Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3009/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2- 1(82)-715/2016 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-715/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 2004-2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş dövr üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1334/2016 saylı 17 iyun 2016-cı il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 715/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 550/2017 saylı 25 yanvar 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1334/2016 saylı 17 iyun 2016-cı il tarixli qərarı ləğv edilmş, iş üzrə yeni qərar qəbul edilərək idida tələbi təmin edilmişdir. İddiaçı 2004-2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş dövr üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(82)-715/2016 saylı qərardadı ilə (hakim A.Abdullayeva) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır. Cavabdeh iş üzrə icraatın təzələnməsi barədə ərizənin məzmunu ilə eyni məzmunda əsaslandırılan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(82)-715/2016 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi, hazırki işin mahiyyəti üzrə yekun qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 550/2017 saylı 25 yanvar 2017-ci il tarixli qərarı olmuşdur və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Yuxarıda qeyd olunduğu kimi hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilmir. Apelyasiya şikayətindən görünür ki, apelyasiya şikayətində iş üzrə icraatın təzələnməli olması barədə dəlillər sadalansa da, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəyə məhz Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalı olmasına dair hər hansı dəlil göstərilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizənin təmin edilməməsinə dair düzgün nəticəyə gəldiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(82)-715/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3009/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3009/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver