Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3009/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-1457/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 5056,72 manat pensiya məbləğinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olduğu, xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Bibiheybət” Gəmi Təmiri Zavodunda işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 9 ay 20 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq cavabdehə xx.xx.2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5056,72 manat artıq pul vəsaitinin ödənildiyi Fondun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-1457/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-1457/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli, **********3 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarı ilə DSMF-nin daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********1 nömrəli xidməti məruzəsinə əsasən xx.xx.2020-ci il tarixdən etibarən cavabdehə təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehə **********4 saylı məktub ünvanlayaraq göstərmişdir ki, Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı vaxtilə cavabdehin pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində hərbi xidmətdə olduğu, xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Bibiheybət” Gəmi Təmiri Zavodunda işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehin xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 9 ay 20 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq cavbdehə xx.xx.2018-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5056,72 manat artıq pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-ci, 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilər. Hazırkı iş üzrə iddiaçı inzibati orqanın qeyd edilən tələblərə riayət edərək inzibati icraatı apardığı müəyyən olunmur. Hər bir halda hazırkı inzibati məhkəmə mübahisəsinin həlli, yəni artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi iddiaçının istinad etdiyi pensiyanın təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan öncə, bu aktın əlverişli və ya əlverişsiz inzibati akt olubolmamasını, bu aktın ləğvinin yarada biləcəyi hüquqi nəticələrin araşdırılmasını tələb edir. Pensiya məbləğinin geri qaytarılması pensiya təyin edilməsi barədə qərarın qanuni hesab olunmasına əsas yaratmadığı kimi, pensiya təyinatı barədə qərarın qanunsuz olması əsası da ödənilmiş vəsaitin birmənalı olaraq geri qaytarılmasını tələb etməyə əsas vermir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi qanunverici etimad hüququnun qorunduğu hallarda maraqlı şəxsin inzibati aktın ləğvi ilə əlaqədar mümkün olan mənfi nəticələrindən qoruyur. Yaxud əksinə maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsi istisna edilən hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsi etimad hüququnu istisna edəcək halları konkret olaraq sadalamışdır. Hazırkı iş üzrə iddiaçının pensiya təyinatı ilə bağlı qərarın qəbul edilməsində Qanunun qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş etimadı istisna edən hallar müəyyən edilməmişdir. Belə ki, iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə onun barəsində pensiya təyin edilməsi ilə bağlı əlverişli inzibati aktın qəbul edilməsinə hər hansı müdaxilə edildiyi görünmür. Hazırkı işdə iddiaçı cavabehə ödənilən pulun büdcə vəsati təşkil etməsinə, bununla da dövlət və ictimai maraqlara ziyan vurulmasına istinad edir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bu hal qanunsuz əlverişli inzibati aktın ləğvi üçün əsas olsa da, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən həmin aktın ləğvi onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Yəni həmin aktın ləğvi onun ləğvinə qədər olan münasibətlərə təsir etmir. Bu zaman qanunverici hətta şəxsə aktın ləğvi ilə bağlı vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini də müəyyən edir. Çünki bu halda şəxsdən inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının gözlənilməsi məntiqli hesab olunmur. Bundan əlavə nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Beləliklə, baxılan iş üzrə Cavabdeh etimadının qorunması hüququna malikdir. Bundan başqa, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya verilən pensiyanın xx.xx.2018-ci il tarixdən dayandırılması barədə hərəkətinin qanunsuz hesab olunması, cavabdehin üzərinə iddiaçıya xx.xx.2018-ci il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı Cavabdeh verilən pensiyanın xx.xx.2018-ci il tarixdən dayandırılması barədə hərəkəti qanunsuz hesab edilmiş və cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixdən pensiya ödənişinin bərpa olunması öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, “iş materiallarında olan sənədlərə (hərbi bilet, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə həqiqi hərbi xidmət müddəti (2 il 23 gün) xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə gəmi təmiri sahəsində (21 il 8 ay 29 gün) işlədiyi dövr hesablanaraq ümumilikdə 23 il 09 ay 22 gün ümumi iş stajı toplanır. Bundan başqa, məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağcabədi rayon Dövlət Arxivinin 486 saylı xx.xx.2018-ci il tarixli arxiv arayışı və 63 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı 240 adam günü illik norması qarşılığında 1982-ci ildə qarşılığında 245 adam günü, 1983-cü ildə 238 adam günü, 1984cü il tarixdə 24 adam günü Ağcabədi rayon Nizami Kolxozunda işləmişdir. Buna görə də, onun kolxozda işlədiyi iş stajı da iddiaçının ümumi iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının Ağcabədi rayon Nizami Kolxozunda 1982, 1983, 1984-cü illərdə ümumlikdə 507 adam günü işləmişdir. İllik normanın 240 adam günü olduğunu nəzərə alaraq, 1 adam gününün 1.5 təqvim gününə bərabər olduğu müəyyən edilir (365 : 240 = 1.5). İddiaçının işlədiyi 507 adam günü 761 təqvim günü edir (507 x 1.5 = 760.5). 761 gün isə 2 il 1 ay 1 günə bərabərdir. Belə olan halda iddiaçının ümumilikdə 25 il 10 ay 23 gün (23 il 09 ay 22 gün + 2 il 1 ay 1 gün) ümumi iş stajı toplanır. Beləliklə, cavabdeh tərəfindən, guya iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması barədə mülahizəsi öz təsdiqini tapmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının xx.xx.2018-ci il tarixdə tamam olmasını nəzərə almamaqla ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə pensiyasını dayandırmaqda haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir.” Həmin qərardan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-667/2022 saylı qərarı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyşdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)- 667/2022 nömrəli qərarı Azərbaycan Respublikası İPM-nin 89-cu maddəsinə əsasən qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-667/2022 nömrəli inzibati işi 08 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Odur ki, cavabdehə pensiya düzgün olaraq təyin edilmiş, qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərar qanunsuz deyil, qanuni əlverişli inzibati akt olmuş, iddiaçı həmin pensiyanı dayandırmaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən pensiya təyin edilməsinin qanuni olduğu, iddiaçı tərəfindən cavabdehə təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz olması müəyyən edilmişdir. Deməli, iddiaçının hazırkı iddianı irəli sürərkən istinad etdiyi hal mövcud olmamışdır. Buna görə də, iddia tələbi tam əsassız olduğundan təmin edilməməlidi Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(112)-1457/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3009/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3009/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver