilə DSX-nin müvafiq sturuktur qurumlarına sorğular göndərilmişdir. Sorğular üzrə DSX-nin müvafiq sturuktur qurumlarında, eləcə də DSX-nin “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyasında ətraflı şəkildə araşdırılma aparılmasını, sənədləşmə işinin müəyyən müddət ərzində həyata keçirilməsini, apellyasiya şikayətinin həmin sorğular üzrə qəbul edilmiş məlumatlar əsasında hazırlanmasını və aidiyyatı üzrə göndərilməsini nəzərə alaraq, müddət üzürlü səbəblərdən buraxılmışdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verilmə müddətinin üzürlü səbəbdən buraxıldığı nəzərə alınaraq prossesual müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması xahiş olunmuşdur. İddiaçı ərizənin təmin olunmamasını və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı 29 aprel 2024-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət onun poçt vasitəsilə qərarı rəsmi aldığı tarixdən 30 gün müddətində olmaqla, xx.xx.2024-cü il tarix hesab olunduğu halda, cavabdeh tərəfindən apellyasiya şikayəti poçt vasitəsilə məhkəməyə prosessual müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə göndərilmiş və həmin tarixdə isə məhkəməyə daxil olmuşdur. İşin apellyasiya baxışı zamanı isə xx.xx.2024-cü il tarixli “buraxılmış prossesual müddətin bərpasına dair ərizə” məhkəməyə təqdim olunmuşdur. Ərizədə cavabdeh qurum məhkəmə qərarının dəftərxanaya xx.xx.2024-cü il tarixdə daxil olduğunu və prosessual müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə kollehiyası cavabdehin mübahisələndirilən məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə dair ərizəsinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan ərizədə müddətin ötürüldüyünü etiraf etsə də, lakin müddətin ötürülməsinin üzürlü səbəbdən olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. O ki qaldı cavabdeh qurumun ərizədə göstərdiyi “məhkəmə qərarının qurumun dəftərxanasına xx.xx.2024-cü il tarixdə daxil olması” barədə dəlilinə, yuxarıda da qeyd olunduğu kimi, poçt xəbərnaməsinə əsasən məhkəmə qərarı cavabdeh qurum tərəfindən məhz xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, həmin məhkəmə qərarının cavabdeh qurumun daxili prosedur qaydasında dəftərxanasına gec, yəni rəsmi qəbul olunduğu xx.xx.2024-cü il tarixdən 3 gün sonra- xx.xx.2024-cü il tarixdə daxil olması müddətin üzrlü səbəbdən ötürülməsini deməyə əsas vermədiyi üçün, həmin müddətin məhz bu əsasla bərpası üçün də əsas vermir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdeh inzibati orqanın mübahisələndirdiyi 29 aprel 2024-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutlarının olmadığını, əksinə, məhkəmə qərarının cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixdə sifarişli poçt xəbərnaməsinə əsasən alındığına baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyini, bu faktın cavabdehin özü tərəfindən də təsdiq olunduğunu, bunda cavabdehin təqsirinin olmadığı barədə sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2024 saylı 29 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3008/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3008/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver