Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-301/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Binəqədi xidmət nümayəndəliyinə qarşı “pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2- 1(81)-2443/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan pensiya kapitalının yenidən düzgün hesablanması və bunun əsasında əmək pensiyası təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.03.1976-cı ildən 21.11.2004cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, işlədiyi dövrlərin düzgünlüyü öz təsdiqini tapmamışdır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 20.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2443/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 20.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.06.2020-ci il tarixli, 2- 1(103)-586/2020 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 2-1(81)-2443/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1871/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.06.2020ci il tarixli, 2-1(103)-586/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 15.08.1994-cü ildən 21 noyabr 2007-ci il tarixədək olan dövr üzrə iş tajının qarşılıqlı yoxlanılması mümkün olmamış, nəticədə əmək pensiyası hüququnun əsaslı olması birməmənalı şəkildə təsdiq edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa ediləndən sonra istənilən müəssisələrin dövlət qeydiyyatı şəhər (rayon) icra hakimiyyətlərində, sonradan Ədliyyə Nazirliyində aparılmış və nəhayət halhazırda Dövlət Vergi Xidmətinin müvafiq strukturlarında aparılmaqdadır. Apellyasiya məhkəməsi isə bunu nəzərə almayaraq, “Xidmət İ” İKF-nin “Xidmət 1” adlı kommersiya qurumunun qeydiyyatı ilə bağlı yuxarıda sadalanan 3 dövlət orqanından yalnız 1-nə sorğu göndərmişdir. Digər tərəfdən, iddiaçının əmək kitabçasında “Xidmət İ” İKF ilə bağlı qeydlərdə həmin hüquqi şəxsin möhürü də vurulmuş, lakin apelyasiya məhkəməsi həmin möhürün mötəbərliyi ilə bağlı Maliyyə Nazirliyinə müraciət etməmişdir. Eyni zamanda “Xidmət İ” İKF-nin fəaliyyət göstərdiyi dövrdə vergi orqanına bəyannamələrin verilibverilməməsi də araşdırılmamışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi inzibati mübahisəni tam və hərtərəfli araşdırmamış, işə səthi və formal yanaşmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 30.11.1973-cü ildən 25.12.1975-ci ilə qədər Sover ordu sıralarında hərbi xidmətdə olmuş, 10.03.1976-cı ildən 29.08.1976-cı ilə qədər Qacaran Kombinatında işləmiş, 01.09.1976-cı ildən 25.09.1977-ci ilə qədər 12 №-li Texniki Məktəbdə təhsil almış, 26.09.1977-ci ildən 15.11.1977-ci ilə qədər Qacaran Kombinatında usta, 01.12.1977-ci ildən 01.06.1978-ci ilə qədər Keşlə maşınqayırma zavodunda yığıcı, 28.06.1978-ci ildən 28.09.1980-cı ilə qədər 3 №-li Tikinti İdarəsində fəhlə, 02.10.1980-cı ildən 01.12.1987-ci ilə qədər Keşlə maşınqayırma zavodunda düglgər, yığıcı, 06.10.1987- ci ildən 22.06.1988-ci ilə qədər Avtoparkda, 29.06.1988-ci ildən 12.12.1988-ci ilə qədər Avtoparkda sürücü, 20.12.1988-ci ildən 09.11.1993-cü ilə qədər 2 №-li Avtobus parkında sürücü, 14.12.1993-cü ildən 02.08.1994-cü ilə qədər «X3» Təmir-Tikinti İdarəsində, 15.08.1994-cü ildən 21.11.2004-cü ilə qədər «Xidmət-İ» İKF-də elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Binəqədi rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Binəqədi rayon Şöbəsi iddiaçıya onun müraciətinin təmin olunmaması barədə imtina məktubu ünvanlamışdır. Adıçəkilən məktubda imtinanın əsası kimi tələb olunan pensiya kapitalının olmaması qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» AR Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyridövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. AR ƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən 01.01.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. Cavabdeh apellyasiya şikayətində qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmamasına istinad etmişdir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə kollegiya qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən 1995-2004cü illərdəki əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Öz növbəsində məhkəmənin də cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Bu mənada, hazırkı işdə məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmaqla səlahiyyətli dövlət orqanlarından əldə edilmiş sənədlər əsasında iddiaçıya məxsus əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi öz təsdiqini tapmışdır. İddiaçının 1995-2004-cü illərdəki əmək fəaliyyətindən məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsinin müəyyən edilə bilmədiyinə dair mövqe ilə əlaqədar olaraq isə aşağıdakılar nəzərə alınmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının 1995-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 2002-2005-ci illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, iddiaçının işlədiyi müəssisənin mövcudluğu və iddiaçının orada işlədiyi ilə bağlı halların dəqiq müəyyən olunması ilə bağlı məsələnin aydınlaşdırılması üçün bir sıra dövlət qurumlarına sorğular ünvanlanmış, məhkəmə sorğusuna Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 30 aprel 2021-ci il tarixli **********91200 saylı cavab məktubunda idarədə olan reyestrdə 03.05.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X1 ləğv olunması barədə heç bir məlumatın müəyyən edilmədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq iddiaçıya yaşa görə əmək pensiyasının 63 yaş 6 ayı tamam olduğu vaxtdan təyin edilməsi nəticəsinə gəlsə də, pensiyanın təyin edilməsi tarixini düzgün müəyyənləşdirməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya qeyd edir ki, iddiaçının 1955-ci il aprelin 20-də doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu 2018-ci il 20 oktyabr tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 63 yaş 6 ayının tamam olduğu 2018-ci il 20 oktyabr tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Hazırkı halda, iddiaçının 25 ildən artıq staja malik olduğu ona məxsus hərbi bileti, orta ixtisas təhsili haqqında sənədi, əmək kitabçası ilə təsdiq olunduğundan pensiya kapitalının müəyyən edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 20.10.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Binəqədi xidmət nümayəndəliyinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2443/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı 63 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 20.10.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Binəqədi xidmət nümayəndəliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-301/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-301/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver